
Super User
Əkbər Qoşalının şeirləri Tatarıstanda dərc edilib
Tatarıstanın ən nüfuzlu ədəbiyyat jurnalı olan "Kazan odları"nın bu ilki 10-cu nömrəsində tatar oxucusuna Əkbər Qoşalının şeirlərindən örnəklər təqdim edilib.
Musavat.com xəbər verir ki, istedadlı tatar şair-tərcüməçisi Rifat Salahın tərcümə etdiyi şeirlər "Qardaş xalqlar ədəbiyyatı" bölümündə dərc olunub.
Qeyd edək ki, Beynəlxalq "Alaş" Ədəbi mükafatı laureatı olan Ə. Qoşalının şeirləri daha öncə də tatarcaya, digər qardaş xalqların türkcəsinə, habelə ruscaya, ingiliscəyə tərcümə olunub.
Vogue redaktorlarının seçimində ən gözəl ətirlərin reytinqi
Dünya dəbinin bir nömrəli xəbərçisi olan Vogue dərgisinin Moskva nəşri noyabr ayının 5-nə öz zövqlü redaktorlarının rəyləri əsasında ən gözəl ətirlərin reytinqini təqdim etmişdir. “Ədəbiyyat və incəsənət” portalı həmin reytinqi oxucularına təqdim edir:
Radima Boçkaeva, gözəllik şöbəsinin redaktoru:
-Mən heç vaxt aromata dərhal vurulmuram, nəyisə bəyənmək üçün mənə müddət lazımdır. Amma Baccarat Rouge 540 istisna təşkil edir. Bu fransız ətirinə dərhal vurulmuşam.Onun çox eleqant və tünd şirinliyi dərhal insanın burnundan vurur. Bu ətirin maraqlı tarixşəsi var. Parfümer onu Baccarat moda evi üçün məhdud sayda istehsal edib, təsadüfən ətrin bir neçəsi Londonda bir univermağın piştaxtasına gedib çıxıb, dərhal hamısı satılıb, şöhrəti ağızdan ağıza düşüb, çox sayda insan gəlib bu ətirdən tələb ediblər. Beləcə də, bu ətir bestsellerə çevrilib, onun kütləvi istehsalına başlayıblar.
Alla Udaltsova, məsul katib:
-Şirin ətirləri əsla sevmirəm, amma bu lətli şaftalı ilə meyvə-çişək piramidası məni ilk dəfədən valeh eləyib. Xüsusən onun dözümlü şleyfi və paltarda uzun müddət qalan xoş, yüngül aromatı gözəldir. Bitter Peach hazırda mənim ən yaxın rəfiqəmdir, hara gedirəmsə mənimlədir.
Mitya Astafyev, market-direktor:
-Hardasa yarım il əvvəl mənim əlimə CK One keçdi. Yadıma uzaq məktəb illərim düşdü. Mən enli cins geyinir, The Smashing Pumpkins qrupunun musiqisini dinləyirəm. O vaxtdan bu sevimli aromat əsla dəyişməyib, öz sehrini itirməyib. O, mənə yaxın olan hər şeyi özündə cəmləyir: qayğısız yeniyetməlik ruhu, enerji və ehtiras. Bu gün mənim 34 yaşım var, enli cinsi indi kostyum, The Smashing Pumpkins-i yeni dalğa elektron musiqi ifaçıları əvəz ediblər. Təkcə sevimli ətrimə sevgi məni tərk etməyib. Ən yaxşı ətir – təbii ki CK One-dir.
Daniil İvanov, sosial şəbəkələr istiqamətinin rəhbəri:
-İdeal uniseks-parfüm, kişi ətirləri çox itələyici dərəcədə ağır, qadın ətirləri çox diksindirici dərəcədə şirindir deyə düşünənlər üçün orta məxrəc: Myrrh & Tonka-dan Jo Malone. O, adətən axşam ətri, ziyafət ətri hesab olunur, mənimçünsə universaldır. Onun ətrinə ofisdəki həmkarlarım da, rəqs meydanındakı xanımlar da, diplomatik görüşlərdə kostyum-qalstuklu rəsmilər də bayılırlar.
Darya Komyagina, kontent redaktor:
-İllərdir ki Tom Ford mənim favoritim olmaqda qalmaqdadır. Onların qeyri-adi palitrası, uzunmüddətli qalıcılıq qabiliyyəti var, mən özümü onlarsız təsəvvür edə bilmirəm. Mənim ilk sevgim Tabacco Vanille idi, sonradan onu sıxıb yerinə Vanille Fatale keçdi.
Anna Kinaş, moda redaktoru:
-Sanki bir mistika var burda, hansı aromatları ki mən bəyənirəm, tezliklə onları satışdan çıxarırlar. Bu taleni Serge Lutens Jeux de Peau, Comme des Garçons Odeur 53, habelə Mancera Cafe Aoud yaşayıb. Ən son tapıntım Dirtyque Fleur de Peau – dur, güman edirəm ki, bu dəfə əvvəlki hallar təkrarlanmayacaq və bu ecazkar ətir məni sevindirməkdə davam edəcək. Adı tərcümədə belədir: dəri üzərində çiçək. Amma bu sizi aldatmasın. Bu təkçə çiçək aromatı deyil. Ondan həqiqətən kitabxana qoxusu gəlir. Bulqakov yazmış kimi, əsl kağız kitabdan sehirli bir şokolad qoxusu gəlir, ona alüdə olanlar heç vaxt elektron kitab oxuya bilmirlər. Bax bu ətir həmin qoxunu verir. Öncə həmin o şokolad qoxusu gəlir, ardınca bu qoxu muskus, berqamot, səndal qoxularından ibarət çiçək aromatına keçir. Sadəcə, möhtəşəmlik!
Aleksandra Neçaeva, yeni layihələr redaktoru:
-Iki il əvvəl mən kofe içməyi tərgidəsi oldum və o vaxtdan xandraya zərbə vurmaq üçün soyuq günlərdə kofeli günləri xatırladan aromatlardan istifadə edirəm. Sanıram ki, şokoladlı kruassanla makiato işdiyimiz kafelərdəyəm yenə, həmin doğma atmosferi mənə Peplika brendindən olan Coffee Break ətiri gətirir. Bütün həyəcanları qovan, daxili sakitlik gətirən bir ətir.
Andrey Qutrov, moda şöbəsinin asissenti:
-Mən parfümeriya manyakı deyiləm, ona görə də bütün həyatım boyu yalnız Paco Rabanne istifadə etmişəm. Ən sevdiyim Invictus olub, amma təzəlikcə mən yeni məhsulun – Phantom-un reklamına vuruldum. Eləcə də flakonun gözəlliyinə. Bu zahiri gözəlliklər, sən demə, daxili gözəlliyi də özündə ehtiva edirmiş. Mən Phantom-un aromatına bayıldım.
Aleksandra Sabınina, dərginin kiçik redaktoru:
-Həmişə özümlə gəzdirəcəyim, ona əbədi bağlanaçağım bir ətiri illər uzunu axtarıb nəhayət tapmışam. Bu, Lazy Sunday Morning ətridir. Özlüyündə qızılgüldəm, armuddan, inciçiçəyindən, irisdən, ambrettadan ibarət bu çələng əsl cənnət qoxusudur bəlkə də.
Darya Jıkina, bazar günü buraxılışının redaktoru:
-Yüngül, universal, qalıcı – öz sevimlimi mən bu cür xarakterizə edərdim. Sevimlim isə Jo Malonr Pear & Freesia-dır. Burada şirəli armudla xışıldayan balqabağın ətri önə keçir, sonra yerini çiçəklərə verir, ağ dodaqçiçəyinə, məsələn. Bəziləri bu ətri payızla əlaqələndirirlər, onda payız ovqatı duyurlar, mənsə sərin may səhərində barlı bir bağçada təsəvvür edirəm özümü.
Arina Şabanova, gözəllik redaktoru:
-Əməkdaşların rəyləri ilə tanış olduqca sanki ofisimizə ecazkar aromat doldu, hamısı çox zövqlüdür, ətirlərin məhz trenddə olan ən eleqantlarının, ən gözəllərinin adlarını çəkiblər. Bu gözəlliyə bir gözəllik də mən əlavə etmək istəyirəm. Mənim sevimlim çiçəkdən və muşk-ənbərdən bir bulud yaradır, o həm isidir, həm riqqətə gətirir, meşə, odun qoxusu qara qarağat, portağal və yaşıl əncir qoxusuna qarışır. Mənim sevimlimin adı Bottega Veneta-dan Illusione-dir.
Bəli, əziz oxucular. Zövqlülərin məsləhətinə qulaq asmağa dəyər.
“Vogue”@
“Ədəbiyyat və incəsənət”@
“Görünməyən qəhrəmanlar” silsiləsindən sənədli filmlərin nümayişi davam edir
Mədəniyyət Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının və İctimai Televiziyanın (İTV) birgə istehsal etdiyi “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsinin nümayişi davam edir.
Mədəniyyət Nazirliyi xəbər verir ki, hər biri 44 dəqiqə olmaqla 5 sənədli filmdən ibarət olan silsilədə müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibədə keçdiyi şərəfli döyüş yolundan bəhs edilir. Filmlərdə real döyüş xatirələri nəql olunur, eksklüziv kadrlar göstərilir. Sənədli serialın prodüseri Fariz Əhmədovdur.
Seriyanın ilk filmi – “Görünməyən qəhrəmanlar: 27 sentyabr” filmi Vətən müharibəsinin başladığı günün ildönümündə – sentyabrın 27-də İTV-də nümayiş olunub.
Noyabr ayının əvvəlindən başlayaraq Zəfər Gününə qədər silsilənin bütün filmləri İTV-nin efirində yayımlanıacaq.
Filmlər:
“Görünməyən qəhrəmanlar: 27 sentyabr” – rejissor: Seyran Mahmudoğlu / ssenari müəllifi: Seyran Mahmudoğlu
“Görünməyən qəhrəmanlar: Hərbi Hava Qüvvələri” – rejissor: Bəhruz Qədirov / ssenari müəllifi: Billurə Aslanova
“Görünməyən qəhrəmanlar: Artilleriya” – rejissor: Ayşad Səfərəliyev / ssenari müəllifi: İdris Heydərli
“Görünməyən qəhrəmanlar: Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları” – rejissor: Seyran Mahmudoğlu / ssenari müəllifi: İdris Heydərli
“Görünməyən qəhrəmanlar: Dövlət Sərhəd Xidməti” – rejissor: Seyran Mahmudoğlu / ssenari müəllifi: Esmira Bədəlova-Məmmədova
Qeyd edək ki, Mədəniyyət Nazirliyi bir il ərzində Vətən müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin istehsalına dəstək göstərib. Bu filmlərin istehsalı həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən aparılıb.
“Görünməyən qəhrəmanlar” silsiləsindən artıq yayımlanmış filmləri aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:
Sənədli film: "Görünməyən qəhrəmanlar – 27 sentyabr"
https://youtu.be/4B4EVRFJySE
Sənədli film: "Görünməyən qəhrəmanlar – Hərbi Hava Qüvvələri"
https://youtu.be/8mU3M6LSvx8
Sənədli film: "Görünməyən qəhrəmanlar – Artilleriya"
https://youtu.be/iViZqJZKJ7w
Sənədli film: "Görünməyən qəhrəmanlar – Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları"
https://youtu.be/J9hhVhiYjBU
“4.4 Qısa Tamaşalar Festivalı”nda nümayişlər başa çatdı
Noyabrın 1-də start verən “4.4 Qısa Tamaşalar Festivalı”nın dördüncü günü festivalın layihə rəhbəri Vidadi Qafarov giriş sözü ilə başlayıb. O, münsiflərə və festival iştirakçılarına öz təşəkkürünü bildirərək, proqram haqqında məlumat verib. Sonra festivalın üçüncü gününün qısa icmalını özündə əks etdirən videoçarx nümayiş olunub.
Festivalın 4-cü günündə Bakı Uşaq və Gənclər Teatrının “Son nəfəsə qədər” (müəllif və rejissor Könül Şahbazova-Qasımova), Lənkəran Dövlət Dram Teatrının “Ana” (müəllif Oruc Qurbanov, Ağaddin Babayev; rejissor Oruc Qurbanov), müəllif və rejissor Cavid İmamverdiyev olan “Döyüşən tar”, Mingəçevir Dövlət Dram Teatrının “Bazar günü” (müəllif Ülviyyə Heydərova, rejissor İlqar Rəhimov), Gəncə Dövlət Kukla Teatrının “Xarı bülbül əfsanəsi” (müəllif və rejissor Zülfiyyə Əliyeva), "Əsa" Teatrının “Qonşu” (müəllif və rejissor Nihad Qulamzadə) tamaşaları nümayiş olunub.
Tamaşadan sonra münsiflərin və tamaşaların yaradıcı heyətinin iştirakı ilə müzakirə keçirilib. Maraqlı keçən müzakirədən sonra dramaturq Əli Əmirlinin “Pyes necə yazılmalıdır?” adlı vörkşopu baş tutub.
Xatırladaq ki, xalqımızın 44 günlük Vətən Müharibəsində qazandığı zəfərə həsr olunan “4.4 Qısa Tamaşalar Festivalı”nın 5 noyabr saat 19:00-da mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.
Sumqayıtın uşaq rəssamlarından gözəl təşəbbüs
Sumqayıtda fəaliyyət göstərən “Cahan Art" Uşaq Rəsm Qalereyasında olduqca istedadlı uşaqlar bir araya gəliblər. Onların çox gözəl rəsmləri var. Hətta ilk baxışda bu rəsmlər peşəkar işlər kimi də qəbul edilir.
“Ədəbiyyat və incəsənət” portalının məlumatına görə, uşaq rəssamlar belə bir təşəbbüs irəli sürüblər: bu rəsmlərin satışını təşkil edib qazandıqları pulları "Yaşat Fondu" və "Qarabağ İnkişaf Fondu"na köçürsünlər.
Onlar bununla əlaqədar böyüklərdən köməklik və dəstək istəyirlər.
Qeyd edək ki, rəsmlərin çoxu "Zəfər günü"nə həsr edilib, düşmən üzərində qazanılan qələbəni və işğaldan azad olunmuş ərazilərimizin gözəl mənzərələrini əks etdirir.
“Cahan Art" Rəsm Qalereyasının rəhbəri Nigar xanımla əlaqə yaradıb
(+994 70 795 11 01) ətraflı məlumat əldə etmək mümkündür.
Gəlin böyük ürəkli bu kiçik varlıqlara dəstək olaq!
“Azərxalça” ASC-nin elan etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi başa çatıb
44 günlük Vətən müharibəsinin ildönümünün qeyd olunması ilə bağlı “Azərxalça” ASC- nin elan etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi başa çatıb. Bu ilin iyul ayında elan olunan müsabiqəyə müraciət edən yüzlərlə gənc sırasından yalnız 13 nəfər seçmə mərhələni keçərək təlimlərə qatılmışdır. Bir ay davam edən təlimlər zamanı gənc dizayner və rəssamlar həm yerli, həm də xarici mütəxəssislərlə təcrübələrini bölüşdülər. Təlimlər həm nəzəri, həm də praktik yöndə baş tutub.
AzərTAC xəbər verir ki, noyabrın 4-də “Azərxalça” ASC –nin İçərişəhərdə yerləşən qalereyasında müsabiqənin son mərhələsi keçirilib. Tədbiri “Azərxalça” ASC sədri Emin Məmmədov açıq elan edərək, hər bir gəncə müsabiqədə iştirakına görə təşəkkür edib.
Bildirilib ki, milli xalçaçılıq irsimizin qorunması və gənclər arasında xalçaçılıq sənətinə marağın artırılması yönündə “Zəfər” kolleksiyası xalça müsabiqəsinin müstəsna rolu olacaq. Sədr qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, gənclərimiz arasında təbliğ olunmasında müsabiqələrin keçirilməsi vacibdir və bundan sonra “Azərxalça” ASC gənclərlə daha sıx əməkdaşlıq edəcək. 13 gənc təlimçilər, rəssamlar və tanınmış incəsənət xadimlərinə öz əsərlərini təqdim etdi. Hər bir gənc əsərini təqdim etməklə yanaşı onun fəlsəfəsini də hər kəsə izah edərək müdafiəsini yekunlaşdırdı.
Xatırladaq ki, noyabrın 4-dən etibarən 10 gün ərzində 13 müsabiqə iştirakçısının əsəri İçərişəhər, Böyük Qala 15 ünvanında, “Azərxalça” ASC showroom- da sərgilənəcək. Maraqlanan hər kəs əsərləri seyr etməklə yanaşı qalibin müəyyən olunamsında, səsvermədə də iştirak edə bilər. 10 gündən sonra qaliblər elan olunacaq. Qaliblərin əsərləri əsasında isə “Azərxalça” nın “Zəfər” xalça kolleksiyası hazırlanacaq! Yeni xalça kolleksiyası həm yerli, həm də xarici bazarda xalçasevərlərin istifadəsinə təqdim olunacaq.
“ŞUŞA – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabının təqdimatı keçirilib
Noyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “ŞUŞA – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” kitabının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, Şuşa Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Vətən müharibəsində canlarından keçən şəhidlərimizin ruhuna ithaf olunmuş videoçarx nümayiş olunub.
Təqdimat mərasimində Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Şuşanın tarixinə, mədəniyyətinə həsr olunan kitabın nəşrini təqdirəlayiq hal kimi dəyərləndirib. Otuz il yaxın bir müddət ərzində düşmən tapdağında olan torpaqlarımızda ermənilər tərəfindən həyata keçirilən vandalizm aktlarının dünyaya çatdırılmasında müəllifin fəaliyyətini, xidmətlərini yüksək qiymətləndirərək ona uğurlar arzulayıb.
Kitabın xalqın yaddaşında, tarixində daim yaşayacaq və gələcək nəsillərə çatdırılacaq bir məxəz, mənbə olduğunu qeyd edən Xalq yazıçısı Çingiz Abdullayev deyib: "Ermənilər uzun müddət idi torpaqlarımızı işğal etmişdilər, özləri də başa düşürdülər ki, bu torpaqlar onların deyil. Buna görə də məktəbləri, xəstəxanaları, hər yeri dağıtmışdılar. İnanırdıq ki, biz qayıdacağıq və Ali Baş Komandanın rəhbərliyi ilə qayıtdıq da. Ötən ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsində dünyaya sübut etdik ki, biz qəhrəman, döyüşkən xalqıq. Müəllifin Vətən müharibəsində tarixi qələbəmizi şərtləndirən amillərdən bəhs edən kitabının nəşrini uğurlu addım kimi qiymətləndirirəm"
Tədbirdə professor Vilayət Quliyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və başqaları çıxış edərək kitab haqqında öz fikirlərini bölüşüblər.
Çıxışlarda qeyd edilib ki, kitabda Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi qələbəsini şərtləndirən amillər, xüsusilə hərbi-diplomatik və informasiya məkanındakı uğurları geniş təhlil olunub. Xüsusilə, Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərməklə, Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi dəyərləndirilir. Bundan başqa, Azərbaycanın tarixi mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın qədim tarixi, mədəni və strateji əhəmiyyəti tədqiq edilir. Kitabda Qarabağ xanlığının paytaxtı - Şuşa qalasının və şəhərin qədim məhəllələrinin salnaməsi açıqlanır. Ümummilli lider Heydər Əliyevin ermənilərin əsassız iddialarına qarşı mübarizəsi və Şuşaya zəngin tarixi abidə kimi qayğısı vurğulanır. Bununla yanaşı, ötən il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də 2021-ci ildə şəhərin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlər geniş tətbiq edilir.
Təqdimat mərasimində Elçin Əhmədov bildirib ki, 2020-ci il noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi Azərbaycanın Qarabağda başladığı və 44 gün ərzində aparılan Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə qədim Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Dövlət başçısı İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi.
Kitab haqqında məlumat verən müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirib.
Yazıçı Mirmehdi Ağaoğlunun “Zəfərin izi ilə” kitabının təqdimatı olacaq
Noyabrın 10-da yazıçı Mirmehdi Ağaoğlunun “Zəfərin izi ilə” adlı yeni kitabının təqdimat mərasimi və imza günü olacaq.
Təqdimat mərasimi saat 18:00-da "LIBRAFF"ın "Park Akademiya" filialında (Elmlər Akademiyası m/s-nın əsas girişi ilə üzbəüz) keçiriləcək.
Kitaba müəllifin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı hazırladığı reportajlar daxildir.
Kitabın ideya müəllifi Vüsalə Mahirqızı, redaktoru Nurşən Quliyev, bədii redaktor və korrektoru Elnaz Eyvaz, dizayneri Mahir Vəliyev, fotoqraf İlkin Nəbiyevdir.
Kitab “Mücrü” nəşriyyatında dərc edilib.
Bu gün Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi - Qarabağ” sərgisi açılacaq
Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Mədəniyyətimizin incisi - Qarabağ” adlı sərgi açılacaq.
Bu sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi və Niyazinin xatirə muzeyinin fondlarına məxsus eksponatlar nümayiş olunacaq.
İştirakçılar sərgidə Qarabağ bəstəkarlarının, ifaçılarının və musiqiçilərinin Azərbaycanın mədəni irsinə verdiyi böyük töhfələrə canlı şahid olacaq.
Sərginin ekspozisiyasında Qarabağ xalça və xalça məmulatları, bədii tikmələr, milli geyimlər, məişət əşyaları nümayiş olunacaq. Sərgidə Xurşidbanu Natəvanın əlyazmaları, Usta Qəmbər Qarabaği və Mir Möhsün Nəvvabın rəsmləri, M.M.Nəvvabın “Dəvazdəh bənd” əlyazma kitabı, Üzeyir Hacıbəylinin, Bülbülün, Niyazinin şəxsi əşyaları və bu sənətkarların həyat və yaradıcılıqlarını əks etdirən çoxsaylı fotoşəkillər yer almaqdadır. İzləyicilər vernisajda 250-yə yaxın Qarabağ incisi ilə tanış ola biləcəklər.
“Bakının dərdi var, Bakı xəstədir” – Baba Pünhan
Bu günə təsadüf edən tarixi hadisələr barədə sizləri məlumatlandıracağıq. Bu bir həftəyə Beynəlxalq Menecer günü, ingilisdilli ölkələrdə Qay Foks – yəni alov və atəşfəşanlıq günü, böyük satirikimiz Baba Pünhanın doğum günü və sair hadisələr təsadüf edir. İndi isə daha ətraflı.
5 noyabr. Beynəlxalq sunami barədə informasiyaların yayılması günü
Sunami böyük təlafat və dağıntılar gətirməklə bir çox ölkələrə ziyan vurur. Ən dəhşətli sunamilərin tarixinə nəzər yetirsək belə bir mənzərə görərik: 2011-ci il, Yaponiya, 2009-cu il, Samoa və Tonqa, 2004-cü il, Hind Okeanı sahilləri dövlətləri, 2001-ci il, Peru, 1999-cu il, Türkiyənin Aralıq dənizi sahilləri, 1998-ci il, Papua-Yeni Qvineya, 1976-cı il, Filippin və 1960-cı il, Çili.
BMT-nin təşəbbüsü ilə qeyd edilən bu gündə sahil hövzəsi əhalisinə sunami təhlükəsi barədə tam məlumat verilir, təhlükəsizlik qaydaları başa salınır.
5 noyabr. Beynəlxaql Layihə menecerliyi, yaxud Menecer günü
Baxırsan, indi toya gedən müğənnilərin disk daşıyanları deyirlər ki, mən prodüsserəm. Toyuq fabrikinin marketlərə toyuq paylayanları da mən menecerəm deyirlər. Amma menecment kifayət qədər ciddi sahə, menecersə ciddi peşədir. 2004-cü ildən təqvimə salınan bu gündə layihə müxtəlifliyi, komanda idarəçiliyi sayəsində uğur qazanan menecment təsisatları qeyd edilir, uğur qazanan menecerlər fərqləndirilirlər. Ensiklopedik nəşrlərdə menecerlərə belə tərif verilir: ”inzibati-təsərrüfat müstəqilliyinə malik olan istehsalın, satışın, servisin təşkili və idarə edilməsi üzrə professional şəxslər menecerlər adlanır”. Menecerlərin əsas işi maliyyə, informasiya, insan resurslarından effektiv və səmərəli şəkildə istifadə edərək şirkəti məqsədlərinə çatdırmaqdır. Bir sözlə, idarə müdirinin muzdla tutduğu iş idarəçisidir menecer. Yoxsa ki, mağazalara toyuq paylayan hara, menecer hara.
5 noyabr. Üçlərin hərbi kəşfiyyat günü
Ruslar hərbi kəşfiyyat gününü qeyd edəcəklər. Yəqin ki, bu qeydetmə Dağlıq Qarabağda məskunlaşmış rus hərbçilərindən də yan ötməyəcək. Belaruslar da qonşularından dala qalmayaraq hərbi kəşfiyyat gününü qeyd edəcəklər. Belarusda isə hərbi kəşfiyyat işinin prioritet tərəfi hakimiyyətə gəlmək istəyən müxalifəti zərərsizləşdirməkdir yəqin ki. Amma bədxah qonşularımızda da bu gün hərbi kəşfiyyat günüdür. Axı onlar ruslar və beloruslarla hərbi ittifaqdadırlar. Hərblərinin və kəşfiyyatlarının nə gündə olmasını isə biz bir il öncə - 44 günlük müharibə zamanı görmüşük, bizə nağıl danışmağın yeri yoxdur.
İrlandiyada çox qəribə bir gündür – Milli sarışın saçlıları bəyənənlər günü. Cənubi Afrikada malyariya əleyhinə mübarizə günüdür. Qay Foks gegəsini dünən britanlar keçirirdi, bu günsə Yeni Zelandiyada və Kanadada qeyd edəcəklər. Hinduslar od festivalından qopub indi də Kanakadas Cayanti festivalını qeyd edəcəklər, bol məhsul arzulayacaqlar. ABŞ-da isə Milli Çin yeməyini evə sifariş vermək günüdür. Günün dəqiqliyinə baxın siz. Milli Çin yeməyi günü olsaydı sadə görsənərdi, amma belədə cizgilər tam bəlli olur. Üstəlik, hegemon dövlət bu gün Milli ponçik gününü də qeyd edir. Ponçik nədir? Yağda qızardılmış kökə deyim də.
5 noyabr. Baba Pünhan günü
1948-ci ilin bu günündə Kürdəxanıda Baba Pünhan dünyaya gəlib. Düzü düz, əyrini əyri yazan satirik şair.
Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.
Bu gün Vilayət Quliyevin, Mələkxanım Əyyubovanın, Oleq Bloxinin, Co Dassenin, Brayan Adamsın və digər çox sayda ünlülərin doğum günüdür həm də.
Varisin “Həftənin təqvimi” yazısından seçmələr