ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Habil Yaşarın “SMS” hekayəsini təqdim edir.

 

“SMS”

 

“Kitab evim” mağazasından Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” kitabını alıb pilləkənlərlə aşağı düşərkən telefonuma SMS gəldi. Öncə nömrənin Azərbaycana məxsus olmadığını dəqiqləşdirəndən sonra “Google”da həmin nömrənin - “+19825467123659871” kodunun hansı ölkəyə aid olduğunu aydınlaşdırmağa çalışdım. Dəhşətli dərəcədə qəribə olan o idi ki, kod heç bir ölkəyə məxsus olmamaqla yanaşı, həmçinin heç bir adiyyatı orqanlara da aid deyildi. Bir anlıq özümü fantastik filmlərin içərisindəki kimi hiss elədim. Daha sonra ismarıcı oxumağa başladım və daha bir müdhiş qəribəliyə şahid oldum. 

 “Hörmətli Ayxan bəy, sizi 23 noyabr, saat 20:00-da Nizami küçəsi, 83 ünvanında yerləşən “KoloritKafe” restoranına dəvət edirəm.

                                                                    

Hörmətlə Nizami Gəncəvi”

 

Bir neçə saniyə yerimdə donmuş vəziyyətdə qaldığımdan, ətrafımdakıların gəliş-gedişinə maneçilik törətdiyimdən xəbərsizdim. Bir ağsaqqalın “Zəhmət olmasa, bir az kənara çəkilə bilərsinizmi?” sualı ilə ayıldım. “Buyurun” dedikdən sonra özüm də fikirli-fikirli addımlayaraq yoluma davam etməyə başladım. SMS-i isə sübut olaraq screen edərək saxladım.

“Sirlər Xəzinəsi” kitabını oğluma hədiyyə etdikdən sonra “KoloritKafe” restoranına getmək üçün evdən çıxaraq yola düzəldim. Bu müəmmalı SMS qarşısında düşüncələrimin olduqca dağınıq olduğunu nəzərə alaraq şəxsi avtomobilimlə deyil taksi ilə gedəsi oldum. Hər nə qədər özümü təmkinli göstərməyə çalışsam da evdə də bunu hiss etmiş, “sənə nə olub?” sualı qarşısında guya yolda baş vermiş hansısa avtomobil qəzasından sarsıldığımı bəhanə etmişdim. 

Yol boyu ancaq və ancaq bu ismarıcın nə məna kəsb edə biləcəyini, kimin və hansı məqsədlə yaza biləcəyini araşdırdım. Hətta bunun dostlarım tərəfindən zarafaytana edilə biləcəyini düşünsəm də naməlum nömrə bu fikrimi tamamilə alt-üst edirdi. Ürəyimə bir çox variantlar gəlsə də heç biri məni razı sala bilmədi. İstənilən məntiqi düşüncələr sirli SMS qarşısında öz acizliyini etiraf etməyə məruz qalırdı. 

Nəinki qohumlara, hətta ən yaxın sirdaşıma belə bu barədə məlumat vermədim. Çünki, onların da mənim kimi məəttəl qalacaqlarını bilirdim. Eyni zamanda, ən son ehtimal olaraq mənə qarşı edilə biləcək hər hansı bir sui-qəsddə kimsənin başının ağrımasını istəmədim (əslində, kim və nə üçün mənə sui-qəsd eləsin ki?).

Saatlar 19:30 göstərərkən “KoloritKafe” restoranına yaxınlaşaraq orada Nizami Gəncəvini gözləməyə başladım. Keçən hər saniyə sanki ömrümdən bir il aparırdı. Çünki olduqca həyəcanlı idim. Axı necə ola bilərdi? Necə ola bilərdi ki, Nizami Gəncəvi dünyaya yenidən zühur etmiş, nəinki ruhən, həmçinin cismən varlığını nümayiş etdirmişdi?

Saatlar 19:59:59 göstərərkən o, qarşımda dayanaraq mülayim bir səslə “Salam, Ayxan bəy” deyə müraciət elədi. Eyni tərzdə mən də ona xitab elədim. Hər ikisi, nə şəkillərdəki, nə də təsəvvürümdəki Nizaminin heç biri real həyatdakı Nizami qədər nurani, gözəl, yaraşıqlı, eyni zamanda əzəmətli deyildi. Nə dünyanın hər hansı bir lideri, nə də hər hansı bir məşhur Hollivud aktyoru xarizmatiklikdə onunla rəqabətə girə bilməzdi. Digər yanıldığım məqam isə onun rəsmlərdəki kimi yox, XXI əsrin dəbi ilə geyinməsi idi. Yəni, başı əmmaməli, atlas xalatda, ayağı çarıqda deyildi o, adi kostyumdaydı, ayağında da adi tufli. 

Bəli, o mükəmməl deyilə biləcək qədər cazibədar, eyni zamanda, son dərəcə müasir idi. Asta addımlarla restorana daxil olduqdan sonra o məni masalardan birinə əyləşməyə dəvət elədi, həmçinin təklifini qəbul etdiyim üçün dərin minnətdarlığını bildirdi (bu arada mənim də istəyimi soruşduqdan sonra ofisianta sifariş verdi). Hər nə qədər təəccübümü gizlətməyə çalışsam da o hər şeyi hiss edərək həddən artıq yumşaq tərzdə dedi:

-Bu qədər həyəcanlanmağınıza ehtiyac yoxdur, Ayxan bəy.  

Daha sonra: “Son dərəcə təəccüblənməyinizi də normal qəbul edirəm. Bəli, mən Nizami Gəncəviyəm”, -deyə əlavə elədi.

 Bu an hər nə qədər yuxudaymış kimi olsam da kəkələdim:

 -XII əsrdə yaşayan, nəinki Azərbaycanın, eyni zamanda bütün bəşəriyyətin tanıdığı o, Şeyx Nizami Gəncəvi sizsiniz?

 O, da cavabında “Bəli, özüdür ki, var. Mən oyam. Başdan-ayağa kimi, bütün cisminmə, ruhumla Nizami Gəncəviyəm” söylədi.

 Onun etirafından sonra mən cəsarətlənərək, həm də kəkələməyimi azacıq düzəldərək yeni bir sual ünvanladım:

 -Bəs necə olur ki, siz yenidən bu dünyaya qayıtmısız,  zühur etmisiz?

 O, tamamilə soyuqqanlı şəkildə cavab verdi:

-Şairlərin ölməz olduğunu bilmirsinizmi? Onlar hər iki dünyada sağ və salamatdırlar. Digər insanlar onları görmək və hiss etmək qabiliyyətinə malik deyillər.

Mən məyus şəkildə “Əlbəttə, əlbəttə, şairlər ölməzdir” deyib udqundum. Və daha sonra məni maraqlandıran növbəti sualı verdim:

-Bəs siz necə olub ki, Yer üzərində heç bir dövlətə və ya adiyyatı qurumlara məxsus olmayan nömrə və kod vasitəsi ilə mənə ismarıc göndərmisiz?

O, bir daha təəccübsüz-filansız:

-Allah şairlərə nəinki xəyal gücünün bütün dərinliklərindən istifadə etməyə imkan yaratmış, həmçinin xəyallarını reallaşdırmaq üçün qabiliyyət də vermişdir. Və mən də Allahın sonsuz lütflərindən yararlanaraq sizlə əlaqə yaratmağa çalışdım, - cavabını verdi.

Elə bu məqamda sonda verəcəyim sualın müəyyən qədərini özü açıqlamışdı ki, məni ən çox təəccübləndirən mətləbi tamamilə öyrənmək üçün  Nizamiyə müraciətlə dedim:

-Azərbaycanda 10 milyon, Yer üzərində isə 8 milyarda yaxın insan olduğu halda nədən məhz məni seçdiniz? Mən bu şərəfə nail ola bilmək üçün həddən artıq sıradan biri deyiləmmi? Axı mən sizin tərəfinizdən seçilə biləcəyimi xəyallarımda belə təsəvvür edə bilməzdim.

Azacıq sükutdan sonra o, böyük ehtiramla, sadəcə üç sözdən ibarət “Siz buna layiqsiniz” deməklə kifayətləndi. 

Bu sözləri eşidərkən hiss etdiklərimi hansı sözlərlə ifadə edəcəyimi yazmaqda acizəm. Sadəcə onu deyə bilərəm ki, sanki, damarlarımda qanım donmuşdu, ruhumun ən dərin qatlarında isə yazıb-yaratmaq eşqimin alovlandığını duyurdum. Əllərim titrəyirdi, ürək döyüntülərimin səsinin onun tərəfindən də eşidilə biləcəyini güman edirdim.

Bu məqamda o, “yeməyini ye” deyib özü də yeməyə başladı. Biz sakitcə yenəyimizi yeyib qurtardıqdan sonra o, “artıq mənim getmək zamanım gəlmişdir” söylədi, sonra da əlavə etdi:

-Oğlum, bu dünya zamanı ilə mənim 880 yaşım tamam olur. Gün o gün olsun ki, sizin də 880 yaşınız qeyd edilsin və bunun belə olacağını da zənn edirəm. Başqa bir aləmdə yenidən görüşmək ümidi ilə Allaha əmanət olasınız, Ayxan bəy.

Gedişindən bir neçə saniyə keçməsinə baxmayaraq yerimdə donub qalmış, baxışlarımı o gedən istiqamətə zilləmişdim. Cismən yeriməsinə baxmayaraq yolun sonuna yaxın heç kəsin olmadığı  bir yerdə anidən buxarlanaraq qeybə çəkildi. 

Nə qəribədir ki, SMS və screen şəkil də silinmişdi.

Nizami alicənablığının, ululuğunun qarşısında heyrətimi gizlədə bilməyərək göz yaşlarıma sahib olmağı bacarmayaraq ağladım.

 

23.11.2021

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası növbəti dəfə yanvarın 14-də nümayiş olunacaq.

Teatrdan bildirilib ki, tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir.

Gözlənilməz situasiyalarla zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub. Xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizənin təqdim olunduğu tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunub.

Yola saldığımız 2021-ci il təbii və siyasi kataklizmlərlə dolu,  COVİD-19 pandemiyasının qadağaları ilə yadda qalan bir il oldu. 

2021-ci illə vidalaşmazdan əvvəl və vidalaşdıqdan sonra Euronews oxuculara son 12 ayın əsas hadisələrini fotoxronikada nəzərdən keçirməyi və yada salmağı təklif etməkdədir. 

“Ədəbiyyat  və incəsənət” portalı da vasitəci olaraq ilin ən gözəl fotolarını sizlərə təqdim edir. 

Biz sizə əvvəlki ayların fotolarını sıra ilə təqdim etmişdik. Bu gün də sizə 2021-ci ilin avqust və sentyabr  aylarında  baş verən əsas hadisələrin fotolarını təqdim edəcəyik. 

 

Avqust, sentyabr,  2021-ci il. 

 

1-ci yer

Əfqanıstan.

Avqust ayında Talibanın hakimiyyətə gəlməsi səbəbindən hərbçilərin, diplomatik missiya nümayəndələrinin və əfqan vətəndaşlarının evakuasiyası. 

Foto: SHAKIB RAHMANI/AFP

 

2-ci yer

Yunanıstan.

Eviya adasındakı meşə yanğınları sakinlərin və dincələnlərin kütləvi evakuasiyası ilə nəticələnib.

Foto: Angelos Tzortzinis/AFP

 

3-cü yer

ABŞ.

11 sentyabr, Nyu-Yorkdakı teraktların 20-ci ildönümü münasibəti ilə xatirə mərasimi.

Foto: John Minchillo/AP Photo

 

(Davamı olacaq. Növbəti dəfə 2021-ci ilin oktyabr ayının ən əsas hadisələrinin ən yaxşı fotolarını görəcəksiniz. Buraxılışlarımızı izləyin.

2021-ci ildə nümayiş olunan “Marvel” filmləri dünya üzrə kassa gəlirinin 30 faizini təşkil edib.

TASS xəbər verir ki, 2021-ci ildə “Disney”ə məxsus “Marvel” studiyalarında çəkilən “Black Widow” (“Qara dul”), “Eternals” (“Əbədilər”), "Shang-Chi and The Legend of Ten Rings” (Şanq-Çi və on üzük əfsanəsi), “Venom: Zəhərli Qəzəb 2” və “Hörümçək adam: Geriyə yol yoxdur” filmləri nümayiş olunub. Bu beş “Marvel” filmi 2021-ci ildə dünya üzrə bilet satışından əldə olunan gəlirin, yəni 4,45 milyard dolların 30 faizini əldə edərək böyük uğur qazanıb.

Çində kinoteatrların kassa yığımı ötən il 47 milyard yuan (7,37milyard ABŞ dolları) təşkil edib.

AzərTAC Çin Dövlət Kino Administrasiyasına istinadla xəbər verir ki, COVID-19 pandemiyasının mənfi təsirlərindən sonra özünə gələn Çinin kino sənayesi kassa yığımının məbləğinə görə dünyada ilk sıradadır. Ötən il Çin kinoteatrlarında 82 mindən çox ekran əsəri nümayiş olunub. Kassa yığımının 84 faizi yerli istehsal filmlərdən əldə olunub.

Qeyd edək ki, son illər Çinin kino sənayesi sürətlə inkişaf edir. 2020-ci ildə də Çin kinoteatrların ümumi kassa yığımı üzrə dünyada birinci olmuşdu.

Türkiyənin Təhsil üzrə Azad Həmkarlar İttifaqı (TAHİ – Türk Eğitim-Sen) türk dünyasından bəhs edən 3 yeni kitab nəşr etdirib.

“Türk dünyası müstəqilliyinin 30-cu ildönümündə” adlı kitabda türk respublikalarının müstəqillik dövrünü qiymətləndirmək üçün öz sahələri üzrə tanınmış müəlliflərin araşdırma yazıları toplanıb.

30 il əvvəl müstəqillik qazanmış türk respublikaları, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti folkloruna məxsus nağıl və oyunlardan seçilmiş nümunələr isə iki ayrı kitabda nəşr olunub. “Türk dünyasından uşaqlar üçün nağıllar” adlı topluda türkiyəli uşaqlar digər türkdilli dövlətlərdən olan həmyaşıdlarının nağıl qəhrəmanları ilə tanış olacaqlar.

“Türk dünyasından uşaqlara oyunlar” adlı kitabda isə azyaşlı oxucular türk xalqlarının folklorunda öz əksini tapan, türk mədəniyyəti ilə qurulmuş oyunları öyrənəcəklər.

Cümə axşamı, 06 Yanvar 2022 15:59

Mənim könlüm deyir ki, hələ bunlar nədir ki…

Bu gün görkəmli şair Mikayıl Müşfiqin vəfatından 84 il ötür

Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür. O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub.

Bu gün görkəmli şairi vəfatından 84 il ötür.

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

 

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.

Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:

Mən gəncəm, bilirəm, istiqbalım var,

Hələ bədr olmamış bir hilalım var,

Yelkənim açılır, qara yel, əsmə!

Mənim bu dəryada bir sandalım var

Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”

Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.

Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.

Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.

Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.

Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

Cümə axşamı, 06 Yanvar 2022 10:46

Alma-Ata, Qazaxıstan

Hakimiyyət əleyhinə qiyam son məcraya çatıb.

Cümə axşamı, 06 Yanvar 2022 10:44

Cavad Mircavadov

“Mürəkkəb kompozisiya”.

Günün təqvimi Varisin təqdimatında

 

Hər vaxtınız xeyir. Tarixi və əlamətdar hadisələrlə çox zəngin olan bir günə qədəm qoyuruq.

6 yanvar

Ümumdünya müharibədə yetim qalmış uşaqlar günü

Bu günün təqvimə salınması Fransanın SOS Enfrans en Destresses təşkilatının sayəsində baş tutub. Hər bir müharibə yüz minlərlə, milyonlarla can alır, üstəlik, yüz minlərlə, milyonlarla uşağı da yetim qoyur. Sovetlər dönəmində biz Böyük Vətən Müharibəsi adlandırılan İkinci dünya müharibəsində valideyinlərini itirmiş kimsəsiz və sərkərdan uşaqlar barədə kitablar oxuyar, filmlərə baxar, təsirlənərdik. Amma Qarabağ müharibəsi bizə bu səhnələri daha real göstərdi, hazırda ölkəmizdə şəhid övladları mövzusu çox aktualdır. Onlar hər bir azərbaycanlı üçün doğmadır, əzizdir. Bu gün onlar xüsusən diqqət mərkəzində olmalıdırlar. Atası müharibədə şəhid olan hər bir uşaq arxasında Azərbaycan dövlətinin, Azərbaycan xalqının dayandığını hiss etməlidir.

Qucaqlaşma günü

Təqvim başbilənləri buyurur ki, bu gün qucaqlaşmaq lazımdır. Xüsusən, bir-birinə doğmalıq, sevgi, simpatiya hissi bəsləsələr belə cari işlərin çoxluğundan, yaxud məsafə baxımından qucaqlaşmağa təşnə ola-ola qucaqlaşa bilməyənlər üçündür bu gün. Bütün işlər, bütün məsafələr bu gün aradan çıxarılmalıdır, qucaqlaşmağa bəhanə qalmamalıdır.

Əslində, yaxşı təşəbbüsdür, nəyi pisdir ki?

Uşaqları necə tərbiyələndirmək resepti

Bəzən valideyinlər uşaqların tərbiyəsində çətinlik çəkir, uşaqları necə stimullaşdırmağın yolunu bilmirlər. Gəlin italyanların təcrübəsinə nəzər yetirək. İtaliyada bu gün La Befana günüdür. Xalq folklorunda Befana adlı xoşsima bir qadın var, Milad günü ərəfəsində - 6 yanvarda ev-ev gəzib valideyinlərdən soruşaraq yaxşı uşaqlara konfet və hədiyyələr, pis uşaqlara isə kömür parçası hədiyyə edir. Və bu münasibətlə də hər ilin bu günündə İtaliyada Befana günü qeyd edilir, valideyinlər uşaqlarını özlərini necə aparmaları barədə məlumatlandırıb, onlara Befananın adından hədiyyə, yaxud kömür parçası verirlər, uşaqların da təltifdən sevinəni il ərzində bir az da yaxşı olmağa çalışır, pərt olanı da növbəti zaman kəsimində düzəlməyə cəhd edir.

Alma günü

Hansısa xristian pritçasında sehirli qüvvələr 6 yanvar günündə insanlara ruzi-bərəkət rəmzi kimi alma ağacını hədiyyə etmişlər. İnanca görə alma ağacının bu gün əkilməsi bol məhsul gətirir. Ona görə də bu gün Alma günü kimi təqvimlərə salınaraq qeyd edilir. Biz bu mövzuda çox kompitentik, belə ki, dünyanın ən unikal alma diyarı – Quba bizə aiddir. Bu günü, daha çox haqqımız çatsa da qeyd etməsək belə, gəlin ən azı kasıb büdcəsindən mer-meyvəni bilmərrə çıxaran ailələrdəki uşaqlara bir alma alıb verək. Bu gün “Qubanın ağ alması” mahnısını zümzümə etmək də yerinə düşər.

Dini bayramlar günü

Bu gün müxtəlif xalqlarda müxtəlif dini bayramlar qeyd edilir. Xristianların Müqəddəs Soçelnik gecəsi bu gecəyə təsadüf edir, onların ən əsas dini bayramlarındandır bu. Lap biz Novruzda elədiyimiz kimi, onlar da bu gecə arzu tutacaq, səhərədək Allaha dua edəcək, xüsusi bişmiş dadacaqlar. Bayramın adı da məhz bu qidanın adından götürülüb, soçivo – buğdanın xaş-xaşla bişirilməsidir.

Xristian dünyasının bu günə təsadüf edən daha bir bayramı Üç Kral bayramıdır, İspaniya, Almaniya, Polşa, Çexiya və Andorranın katolik və protestant konfessiyalarında qeyd edilən bu bayram Milad bayramının tərkib hissəsidir, şənlənmə, zarafatlaşma, yeyib-içmə təlqin edir. İslandlar və isveçlilər isə 13-cü gecə bayramını qeyd edəcəklər, Miladın bu son 13-cü gecəsində tonqal qalayıb ətrafına yığışacaqlar.

Bədxah qonşularımızın təqvimlərində də bu gün qara gəlmiş bayramdır, Erməni Apostol Kilsəsi Milad bayramını bu gün qeyd edəcək. 

Ulduzlar da bu axşam səndən danışdı...

Bu gün Latviyada Ulduzlu gün qeyd ediləcək. Zvaigznes diena adlı bu gündə insanlar mütləq gücə ulduzlara baxıb müdrik diləklər diləyəcəklər. Əsatirə görə, 6 yanvar gecəsi Uç Müdrik ulduzların göstərdiyi yolla gedib Vifleemə çıxıblar. 

Meksikada bu gün tibb bacısı, İraqda silahlı qüvvələr, Almaniyada Volxvov piroqu günüdür. Almanlar qidaya aid bayram keçirməklə amerikalıların kurasiyasında olan bir sahəyə müdaxilə etsələr belə amerikalılar da öz amplualarındadırlar, bu gün onlarda iki mətbəx bayramı qeyd edilir: Milli şəkərli peçenye günü və Milli paxlalı bitkilər günü.

Qoşa nə isələr

2015-ci ilin bu günündə Litva öz ərazisində RTR Planeta, Ren TV və NTV-Mir kimi  üç Rusiya telekanalının yayımını qadağan edib. Buna səbəb bu kanalların Ukrayna hadisələrini təhrif etmələri göstərilib. Düzü, mən həmişə pribaltlara qibtə eləmişəm. Bir baxın, Ukraynaya görə rus telekanallarına “get” deyirlər, bizsə hətta özümüzə görə bunu etmirik, bütün günü ermənipərəst mövqe tutub bizə iftira atan, həqarət nümayiş etdirən rus telekanallarına “getmə gözümdən, gedərəm özümdən” deyirik. Nə isə. 

1978-ci ilin bu günündə ABŞ Macarıstanın təkidi ilə macarlara onların milli sərvəti, milli atributu sayılan Müqəddəs İştvanın tacını geri qaytarıb. Bu qiymətli əşyanı amerikalılar İkinci dünya müharibəsi zamanı ələ keçirmişdilər. İcazə verin yenə gileylənim. Bizim nə qədər milli mədəni sərvətimiz var, qədim kitabələr, qiymətli əntiq əşyalar, xalçalar, rəsm əsərləri, bunlar o yana, Gəncənin qədim qala qapıları var, onlar xarici ölkələrin muzeylərini bəzəyir, birini geri almağa təşəbbüs göstərmirik, göstərəndə də bunu elə edirik ki, nəticəsiz qalır. Amerika o yana, adicə gürcüdən öz haqqımızı geri ala bilmirik. Yenə nə isə.

Andrey Yakuboviçi tanıyırsınız da, “Pole çudes” verilişinin aparıcısı, “Azərsun” holdinq ona “Azərçay” reklamına görə başgicəlləndirici məbləğdə qonorar da verib yadınızdadırsa. Onun verilişinə bizdə maraqla baxılır, amma əksəriyyətimizin xəbəri yoxdur ki, bu, heç də orijinal veriliş deyil, ruslara aid deyil. Yəni, bu, şələbığ Yakuboviç kafasının məhsulu ola biməz. “Pole çudes” Amerikanın “Wheel of Fortune” adlı verilişinin təqlididir, həmin veriliş də ilk dəfə NBC telekanalının ekranına 1975-ci ilin 6 yanvarında çıxıb. Bir “nə isə” də buna düşürmü?

Kimlər gəldi...

6 yanvar ingilislər üçün heç də xoş xatirə günü deyil, 1928-ci ildə Temza çayı sahillərindən çıxaraq Londona həmlə edib, evlər dağılıb, insanlar tələf olub, Vestminster sarayına, Tauer qülləsinə, Teyt qalereyasına xətər toxunub, şəhərin telefon əlaqəsi tam sıradan çıxıb; Bugünkü tarix boksçular üçünsə əziz tarixdir, 1681-ci ilin bu günündə ilk boks matçının keçirilməsi barədə tarixi mənbələrdə məlumatlar gedir. Həmin matç İngiltərədə baş tutub, saray əyanı ilə hersoqun qəssabı döyüşüblər. Təbii ki, qəssab qalib gəlib. 

6 yanvar tarixi bir çox məşhuru dünyaya gətirən bir tarixdir, biləsiniz. Başlayaq elə ən cavanından – bizim komik aktyorumuz, “Bozbash Pictures”lə məşhurlaşan, indi əksər teleproqramlarda, komediya filmlərində yer alan, 1983-cü ilin 6 yanvarında Salyanda dünyaya vəsiqə qazanan İlkin Misgərlidən. Yeri gəlmişkən, deyilənə görə, pullu və təbii ki, vəzifəli kişilər yeyib-içəndə yaxşı qonorar müqabilində İlkini Hamlet obrazında dəvət edirlər ki, gəlib “nə gedər, nə gedər” şəbədəsini çıxarsın. Bizdə incəsənət hər halda qiymətləndirilir, görürsünüzmü? Burda bir gülümsəyən smaylik. Və davam edək. 1946-cı ilin bu günündə əfsanəvi “Pink Floyd” qrupunun  üzvü Sid Barret, 1939-cu ildə sovet futbolunun ən görkəmli nümayəndəsi, futbol dühası, məşqçi Valeri Lobanobvski dünyaya gəliblər. 1938-ci ildə İtaliyada dünyaya gələn müğənninin adını isə xüsusi təntənə ilə çəkmək istəyirəm. Sovet dönəmindən bütün ölkədə, o cümlədən Azərbaycanda sevilən, indinin özündə də filmləri və mahnıları gündəmdən düşməyən məşhur Adriano Çelentano. Təsəvvür edin, eşitdiyimə görə, Lerikin bir ucqar kəndində bir ailədə dünyaya gələn uşağa Çelentanonun adını qoyublar.

1926-cı ildə Nobel mükafatçısı olan, 1997-2003-cü illərdə Koreya prezidenti, məşhur siyasi xadim Kim De Çjun, 1905-ci ildə ingilis fantast yazıçısı Erik Frenk Rassel, 1872-ci ildə rus bəstəkarı Aleksandr Skryabin, 1655-ci ildə “inteqral”ı kəşf edən isveçrəli riyazıyyatçı Yakob Bernulli, 1596-cı ildə Ukrayna getmanı Boqdan Xmelnitski və 1412-ci ildə Fransanın milli qəhrəmanı Janna Dark dünyaya gəliblər.

Kimlər getdi...

6 yanvarda dünyadan köçən məşhurlar da az deyil. 2009-cu ildə pank-musiqinin yaradıcısı, The Stooges qrupunun gitaraçısı Ron Eşton, 1993-cü ildə Sovet-Briyaniya baletmeysteri Rudolf Nureev (o, 1961-ci ildə heç kəsin cürət etmədiyi bir işə qol qoymuş, Briyaniyada qasrtolda olarkən geriyə - SSRİ-yə qayıtmaqdan imtina etmişdi), 1976-cı ildə tanınmış Azərbaycan bəstəkarı Əfrasiyab Bədəlbəyli, 1945-ci ildə məşhur Ukrayna və sovet filosofu Vladimir Vernadski, 1938-ci ildə... İcazə verin bir pauza edim burda. 1938-ci ilin 6 dekabrında Stalinin, qırmızı kommunizmin qəddar diktatura rejimi “xalq düşməni” adı altında şair Mikayıl Müşfiqi güllələyib. O Mikayıl Müşfiqi ki, indi şeirləri dillər əzbəridir, əsərləri dövlət varidatı elan edilib. Qəbri belə yoxdur bu böyük şairin. ”Hələ atamın sağlığında güzaranımız ağır keçdiyi halda, lap uşaqkən anam və atam vəfat etdi. Mən bir yetim halında daş kəsən əmim və bibimin yanında qaldım. Ac, yalavac, çılpaq bir uşaqlıq keçirdim”  deyən, heç sonradan da qırmızı rejimin, satqın və xain ətrafının əlindən xoş gün görməyən, cəmi 32 il ömür sürən Müşfiq, əslində Azərbaycan ədiblərinin tarixən bir talesizlik simvoludur. Çünki bizim ən böyük ədiblərimiz heç vaxt xoşbəxt olmayıblar.

1919-cu ilin 6 yanvarında Nobel mükafatçısı, ABŞ-ın prezidenti Teodor Ruzvelt, 1918-ci ildə çoxluq nəzəriyyəsini kəşf etmiş alman riyazıyyatçısı Qeorq Kantor, 1884-cü ildə moraviyalı bioloq, katolik qulluqçu, müasir genetikanın banisi Qreqor Mendel, 1831-ci ildə virtuoz fransız skripkaçısı Rudolf Kreyser axirət dünyasına köç ediblər. Bir kəlmə də bu sonuncu şəxs – Kreyser barədə deyim. O, zamanında o qədər populyar imiş ki, şöhrəti el-el gəzirmiş. Hətta dahi alman bəstəkarı Lüdviq van Bethoven onun ifa etməsi üçün məxsusi bir əsər də yazıbmış, həmin əsər dünya musiqi xəzinəsinin bir hissəsidir, Kreyser sonatası adını almış 9-cu simfoniyadır. Amma Kreyser bu əsəri ifa etməkdən imtina etmiş, onu bəsit hesab etmişdi. Siz bir dünyanın gərdişinə baxın.

Kor və karlar barədə ballada

Ən nahayət, bu gün 1883-cü ildə Livanda dünyaya gəlmiş, ərəb ədədbiyyatının ən görkəmli nümayəndəsi, yazar, filosof  Cübran Xəlil Cübranın xatirə günüdür. Bu şəxsin həqiqətən də yaddaşlara yazılası kəlamları vardır, istəyərdim, onlardan üçünü sizlərə söyləyim:

“Bir-birinizi sevin, amma sevgini bir müqaviləyə çevirməyin”. 

“Dostunuz danışmağı dayandırsa, ürəyiniz onun ürəyini dinləməyi davam etdirsin”. 

“Yalnız ortaya çıxan işığı görə bilirsənsə və yalnız deyilən sözü eşidə bilirsənsə, demək, əslində sən nə görürsən, nə də eşidirsən”.

Şərhsiz.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.