ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Qara balığın nağılı” tamaşasının premyerası olub.
AzərTAC xəbər verir ki, Səməd Behrənginin məşhur “Balaca qara balıq” mənzum nağılı əsasında hazırlanan tamaşanın səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyevdir.
Musiqi tərtibatlı birhissəli tamaşada rolları Cavid İbrahimov, Aygül Ağayeva və Ramiz Qəmbərov ifa ediblər.
Tamaşada "Balaca qara balıq" nəyinsə yanlış getdiyini düşünür. Mövcud yaşam tərzinin tətbiq etdiyi mənasız qadağalardan çıxmaq və hər kəsin çəkinmədən, qorxmadan istədiyi hər bir şeyə malik ola bildiyi böyük dünyaya can atır. Əbədi həqiqətlərin ardınca köklənir. O, arxdan çıxıb , öz həqiqi dünyasına qovuşmaq istəyir. Ətrafdakı balıqlar isə onun bu istəyini əsla anlamırlar. Lakin yeniliyə, daim axtarışa can atan hər bir kəsin qarşılaşdığı problemlə - mühafizəkarların tənəsi və anasının yalvarışları ilə üz-üzə qalır. Artıq seçim etməlidir : ya anasının getməməsi haqqında olan yalvarışlarına diqqət edib qaranlıq dünyada digərləri kimi hər gün daha da qaranlıqlaşmalı, ya da bütün yalvarışlara, bütün tənələrə baxmayaraq düzgün bildiyini etməli – işıqlı dünyaya doğru addım ataraq həyatını bütünlüklə dəyişdirməlidir. İradəsinin və ağlının birləşmiş gücü ilə kiçik dünyasını tərk edərək mübarizlik çırağını yandırır. Bu çırağın işığı ilə keçdiyi hər yerdə özünə tərəfdarlar toplayır, onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir...
Aktyorların məharətli çıxışı tamaşanı daha da baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

Misirin İsmailiyə şəhərində 21-ci Beynəlxalq Folklor Festivalı keçirilir.
8 ölkənin folklor nümunələrinin – mahnı və rəqslərini təqdim ediləcəyi festivalda ölkəmizi “Cəngi” estrada və folklor ansamblı təmsil edir.
Oktyabrın 24-də İsmailiyə şəhərinin mərkəzi meydanında Azərbaycan, İordaniya, Meksika, Sudan, Nepal, İndoneziya, Konqo və Fələstin, habelə Misirin 17 vilayətinin folklor qruplarının keçid mərasimi baş tutub. Daha sonra incəsənət ustaları şəhərin Konqres Mərkəzində keçiriləcək açılış mərasimində iştirak ediblər.

O cümlədən bölgə əhalisinə Azərbaycan mədəniyyətini təbliğ edən “Yardımlı Xeyriyyə Cəmiyyəti” üzümüzə gələn ay bu dəfə kinosevərləri sevindirəcək.
Cəmiyyətin sədri Elman Mustafayevin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, noyabrın 14-ü saat 12:00-da Yardımlı rayon Mərkəzi Mədəniyyət Evində tanınmış jurnalist-publisist Arif Əliyevin ssenari müəllifi olduğu, mərhum rejissor Rövşən Almuradlının ərsəyə gətirdiyi “Əsgərlər unudulanda ölürlər” filminin nümayişini keçirəcək.
Həmin gün üç görkəmli ziyalı - professor Qulu Meherremli, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski və tanınmış publisist Arif Əliyev Yardımlı ictimaiyyətinin qonağı olacaqlar, ictimaiyyəti düşündürən sualları cavablandıracaqlar.
Təşkilatçılar yardımlıları bu tədbirdə iştirak etməyə dəvət edir.
“Əsgərlər unudulanda ölürlər” filminin qısa məzmununu oxucularımıza çatdırırıq:
Filmdə 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir. Xatırladaq ki, qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında Yalama döyüşü zamanı iki saat duruş gətirmiş və son nəfəsinə qədər mövqeyindən çəkilməmişdir.

İtaliyanın Turin şəhərinin ev sahibliyi ilə gələn ilin mayında keçiriləcək 66-cı “Eurovision” mahnı müsabiqəsində 41 ölkə iştirak edəcək.
AzərTAC xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) və İtaliyanın “Rai” televiziya kanalının təşkilatçılığı ilə keçiriləcək dünyanın ən böyük canlı musiqi tədbirinin yarımfinalları 2022-ci il mayın 10-12-də olacaq. “Eurovision 2022”nin finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək.
Builki müsabiqə ilə müqayisədə gələn il iştirakçı ölkələrin sayı 39-dan 41-ə yüksələcək. Həmin 41 ölkənin 36-sı yarımfinallarda yarışacaq. Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya isə birbaşa finaldan yarışmaya qoşulacaq.
“Eurovision 2022”də iştirak edəcək ölkələr və yayım hüququna malik televiziya kanalları aşağıdakı kimidir. Azərbaycan (“İctimai TV”), Almaniya (“ARD”/”NDR”), Albaniya (“RTSH”), Avstraliya (“SBS”), Avstriya (“ORF”), Belçika (“RTBF”), Bolqarıstan (“BNT”), Böyük Britaniya (“BBC”), Çexiya (“CT”), Danimarka (“DR”), Estoniya (“ERR”), Finlandiya (“YLE”), Fransa (“FT”), Gürcüstan (“GPB”), Yunanıstan (“ERT”), İslandiya (“RUV”), İrlandiya (“RTE”), İsrail (“KAN”), İtaliya (“Rai”), Kipr (“CyBC”), Latviya (“LTV”), Litva (“LRT”), Malta (“PBS”), Moldova (“TRM”), Monteneqro (“RTCG”), Niderland (“AVROTROS”), Norveç (“NRK”), Polşa (“TVP”), Portuqaliya (“RTP”), Rumıniya (“TVR”), Rusiya (“RTR”), San Marino (“RTV”), Serbiya (“RTS”), Sloveniya (“RTVSLO”), Şimali Makedoniya (“MKRTV”), İspaniya (“TVE”), İsveç (“SVT”), İsveçrə (“SRG SSR”), Xorvatiya (“HRT”), Ukrayna (“UA:PBC”), Ermənistan (“AMPTV”).
Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi 31 ildən sonra yenidən İtaliyada keçiriləcək. İtaliya “Zitti e buona” mahnısı ilə 1990-cı ildən bəri ilk dəfə bu il “Eurovision” müsabiqəsinin qalibi olub. İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.

Bazar ertəsi, 25 Oktyabr 2021 09:47

“28” filminin Haaqada təqdimat olub

Haaqa şəhərinin “Valliant” teatrında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Assosiasiyasının təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xatirə Sərdarqızının müəllifi olduğu “28” filminin təqdimatı olub.
AzərTAC xəbər verir ki, filmin təqdimatında ölkəmizin Niderland Krallığındakı səfiri Fikrət Axundov, yerli ictimaiyyətin, eləcə də bu ölkədə yaşayan Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Assosiasiyasının sədri Mayisə Ağamirzəyeva açaraq film haqqında qısa məlumat verib.
Səfir Fikrət Axundov Azərbaycan, xüsusilə də onun mədəniyyət paytaxtı olan Şuşa haqqında danışıb.
Filmin müəllifi Xatirə Sərdarqızı doğma şəhərinə 28 illik həsrətindən söz açaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun azad etdiyi torpaqlarımıza, uşaqlıq xatirələrini qoyduğu Şuşadakı evlərinə qayıdışından danışıb. 28 illik həsrətdən sonra döndüyü doğma şəhərinə ilk gəlişində keçirdiyi hissləri bölüşüb.
Filmin nümayişindən sonra fikir mübadiləsi aparılıb, filmi seyr edənlər təəssüratlarını bölüşüblər.
Tədbir Muğam Televiziya müsabiqəsinin qalibi Güllü Muradovanın ifasında muğam konserti ilə davam edib.

Bazar ertəsi, 25 Oktyabr 2021 09:45

1480 və 1908. Bu gün Ümumdünya Opera Günüdür

 

Bu günə təsadüf edən digər əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

 

25 oktyabr. Ümumdünya Opera Günü

 

İncəsənətin ən kübar növlərindən biri olan opera günü elə bir gündür ki, həmin gün opera truppaları peşəkar və həvəskar operasevərlərlə birgə bu incəsənət növününü ən qiymətli məziyyətlərinə önəm verirlər. Bu gününü qeyd edilməsi  bir informasiya kampaniyasının təşkil edilməsidir ki, cəmiyyətin opera barədə bilgilərini artırmağa hesablanır. Bu günün təqvimə salınması təşəbbüskarları Opera America və Opera Europa təsisatlarıdır. Bəs niyə 25 oktyabr? Çünki bu gün dünyada ən məşhur opera və operettaların müəllifləri olan iki dahi bəstəkarın – Jorj Bizenin və İohann Ştrausun doğum günləridir. Opera italyan dilində iş, məşğuliyyət anlamı verir. Opera İtaliyada misteriyalarda – musiqisi epizodik işlədilən və əhəmiyyəti o qədər də yüksək olmayan ruhani tamaşalarda yaranıb. 1480-ci ildə səhnəyə çıxan Beverininin "Müqəddəs Pavelin dönməsi" ruhani tamaşası tarixin ilk operası sayılır. Azərbaycanda isə opera sənətinin əsası 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəylinin Hacı Zeynalabdin Tağıyev teatrında səhnələşdirilən və şərq-müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulub.

 

Bu gün gərək mütləq Opera və Balet Teatrına baş çəkək.

 

25 oktyabr. Ümumdünya Makaron Günü

 

Bayramınız mübarək, makaronsevərlər. Ümumdünya Makaron Məmulatları Assosiasiyası 1995-ci ildən bu günü təqvimə salmağa müvəffəq olub, dünyanın az qala hər yerində bu un məmulatını sevirlər, italyanlar isə nəinki makaronu sevirlər, hətta spaqetti deyə əzizləyə-əzizləyə ona abidə də qoyublar. Makaronu kəşf edən çinlilər olsa da onu dünyaca məşhur edən italyanlar olublar. Bir təsəvvür edin, duru tomat sousunda, hisdə qurudulmuş qızartma kolbasa dilimləri, qara zeytun və göbələklə italyansayağı bişirilmiş spaqetti, yaxud, toyuq əti ilə ağ sarımsaq sousunda dadından doymaq olmayan fettuçini. Ya da rusların donanmasayağı bişirilmiş makaronları. Yaxud azərbaycansayağı – üzərinə ya kotlet, ya da ət qoyulmuş azacıq sousda makaron qaynatması. Bu gün bir sıra ölkələrdə restoranlar müxtəlif makaron yeməkləri təklif edəcəklər. Təsəvvür edin ki, 600 cür makaron növü var. Adlarına baxaqmı? Spaqetti şnur şəklində, vermişil balaca qurd çəklində, fuzilli kəndir çəklində, konçilyi balıqqulağı şəklində, penne lələk çəklində, kapellini nazik saç çəklində, rotini spiral şəklində olur. Bu gün makaronun bayramıdır. Mənsə bu bayram günündə uşaqlığımı xatırlayıb “Stremyanka və makaron” cizgi filminə baxacağam. Çünki makaron yeməkdən əsla xoşum gəlmir.

 

25 oktyabr. Beynəlxalq məktəbli kitabxanaları günü

 

YUNESKO-nun təklifi ilə qeyd edilən bu gün insanda necə nostalji hisslər oyadır. Məktəb illəri yada düşür, məktəbin özünəməxsus toz və kif qarışıq qoxusu olan kitabxanası üçün darıxırsan. Yadımdadır, sinif qızları sevgi seirlərini, melodramları tələb edərdilər, oğlanlar “Min bir gecə” kitabından ötrü sinov gedərdi. Amma o kitabı gördüm deyən olmazdı, nə vaxt istəyərdin, kitabxanaçı “əldədir” deyərdi. Mənim ən çox marağımı cəlb edən “Vokruq sveta” dərgiləri idi, hər dəfə macal tapanda gedib ilbəil “podşivkaları” qarşıma qoyar, dünyanın ən ucqar, ekzotik, sirli ölkələri barədə məlumatlar əldə edərdim.

 

Çox təəssüf ki, müasir dünyamızda kitabxanalar get-gedə arxaikləşirlər. İndi şagirlər üçün mobil telefon hər bir şeyi əvəzləyir.

 

25 oktyabr. Görkəmli general Mustafa Nəsirovun 100 illiyi

 

Hərb tariximizdə xüsusi yer tutan şəxslərdən biri də Mustafa Cəfər oğlu Nəsirovdur, 1921-ci il oktyabr ayının 25-də Dərbənd şəhərində anadan olan həmyerlimiz hərbi təhsil alan kimi SSRİ üzrə bir çox yerlərdə yüksək hərbi vəzifələr daşımışdır. 1943-cü ilin aprel ayında leytenant hərbi rütbəsində DİXK-nın sərhəd qoşunlarının Qırğızıstan dairəsində komandir vəzifəsini daşımış, 1947-ci ilin fevral ayından Frunze səhərində DİN qoşunları üzrə qarnizon komendaturasının komendantı olmuş, 1952-ci ilin sentyabrından Azərbaycan sərhəd dairəsinin Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi, Neftçala Sərhəd Dəstəsinin rəisi, 1962-1968-ci illərdə isə Naxçıvan Sərhəd Dəstəsinin komandanı olmuş, 1964-cü ildə polkovnik hərbi rütbəsi almışdır. 1968-ci ilin oktyabr ayında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsi komandan müavini təyin olunmuşdur. 1972-ci ilin dekabrından SSRİ DTK-nın Zaqafqaziya sərhəd dairəsi ordusunun rəis müavini olmuşdur. 1987-ci ildə istefaya çıxan Mustafa Nəsirov, Azərbaycan Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının ilk sədri seçilmişdir. 1993-cü ilin avqustunda Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunmuş və bu vəzifədə 1995-ci ilin iyuluna qədər işləmişdir. M.Nəsirov 1963-71-ci illərdə Naxçıvan MR Ali Sovetinin, 1975-95-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin deputatı seçilmişdir. 1990-1995- ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin Rəyasət Heyətinin üzvü olmuşdur. 1994-cü ildən 1995-ci ilə qədər MDB ölkələri iştirakçılarının parlamentarası Assambleyasının üzvü, mühafizə və təhlükəsizlik məsələləri üzrə onun daimi komissiyasının sədri olmuşdur. O, “Qırmızı Bayraq” (1967), “Qırmızı Əmək Bayrağı” (1977) və “Vətən müharibəsi” (1985) ordenləri ilə təltif olunmuşdur. Ona Azərbaycan Respublikasının “Əməkdar hüquqşünası” (1984), “Dövlət təhlükəsizliyinin fəxri əməkdaşı” (1980), eləcə də “Dərbənd şəhərinin fəxri vətəndaşı” (1996) fəxri adları verilmişdir. General-mayor ali hərbi rütbəsinə qədər yüksələn M. Nəsirov Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 oktyabr tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

 

Mustafa Nəsirov uzun ömür yaşamış, 27 may 2012-ci ildə 91 yaşında Bakıda vəfat etmişdir. Haqqında “General Nəsirov” adlı film çəkilmiş, 2012-ci ildə “Ölməzlik” kitabı yazılmışdır. Ruhu şad olsun!

 

Varisin “21-27 oktyabrın təqvimi” yazısından

 

Şəkildə: Dünyanın ən yaxşı opera teatrı – La Skala, Milan, İtaliya

 

 

 

 

Yox, Pikasso fransız deyil, ispandır, o, 1881-ci il oktyabr ayının 25-də İspaniyanın Malaqa şəhərində anadan olub. Pablo Pikasso rəssamlığı atası X.Ruisdən öyrənib. Təhsilini artırmaq üçün La-Korunya, Barselona və Madrid şəhərlərində Zərif sənətlər məktəbində oxuyub, 1904-cü ildən isə Parisdə yaşayıb. Yaratdığı əsərlərdə realizmin zəngin və rəngarəng qaynaqlarına əsaslanan Pikassonun yaradıcılığı mürəkkəb, ziddiyyətli və eyni zamanda çoxcəhətli olub. Müxtəlif dövrlərdə yaratdığı əsərlərdə o, həm ekspressionizm, həm neoklassizm, həm kubizm, həm sürrealizm cərəyanlarına istinad edib. Pikasso yaradıcılığı əsasən iki dövrə - “mavi” və “çəhrayı” dövrlərə ayrılır. “Mavi dövr” (1901-1904) tablolarında rəssam əsasən mavi, göy, yaşıl rəng çalarlarından, “Çəhrayı dövr” (1905-1906) tablolarında isə çəhrayı qızılı, çəhrayı-boz koloritdən istifadə edib Bu əsərlərdə cəmiyyətin ictimai ziddiyyətləri ilə qarşılaşan insanların psixoloji aləmi təsvir olunurdu. “Dilənçi qoca oğlan ilə” (1903), “Şar üstündə dayanmış qız” (1905) kimi əsərlərində zavallı insanların həyatına xas olan tənhalıq motivləri əsas yer tuturdu. 1910-cu ildən başlayaraq Pikasso neoklassizm və realizm üslubunda yaratdığı əsərlərdə lirik motivlərə geniş yer verməyə başlayıb. “Üç qadın bulaq başında”, “Ana və Körpə” əsərləri bu üslubda işlənən əsərlərdir. Pikasso İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatına qoşulub, müharibədən sonrakı illərdə isə daim sülh və demokratiya uğrunda mübarizə aparıb. Onun mütərəqqi, humanist görüşləri əsərlərində də öz əksini tapıb. “Gernika”, “Sülh”, “Müharibə” əsərləri sülh uğrunda mübarizə rəmzinə çevrilib. Onun ən məşhur əsəri isə 1947-ci ildə şəkdiyi, bütün dünyada sülhü tərənnüm edən “Sülh göyərçini”  taplosudur.

 

Pikasso kommunist meyillərinə də uymuşdur, SSRİ-yə səfər etmişdir. Mürəkkəb yaradıcılıq yolu keçmiş rəssam 1950-ci ildə “Beynəlxalq Sülh mükafatı”, 1962-ci ildə “Xalqlar arasında sülhü möhkəmləndirməyə görə” Lenin mükafatı laureatı olmuşdur.

 

Pablo Pikasso 1973-cü il aprel ayının 8-də Fransanın Mujen şəhərində vəfat etmişdir. Madriddə Pikassonun abidəsi və adına meydan vardır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısındadır.

 

 

 

 

Sizdən soruşsalar ki, Azərbaycanda televiziya fəaliyyətə başlayanda ilk olaraq tamaşaçılar hansı simanı görüblər, onda nə cavabı verərsiniz? Nəcibə Haşım qızı Məlikova 1921-ci il oktyabr ayının 25-də Bakının Buzovna kəndində anadan olub. Uşaqlıqda həkim olmaq istəsə də dayısı Ruhulla Axundovun “xalq düşməni” elan edilməsi səbəbindən çox qapılar üzünə bağlanıb. Qadağa yalnız aktyorluq sənətinə aid edilmədiyindən 1940-cı ildə Bakı Teatr Texnikumuna daxil olub, xalq artisti Fatma Qədrinin sinfində dərs alıb. 1943-cü ildə oranı bitirib, Gəncə Dövlət Dram Teatrında bir qədər işləyəndən sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Teatr İnstitutunda da təhsil alıb. Nəcibə Məlikova klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində və bir qədər də komediyalarda müxtəlif rollar oynayıb. “Şeyx Sənan”da Xumar, “Səyavuş”da Firəngiz, “Pəri cadu” da Şamama, “Sevil”də Edilya, “Vaqif”də Xuraman, “Əliqulu evlə­nir”də Yasəmən kimi yaddaqalan obrazlar yaradıb. Nəcibə xanım teatrla yanaşı kinoda da uğurlu rollar yaradıb, onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilir.

 

Nəcibə Məlikovanın adını tarixə yazan daha bir fakt var. 14 fevral 1956-cı ildə Bakı televiziya studiyası fəaliyyət göstərməyə başlayanda ilk veriliş günü ekranda Nəcibə Məlikova görünüb, çıxışını “Göstərir Bakı!” kəlməsi ilə başlayan aktrisa tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. İstedadlı aktrisa 10 iyun 1959-cu ildə Azərbaycan Respublikasının “Əməkdar artist”, 1 iyun 1974-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

 

Nəcibə Məlikova 27 iyul 1992-ci ildə Bakıda vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub. Ruhu şad olsun.

 

 

 

 

Rayonların işğal tarixini qeyd etməkdən rayonların azadolunma tarixlərini qeyd etməyə keçid çox qürurvericidir, deyilmi? Bu gün də Qubadlının işğaldan azad edilməsi günüdür. Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir: Azərbaycanın xalq qəhrəmanları Qaçaq Nəbi və Həcər, akademik Möhbalı Əmiraslanov, general Valeh Bərşadlı, xalq yazıçısı Süleyman Rəhimov, 2 nəfər akademik, 24 elmlər doktoru, 4 general, 6 nəfər Sosialist Əməyi Qəhrəmanı...  Azərbaycanın cənub-qərbində yerləşən,  802 kvadratmetr əraziyə malik olan Qubadlı rayonu 1933-cü ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb. Qubadlı kənd təsərrüfatı rayonudur. Rayon Dağlıq və dağətəyi rayondur. Ən hündür yeri dəniz səvviyəsindən 2003 metr yüksəklikdə yerləşən Torağac yüksəkliyidir. Ərazisindən Həkəri və Bərgüşad çayları keçir. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan ilə, şimaldan Laçın rayonu, Hadrut qəsəbəsi, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Tarixi qaynaqlarda Qubadlının qədim türklərin yaşayış məskənlərindən olduğu dönə-dönə vurğulanıbdır. Qubadlı torpağının tarixi uludur. Onun adı dörd əsr bundan əvvəl yaranıb, Qubadlı XVI əsrin sonunda Azərbaycana köçmüş səlcuq türklərinə mənsub Qubad nəslinin adını daşıyır. Burada çox qiymətli tarixi abidələr var. Gavur dərəsindəki mağara ibadətgah IV, Muradxanlı kəndindəki Qalalı, Əliquluşağı kəndindəki Göy qala abidələri V, Yazı düzündəki Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə XIV, Gürcülü kəndindəki türbə XVII, Xocamsaxlı kəndindəki türbə XVIII yüzilliklərdən xəbər verir. Əliquluşağı kəndindəki mağara ibadətgah, Xocamsalı kəndindəki qala, Seytas kəndindəki Anabat, Oğlan-qız qayası, Sınıq körpü və digər bu sayaq abidələr ululuq və qədimlik salnaməsidir.

 

1988-ci ildən başlayaraq Ermənistanla və Dağlıq Qarabağla sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib. 1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonu 238 nəfər şəhid verib. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərrəmanı adına layiq görülüb. Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 31- də erməni təcavüzkarlarının işğalına məruz qalmışdı. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçmiş, 31 mindən çox əhali yurd-yuvasından didərgin düşmüşdü. Rayonun 1,2 milyard ABŞ dollar dəyərində şəxsi və ictimai mülküyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilmişdi. Rayonda 13.2 min hektar meşə sahəsi var idi, Qubadlı meşələri ermənilər tərəfındən qırılaraq Ermənistana və ya xarici ölkələrə daşınmışdı. 2020-ci il 25 oktyabr tarixində Qubadlının Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildiyi prezident tərəfindən bəyan edildi. Yaşasın Azərbaycan ordusu!

 

 

 

22 oktyabr 2021-ci il tarixində “Rebuild Karabakh” - Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində mədəni proqram təşkil edilib.
Tədbirdə Dövlət Mahnı və Rəqs Ansamblının rəqqasları “Cəngi”, “Uzundərə”, “Naz eləmə”, “Sarı gəlin”, “Yallı” rəqslərini nümayiş etdiriblər. Bundan başqa muğam üçlüyü tərəfindən solo ifalar, “Xudayar”, “Bayatı-Şiraz”, “Mahur”, Segah təsnifləri, Qarabağ şikəstəsi ifa edilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “Caspian Event Organisers” (CEO) şirkəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə təşkil edilən tədbir sərgi ziyarətçiləri, təşkilatçılar və qonaqlar tərəfindən məmnunluqla qarşılanıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.