ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə axşamı, 10 Dekabr 2024 10:01

31 il sonra evimizdə...

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Ağdamdayıq, Xındırıstan kəndində. Birinci Qarabağ Müharibəsi veteranı qardaşım Nəsibin köçkünlər üçün burada salınmış qəsəbədəki evində. Bu gün 31 ildən sonra ilk dəfə doğma kəndimiz Qiyaslıya gedəcəyik. 

 

Əvvəlcə kənd qəbiristanlığına baş çəkib, atamın qəbrini ziyarət edəcəyik. Beləcə rahat asfalt yolla kəndimizə doğru irəliləyirik. İçindən keçdiyimiz kəndlər elə bir hala salınıb ki, sanki burada heç ev-eşik, yaşayış olmayıb. Amma bir az irəli getdikcə kəndlərimizdə həyatın yenidən canlandığının şahidi oluruq. Yeni salınmış yaşıl zolaqlar, tikililər yavaş-yavaş qəlbimizə rahatlıq gətirir. 

 

Ruhunuz şad olsun...

 

Kənd qəbiristanlığına yaxınlaşırıq. Bir vaxt al qumaşa bürünmüş məzarlar da didərgin düşüb elə bil, indi burada tək-tük qəbir daşlarına rast gəlirik. Atam mülki şəhid Məmmədov Rəşid Xurşud oğlunun da başdaşı sındırılıb, iki hissəyə ayrılıb. 

Evimizin sonbeşiyi bacım Gülüzar özünü atamın qəbrinin üstünə atır, elə bil, atasıyla canlı görüşür, hönkürür. Məni elə bil, don vurub, hələ gördüklərim, kəndimizə gəldiyimiz yuxu kimi gəlir. Qardaşım Nəsib avazla quran oxuyur, onun səsi sanki insan nəfəsinə həsrət qalan daşı, torpağı, burada yatan şəhid ruhlarını oyadır...

Qonşumuz, qohumumuz tanınmış xanəndə, öz həyətində balası ilə gözlərim önündə şəhid olmuş Şahmalı Kürdoğlunun məzarını ziyarət edirik. Sonra qonşumuz Yaqub kişinin oğlu, Birinci Qarabağ Müharibəsinin qəhrəman şəhidi, zabit, “Azərbaycan bayrağı” ordenli  Maarif Haqverdiyevin məzarı başında ayaq saxlayır, onların ailəsini xatırlayır və bu igid övladından danışırıq. 

Kəndimizin şəhidlərindən ibarət lövhənin yanında dayanıb həmişə onlarla bir olduğumuzu göstərən anı fotoaparatın da yaddaşına köçürürük. Bütün şəhidlərimizin ruhu şad olsun. Şad olsun ki, onların uğrunda canlarını verdiyi torpaqlarımız daha murdar düşmən tapdağından azad edilib.   

 

Bir ay sonra məscidimizin qapıları üzümüzə açılacaq...

 

Sonra kəndimizin məscidinə gəlirik. Qardaşım ayağında 32 ildir ki, qəlpələr gəzdirdiyindən çəliklə də çətin yeriyir. Bacımla biz təmiri hələ başa çatmamış məscidin qapısından içəri keçirik. Burada işçilərə rast gəlirik. Deyirlər ki, məscidin təmiri bir ay sonra başa çatacaq. Deməli,  növbəti gəlişimizdə biz gəlib oz doğma kəndimizin məscidində ibadət edə biləcəyik, Uca Allaha şükürlər olsun. 

 

Bu da bizim evimiz...

 

Məscidimizdən çox da uzaqda olmayan evimizə doğru yol alırıq. Şair Allahverdinin, Məhi əminin, onun qardaşı Telman müəllimin, uşaqlıqdan adlarnı eşitdiyimiz, amma başqa yerdə yaşadıqlarından üzlərini görmədiyimiz Şəfi əmigilin evi, sonra atamın bacısı, Qumru mamagilin evi... Onun yanındak da “bizim evimiz” demək istəyəndə, o boyda imarətdən yerində bir uçuq-sökük hasar, o 12 ədəd sal daşdan olan darmadağın pilləkənlərimizi görəndə mat-məəttəl qaldıq... Qazanımız, çaydanımız, vedrəmiz saralmış otların arasından üzümüzə boylandılar, sanki onlar da gəlişimizə sevinirlər... Nənəm demiş, o topdağıtmaz evimizin içində ağac bitib, kol-kos basıb uşaqlığımızın gözəl, qayğılı-qayğısız günlərinin keçdiyi doğma ocağımızı... Həyətimiz bom-boşdu elə bil... O bağlı-bağçalı, nanəli, bənövşəli, qızılgüllü həyətimizdən bir ovuc torpaq qalıb indi... 

Nəinki o şabalıdı böyük darvazamız, heç onun yeri, izi-tozu da bilinmir indi. Bizimlə üzbəüz qonşumuz, səsi-avazı şirin xanəndə Şahmalı Kürdoğlunun o günbəzlərlə bəzədilmiş ağ daşdan olan hasarından bircə işarə qalıb. Günbəzlərin dibindəki daşlar... Sola dönəndə rəhmətlik Badam xalanın izi-tozu bilinməyən evi, sağa baxanda hündürdə təpənin üstündə tikilmiş, sinif yoldaşım Gülüşün atası Məhiş əminin saray kimi evindən yerində bir az daş-kəsək qalıb. Qardaşımın oğlu Hünər elə hey sual verir bacıma. Bacım da daşlara sığal çəkərək evimizin dilə-ağıza sığmayan tərifini eləyir dayanmadan. Qardaşım əlində çəlik bir kənarda dayanıb, mən də sanki qonşularımızla görüşürəm. Deyirəm: -“Xoş gördük, Gözəl xala, necəsən Badam xala?”  

Ürəyimdən həsrətində olduğumuz kəndimizə yazdığım şeiri elə buradaca söyləmək keçir, amma həyəcandan ancaq bunu deyə bilirəm:

 

Mənim Qiyaslı kəndim,

De, evimiz necədi?

Kim çıxır ağaclara,

Həyətimiz necədi?...

 

Qardaşım bizi səsləyir, bacım isə elə bil, uşaqlığına qayıdıb, hələ xəyalındakı yaraşıqlı evimizin başına dolanmaqdan doymur...

 

Qoşa minarəli Cümə Məscidim...

 

Nəhayət, Ağdam Cümə Məscidinə üz tuturuq. Elə məscidə yaxınlaşan kimi qardaşımı tanıyanlar onu, bizi çox mehriban qarşılayırlar. Namaz vaxtı xalçanın üzərinə biri də salınır, müharibədə can qoymuş, indi güclə addım atan qardaşım üçün... Bacım dua edə-edə ora-bura boylanır. Mən bir küncdə oturub bu günümüzə görə Yaradana şükürlər edirəm...

Sonra məsciddən ayrılıb onun həyətindəki qırmızı, sarı qızılgüllərə baxıram və onların da şəklini çəkib özümlə Bakıya gətirirəm...

 

Sənə qovuşmağı çox arzuladım,

Duam qəbul oldu, gözlərim aydın.

Qoşa minarəli Cümə məscidim,

Qisasın alındı, gözlərin aydın!

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında növbəti tədbir keçirildi və söhbətim bu barədədir. 

Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnı və marşlarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunmuş tədbir təbii ki, lap yerinə düşürdü. Axı cəmi bir neçə gündən sonra ömrümüzə qədəm qoyacaq 2025-ci il Zəfərimizin yubiley ili olacaq! 

 Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov açıq elan etdi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 

Tədbirdə Şəmistan Əlizamanlının  “Vətən” marşı klipinin təqdimatı da keçirildi. 

Təqdimatdan sonra çıxış edən polkovnik Cəlil Xəlilov Şəmistan Əlizamanlının yaradıcılığına diqqət çəkdi, onun mahnılarının gənclərimizdə vətənpərvərlik ruhunun güclənməsində, onlarda milli-mənəvi dəyərlərə bağlılıq hissinin möhkəmlənməsində mühüm rol oynadığını bildirdu. 

 Tədbirdə çıxış edən Şəmistan Əlizamanlı həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkdi. Hərbi diktor qeyd etdi ki, İkinci Qarabağ müharibəsində məhz güclü lider-güclü sərkərdə amili böyük zəfərin əldə edilməsinə həlledici təsir göstərdi, işğal faktına son qoyuldu. 

Çıxışdan sonra Şəmistan Əlizamanlının ifasında daha bir neçə vətənpərvərlik mahnısı ifa olundu, xatirə şəkli çəkildi.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Rumıniya Hökumətinin Baş Katibliyinin nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və burada tətbiq olunan innovativ həllərlə yaxından tanış olmaq məqsədilə ölkəmizə səfər edib.

 

Səfər 8 oktyabr 2024-cü il tarixində imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Rumıniya Hökumətinin Baş Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun icrası çərçivəsində həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Dövlət Agentliyinə istinadən xəbər verir ki, agentliyin sədri Ülvi Mehdiyev ilə keçirilən görüşdə tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti, “ASAN xidmət” təcrübəsinin Rumıniyada tətbiqi istiqamətində həyata keçirilməsi planlaşdırılan məsələlər barədə məlumat verilib.

Səfər çərçivəsində “ASAN xidmət” və burada tətbiq olunan innovativ həllərlə bağlı Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən geniş təqdimatlar edilib və  müzakirələr aparılıb.

Bundan əlavə qonaqlar Bakı və Şamaxıda yerləşən “ASAN xidmət” mərkəzlərinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin, “Bilim Bakı” mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN Radio/TV-nin fəaliyyəti ilə tanış olublar.

Səfərin yekunu olaraq tərəflər Anlaşma Memorandumunun icrası çərçivəsində 2025-2026-cı illər üzrə Birgə Əməkdaşlıq Proqramının hazırlanmasına dair razılığa gəliblər.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova qardaş Qazaxıstan və Türkiyədən, eləcə də doğma Kərkükdən (İraq) olan bir qrup aydınla görüşüb. Könül süfrəsi ortamında keçirilən görüşdə həmçinin Azərbaycandan olan bir qrup tanınmış aydın, vətəndaş cəmiyyəti institutlarının başçıları iştirak edib.

 

İmzası Azərbaycanda, Türk dünyasında yaxşı tanınan aydınlar - Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü, Senatın Beynəlxalq münasibətlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin katibi, akademik Darxan Kıdırali (Qazaxıstan), Türkiyənin tanınmış araşdırmaçı-yazarı, təhlükəsizlik eksperti Abdullah Ağar və Kərkükün, ümumən İraq-Türkman ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi Şəmsəddin Kuzəçi ilə görüş, Türk dünyasının yaxın keçmişi, bugünü və gələcəyi ilə bağlı maraqlı mükalimələr, sual-cavablarla süslənib.

 

RHİMİB-in fəaliyyətinə yaxından bələd olduqlarınl bildirən aydınlar, birliyin öz adına, mandatına uyğun, səmərəli çalışmalarını təqdir edib, RHİMİB timsalında Azərbaycanın bütün konstruktiv mövqeli vətəndaş cəmiyyəti instututlarına yeni uğurlar diləyiblər.

 

Sonra, “Yeni Müsavat” Media Qrupunun qurucu-baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğlu, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, “Türküstan Qəzeti”nin qurucu-baş redaktoru Aqil Camal, “TURAN - Araşdırmalar Mərkəzi”nin başqanı, araşdırmaçı-yazar Cavid Ə. İsmayıl, “Qafqaz TV”nin və “ÇÖLÇÜ- Milli Mədəni İrsin İnkişafı” İctimai Birliyinin başqanı Eltən Törəçi, Dünya Gənc Tqrk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar,  iş adamları Fərhad Cegil, Nizami İbrahimov öz ürək sözlərini bölüşüb. 

 

Türk dünyası aydınları və konstruktiv mövqeli vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələrə, səmərəli işbirliyinə önəm verən RHİMİB-in bu görüşü COP29-dan sonra və Yeni təqvim ili ərəfəsində keçirilməsi ilə də xüsusi məna daşıyır. “Yaşıl dünya naminə həmrəylik İli” və Şuşanın İslam dünyasının Mədəniyyət paytaxtı statusu daşıdığı ildə həm hesabatlılıq, həm də gələcəkyönümlü fikir alış-verişi hər kəsi məmnun edir. - Bu yöndə danışan RHİMİB sədri Arzu Bağırova, ictimai-mədəni, elmi və maarifləndirici əməkdaşlıq sahəsində xidmətlərinə görə akademik Darxan Kıdırali (Qazaxıstan), araşdırmaçı-yazarlar Abdullah Ağar (Türkiyə) və Şəmsəddin Kuzəçini (Kərkük) RHİMİB-in özəl hazırlanmış plaketləri ilə təltif edib, onlara yeni uğurlar arzulayıb.

 

Akademik Darxan Kıdırali öz yeni kitabını Arzu Bağırova üçün imzalayıb. 

Həmçinin İntiqam Yaşar Darxan Kıdıraliyə “DGTYB -25” yubiley medalını, Şəmsəddin Kuzəçi isə Aqil Camala Kərkük Kültür Vəqfinin “Fəxri Fərman”ını təqdim edib.

 

Görüşdə RHİMİB-in sədr müavini Nilufər Lətif və koordinatoru Gülər Kazımova iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Yazıçı Varisin “Gecə reysinə bilet” adlanan yeni romanı Moskvada, İSP nəşriyyatında 5000 tirajla işıq üzü görüb. “Müasirlər və klassiklər” adlanan ən nüfuzlu vintaj seriyadan nəşr edilən roman dərhal böyük ajiotaj yaradıb.

 

Hazırda dünyada ən çox tələb olunan non-fikşn janrında yazılan romana Rusiyanın tanınmış ədəbiyyat xadimləri yüksək qiymət verməkdədirlər. Maksim Burdin Nəşriyyat Evinin kreativ direktoru Yelena Burdinanın fikirləri bu cəhətdən səciyyəvidir: “Əsərlə tanış oldum. İncədir. Valehedicidir. Dərindir”.

Təsadüfi deyil ki, roman 2024-2025-ci il Moskva Ədəbiyyat Mükafatı-biennalesinin lonq listinə daxil edilib.

Kitabın rəyçisi Beynəlxalq Slavyan Maarifçiliyi Kiril-Mefodiy Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Momontovdur. Baş redaktoru Marina Şunina, buraxılış redaktoru Darina Nikonovna, redaktoru Olqa Orlovadır. Layihənin prodüsseri Yelena Kuvşinovadır. Romanı rus dilinə Sabina Samidxan çevirib.

Cild yazısı “Uğura gedən yolda ən yaxşı bələdçi uğurlu insanların ömür yoludur” olan “Gecə reysinə bilet” romanı həyatın dibinə düşmüş bir gəncə sonradan örnək olan və onun xilasına çevrilən bir ömür yolundan – XX əsr SSRİ-nin və Azərbaycanın görkəmli dövlət xadimi Musa Əliyevin həyat və fəaliyyətindən bəhs edir. Bu fəaliyyətdə həm Azərbaycanda neft daşları epopeyasının banisi olmaq, ilk dəfə respublikanın zəngin faydalı qazıntı yataqlarının xəritəsini hazırlamaq, Səməd Vurğun və Mirzə İbrahimov kimi şöhrətli yazarları Stalin repressiyasından xilas etmək, həm İkinci dünya müharibəsində Moskvanın müdafiəsinin, neft üzrə kadrların yetişməsinin əsas fiqurlarından birinə çevrilməklə faşizm üzərində qələbəyə misilsiz töhfələr vermək, həm Əlcəzairdə Saxara neft yataqlarını kəşf etməklə Əlcəzair xalqına rifah, sərvət bəxş etmək və daha nələr, daha nələr dayanır. Həqiqətən, milyhonların örnək götürəcəyi bir ömür yoludur Musa Əliyevin ömür yolu.

Kitabı Rusiyanın ən böyük kitab satışı şəbəkələrindən (ozon, litress, wildberries, stroki.mts, ntv.plyus, moscowbooks, onlinelit, litprichal və s.) əldə etmək mümkündür.

Kitabın ölkəmizdə nəşri 2025-ci ildə planlaşdırılır.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Azərbaycan Milli İncəsənət Muzeyində “Memarlıq keramikasının bərpası. Texnologiyalar. Nümunələr.” adlı mühazirə keçirilib. “Keramarx” Memarlıq Bədii Keramika Muzeyinin və “Pallada” bərpa-istehsalat şirkətinin direktoru Konstantin Lixolat tərəfindən təqdim olunmuş mühazirədə bərpa prosesinin çətinlikləri və incə məqamları haqqında danışılaraq, mədəni irsin qorunub saxlanılmasının vacib əhəmiyyəti vurğulanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, məruzəçi xüsusilə, müəyyən tarixi dövrlərdə istifadə olunan ənənəvi texnologiyalar və materiallara diqqət yetirib. Konstantin Lixolat öz iş fəaliyyəti haqqında danışaraq, keçmiş əsrlərdə sarayları və evləri bəzəyən qədim kaminlər üzərindəki bərpa mərhələləri barədə ətraflı məlumat verib. Bundan əlavə, dinləyicilər keramika bəzəklərinin simvolikası haqqında maraqlı faktlar öyrəniblər.

 

Mühazirənin sonunda Konstantin Lixolat auditoriyanın suallarını cavablandıraraq müasir texnologiyaların tarixi orijinallığı qorumaqla obyektlərin mədəni dəyərinə xələl gətirmədən necə qorunub saxlanılması haqqında danışıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Həftəsonu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, ADMİU-nun rəhbərliyi və kollektivi, eləcə də məktəbin rəhbər və müəllim heyəti iştirak edib. Görüşdə ADMİU tələbələrinin istehsalat təcrübəsi üçün məktəbdə xüsusi proqramların təşkili, caz musiqisinin tədrisinin təkmilləşdirilməsi və bu sahədə birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Bundan əlavə, universitetin təcrübəli müəllimləri tərəfindən məktəb şagirdləri üçün ustad dərslərinin təşkili, məktəb müəllimlərinin ixtisas artırma təlimlərinə cəlb edilməsi, həmçinin tədris proqramlarının monitorinqi və təkmilləşdirilməsi ilə bağlı razılıq əldə edilib. Tərəflər arasında yaradıcı dərslərin keçirilməsi və tədris sahəsində əməkdaşlığın gücləndirilməsi qarşıya əsas məqsəd kimi qoyulub.

Bu əməkdaşlığın Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Bazar ertəsi, 09 Dekabr 2024 18:11

BİR SUAL, BİR CAVAB Rəsmiyyə Sabir ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

F.Dostoyevskinin “Alçaldılmış və təhqiredilmişlər” romanında başqalarının bədbəxtliyinə, məhvinə gətirib çıxarmasına səbəb olan var-dövlət ehtirasının bəzi insanlarda ifrat dərəcədə olduğunun şahidi oluruq. Cəmiyyətdə pulun həlledici olmasına münasibətiniz necədir?

 

CAVAB

Həqiqətən də bəzilərinin var-dövlət ehtirası başqalarının bədbəxtliyinə gətirib çıxarır. Mən ixtisasca iqtisadçıyam və bir iqtisadçı olaraq pulun funksiyalarını gözəl bilirəm. Məni hər zaman düşündürən bəzi məsələlər var. Onlardan biri pulla bağlıdır. Niyə insanlar pulun bu qədər əsirinə çevrilirlər? Doğrudur, pul həyatda çox şey deməkdir, lakin hər şey demək deyil. Pulla ömür almaq olarmı? Xeyr. Bir milyarderin pulun gücsüzlüyü haqqındakı fikirlərini oxumuşdum. Belçikada 4 il davam edən milli xoşbəxtlik sorğusuna görə, pulun səadət gətirmədiyi qənaətinə gəlinmişdir. 

Fikrimcə, pul yaxşılıq etmək üçün bir vasitə olmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə qısa fasilədən sonra sizlərlə yenidən Əlizadə Nuridir. “Ulduz ətri

 və ya ağ nəğmə” adlı şeirdə şair nəyi təlqin edir? 

 

Yapışmağa saman qalıb görəsən?

Əliyalın yalan qalıb görəsən?

Ölüm niyə cavan qalıb görəsən

Bu qocaman, bu ağbirçək dünyada?

 

-deyə şair yenə də təəccübləndirir. 

Həqiqətən, gözəldir.

Xoş mütaliələr!

 

 

Ulduz ətri

və ya ağ nəğmə

 

Çiçək kimi sığalladım xəzəli,

Öz evimdi, öz yaxamdı, öz əlim...

Yaxşı baxsan, qəmin də ən gözəli

Sevgi kimi görünəcək dünyada.

 

Yapışmağa saman qalıb görəsən?

Əliyalın yalan qalıb görəsən?

Ölüm niyə cavan qalıb görəsən

Bu qocaman, bu ağbirçək dünyada?

 

Səni deyib yuxarını gəzirdim,

Göy üzünün axarını gəzirdim...

Mən bəxtimin baharını gəzirdim-

Əzilibmiş çiçək-çiçək dünyada.

 

...O aydı, ya yar gözümə sataşdı?

Tanrı bu gün kor gözümə sataşdı...

Hara baxdım tor gözümə sataşdı,

Hara baxdım- bu hörümçək dünyada.

 

Gülə sığın- gül üzünü itirmə,

Günəşi sev, gündüzünü itirmə.

...Canım durna, göy üzünü itirmə-

Üşüyərsən lələk-lələk dünyada...

 

“Ədəbiyyat və incəsənət”

(09.12. 2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Şahnaz Şahinin şeirləri təqdim edilir.

 

Yarımçıq çay

stəkanda can verir

 

Gecələri yatmıram ki, əzizim,

Gecələrin göz qoyuram üstünə.

Azar-bezar, fikir-xəyal, dərdlərin,

Gecələri duz qoyuram üstünə.

 

Hamı yatıb, bir gecədi, bir də mən,

Yarımçıq çay stəkanda can verir.

Qonşu çırpır qapısını hirs ilə,

Arxasınca gözlər dolub qan verir.

 

Gecə yarı pəncərəmin altında

Qəfil qalxır pişiklərin davası.

Yuvasından hürküb düşür quşcuğaz,

Çırpılacaq yerdə daşa quşcuğaz...

 

Uzaqlarda soyumayan küləklər

Ara-sıra səs gətirir üstümə:

"Anan qurban, sabaha nə qaldı ki,

Gecələrin axı sənlə qəsdi nə..."

 

Bir də görrəm ağarıbdı dan yeri,

Yenə qalxıb işə gedir küçələr.

Səs-küy qalxıb salamlayır şəhəri,

Dalğa-dalğa axıb gedir küçələr.

 

Bu gecə də belə keçdi, əzizim,

Yalqız görüb yaxın gəldi divarlar.

Yazdım, pozdum, tükənmədi həsrətin,

Mənə bir bu şeir qaldı yadigar.

 

Baharın ürək tutması

 

Bir yarpağa vurulub

sevmək də olar payızı,

bir küləyə qoşulub

getmək də olar payızdan,

bir yarpağın xətrinə

lap söymək də olar payızı...

 

Barmaqlarının darağında ucaldı,

qocaldı barmaqlarım,

saçlarım şahmat  taxtasına döndü...

 

Son dəfə nə zaman tüstülənib bu ocaq,

nə zaman boşalıb qolların...

Topuklarında oynaşan kölgəmə

yazığı gəlir köpəyimin də..,

 

İndi mən baharın ürək tutmasıyam,

bayılıram payıza...

 

Qadın-Vətən

 

Güllər sizin üçün açır,

Günəş sizə gülümsəyir.

Ulduzlar göz vurub keçir,

Dağlar düzə gülümsəyir.

 

Gülümsəyir duman, çən də,

Əriyir kədər də, qəm də.

Dodaqlarının ucunda

Şürün busə gülümsəyir.

Yağır buluddan aşağı,

Yağış yerə gülümsəyir,

Bağda bəhrə gülümsəyir,

Ağacda bar gülümsəyir.

Seyr edib gözəllikləri

Bu nur çöhrə gülümsəyir...

 

Saçalrında gümüş tellər,

Telində gül gülümsəyir.

Kipriyində yaş titrəyir,

Gözündə yol gülümsəyir.

 

Müqəddəsdi torpaq, vətən,

Qadın-ana... müqəddəsdi.

Uğrunda qurban gedəndə

Qadın-Vətən gülümsəyir...

Bayraq-bayraq gülümsəyir,

Buta-buta gülümsəyir,

Oğul-oğul gülümsəyir.

 

Sıfırdan aşağı

 

Sıfırdan başlamaq -

hər şeyi sıfırlamaq,

sonra nə varsa bütöv almaqdır.

Sıfırdan başlamaq özün olmaqdır...

 

Sıfırlanmaq -

gözdən düşmək,

sıfra vurulub bölünmək,

sıfırdan yıxılmaqdır...

 

Sıfırlamaq-silmək, yox etmək,

qalan nə varsa itirib batırmaqdır...

Sonra da

ardınca dərin bir köks ötürüb,

rahat nəfəs almaqdır...

 

Sıfırdan aşağı

həddi də var həyatın, birdənəm,

gəl gedək... gedək üzmək öyrənək!

 

Bir gün öldürəcək 

məni xoşbəxtlik

 

Bəbəklərindən mutluluğu dərsəm,

nəğmələşsə barmaqların,

oxusam əllərini bir not dəftəritək...

 

Çiçəkləsə yaxan,

üstündə dava salsa arılar,

sünbül kimi dən tutsa saçların,

uçub gəlsə quşlar,

pıçhapıç başlasa qarılar...

 

Yollar koşaraq gəlsə üstümə,

sarılsa boynuma,

öpüş yığsam ayaqlarından,

tumurcuqlanıb çatlasa dodaqların...

məni öldürəcək xoşbəxtlik,

öldürəcək, yavrucuğum...

 

Bu arılar nə oxuyur 

görəsən

 

Bir çiçəyin ətirinə yığışıb,

Bu arılar nə oxuyur görəsən.

Barılar da qoca qarı misalı,

Səsə düşüb qulaqları deyəsən.

 

Xonça tutub, xəyal qurur zavallı...

O bənd üstə bəndə düşüb, dərdə bax.

"Bir baxmısan, bir də boylan, bir də bax",

Tut günəşə, qumaşda bax, zərdə bax,

Baharda bax, yağışda bax, qarda bax...

 

Dilbilməzmiş, naşı imiş demə bu,

Gəlmədi ki, imana bu, dinə bu.

"Sinə meydan, zülf pərişan..."eyvallah

Ədasından od götürüb yanar bu...

Açıq işvə, naz qarışıq üzə bax,

Yanağında halə tutan közdü, köz..,

Arıların sayı bəlkə yüzdü, yüz!..

 

Arı gələr çiçəklərdən bal çəkər,

Bal çəkdiyi ürəklərə yol çəkər.

Günəş doğar, Ay dolanar, il çəkər,

Səsə düşər qulaqları ellərin.

Əsib keçər sübhün sərin yelləri,

Tel-tel olar ləçəkləri güllərin...

 

Dünya yaz doğurdu 

o doğulanda

 

İndi mən payızın nəyi oluram..,

Yağan yağışımı, əsən yelimi,

Saralan yarpağı, tənha çölümü?..

Bu yağış altında qalıb üşüyən,

Dünənki atəşin soyuq külümü?..

 

Açdım pəncərəni, hava soyuyub..,

Dünənki istidən əsər qalmayıb,

Dünənki istidən kəsər qalmayıb,

Hava kədərlidi, gözü nəmlidi.

Hələ bu, payızdan fağır dünyaya,

Birinci mesajdı, ilkin həmlədi...

 

İndi mən payızın nəyi oluram..,

Qaçıb göy üzünü bulud aşağı,

Dəlisi oluram, səyi oluram.

Uzaqda top atır ildırım baba,

Burda toyxanası, toyu oluram...

Sərxoş buludların qolları üstə,

Mən də əldə qədəh dolandırıram,

Saqisi oluram, meyi oluram...

 

Bir az havalıdı başım mənim də,

Bir az davalıdı başım mənim də...

Bu gedən neçənci yaydı, ilahi,

Bu gələn neçənci payız olacaq...

Elə bu payıza ilk sevinən də,

Elə ilk küsən də o qız olacaq...

 

Dünya yaz doğurdu o doğulanda..,

Yağışlar çöllərədə ot bitirirdi.

Bahar çiçəyiydi o qız eləcə

Yalın meşələrə, boz torpaqlara,

Təbəssüm səpirdi, gül bitirirdi...

Elə ürəkliydi, elə ürəkli..,

Burdan göy üzünə qəmzə satırdı,

Burdan göy üzünə yol bitirirdi...

 

Açdım pəncərəni, hava soyuyub..,

Bir də bu payızdan olmayacaq ta...

O qız da qoşulub payıza getdi,

Elə o qızdan da olmayacaq ta...

 

Çarmıxdakı azadlıq

 

Geniş açılmış qollarında

dünyanı qucmaq arzusu...

Günəş bərq vurur üzündə,

şüa-şüa əriyir duaları...

Əllərinin ortasındakı mismarın altından

köpüklənir dəniz,

Körüklənir sinəsi...

 

Quşlar gəlib

nəğmə oxuyur başında,

acanda dimdikləyir gözlərini...

Ətə yerikləyən vəhşi heyvanlar

diz çöküb qabağında..,

Üzünü

ayaqlarına söykəyib ibadət edir azadlıq...

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.