ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə axşamı, 07 Aprel 2022 09:00

Sən sənət üçün qaçarsanmı?

 

 

“Run for Art” beynəlxalq fotomüsabiqəsinin mədəniyyət naziri Anar Kərimovun da qatıldığı yekun sərgisinin açılışı mərasimindən qeydlər

 

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Mədəniyyət Nazirliyi və İtaliya Milli Olimpiya Akademiyasının “Culio Onesti” Fondunun birgə təşkilatçılığı ilə keçirilmiş “Run for Art” (“Sənət üçün qaç”) beynəlxalq fotomüsabiqəsinin yekun sərgisi açılıb.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibi Azər Əliyev, mədəniyyət naziri Anar Kərimov və İtaliya Milli Olimpiya Akademiyasının vitse-prezidenti, “Culio Onesti” Fondu İdarə heyətinin üzvü, xizəksürmə üzrə keçmiş Olimpiya çempionu xanım Klaudio Cordani və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyəti haqqında məlumat diqqətə çatdırıldıqdan sonra “Culio Onesti” Fondu İdarə heyətinin üzvü Klaudio Cordani çıxış edib. Layihə haqqında məlumat verən italiyalı qonaq diqqətə çatdırıb ki, “Sənət üçün qaç” gənc fotoqraflar üçün “Culio Onesti” Fondu tərəfindən hazırlanmış beynəlxalq müsabiqədir. Müsabiqənin məqsədi incəsənət və idmanı birləşdirməkdir.

Müsabiqə 18-35 yaş arası, dünyanın istənilən ölkəsindən qatıla biləcək həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Hər müsabiqə üçün 5 fərqli aspektə görə mövzu təklif olunur: kateqoriyaların sayı simvolik olaraq 5 Olimpiya halqasını ifadə edir. İdmanda etika, müxtəliflik və inklüzivlik kimi mövzular idman və fotonun köməyi ilə araşdırılır.

Qeyd olunub ki, müsabiqənin final mərhələsinə daxil olan 5 kateqoriyanın hər biri, ümumilikdə 40 fotoşəkil üçün, idman yarışında olduğu kimi, 8 finalçı müəyyən edilir. Fotoşəkillər incəsənət, idman və medianı təmsil edən beynəlxalq münsiflər tərəfindən seçilir. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev beynəlxalq fotomüsabiqənin münsiflər heyətinin üzvüdür.

Xanım Klaudio Cordani çıxışının sonunda tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, Bakıda yenidən olmaq diləyi ilə fotoqraflara uğurlar arzulayıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə müsabiqəyə təşkilatı dəstək verdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. Azərbaycan Milli Olimpiya Komitəsinin 30 il əvvəl yarandığını deyən Ç.Hüseynzadə deyib ki, bu illər ərzində ölkəmizdə güclü olimpiya hərəkatı formalaşıb: “Olimpiya təkcə idman deyil, həm də idmanın təbliğatı deməkdir. Burada təhsil və incəsənət xüsusi yer tutur. Çox şadam ki, müsabiqənin qalibləri arasında azərbaycanlı fotoqraflar da var”.

Sərginin açılışında çıxış edən mədəniyyət naziri Anar Kərimov Azərbaycan Milli Olimpiya Komitəsinin çox uğurlu, şərəfli yol keçdiyini vurğulayıb: “Bu uğurlu yol ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev ümummilli liderin yolunu uğurla davam etdirir. Möhtərəm Prezidentimizin rəhbərliyi və davamlı qayğısı nəticəsində idmançılarımız bayrağımızı yüksəkliklərə qaldırıb və Azərbaycanı idman ölkəsi kimi tanıdıblar. Milli Olimpiya Komitəsinin mütərəqqi fəaliyyəti sayəsində ölkəmizdə idman növləri inkişaf etdirilib, idmançıların beynəlxalq yarışmalarda qazandığı qələbələr yeni nəsildə idmana böyük maraq oyadıb”.

İdmanla mədəniyyətin biri-birini tamamladığını söyləyən Anar Kərimov qeyd edib ki, idman bədəni möhkəmləndirir, mədəniyyət isə ruhu zənginləşdirir.

Çıxışlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin beyzbol və softbol kateqoriyasında Tetsu Çi-Çinqli (Tayvan), karate kateqoriyasında Gökhan Taner (Türkiyə), skeytbordinq üzrə Maks Danlap (ABŞ), qayalara dırmanma kateqoriyasında Culia Kasu (Fransa), sörfinqdə isə Ris Beyts (Avstraliya) birinci yerə layiq görülüblər.

Bakıda keçirilən mükafatlandırma mərasiminə Türkiyə və Fransadan olan qalib fotoqraflar qatılıblar. Ölkəmizdən Nəriman Babayev (“Gənc karateçilərin yarışın açılışında nümayiş etdirdikləri fənd hərəkətləri” fotosu) 3-cü yeri tutub. Həvəskar fotoqraf Bayram Musayev isə skeytbordinq kateqoriyasının finalçıları sırasında yer alıb.

Daha sonra K.Cordani İtaliya Milli Olimpiya Akademiyasının “Culio Onesti” Fondunun xatirə hədiyyələrini Mədəniyyət Nazirliyinə və Azərbaycan Milli Olimpiya Komitəsinə təqdim edib. 

Tədbirin bədii hissəsində muğam və klassik musiqilərdən ibarət konsert olub. 

Qeyd edək ki, “Run for Art” beynəlxalq fotomüsabiqəsi finalçılarının Beynəlxalq Muğam Mərkəzindəki sərgisi aprelin 16-dək ziyarətçilər üçün açıq olacaq.

 

Milli kino sənətimizin inkişafında xidmətləri olan tanınmış simalardan biri də kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovdur. Onun filmlərinin hər birinin öz maraqlı süjeti, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi var. Tofiq İsmayılov Azərbaycan kino sənətinə dəyərli filmlər bəxş etməklə yanaşı, pedaqoji fəaliyyəti ilə də neçə-neçə tələbə yetişdirib.

 

Bu gün Xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasından 83 il ötür.

Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 190 nömrəli Bakı şəhər tam orta məktəbini bitirib. M.A.Əliyev adına Teatr İnstitutunun aktyorluq fakültəsində, sonra rejissorluq fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayıb. Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, "Azərbaycanfilm" studiyasında rejissor köməkçisi, orada bədii təlimlər rejissoru vəzifələrində çalışıb. Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb. Sonra "Azərbaycanfilm" studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləyib. Tofiq İsmayılov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub. 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında müəllim kimi çalışıb, kafedranın müdiri olub. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləyib. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub. 2007-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

“Müasir Azərbaycan kinosunda tipik xarakter” mövzusunda namizədlik dissertasiyası üzərində işləyib. Son illər "Sənətkarlığımızın portreti" silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilib. Uşaqlar üçün pyeslər, hekayələr dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunub. 100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi "Ağ dəsmal" 1962-ci ildə "Göyərçin" jurnalında dərc edilib.

Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 2016-cı il martın 25-də Bakı şəhərində vəfat edib.

 

Bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında akademiyanın tələbəsi, İkinci Qarabağ müharibəsində şəhid olmuş Tamerlan Mahmudova həsr olunmuş xatirə konserti keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, xatirə konsertində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri və "Detaşe" violinoçular ansamblı çıxış edəcək.

Günün fotosu: Müharibənin 41-ci gününün situasiyanı 41 dərəcə dəyişdirməsi

 

Euronews-un jurnalisti Saşa Vakulina Ukraynadakı hərbi əməliyyatların xəritəsini şərh edir, bildirir ki, müharibənin 41-ci günündə Ukrayna ordusu ölkənin şimalındakı vacib nöqtələri öz nəzarətinə qaytara bilmişdir.

 

Foto: AP Photo

Rəsm qalereyası: Vyaçelav Yaroyev, “Balaca süvarilər”

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası nümayiş olunub.

 

Quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimli olan tamaşa Xeyirlə Şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizədən bəhs edir.

Tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və məşhur mahnılarından istifadə olunub.

Qeyd edək ki, bu eksperimental tamaşaya tamaşaçılar böyük maraqla baxıblar.

Çərşənbə, 06 Aprel 2022 13:00

Lalə Hüseynin “Uğura son bir addım"ı

 

Gənc yazar Lalə Hüseynin ilk kitabı işıq üzü görüb. Kitab “Uğura son bir addım” adlanır. Naşir “Qanun” nəşriyyatıdır. 

 

Gənc yazar “Ədəbiyyat və incəsənət” portalına ilk kitabı barədə bunları deyib: 

“14 fevral 2020-də yazmağa başladım bu kitabı. Çoxları məni qınayırdı. “Üniversitet oxumadın, həyatın çətin olacaq, ingilis dilini öyrən, Koreya dili sənə lazım olmayacaq, boş-boş saatlarla rəsm çəkirsən, bu sənə pul qazandırmayacaq” kimi mənfi fikirlər daim məni təqib edirdi. 

Amma mən o mənfi sözlərə fikir vermədim. Güclü oldum, sonra özümə “hər kəs belə güclü ola bilməz, bu düşüncələrə tab gətirə bilməz” dedim və öz qazandığım uğurlarımdan, eləcə də həyatda uğura nail olmağın sirrlərindən bəhs edəcək bir kitabı qələmə aldım. Adını isə "Uğura son addım" qoydum.

Kitabımı ürək döyüntüləri ilə

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğluya təqdim etdim, onun “Sizin kitabınızı oxudum və  bəyəndim, gözəl kitabdır, əlimizdən gələn dəstəyi edib çap edəcəyik” dediyində nə qədər sevindim, bir Allah bilir.

Əsas sloqanım isə bu idi: "Xəyallarından qorxursansa cəsarətli olmağının mənası yoxdur".

Bu sözlər daim məni hədəfimə çatdırdı, indi isə sıra sizdədir, əziz

oxucular. 

"Uğura son bir addım" artıq satışdadır!”

 

Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bununla bağlı AzərTAC-a əsəri Türkiyədə səhnələşdirən, Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini, aktyor, rejissor Məlahət Abbasova məlumat verib.

Özünün rejissorluğu ilə səhnələşdirilən əsərin İstanbulda böyük izdihamla qarşılandığını xatırladan Məlahət Abbasova “İblis”in Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil olunması ilə bağlı müraciət etdiklərini bildirib: “Hüseyn Cavid kimi böyük dramaturqun əsərini tamaşaçıya layiqli şəkildə təqdim etmək böyük məsuliyyət tələb edir. Bu işi uğurla başa çatdırdığım üçün çox sevincliyəm. Bir əsərin Türkiyədə səhnələşdirilməsi üçün onun repertuara daxil edilməsi mütləqdir. Amma bu da çox çətin başa gələn işdir. Çünki hər toplantıya yüzlərlə əsər təqdim edilir və onların içindən bir-ikisi seçilir. Mən “İblis”in İstanbul Şəhər Teatrlarında da səhnələşdirilməsi üçün tamaşanı əvvəlcə Bədii Şuranın müzakirəsinə təqdim etdim. İstanbul teatrlarının repertuarına daxil olduqdan sonra əsəri səhnəyə qoya bildik. Onu da qeyd edim ki, 2019-cu ildə böyük büdcə ilə hazırladığımız “İblis” tamaşasında İstanbulda ilk dəfə olaraq “Maping” 3D işıq cihazlarından istifadə edildi. Kino effekti ilə seçilən bu qurğu tamaşaya xüsusi görkəm verdi. Sonra isə Azərbaycanın qardaş ölkədəki səfirliyinin dəstəyi ilə əsər Türkiyə Respublikası Dövlət Teatrlarına təqdim edildi. Çox sayda əsərin içindən “İblis” repertuara daxil olundu. Əsərin Türkiyə Dövlət Teatrlarının repertuarında yer alması azərbaycanlı olaraq mənim üçün qürurverici hissdir. Qarşıdan gələn aylarda bu tamaşanın məşqlərinə başlamağı planlaşdırırıq. İnanıram ki, “İblis”i Türkiyənin hər bölgəsində teatrsevənlərə təqdim edə biləcəyik”.

Səhnə əsərinin Türkiyənin Dövlət Teatrlarının repertuarına daxil edilməsi ilə bağlı qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları Baş İdarəsi tərəfindən Məlahət Abbasovaya ünvanlanan məktubda deyilir: “Hüseyn Cavid əsəri əsasında hazırlanan, Hilmi Zafer Şahin ilə birgə türk dilinə tərcümə etdiyiniz “İblis” tamaşası dramaturq məruzələri ilə birlikdə baxılıb və Bədii Şuranın iclasında müzakirə edilib. Bədii Şura səs çoxluğu ilə tamaşanın Dövlət Teatrlarının ümumi repertuar fonduna daxil olunmasını qəbul edib. Türkiyənin Dövlət Teatrlarının ümumi repertuarına verdiyiniz töhfəyə görə sizə təşəkkür edir və uğurlarınızın davamlı olmasını diləyirik”.

 

UNESCO İcraiyyə Şurasının 214-cü sessiyası öz işini davam etdirir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sessiya çərçivəsində ölkəmizin bu qurumdakı daimi nümayəndəsi Elman Abdullayev üzv dövlətlərin geniş dəstəyi ilə UNESCO-nun bu mühüm orqanına - İcraiyyə Şurasına seçilən Azərbaycan Respublikasının milli bəyanatını təqdim edib.

E.Abdullayev bildirib ki, İcraiyyə Şurasının bu iclası Ukraynada və onun ətrafında vəziyyətin ciddi şəkildə pisləşməsi fonunda beynəlxalq ictimaiyyət üçün təlatümlü vaxtlarda keçirilir. Azərbaycan sülh yolu ilə həll istiqamətində səylərin hələ də mübarizəni dayandıracaq nəticə vermədiyinə görə dərin təəssüf hissini bildirir. Mülki itkilərin sayının artması xüsusilə narahatedicidir. Biz bir daha mülki şəxslərin və mülki infrastrukturun, o cümlədən mədəni irsin və təhsil müəssisələrinin müdafiəsi üçün beynəlxalq humanitar hüquqa ciddi riayət edilməsinin zəruriliyini vurğulayırıq.

“Azərbaycan 30 ilə yaxın Ermənistanın silahlı təcavüzünə məruz qaldı. Bu illər ərzində ağır hərbi, eləcə də insanlığa qarşı cinayətlər törədildi, silahlı münaqişə zamanı mədəni irsin qorunmasına dair beynəlxalq hüquq açıq-aşkar kobud şəkildə pozuldu. Bir vaxtlar zəngin mədəni və təbii irsə malik Azərbaycanın kifayət qədər çiçəklənən əraziləri yerlə-yeksan edilib. Bütün bu illər ərzində Ermənistan hökuməti həm 30 il işğal altında saxladığı ərazilərdə, həm də Ermənistanın özündə Azərbaycanın mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasət həyata keçirib. Ermənistan silahlı qüvvələrinin geri çəkilməsi zamanı XIII əsrə aid Xudavəng monastırının zəngləri, xaçları, məşhur freskaları və qədim əlyazmaları, eləcə də Azıx mağaralarından və Şahbulaq qalasında olan qiymətli artefaktlar qanunsuz olaraq Ermənistana aparılıb”, - deyə E.Abdullayev əlavə edib.

Diqqətə çatdırılıb ki, Şuşa Xalça Muzeyindən qanunsuz olaraq 160 qiymətli xalça çıxarılıb və onlardan 71-i Ermənistanın paytaxtı Yerevandakı muzeydə nümayiş etdirilib. Sadalanan bütün bu faktların hamısı İkinci Protokol Komitəsinə ölkəmizin təqdim etdiyi milli və könüllü hesabatlarda öz əksini tapır. Ermənistan tərəfindən işğaldan azad edilmiş Azərbaycan ərazilərində kütləvi şəkildə basdırılmış mina və digər partlayıcı maddələr həmin ərazilərdəki mədəni irs üçün ciddi təhlükə yaradır, bərpa işlərinə mane olur, mülki əhalinin geri qayıtmasını ləngidir. Mina partlayışları nəticəsində çox sayda mülki şəxs, eləcə də jurnalistlər həlak olub və yaralanıb.

Daimi nümayəndə Baş Direktora azərbaycanlı jurnalistlərin ölümünü pisləyən bəyanatına görə təşəkkürü edərək, 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimov mina partlaması nəticəsində həlak olduqlarını bir daha xatırladıb.

Qeyd edib ki, silahlı münaqişə başa çatdıqdan sonra Azərbaycan münaqişədən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya mərhələsinə qədəm qoyub. Ölkəmiz işğaldan azad edilmiş ərazilərdə mənşəyindən asılı olmayaraq bütün mədəniyyət və dini abidələrin lazımi qaydada qoruyub saxlamaq, restavrasiya etmək və istifadəyə vermək əzmindədir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə davam edən genişmiqyaslı reabilitasiya və yenidənqurma səyləri ilə bağlı beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin müvafiq ixtisaslaşmış qurumları və təsisatları ilə əməkdaşlığı davam etdirir. Bu istiqamətdə UNESCO-nun töhfəsini də səbirsizliklə gözləyir və təşkilatın BMT-nin digər aidiyyəti qurumları və təsisatlarından nümunə götürəcəyinə inanırıq.

“Azərbaycan hökuməti ölkədəki mədəni sərvətlərin vəziyyətini qiymətləndirmək üçün UNESCO tərəfindən müstəqil və qərəzsiz texniki missiyaya ev sahibliyi etməkdə maraqlıdır. Ölkəmiz heç bir gecikmə olmadan bu istiqamətdə işi davam etməyə hazırdır və ümid edir ki, hər hansı əlavə şərtlərə görə bundan sonra heç bir maneə olmayacaq. Bu kontekstdə Azərbaycanın yeddi ay əvvəl – 2021-ci il avqustun 19-da təqdim etdiyi təkliflərə təşkilatın reaksiyasını sürətləndirməsi zəruridir”, - deyə daimi nümayəndə bildirib.

Vurğulayıb ki, UNESCO-nun belə bir missiyası ona ev sahibliyi edən üzv dövlət kimi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam uyğun olaraq həyata keçirilməlidir. UNESCO-nun missiyasını Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə göndərməklə yanaşı, təşkilatın Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi ilə məşğul olması da təcili zərurətdir. Vətəndaş cəmiyyəti, QHT nümayəndələri və müxtəlif təşkilatlar bu geniş miqyaslı dağıntının sənədləşdirilməsi üçün UNESCO-dan Ermənistana missiya göndərməyi xahiş ediblər.

“Bu sessiyanın gündəliyi ağırdır və mühüm məsələlərdən ibarətdir. Azərbaycan sessiyanın işinə səmərəli töhfə verməyə hazırdır. Qürurla qoşulduğumuz Qlobal Təhsil Koalisiyası vasitəsilə ölkələrə dəstək və kömək etməklə UNESCO-nun Dayanıqlı İnkişaf Məqsədlərində liderlik rolunu gücləndirdiyini yüksək qiymətləndiririk. Ölkəmiz Qlobal Təhsil Koalisiyası çərçivəsində “Gender Flaqmanı”, xüsusən də “Qızları Şəkildə Saxlamaq” kampaniyası vasitəsilə pandemiya şəraitində gender bərabərliyinə göstərilən xüsusi diqqəti alqışlayır. Həmçinin UNESCO-nun Mədəniyyət və İncəsənət Təhsili üzrə yenidən işlənmiş çərçivəsinə doğru prosesi dəstəkləyir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını sürətləndirməyə kömək etmək üçün nəzərdə tutulmuş sektorlararası təşəbbüsü yüksək qiymətləndiririk.

Azərbaycanın Afrika ölkələri ilə uzunmüddətli tərəfdaşlığından hər kəs xəbərdardır. Bu istiqamətdə də ölkəmiz UNESCO-nun Qlobal Afrika Prioritetini dəstəkləyir və inkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirməyə çağırır”, - deyə E. Abdulayev bildirib.

Əsas qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi ümumdünya irs obyektləri üçün təhlükə yaratmaqda davam etdiyini bildirən natiq deyib: “Azərbaycan işçi qrupunun ilk iclasında böyük maraqla iştirak edib və işçi qrupun iclasının keçirilməsi üçün Ümumdünya İrs Mərkəzinə maliyyə yardımı edib. Azərbaycan UNESCO-nun mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi təşəbbüsləri, xüsusən 2018-ci ildə fəaliyyətə başlamış UNESCO-nun Mədəniyyətlərarası Dialoq üzrə elektron Platformasını fəal dəstəkləyir. Platforma Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə hazırlanıb. Azərbaycan gənclərin qərarların qəbulu prosesində iştirakını və fəal rolunu dəstəkləyir. Bu baxımdan COVID-19-dan sonrakı dövr üçün Fəaliyyət Planının hazırlanmasına həsr olunmuş UNESCO 12-ci Gənclər Forumunu alqışlayırıq”.

Qeyd edib ki, Qoşulmama Hərəkatının beynəlxalq məsələlərdə artan əhəmiyyətini nəzərə alaraq, Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv olduğu müddətdə Qoşulmama Hərəkatının üzv dövlətlərinin bu Şura çərçivəsində mövcud koordinasiya mexanizmini gücləndirməyə çalışacaq. Bu ilin iyununda Azərbaycanın UNESCO-ya üzv olmasının 30 illiyini qeyd edəcəyik. Bu qısa müddət ərzində Azərbaycan ikinci dəfə UNESCO-nun İcraiyyə Şurasının üzvü olmaqdan şərəf duyur. UNESCO-nun məsul üzvü kimi Azərbaycan dünyanın müxtəlif yerlərində təşkilatın nəcib missiyasını dəstəkləməyə sadiqdir, dəyərlərimizin və prinsiplərimizin təbliğində onun güclü tərəfdaşı olmağa davam edəcəkdir.

 

Tənqidçi Əsəd Cahangirin "Ədəbiyyat qəzeti"nidə dərc edilən, şair Ramiz Qusarçaylının "Vətən" poemasına həsr etdiyi "Xüsusi təyinatlı şair" adlı məqaləsinin aktuallığını nəzərə alıb “Ədəbiyyat və incəsənət” oxucularına da təqdim edirik. 

 

 BİRİNCİ BÖLÜM

 

 Söz öz ruhundan doğulan şair-yazıçılardan gedəndə, hər kəsin, əslində, bir kitabı olur və o bu kitabı ömrü boyu daha yetkin şəkildə yenidən yazır. "Kitabi-Dədə Qorqud", "Şahnamə", "İlahi komediya", "Leyli və Məcnun", "Hophopnamə", "İdeal", "Ömür kitabı", "Ata"! Janrından asılı olmayaraq, bunlar hər biri öz müəllifinin dədə kitabı, şahnaməsi, ilahi komediyası, ilahi eşqi, quş dili, ideal məqamı, ömür kitabı, ata(lar) sözü, bir sözlə, tale təyinatıdır. Düzdür, təyinatsız şair-yazıçılar da var, amma yazımızın qəhrəmanı şair Ramiz Qusarçaylı təyinatlıdır və üstəlik də, xüsusi təyinatlı.

Olsun ki, Qusarçaylının adının bu siyahıya daxil edilməsi kiməsə subyektiv gəlsin, amma mən nəinki Qusarçaylı və adları çəkilənlər, onların özləri arasında da  bərabərlik işarəsi qoymuram və qoya da bilmərəm. Çünki eyniyyət sadəcə nəzəri anlayışdır, əslində, iki eyni qum dənəsi belə yoxdur, nəinki ola insan və burda söhbət bəlli bir məsələdə səsləşmədən gedə bilər. Səsləşmə isə göz qabağındadır, yəni R.Qusarçaylının bədii təyinatı var - "Vətən" poeması.

Monumental üslublu "Azərbaycan bayrağı" şeiri də daxil olmaqla buracan yazdıqları da, əslində, R.Qusarçaylının gələcək poemasının səhifələri, "Vətən" isə onun qutsal kitabıdır. Şairin dərsliklərə, imtahan test kitablarına düşən, Qarabağ savaşının gərgin günlərində ekranda, efirdə yüz dəfələrlə səsləndirilən bu şeiri poemaya əlavə eləməsi özü də bunu göstərir:

 

Yağının min hiyləsi küydən, kələkdən keçər,

Sən sancılan ucalıq min-min ürəkdən keçər,

Dağlar yerindən oynar, daşlar ələkdən keçər,

Göylərin nur yağmuru, yerlərin göy qurşağı,

         Azərbaycan bayrağı!

 

R.Qusarçaylı "Vətən"i dörd ilə (2017-2021) sadəcə yazıya köçürüb, amma bu barədə on illərlə düşünüb, bu qutsal duyğunu ömrü boyu yaşayıb, bilib ki, vətən adicə torpaq deyil, insanın alın yazısıdır. O, dünyaya vətəndən yazmaq, şeirə "Vətən"i yazmaq üçün gəlib:

 

Davam nə can davasıdı,

Nə də yorğan davasıdı,

Azərbaycan davasıdı,

Ayrı dava mənlik deyil!

 

Yevtuşenko yazırdı: "Rusiyada şair eləcə şair olmaqdan daha böyükdür, burda şair olmaq yalnız içində məğrur vətəndaşlıq ruhu dolaşan, dincliyin, rahatlığın nə olduğunu bilməyənlərin qismətidir". Amma düşünənlər var ki, şairin vətənpərvərliyi yuxarılara yarınmaqdır və "əsl poeziya"ya yabançıdır. Vətən anlayışının yuxarıdan da yuxarısına (metafizik kökünə) varmamaqdan doğan bu yanaşma poetik sözü ümummilli taleyüklü sorunlardan uzaq saldığı kimi, yazıçını da ancaq öz fərdi qayğılarını söz konusuna çevirən məncil varlığa çevirir. Sovetlər dönəmi bu düşüncə dörd hərfli qondarma vətənin məddahı olmamaq çabasından doğurdu və totalitar rejimə etiraz formasıydı. Burası aydın! Amma indi - özgürlük dönəmində də sovetizm havasında qalmaq durmadan yeniləşən zamanın dəyişmələrinə etinasızlıqdan doğan bir aldanışdır. Elə düşünənlər öz yaradıcı gücünü rejimlə qarşıdurmadan aldığından sovetlərin çöküşüylə yaranan uçurumu aşıb, yeni dönəmin sözçüsü ola bilmədilər və prosessuallıq yönündən tarixin o üzündə qaldılar.

R.Qusarçaylı isə yaradıcılığa 70-lərdə başlasa da, daha çox özgürlük dönəminin şairi, vətəndaşlıq poeziyasının çağdaş şeirdəki sayılıb-seçilən isimlərindən biri, hətta birincisidir. Mayakovskinin diliylə desək, bu gün vətəndaşlıq poeziyası deyəndə ilk yada düşən Ramiz Qusarçaylı, Ramiz Qusarçaylı deyəndə isə vətəndaşlıq poeziyası olur.

Nekrasov deyirdi ki, şair olmaya bilərsən, amma vətəndaş olmağa görəvlisən. Blok isə vətənsevərlik mövzusunda çoxsaylı şeirlərin müəllifi olsa da, vətəndaş olmaya bilərsən, amma şair olmalısan deyirdi. Kim haqlıdır? Vətəndaşlıq mövzularını az qala bloklayan bir çox yazıçı-şairlərimiz Blok kimi düşünürlər. Biz "ya o, ya da bu" deyə, hökmən iki tərəfdən birini seçmək yox, bu iki qütbün birliyi düşüncəsindəyik və çağdaş poeziyamızda bu mövqenin səciyyəvi təmsilçilərindən biri yenə də Ramiz Qusarçaylıdır. Ustadımız, akademik Nizami Cəfərovun "Vətənpərvərlik dərsləri" adlı məqaləsində dediyi kimi, "...onu şair edən vətəndaşlığıdır...". Doğrudan da, bu misralar başqasının dilində ənənəvi şair giley-güzarı kimi səslənə bilərdi, amma bütün yaradıcılığı və həyatıyla təsdiqləndiyindən Qusarçaylı qələmində özəl səmimiyyət və inandırıcılıq gücü qazanır:

 

İlahi, zülümmüş Vətəni sevmək,

İlahi, ölümmüş Vətəni sevmək,

Sevən ürəklərə qara çəkiblər.

Vətən deyənlərin dili kəsilib,

Vətən deyənlərin başı kəsilib,

Vətən deyənləri dara çəkiblər.

 

*

Yevtuşenkodan daha bir sitat: "Şair öz əsrinin obrazı və gələcəyin sezgisidir. O özünə qədər nə varsa, çəkinmədən hamısına yekun vurur". Belə çıxır ki, şair hər üç zamanda yaşayan sehrkardır. Qusarçaylının öz zamanının obrazı olmasından artıq danışdıq, amma bədii ədəbiyyat həm də özündən öncəkilərlə dialoqdur. Odur ki, "Vətən" poemasına keçməzdən öncə vətən anlayışının metafizik kökü və poetik gəlişməsinə dair haşiyə çıxmaq lazım gələcək.

 

*

Peyğəmbər Əfəndimizə aid bir hədis var: "Hubbul vətən min əl iman" - "Vətənə məhəbbət imandandır". Yəni "vətən seçilmir" deyə bir şey yoxdur, ruhumuz yer üzünə gələcəyi yeri də, vaxtı da özü seçir və bu barədə Tanrıyla razılaşma imzalanır. Tanrının dərkənar qoyduğu bu ilahi sənədə sədaqət imanın göstəricisidir. Bu bir ehkamdır - seçmisənsə, sevməlisən. Yox, əgər sevmirsənsə, vətənə xəyanət edirsən, özü də qanun yox, vicdan qarşısında. Söhbət metafizik xəyanətdən gedir.

Yüzillərlə maddiləşən düşüncəyə uyğun olaraq vətən anlayışı da zamanla öz metafizik kökündən ayrılıb və sonucda semantik enişə uğrayıb, hübuti-Adəmlə yanaşı hübuti-vətən də baş verib. Bəs, poetik fikrin durumu bu məsələdə necə dəyişib?

Əski türklərdə vətən anlayışının yerə eləcə kölgəsi düşür, kökü isə göyə bağlanır və insan özünü yerlə göy arasında qavrayırdı. Orxon-Yenisey bitiklərinin yazarı Yolluq Tigin bozqırdakı qəbir daşının üstünə elə beləcə də cızır: "Üze gök tenqri, asra yağız yer kılıntıkda, ekin ara kisi oğlu kılınmış". - "Yuxarıda mavi göy, aşağıda qonur yer yaradılanda, bu ikisi arasında insan oğlu yaradılıb". Bu, vətənin mifik duyumudur.   

"Edəmən tərk, Füzuli, səri-kuyin Yarın // Vətənimdir, vətənimdir, vətənimdir, vətənim?" beyti göstərir ki, orta çağ divan şeirində vətənin metafizik kökə bağlılığı dördqat ehkam sayılır. Burda dörd yol təkrarlanan "vətən" sözündən birinci metafizik, sonuncu coğrafi anlam daşıyır, şairin səsi dörd pərdənin dördünə də çatır. Bu, vətənin dini-mistik dərkidir.

"Könlümün sevgili məhbubu mənim // Vətənimdir, vətənimdir, vətənim" (A.Səhhət) misralarında üç yol təkrarlanan "vətən" sözü XX yüzil romantiklərinin düşüncəsindəki semantik enişi göstərir. Şairin səsi dördüncü (metafizik) pərdəyə artıq çatmır, yaradan öz yerini yaradılana, ilahi eşq millət sevgisinə verir. Adamın özü cənnətdən enmişdi, indi də sözü enir. Bu, vətənin romantik qavramıdır.

Hər bəndi "Azərbaycan, Azərbaycan" xitabıyla bitən "Azərbaycan" (S.Vurğun) şeirində üçlük ikiliklə əvəzlənir, qutsal mistik görəv daşıyan təkrarlar eləcə estetik göstəriciyə - bədii təkrirə çevrilir və proses öz sonuna yaxınlaşır. Burda şair istəsə belə, hər hansı metafizikaya yer yoxdur - göylərin qapısı bağlanıb! Bu, vətən anlayışının materialist anlamıdır.

Nəhayət, "Azərbaycana gəlsin" (S.Rüstəm) şeirində sayca dəyişmələr sambalca çevrilməyə uğrayır, semantik eniş öz sonuna çatır, ikilik öz yerini birliyə verir. Amma bu əsl birliyə (tövhid) sadəcə parodiyadır. "Cənnət görmək istəyən Azərbaycana gəlsin" deyən şair cənnəti göydən yerə endirir və metafizik vətənə qovuşmaq istəyi neçə yüzildən sonra axır ki, göydə yox, yerdə "baş tutur". Bu, vətənin ateist tərifidir.

Bununla da enişin limiti bitir. Öz dibinə çatan poetik düşüncə bundan sonra əksinə çevrilmə qanunu üzrə yüksəlməliydi - çəkilmədən sonra həmişə qabarma gəlir. Amma "Şükr eyləyəlim ki // Bizlərdən həm əvvəl // Həm sonra vətən var" (B.Vahabzadə), "Mənim könlüm bu torpağı vəsf eyləyərək // Azərbaycan dünyasından baxar dünyaya" (M.Araz), "Bütün ellər, ölkələr // Gözlərimdə birləşər // Azərbaycan deyəndə" (T.Bayram) sözləri vətənə yanaşmada yüksəlmədən daha çox, genəlməni göstərir. Vətən birinci örnəkdə zaman, ikinci və üçüncüdə isə məkan baxımından daha geniş sınırlarda qavranılır, amma hər üç halda proses üfüqi yöndə gedir, şaquli düşüncə isə söndürülür və ya əhatə dairəsindən kənarda qalır. Bədii düşüncəni yüksəlməyə qoymayan sovet rejimi hər cür metafizikaya zidd idi. O, beynəlxalq imperializmin acığına kosmik uçuşlara icazə versə də, beynəlxalq ədəbiyyatın acığına metafizik uçuşlara icazə vermir, göylərə baş vurmaq istəyən ruhun başından çəkiclə vurur, qanadlarını oraqla kəsirdi.

 

*

R.Qusarçaylı bədii yaradıcılığa başlayanda şeirimizdə vətənə yanaşmanın ən ümumi görüntüsü aşağı-yuxarı belə idi - anlayış semantik itkiyə uğramışdı. Şüur materiyanı doğurur və niyyətimiz haracandırsa, mənzilimiz də ora qədərdir. Zevs qızı Afinanı öz başından çıxardığı kimi, biz də gələcəyimizi düşüncəmizdən hasil edirik. Biz vətənin sınırlarını öncə öz sinirlərimizdə cızırıq və onu dərkin miqyası kiçildikcə, coğrafi hüdudları da daralır. Təsadüfi deyil ki, işlənmə tezliyinə görə "uduzmaq" sözü poemada birinci yerdədir. Hər tarixi faciənin təsvirindən sonra təkrarlanan bu söz poemada nəqərat rolu oynayır və əsərin temporitmini müəyyənləşdirir. Bütün itkilərimizin həm kökü, həm də zirvəsində isə Allahı itirmək durur:

 

Səni günah-günah uduzdum, Vətən,

Günahsız-günahsız uduzdum səni.

Səni Allah-Allah uduzdum, Vətən,

Allahsız-Allahsız uduzdum səni.

 

Dünya xəritəsində Azərbaycan qanadlarını geniş açıb göylərdə süzən qartalı xatırladır. "Vətən" poemasını oxuduqca, bu qartalın metafizik yuvasını - Tanrını da, minillərin üstündən şığıyıb gələn kölgəsini - coğrafi və tarixi sınırlarını da görürük. Tanrı anlayışının poemaya daxil edilməsiylə tarixi olaylar metatarixi anlam qazanır. Şairin düşüncəsindən qızıl xətlə keçən milli birlik ideyasının metafizik özülündə Tanrının birliyinə inanc (tovhid) dayanır. Poemada hətta əski daş bitikdəki "yuxarıda mavi göy, aşağıda qonur yer yaradılanda, ikisinin arasında insan oğlu yaradılıb" fikrinin çağdaş versiyası ilə də rastlaşırıq:

 

Türk adı Tanrının adından gəlir,

Nuru atəşindən, odundan gəlir.

Göylərin ən uca dərinliyindən,

Yerlərin ən dərin qatından gəlir.

 

Ümumən türkçülük ideyası, turançılıq sevdası poemanın başından sonunacan qırmızı xətlə keçir. Şair Azərbaycanın ən əski çağlardan türk diyarı olması ideyasını özəl vurğulayır və bununla təkcə saxta erməni tarixbazlığına qarşı çıxmır, həm də tarixən məğlubedilməz türkün gələcək zəfərlərinə inamını sərgiləyir:

 

Turukki, -

tarixdə türkün ilk adı,

Aratta, -

türkün ilk dövləti idi.

Dövlət, dövlətçilik qoşa qanadı,

Özgürlük müqəddəs sərvəti idi.

 

"Vətən" müəllifinin Tanrı anlayışı çevrə vurub davul döyən şamanlar və təkyələrdə çilə çıxaran sufilərin müstik yaşantıdan doğan inancından fərqlidir. Amma bütün poema boyu vurğulanması göstərir ki, bu anlayış onun üçün sadəcə tarixi-mədəni səciyyə daşımır, təkcə gələnəklərə sayqının işarəsi yox, həm də səmimi bir duyğunun ifadəsidir. Şair sufilər və şamanlar kimi cənnətə uçmaq eşqinə düşmür (XXI yüzil insanı bu sevdadan artıq usanıb), lakin sovet şairləri kimi cənnəti yerə də endirmir. O, cəhənnəm alovlarından keçən bir vətəndən söz açır, həlledici tarixi anlarda milli birliyimizin olmaması, bəzən bir yanlışın min illərlə çəkən acı sonuclarından dönə-dönə danışır:

 

Bu savaş, bu qovğa bitməyib hələ,

Min illər çəkərmiş dərdi bir anın.

Kiçik Midiyadan başlanır elə,

Böyük faciəsi Azərbaycanın!

 

"Vətən"in müəllifi itkilərimizə milli faciə kimi baxır. Bu yöndən "Turanlılarız adiyi-şüğli-sələfiz biz // Öz qövmümüzün başına əngəlkələfiz biz" deyən Sabirin "Fəxriyyə"sinə mesaj göndərən poema müəllifinin olaylara yanaşması əksərən tənqidi-realistdir. Poemadan aldığım ilk təəssürat belədir.

Bəs, son qənaət?

 

 İKİNCİ BÖLÜM

 

"Vətən" yeddi min misradan artıqdır və Z.Yaqubun "İki ömrün dastanı", "Əbədiyyət", "Peyğəmbər", S.Tahirin "Ata" poemalarını çıxsaq, son 30 ildə bizdə bu həcmdə poema yazılmayıb, yazılsa da, görünür, özəl ədəbi-bədii dəyəri olmadığından diqqəti çəkməyib. Bəs, poema janrının elə də populyar olmadığı bir vaxtda bu həcmdə əsərin yaranması nədən irəli gəlib?

Epos başlanğıc zamanla bağlıdır və poema geniş epik diapazona malik janr kimi tarixin həlledici anlarında ümummilli taleyüklü soru(n)lara bədii cavab kimi üzə çıxaraq, dövrün geniş mənzərəsini özündə əks etdirir. Böyük həcm problemin özünün böyüklüyündən doğur. "Komsomol" (S.Vurğun) inqilab sonrası yeni toplum quruculuğu uğrunda qarşıdurmanın, "Gülüstan" (B.Vahabzadə) 60-lardakı ümummilli oyanış və özünüdərkin, "Peyğəmbər" (Z.Yaqub) ateist sovet rejiminin çöküşüylə qutsal dini inancımıza dönüşün bədii ifadəsi kimi meydana çıxıb, birincisi siyasi, ikincisi ideoloji, üçüncüsü isə mənəvi tələbatdan doğub. Bəs, "Vətən" poeması dönəmin qarşıya çıxardığı hansı tələbdən yaranıb?

2016-cı ilin aprelində Lələtəpə döyüşündəki qələbə Qarabağ zəfərinə işarə oldu. Təpə alınmışdı, dağ da alınmalıydı! Bakıda 2020-ci il 14 iyul nümayişi xalqın yüksək döyüş ruhu və qələbə inadının heyrətamiz dərəcədə yüksək nümayişinə çevrildi. Bu, sadəcə nümayiş deyil, gecəni Şəhidlər xiyabanı və Milli Məclis, əbədiyyət və zaman arasında, "Mübariz!", "Türkiyə!", "Allah!" nidalarıyla səhər eləyən bir xalqın ümummilli duası, ümummilli fəryadı idi. Xalq Qarabağ uğrunda şəhadətə hazırıydı. Yəqin, bu üzdən son otuz ildə ilk dəfə səsimiz Allaha çatdı, duamız qəbul oldu.

Qələbə metafizik anlamda artıq qazanılmışdı, indi qalırdı onu həyata keçirmək. O gecədən sabaha çıxan artıq başqa - otuz illik röyadan ayılan, öz gücünü dərk edən, öz qəzəbi, öz hiddətindən yenidən doğulan xalq idi. Heminqueyin diliylə desək, bundan sonra onu, bəlkə də, öldürmək olardı, amma məğlub etmək - əsla! Şair də bunu deyir:

 

Artıq Qarabağın xilas vaxtıydı,

İntiqam vaxtıydı, qisas vaxtıydı...

İnsanlar axışdı səfərbərliyə,

Tanrı da ruh verdi bu saf birliyə,

Cavanlar can atdı müharibəyə,

Qocalar can atdı müharibəyə,

Qardaşlar can atdı müharibəyə,

Bacılar can atdı müharibəyə...

 

"Vətən" Lələtəpə olayları ilə Qarabağ zəfəri arasında yazılıb və birbaşa o illərdəki ümummilli oyanış ruhu, qələbə inadı və bundan doğan birlik ideyasının poetik ifadəsi kimi meydana çıxıb:

 

İndi bu Vətənin hər yeri bizim,

Bura doğumluyuq, bura bağlıyıq.

İndi bir adı var hər birimizin,

İndi hər birimiz Qarabağlıyıq!

 

*

Poemanın süjeti ən əski çağlardan - daş dövründən başlayır:

 

Ən başda Quruçay mədəniyyəti,

Qədim torpağımın ilk nəfəsliyi, -

Daş sərdabəsidi, daş kitabıdı.

Quruçay dərəsi tarix dərsliyi,

Azıx mağarası baş kitabıdı.

 

Və bu günəcən uğradığımız silsilə faciələrin təsviriylə gəlişir. Hər faciədən sonra o daş(baş) kitabın bir səhifəsi qopub düşür - Midiyanın yıxılmasından ta Qarabağ olaylarına qədər! Poemanın hər misrasından Qazan xanın "Yağı səni nerədən daramış, gözəl yurdum?!" sualı eşidilir. Bütün poema boyu müəllifin bu suala diaqnostik cavabı eynidir - ümummilli idrakın yoxluğu, tayfalara, bölgələrə, məhlələrə, səkilərə qədər metastaz verən parçalanma:

 

Bölündü İrəvan,

Bakı xanlığı,

Bölündü Qarabağ,

Şəki xanlığı,

Bir yerdə görmədik iki xanlığı,

Yarandı məhəllə,

səki xanlığı...

 

Şair bu mərəzdən qurtulmağın reseptini də verir - milli həmrəylik! Qarabağ sindromunun çözümü də, buna uyğun olaraq poemanın bədii konfliktinin açılışı da bu həmrəylik ideyası hesabına baş verir:

 

Özünü özünə qaytardım, Vətən,

Adını adına qaytardım sənin.

Közünü közünə qaytardım, Vətən,

Odunu oduna qaytardım, sənin.

...Əzmim, hünərimlə qaytardım səni,

Ordum, əsgərimlə qaytardım səni,

Dəmir birliyimlə qaytardım səni,

...və həmrəyliyimlə qaytardım səni!

 

Milli həmrəylik "Vətən" müəllifi üçün ən ali dəyərdir. Onun məzhəb ayrılığı məsələsini qabardan səfəvilərə tənqidi yanaşması da bu üzdəndir:

 

Cüneydin hədəfi ruslar deyildi,

Cüneydin hədəfi farslar deyildi,

Cüneydin yürüşü məzhəb yürüşü,

Cüneydin yürüşü din yürüşüydü.

Dindaşın dindaşa qəzəb yürüşü,

Qardaşın qardaşa kin yürüşüydü.

 

Amma, bizcə, səfəvi məsələsinin çözümü bu qədər birmənalı deyil. Nədən ki, Səfəvi fütuhatı türk etnoslarının ümumtürk kökündən ayrıldığı, ayrı-ayrı xalqların formalaşdığı dönəmin tarixi olayıdır. Hər bir xalqın özünüdərki və formalaşması üçün o vaxt bu ayrılma qaçılmaz idi. Nadir kimi nadir istedada malik sərkərdənin belə bu ayrılmanın qarşısını ala bilməməsi özü də prosesin geridönməzliyini göstərirdi. Hazırda türk xalqlarının yeni mədəni-siyasi düzəndə birləşməsi prosesi gedir. Bəli, indi durum belədir, amma onda elə idi və istər onda, istərsə də indi baş verənlər tarixin dialektikasından doğur. Şairin suçlamaları problemə məhz tarixilik prinsipi deyil, bu günün gözüylə baxmasından irəli gəlir.

Amma bu metodoloji problem tarixi mövzunun bədii dərki baxımından poemanın önəmini azaltmır. Səfəvi mövzusunun işlənməsi bədii fikrimizdə iki dönəmdən keçib. F.Kərimzadənin "Çaldıran döyüşü", "Xudafərin körpüsü" dilogiyası, Ə.Nicatın "Qızılbaşlar", Ə.Cəfərzadənin "Bakı-1501" romanlarında tarixi fakta yanaşma romantik idealizə ilə səciyyələnir. Bu, tezis idi.

Elçinin "Mahmud və Məryəm", K.Abdullanın "Yarımçıq əlyazma" romanları və R.Qusarçaylının "Vətən" poeması bütün metodoloji ayrıntılarına baxmayaraq, bir məsələdə ortaq məxrəcə gəlirlər - hər üçündə səfəvi fütuhatına yanaşma tənqididir. Birincidə bu tənqid bəşəri, ikincidə fərdi, üçüncüdə isə milli rakursdandır. Bu, antitezisdir.

Üçüncü - sintez dönəmi hələ qarşıdadır. Lakin sintezin getməsi üçün antitezisin olması zəruridir və səfəvi məsələsinin ədəbi-bədii dərkində digər iki əsər kimi, "Vətən" poemasının yeri və rolu da bununla bağlıdır.

R.Qusarçaylının məzhəb ayrı-seçkiliyini aradan qaldırmaq istəyən Nadir şah Əfşarı təqdir etməsi də milli həmrəylik məsələsi ilə bağlıdır:

 

Ən duru tarixdi Əfşar tarixi,

Rusun, erməninin cızdığı deyil,

Farsın öz adına yazdığı deyil,

Fədakar, yenilməz türk tarixidir,

Şərəf tarixidi, görk tarixidi.

 

Ümummilli birlik, türkçülük, turançılıq ideyasını özündə daşıyan yetərincə kitablarımız var. Muğannanın türk dilini insanlığın ana dili elan edən "İdeal" romanını, S.Rüstəmxanlının özgürlük dönəmi gənclərini ümumtürk ruhunda tərbiyə edən "Ömür kitabı"ını yada salmaq yetərlidir. Amma "Vətən"ə qədər S.Tahirin "Ata"sını çıxmaqla, tariximizi başdan sonacan əks etdirən poemamız olmayıb.

Firdovsinin ünlü dastanı qarşılığında türk şahnaməsi yaratmağı qarşıya məqsəd qoyan S.Tahirin əsəri məsnəvi formasında tarixi mənzumədir. R.Qusarçaylının poemasında isə məsnəvi sistem yox, ünsür şəklindədir və bu ünsürlərin özü də misraların bölünməsi hesabına çox vaxt gözə görünmür. Müəllif haqlıdır, çünki ədəbi-bədii formalar da tarixi sivilizasiyalar kimidir - bir gün yarandıqları kimi, bir gün də çökürlər. Orta çağ əruz dastanlarının hecaya çevirmələrini yada salan məsnəvi bu gün anaxronizm təsiri bağışlayır və yalnız tarixi planda maraqlıdır.

"Vətən" epik-lirik poemadır. Müəllif təhkiyəsi, yəni epik hissələr daha çox heca və sərbəstin inteqrasiyasından ibarət ritmik sərbəstdə, lirik hissələr isə səkkizlik, onbirlik və digər şeir formalarında yazılıb. Bəzən aşırı tarixi informativlik və elmi-publisistik üslub şablonlarından ("tunc dövrünün tapıntıları", "mərkəzin tabeliyinə keçmək", "ərazi formulu", "dövlətçilik ənənəsi", "maliyyə sistemi", "sinfi cəmiyyət", "iqtisadi böhran" və s.) istifadəyə baxmayaraq, müəllif olayların dinamizmi, duyğuların coşqunluğundan doğan temportimi sonacan saxlaya bilir və poema yetərincə sürətlə oxunur.

Bunun səbəbi poemanın axıcı təhkiyə üsulundadır. Bədii təkrirlərə köklənən bu üsul selin qarşıya çıxan hər şeyi götürüb aparmasına bənzəyir. Burda söz sözü, misra misranı, fikir fikri çəkir, mətn müəllif iradəsi və idarəsi dışında, şüurlu bir subyekt kimi, avtonom surətdə özünün yaranmasında iştirak edir:

 

Ali Baş Komandan,

ali sərkərdə,

Həm canlı efirdə,

Həm də səngərdə,

Ölkənin mətbuat fədaisiydi,

Təmkini, məntiqi, fəhmi yerində,

Mövqeyi, baxışı, zəhmi yerində,

Qarabağ bizimdir!

Azərbaycandır! -

Hayqırıb kükrəyən "Nida!" səsiydi.

 

İlhamın yüksək anında sadəcə mətn deyil, dil də özünü yaratmağa başlayır, Kürəkçaya Kələkçay, Türkmənçaya Türkmənvay, Gülüstana Külüstan, yəni "tikana sökən" deyir və hər şeyi öz adıyla çağırır. Haydeggerin dediyi kimi, bədii diskurs həqiqətə gedən ən kəsə yoldur. "Vətən" tarixi gerçəkləri ifadə etmək iddiası və imkanı ilə yazılan, təkcə tarixin deyil, bəzən dilin də həqiqətinə varan əsərdir:

 

Böldü məmləkəti,

böldü min yerə,

Böldü,

Parçaladı müqavilələr, -

Kürəkçay, -

Kələk-çay müqaviləsi,

Türkmənçay, -

Türkmən-vay müqaviləsi

Gülüstan,

Külüstan müaviləsi.

 

Poemanın epik hissələri çay dənizə qovuşan kimi müəllifin duyğu və düşüncələrinə - lirik hissələrə qovuşur. "Təkləndin, Vətən, təkləndin", "Mən səni qoruya bilmədim, Vətən", "Ordumuz qaçırdı Bakıya sarı", "Birləşək", "Gözün aydın, Qarabağ" və sair kimi lirik parçalar həm süjetin bir hissəsi, həm də müstəqil şeirlərdir. Heca vəznində, bəlli formada düzülüb-qoşulan bu şeirlər kədər və sevinc anlarındakı ən yüksək hiss-həyəcanı ifadə edir:

 

Güman keçməz dağları

Aşa-aşa qayıtdıq,

Yumruq kimi birləşib,

Coşa-coşa qayıtdıq.

Biz Kəlbəcər-Kəlbəcər,

Şuşa-Şuşa qayıtdıq,

Başın uca, üzün ağ,

Gözün aydın, Qarabağ!

 

Poemanın epik və lirik hissələri arasındakı interaktiv keçidlər əksərən hiss olunmadan baş verir, sınırlar həndəsi dəqiqliklə cızılmır. Demokratizm erasının şairi şeir elminin qaydalarına ehkam kimi baxmır. Poemanın arxitekturası bu yöndən Dədə Qorqud boylarına yaxındır. Çünki mətnşünasların Ulu Kitabımızı nəsr və nəzm hissələrinə ayırması, əslində, şərti bir şey olub mətni qavramağı asan(laşdırmağa) xidmət edir. Əski çağlarda nəsr və nəzm bir-birindən hələ tam ayrılmamışdı, mətn birüzlü idi. Onda həm nəsrə, həm də şeirə oxşayan, amma onların heç birilə yüzdə yüz üst-üstə düşməyən bütöv Söz varıydı.

"Vətən" də sözübütöv poemadır. Onun epik hissələri "Dədə Qorqud"un "nəsr", lirik hissələri isə "şeir"lərinə uyğun gəlir. "Dədə Qorqud"un əski türk düşüncəsindən gələn ideya özülündə iki önəmli məsələ var: yuxarıda Tanrı ilə ("Dəli Domrul boyu"), aşağıda isə oğuzlar arasında ("İç oğuza Taş oğuz asi olub Beyrəyin öldüyü boy") münasibətlərin nizamlanması, göylə ahəng yaradıb, yerdə düzən qurmaq. Eyni altyapı "Vətən" üçün də səciyyəvidir. Amma poemanın dastan üçün səciyyəvi olmayan bir özəlliyi var - o, boylara bölünmür. Bizcə, bu bölünməzlik - ya bilərəkdən, ya da bilincaltı - müəllifin ümummilli birlik ideyasının struktural altyapısıdır. Şair poemanı boylara (hissələrə) bölmür ki, vətən də boylara (tayfalara) bölünməsin. Poemanın yeganə boyu vətəndir.

Dastan faciə ilə sonuclanır - özü İç Oğuzdan olan, Taş Oğuzdan qız alan, beləliklə, ümummilli birliyin rəmzinə çevrilən Beyrəyin öldürülməsi bu faciəyə rəmzi işarədir. Poema isə milli birlik hesabına qazanılan Qarabağ zəfərini əks etdirən xoşbəxt finalla bitir. "Dədə Qorqud" bölünməyə, "Vətən" isə birləşməyə güzgü tutur. Çünki ikinci minillik bölünmə, üçüncü isə birləşmə eramızdır. Birləşmə ideyası poemada başdan sonacan dəfələrlə səslənir:

 

Bir xışlanaq, bir ləklənək,

Halal bir tuma yüklənək.

Göydə Tanrıya köklənək,

Yerdə bayrağa, birləşək!

 

Bu bənd poemanın və ümumən Ramiz Qusarçaylının bədii düşüncəsinin "bölünməz hissəciyi" - atomudur. Bu bəndi böyütsən, poema, poemanı kiçiltsən, bu bənd alınar. Şair "bir xışlanaq" deyəndə bizi əski yanlışlarımızı alt-üst eləməyə, "bir ləklənək" deyəndə yeni düzən qurmağa çağırır. Bu ölüb-dirilmə (xışlanıb, ləklənmə) sovetlərin çöküşü və Qarabağ zəfəriylə bağlı yaşadıqlarımıza uyğundur. "Sivilizasiyaların toqquşması" əsərinin müəllifi S.Hantinqton kimi, şairin də fikrincə, yeni dünya düzənindəki qarşıdurmaların özülündə dini, milli, mədəni amillər dayanacaq. Odur ki, Qarabağ zəfəri ilə tarixə qoyduğumuz imzamızı qorumaq üçün halallıq əxlaqi kredomuz, göydə Tanrıya və yerdə bayrağa köklənmək isə mənəvi və siyasi idealımız olmalıdır.

"Vətən"i oxuyub gəldiyimiz son qənaət budur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.