
Super User
İntihara qarşı ortaq baxış - Əkbər Qoşalı yazır
"Yasaqlayıram indi
Haqqım var
Bu sevgidə mağdur mənəm,
Qanun mənəm,
Ölmək yasaq!
Daha dünən anamızın qollarında yaşarkən
Necə ola bilərmiş elə həmən ölmək?!.
Yasaq!
Yasaq, qardaşım, yasaq!
Mən ölmədən gözləri yummaq yasaq"!
(Səlcuq Yazıcı)...
Dini baxışlar
Bizim mənsub olduğumuz İslam dininin baxışları birmənalı şəkildə intihara qarşıdır. "Quran" buyurur: "Özünüzü öldürməyin (və ya Öldürməyin)"!
Səhih hədislərdə də qeyd olunur ki, intihar günahdır.
Orta yüzilliklərdəki nüfuzlu xristian mütəfəkkirlərin yazılarına əsaslansaq, intihar yenə günah sayılmaqdadır.
Katolik doktrinasında arqument bir öncəki səmavi dinin "Öldürməyin!" əmrinə əsaslanır.
Həyat Tanrı tərəfindən verilmiş bir hədiyyə olduğundan, intihar "təbii qaydaya", başqa sözlə, kainatın ruhuna qarşı çıxmaq sayılır.
Hətta hinduizmdə intihar ümumiyyətlə pislənir və çağdaş Hindu toplumunda başqa birinin öldürülməsinə bərabər günah sayılır. Hindu "Müqəddəs Yazılar"ında vurğulanır ki, intihar edən ruh dünyasının bir bölümü olacaq, o, öz ölümü ilə sonuclanan vaxtadək Yer kürəsini gəzməlidir.
İudaizmdə intihar dünyada Tanrınan xeyirxahlığını inkar etmək sayılır.
Milli baxış
Əcdadımız tarixdə çox çətinliklərdən çıxıb, problemlərin çıxılmaz sanıldığı vaxtlarda "son nəfəs də son fürsətdir" düşünürmüşcəsinə irəli atılıb - ariflər qatında düzgün qiymətləndirilən yolu üstün tutublar. İradənin təntənəsi olaraq intihar deyil, mübarizə, məşvərət daha üstün bilinib.
İntihar yol tapmamaqsa, düşünmək, fikir yürütmək, addım atmaq, toxtaqlı olmaq daha yaraşıqlı yoldur. - Elə deyilmi? Böyük türk övliyası Hacı Vəli Bektaşi nə deyirdi? - Mütəfəkkirin
"Yeddi öyüd"ündən qısa xatırlatma edək:
-Ara, bul;
-Bir yolu qaranlıq görürsən, bəlkə pərdə gözündədir, yolda deyil!?..
Dünyəvi baxış
İntihar - sondur. - Bu, yeni bir başlanğıc olmayan sondur.
İntihar - ayrılıqdır, əbədi ayrılıqdır. Bu ayrılıqda fəzilət yoxdur, konsensus yoxdur, anlaşma yoxdur. - İntiharda varlıq yoxdur, yoxluq vardır...
İntihar - köhnə fəlsəfi buxovlardan qurtulmamaqdır. - Aristotel məntiqində
-olum - ölüm,
-hə - yox,
-gündüz - gecə,
-yaxşı - pis...
kimi dualist (səlist) baxış mövcuduydusa, Lütfizadənin qeyri-səlis məntiq nəzəriyyəsi, necə deyərlər, "sıfır"la "bir" arasındakı imkanlar çoxluğunu təklif edir, "yaxşı" ilə "pis" arasındakıları görməyi daha uyğun görür. Məs., babat, alababat, ortabab, qismən yaxşı, pisvari, miyana, yaxşıvari və s... Bir halda ki imkan var, bəs o, kimin üçündür? - Yenə şeirə üz tutaq:
"Axan çaylar, sən kiminsən?
- Mənə körpü salanın!
- Doğan Günəş, sən kiminsən?
- Məndən işıq alanın!
- Sonsuz fəza, sən kiminsən?
- Məndə qanad çalanın!
- Həyat, söylə, sən kiminsən?
- Mən həyatı öyrənənin"
(Cəfər Cabbarlı)...
Nəhayət:
Son günlər mediada artan intihar müzakirələrində ən üstün çağırışlardan biri olası sözləri xatırlatmaq istərdim:
"Yumma gözlərini, yumma qardaşım,
Görməmək ölməkdən betər.
Gəl bölüşəlim Gün işığını,
Sənə də yetər, mənə də yetər" (Kemal Or)...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Günün fotosu: Vinnitsının bombalanması və 17 nəfərin ölümü
Günün fotosu: Vinnitsının bombalanması və 17 nəfərin ölümü
Vinnitsı şəhərini bombalayan ruslar 17 ukraynalının ölümünə səbəb olublar.
Foto: Euronews
Nərminə Abbasova: "Belə xəstələr həftə sonları və istirahət günlərində rahat olurlar..."
"Allergiya - immun sisteminin yaratdığı bir reaksiyadır. İmmun sistemi orqanizmə daxil olan bütün yad cisimlərə qarşı cavab verir. Normal şərtlər daxilində bu, qoruyucu reaksiyadır. Bununla yanaşı, bəzi insanlar bir sıra maddələrə qarşı fərqli immun cavab yaradır və bu maddələrlə təkrar qarşılaşdıqda daha yüksək reaksiyalar verir".
Bunu Allergiya Rinit haqqında söhbətində Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bldirir. Həkimin sözlərinə görə, bu maddələr allergenlər, bu tip insanlar isə "allergik" olaraq adlandırılır:
"Allergiya genetik olaraq keçir və əgər hər iki valideyn allergikdirsə, uşaqlarında allergiyaya rastgəlinmə tezliyi 50%-ə bərabərdir. Allergenlər orqanizmdə anticisim əmələ gəlməsinə təkan verirlər. Bu anticisimlər allergenlərlə birləşib bəzi kimyəvi maddələrin ifraz olunmasına səbəb olur. Bunlardan histamine ən yaxşı tanınandır. Bu maddə burun balıqqulaqlarının şişməsinə, qaşınma, bol selik ifrazına və qıcıqlanmaya səbəb olur".
Allergik Rinitin rast gəlinmə tezliyindən danışan həkim-terapevt bildirdi ki, bu, ən çox rast gəlinən allergik xəstəlikdir. Rast gəlinmə tezliyi 20%-dir. Hər il bir çox insan allergik rinitlə qarşılaşır. Bəzi insanlarda yüngül, bəzilərində isə çox ağır əlamətlərlə özünü göstərir.
Nərminə xanım Allergik rinitin əlamətlərini sadaladı:
"Burun axıntısı, asqırma, burunda qaşınma, burun tıxanıqlığı, qoxunun zəifləməsi, gözlərdə yaşarma və yorğunluq. Qavrama çətinliyi, yuxu pozğunluğu normal həyat keyfiyyətini pozur. Bu xəstəliyə bütün yaşlarda rast gəlinə bilər, ancaq, əsasən 1-20 yaş arasında başlayır. Əksəriyyətində ailədə eyni və ya oxşar xəstəliklər mövcud olur".
N.Abbasova qeyd edir ki, Allergik Rinitin növləri var. Bunlar aşağıdakıladır:
Mövsümlə əlaqəli allergik rinit: Ağac, çayır və yabanı ot tozcuqlarına qarşı yaranan rinitdir. Xəstənin şikayətləri bu allergenlərin atmosferdə çox olduğu vaxtlarda özünü göstərir. Xəstəliyin il ərzində davam etmə müddəti coğrafi bölgə və iqlim ilə yaxından əlaqəlidir. Tozcuq mövsümü xaricində xəstələr ümümilikdə rahat olurlar. Yazın əvvələrində ağac, ortalarında çayır, yazın ortasından payıza qədər də yabanı ot tozcuqları bu şikayətə səbəb olar.
İl boyu davam edən allergik rinit: Allergenlərlə təmasın il boyu davam etdiyi və şikayətlərin il ərzində mövcud olduğu allergik rinit növüdür. Səbəb olan allergenlər ev tozu akarı, hamam böcəkləri, ev heyvanı allergenləri (pişik, it) və sporları...
Ən vacib allergen ev tozu akarıdır (mite). Xəstənin yaşadığı yerdə daima akar allergenlərinə məruz qalması, şikayətlərinin il boyu davam etməsinə səbəb olur.
Digər eviçi allergenləri isə ev heyvanlarıdır. Xüsusi ilə pişik allergenləri cox vacibdir. Yayıldığı yerdə aylarca qala bilir. Tək ev içində deyil, məktəb, iş yeri, avtobuslarda yüksək miqdarda təsbit edilmişdir.
Peşəyə bağlı allergik rinit: İş yerlərindəki allergenlərə, qıcıqlandırıcı maddələrə bağlıdır. Asqırma, burun axıntısı və burun tıxanıqlığı kimi əlamətlər iş yerlərinə girdikdən sonra yaranır. Xəstələr həftə sonları və istirahət günlərində rahat olurlar.
Allergik Rinitin digər allergik xəstəliklərlə əlaqəsinin olub olmamasına gəlincə, həkimin sözlərinə görə, Allergik rinit olan xəstələrin 30-40%-də bronx həssaslığı və allergik astma, daha az sıxlıqda digər allergik xəstəliklər müşahidə olunur:
"Anamnez, fiziki müayinə əlamətləri ilə birgə dəri allergiya testi və burun yaxmasının incəlməsi ilə Allergik Rinit diaqnozu qoyulur. Diaqnoz üçün ən çox istifadə olunan dəri testidir. Ancaq dəri testində olmayan bir allergenə allergiyası varsa, bu test o qədər də faydalı olmayacaq, nəticə neqativ çıxacaq. Həmçinin bəzi allergenlər dəridə reaksiya verməsələr də, tənəffüs yollarında reaksiyaya səbəb olur. Bundan başqa, qanda İgE-yə baxılır".
Həkim deyir ki, Allergik Rinitin müalicəsi Allergenlərlə təmasın aradan qaldırılması, Dərman müalicəsi, Hiposensibilizasiya (peyvənd müalicəsi), Cərrahi müalicə, Fitoterapiya (Rhinolight) ilə mümkündür:
"Allergik rinitin müalicəsində əsas məqsəd allergenlərdən qorunmaqdır. Ancaq bu o qədər də asan deyil. Tozcuqlardan qorunmaq üçün müəyyən tədbirlər var. Tozcuqların çox olduğu vaxtlarda - saat 05.00-10.00 arası açıq havaya çıxmaq qadağandır, ancaq burunu bağlayan maskalarla çıxmaq olar. Tozcuqlar olan vaxt açıq havada idman etmək olmaz. Eyni zamanda, saç tozu tutur. Bu səbəbdən hər axşam saçları yuyub, duş almaq lazımdır.
Uşaqlar evə gəldikləri zaman paltarlarını dəyişməlidirlər. Maşında pəncərələri açmaq olmaz. Ümumiyyətlə, tozcuq mövsümündə qapı-pəncərələr bağlanmalıdır. Evdə və ofislərdə kondisionerlərin filtri tez-tez dəyişdirilməlidir. İstirahət üçün dəniz kənarı münasibdir. Bayırda eynək və şlyapalardan istifadə edilməlidir. Və gündəlik paltarları yataq otağında dəyişmək düz deyil. Mütləq və mütləq allergiyaya qarşı həkim qəbuluna gedilməlidir".
Ölkəmizdə niyə PR menecerlər hazırlanmır?
Vüsal Mətləb yazır
İbtidai insanlar yığıcılar və ovçular idi. Bu, ilk insan peşələri hesab edilir. Sonra əkinçilər onlara qoşuldu. Aqrar inqilab insanların işini artırdı, ərzaq çeşidi artsa da, qida təhlükəsizliyi nisbətən daha yaxşı təmin olunsa da...
Peşə bacarıqlarının artması, sənaye inqlibı və s. ilə yeni-yeni peşələrə yiyələndi insan nəsli.
Bu gün texnologiyanın, eləcə də iqtisadiyyatın inkişafındakı sıçrayış yeni ixtisaslar ortaya çıxarır. İnsanlar artıq gen mühəndisliyindən danışır, biotexnologiya, kibertəhlükəsizlik üzərində yeni axtarışlar edir - 300 min əvvəl od əldə edən Homosapiensin nəvələri indi yanğın təhlükəsizliyini süni intellektə etibar edir.
Daha bir peşə bu gün çox aktualdır və bazarda daim tələb olunur: PR menecer - ictimaiyyətlə əlaqələr (public relation) üzrə menecer. XXI əsrdə bazar iqtisadiyyatının amansız rəqabəti şəraitində şirkətlər ayaqda qalmaq, inkişaf etmək, rəqibləri ilə mübarizədə neytrallaşdırılmamaq üçün reklam, tanıtım, ictimaiyyətlə təmasa xüsusi fikir verməli olurlar.
PR menecer əslində, şirkətin reklam məsələsini həll edən adam deyil - o şirkətin simasıdır, onun təqdimatı şirkətin markalaşmasını, brendləşməsini təmin edir, onun gələcək aqibətini müəyyən edir və s.
Ümumdünya İctimai Əlaqələr Assosiasiyaları Assambleyası PR barədə belə tərif hazırlayıb: "Həm təşkilat, həm də ictimai maraqlara xidmət edəcək meylləri təhlil etmək, nəticələrini proqnozlaşdırmaq, təşkilat rəhbərlərinə məsləhət vermək və planlaşdırılmış fəaliyyət proqramlarını həyata keçirmək sənəti və sosial elm."
PR mütəxəssislər bu gün yalnız şirkətlərin satış həcmini artırmır, onların brendləşməsini, korporativ imicinin möhkəmlənməsini təmin etmir, həm də bütün sahələri əhatə edirlər, hətta siyasət meydanını. Siyasi texnoloqlar, ideoloqlarla bərabər onlar da siyasi proseslərə yön verir, siyasətçilərin imicinin formalaşmasında əhəmiyyətli dərəcədə iştirak edir, seçkilərin taleyinə təsir göstərir və s.
***
10 il öncə bir ərazinin "quş uçuşu" görüntüsünü əldə etmək üçün yekə bir vertolyot, yekə bir kamera ilə bazburutlu operatoru yuxarıya qaldırmalı idi - indi bu işi 500 qram ağırlığında dron və əlində pultla dayanan istənilən çəkidə idarəçi görür. Ola bilsin ki, bir neçə il sonra indi həyatımızda olan bir çox peşələr sıradan çıxacaq, ancaq PR menecerlər üçün belə risk görünmür.
Bazardakı bugünkü tələblərə rəğmən bir məsələ bizi qayğılandırmalıdır: axı niyə ölkəmizdə ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər yetişdirilmir, universitetlərimizdə bu sahə üzrə ixtisaslar yoxdur? Bu işlə məşğul olanların bir qismi xaricdə təhsil alıb, böyük bir hissəsi isə keçmiş jurnalistlər, filoloqlar və digər yaxın (bəzən isə uzaq) sahələrin əsasən mediada çalışmış yetirmələridir.
Bəlkə də ali təhsil müəssisələrinə qəbul apardığı ixtisasları müəyyənləşdirməkdə sərbəstlik vermək vaxtıdır. Onlar marketinq araşdırması ilə bazarda hansı ixtisaslara tələbin olduğunu öyrənməli və qəbul planını buna uyğunlaşdırmalıdır.
İstənilən vakansiya saytına baxsaq, onlarla PR, sosial media, KSM (korporativ sosial məsuliyyət) meneceri kimi vakansiyalara rast gələ bilərik. Bu, bazardakı tələbin bir hissəsidir. Təklif isə yetərincə kompetent deyil. Çünki Dövlət İmtahan Mərkəzinin ixtisas seçimi jurnallarında hələ ki, bu ixtisasların adları görünmür.
Valideynlər sənaye inqilabına necə mane olurlar?
Ölkənin yeni çağırışlara uyğunlaşmamasının günahı fəhlə-kəndli sinifində yox, əsasən bürokratlardan ibarət məmur ordusunda idi.
İnəyini satıb oğlunu Bakıya oxutmağa göndərəndə ucqar kənddəki Tamerlan kişi övladı üçün katib olmasa belə kolxoz sədri, prokuror, müstəntiq... xəyalları qururdu. Onun arzularının arasında oğlunun kosmosa raketlər uçurmağa həvəsli olan SSRİ-nin tanınmış mühəndisi, robot texnologiya mütəxəssisi olması yox idi.
SSRİ-də internet şəbəkəsinə kimlər mane oldu?
...1970-ci il 1 oktyabr. Kompüter alimi Viktor Qluşkov bütün ölkənin komputür şəbəkəsini əlaqələndirəcək layihəsini təqdim etmək üçün Kremlə gəlmişdi. Yeri gəlmişkən, SSRİ-nin əsas rəqibi ABŞ artıq bundan 1 il əvvəl oxşar texnologiyanı tətbiq edirdi. Qluşkovun layihəsi üçün ciddi vəsait tələb olunurdu.
Maliyyə naziri Vasili Qarbuzov və həmfikirlərinin isə başqa hədəfləri var idi, həm pul onlara və digər nazirliklərə də lazım idi, həm də maliyyəni bu cür "israf" etmək olmazdı. Beləliklə, yeniliklərə müqavimət göstərənlərin çoxluğu sayəsində Qarbuzov klassik metodların inkişafının tətbiqinin daha təhlükəsiz olduğuna Politbüronu inandırmaqla Qluşkovun ideyasını dəfn etdi.
Nəticədə, bürokratik əngəllər Sovet ölkəsini bəlkə də bir neçə on il geri atdı. Faktiki olaraq SSRİ-ni çökdürənlərlə bu cür ənəgəllərlə inkişafı tormozlayanlar eyni qrup adamlar idi.
Bir sözlə, ölkənin yeni çağırışlara uyğunlaşmamasının günahı fəhlə-kəndli sinfində yox, əsasən bürokratlardan ibarət məmur ordusunda idi.
Sənaye inqilabını prokurorlar edəcək?
Bu gün dünya IV Sənaye İnqilabı dövrünü yaşayır. Azərbaycan yeni çağırışlar qarşısında çevik reaksiya verməyə çalışır, yeni texnologiyaların ölkəmizə gətirilməsi prioritet istiqamət kimi müyyən edilib.
Azərbaycan İKT sahəsinin inkişafına görə dünya üzrə 65-ci yerdə qərarlaşıb və Cənubi Qafqaz ölkələri arasında liderdir. "Doing Business 2019" hesabatında isə ölkəmiz Avropa və Mərkəzi Asiyada ən çox islahat aparan 10 ölkə sırasına düşüb və dünya üzrə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda qurulan "ağıllı" kənd və şəhərlər yeni modellərin tətbiqi baxımından önəmlidir - həm də ona görə ki, bu təcrübənin bütün ölkəyə yayılması nəzərdə tutulur. Ancaq bir sual yaranır: bu texnologiyaların istifadəsinin davamlılığının təmin olunması üçün yerli kadrlar varmı? Və biz cəmiyyət olaraq yeni sənaye inqilibanın ardınca gedirikmi?
Təəssüf ki, yox. Yenə də Tamerlan kişi oğlunun prokuror, hakim, katib (oxu: icra başçısı) olmasını arzulayır. Onun hədəfləri sırasında oğlunun robot və ya gen mühəndisi olması yoxdur.
Ali məktəblərə aparılan qəbul imtahanlarının nəticələrinə baxdıqda bu, aydın görünür: humanitar ixtisaslarda "tıxac"dır, III qrup ixtisaslarda hər il yaşanan rəqabət, balların yüksəlməsi təsadüfi deyil. I qrup ixtisaslarda - yəni əsasən mühəndislik ixtisaslarında isə (komputer, robototexnika, mexatronika mühəndisliyi və s.) yerlər boş qalır. Bəzən 150-160 bal tələbə bileti almağa bəs edir... Və biz mümkün 700 baldan 150 bal toplayan tələbədən kosmosa raket uçurmasını təbii ki, çox da gözləmirik.
Halbuki, dünya süni intellekt, insansız maşınlar, genlərin dəyişdirilməsi, təkrar edirəm, bəli, genlərin dəyişdirilməsi üzərində işləyir - bu, artıq möcüzə deyil.
İkinci Qarabağ Müharibəsi yeni texnologiyaların, süni intellektin əhəmiyyətini bir daha nümayiş etdirdi. "Bayraktar" ənənəvi silahlara qan uddurdu və sübut etdi ki, gələcək innovasiyalardan asılıdır.
Nə baş verəcək?
Bu il yeni vakansiyalar tibb və robototexnika qovşağında yaranacaq, vakansiyaların artımı isə İT, sığorta və bank sektorunda davam edəcək. Bunu "Rabota.ru" sayının iş axtarışı və kadr seçimi xidmətinin baş direktorunun müavini Aleksandr Veterkov Sputnik radiosunun müsahibəsində deyib.
İsveç Əmək Bazarının Qiymətləndirilməsi və Təhsil Siyasəti İnstitutu da tezliklə hansı peşələrin yerini süni intellekt alacağı ilə bağlı araşdırma aparıb. Tədqiqatçılar belə qənaətə gəliblər ki, texnologiya mühasibləri, fotomodelləri, poliqrafiya sənayesində, ağac emalı, kimya və metallurgiya sənayesində maşın operatorlarını, kassirləri və satıcıları, kənd təsərrüfatı üzrə kiçik kadrları, təmizləyiciləri, maşinistləri, montyorları, kiçik inzibati işçiləri, qaynaqçıları, tikinti işçilərini, sürücüləri, meşəçiləri və poçtalyonları əvəz edə bilər.
Süni intellekt insanları işsiz qoyacaqmı - indi hər kəsi bu sual da qayğılandırır. Ancaq əksər tədqiqatçılar o fikirdədirlər ki, texnologiyalar ənənəvi peşələri sıradan çıxarsa da, paralel olaraq onlardan daha çox sayda yeni peşələr meydana gətirir.
Odur ki, işsizlik yox, işçi problemi ilə üzləşməmək üçün övladımızın "katib" olması arzusunu hansısa yeni texnologiya mütəxəssisi olması arzusu ilə əvəz etməliyik.
“Mənə bir yuva qurun, zamanı içində gizlədim” - İtaliya poeziyasından yeni tərcümələr
“Ədəbiyyat və incəsənət” portalı Dünya ədəbiyyatı silsiləsindən bu dəfə sizə şair və tərcüməçi Ümid Nəccarinin tərcüməsində italyan şairəsi Antonella Karmen Kaggianonun şeirlərini təqdim edir.
Antonella Karmen Kaggiano 13 iyul 1971-ci ildə Pollada anadan olub. O, 1997-ci ildə ali təhsilini bitirib, Ədəbiyyat fakültəsi məzunu olub. Antonella 2016-cı ildən müəllimlik etdiyi Peskarada yaşayır.
O, "İl Roma" və "İl qazeti di Napoli" ilə əməkdaşlıq edərək müstəqil jurnalist kimi fəaliyyət göstərir.
Onun “Uzantılar” (1990), “Elan edilmiş Zen xronikası” (2010), “Duzlu tort” ( 2022) adında 3 kitabı nəşr edilib. İlk iki kitab tənqidçilər tərəfindən xüsusən müsbət qarşılanıb.
Antonella 1990-cı ildə Kapranicada "Centro Divulgazione Arte e Poesia” mükafatına layiq görülüb.
O, 1990-da həmçinin “Valle di Vitalba Milli Poeziya Mükafatı”, 1991-də “Avropa Birliyinin Müasir Ədəbiyyat Mükafatı" laureatıdır.
Antonella 1994-cü ildə "Avropa Birliyinin Beynəlxalq Müsabiqəsi", “Antartika” Milli Şeir və Bədii Ədəbiyyat Müsabiqəsi, "Stella Norbiato” Poeziya Mükafatının qalibidir.
O, həmçinin "Mihai Eminescu" Beynəlxalq Akademiyasının üzvüdür.
Mənə baxarkən diqqət edin
Mənə baxarkən diqqət edin,
qırıla bilərəm,
yumşaq danışın,
ruh üçün
yaddaş üçün.
Belə toxunmayın mənə,
tələsərək yəni.
Soyuq düşüncələrinizə baxmayaraq
Barmaqlarınızda ötən gecənin nəmi qalıb
Mənə bir yuva qurun,
zamanı içində gizlədim,
siz orada olmasanız da…
Qarşısını ala bilməzsiz
Nəfəs çəkməyiniz,
hündür səsiniz,
dəniz ətri…
Siz bunların qarşısını ala bilməzsiz.
Hər bir şey
sizi boylu edir.
Düşüncə sizi hərəkətə gətirir
sizi ələ alır,
bir dalğa üzərində olduğu kimi
ödənişsiz,
uzun müddətli…
Və mən sevirəm
Və mən sevirəm
bu tənha qayıq içində
cırıltının səsini...
Şimşək çaxanda,
işığın zərrəcikləri
yenidən sağaldır ümidlərimi...
Və mən sevirəm,
buna inanın,
yenidən bu od
alovlanacaq.
Bu quş
yenə uçacaq...
Elə ruhumuz da...
Kimsəyə icazə verməyin
Ürəyinizi düzəltmək üçün
sakit bir yeri seçin.
Bağınızı alaq otlarından təmizləyin.
çiçəkləri bir-bir sulayın,
quruyanları çıxarın.
Güllərdən nəfəslərinə görə təşəkkür edin.
Nəhayət böyüdüyünü gördüyünüz
hər yarpağı sığallayın,
içinizə hopdurun ən gözəl gülləri,
burnunuzu Orxideyalara yaxınlaşdırın,
istədiyiniz ətir olun!
Günəşə doğru,
başınızı dik tutun,
günəbaxanlar kimi olun ki,
bir vaxt başınızı aşağı salmaq istəsələr
sadəcə yerə dən səpmək üçün,
yeni həyatınız naminə etsinlər bunu.
Rafiq Nəsirov Milli Kino Mükafatına layiq görülüb
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) geniş iclasında Milli Kino Mükafatı ilə bağlı məsələyə baxılıb.
ARKİ-nin mətbuat xidməti bildirir ki, İttifaqın İdarə Heyətinin yekdil qərarına görə Xalq rəssamı, Prezident təqaüdçüsü, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Rafiq Nəsirov Milli Kino Mükafatına layiq görülüb.
Rafiq Nəsirov “Bəyin oğurlanmsı”, “Yaramaz”, “Bəxt üzüyü”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Cavad xan” və digər filmlərin rəssamı olub.
Mükafat 2 avqust - Milli Kino Günündə təntənəli formada təqdim ediləcək.
Qeyd edək ki, Milli Kino Mükafatı 2012-ci ildən ARKİ-nin İdarə Heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır.
Amma bir irad da bildirək. Kino üzrə baş mükafatın rəssama verilməsi kinonun çöküşü deyilmi?
Səlim Babullaoğlu: “Vaqif Azərbaycan poeziyasında həm bədii, həm də siyasi sözün rəmzidir”
“Bizim İşğaldan azad edilmiş torpaqlarımızla bağlı ilk əlamətdar hadisələrindən biri Vaqifin məqbərəsinin ucaldılması, Prezident İlham Əliyevin rəhbərliyi və iştirakı ilə birinci Vaqif Poeziya Günlərinin keçirilməsidir. Bu gün ikinci dəfə Vaqif Poeziya Günlərinə toplaşmışıq. Vaqif Azərbaycan poeziyasında həm bədii, həm də siyasi sözün rəmzidir. Bu isə o deməkdir ki, bu gün buraya toplaşan ədəbiyyatçılar həm dövlətin, həm ədəbiyyatın, həm də Azərbaycan tarixinin yanındadırlar.”
Bu fikirləri Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu Şuşada, Vaqif Poeziya günlərində söyləyib.
"Düşünürük ki, bu tədbirin əhəmiyyəti daha da artacaq və növbəti illərdə Poeziya Günlərinə xarici qonaqlar, dünya xalqlarının müxtəlif söz və sənət ustaları toplaşacaqlar. Əminik ki, Vaqif Poeziya Günləri təkcə Azərbaycan ədəbiyyatının deyil, Azərbaycan tarixinin, Qarabağ tarixinin də təbliğatçısı olacaq", - deyə S.Babullaoğlu bildirib.
Şair Eyvaz Əyyub: “Biz Vaqif Poeziya Günləri ilə həm də ədəbiyyatımızı yaşadırıq”
“Mən 44 günlük Vətən müharibəsinin iştirakçısıyam. Döyüşlərə Suqovuşandan başlayıb Ağdamda qədər getmişəm. Dövlətimizin başçısının sərəncamları ilə "Suqovuşanın azad olunması" və "Ağdamın azad olunması" medalları ilə təltif olunmuşam”.
Bunu mediaya açıqlamasında Şuşada keçirilən Vaqif Poeziya Günlərinin iştirakçısı şair Eyvaz Əyyub söyləyib.
O qeyd edib ki, Vaqif Poeziya Günləri təntənəli şəkildə qeyd olunan mədəniyyət tədbirlərimizdəndir. Burada Azərbaycanın bütün bölgələrindən yazıçılar var. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində bu gün Şuşada belə gözəl tədbirlər keçirilir. Biz Vaqif Poeziya Günləri ilə həm də ədəbiyyatımızı yaşadırıq. Eyni zamanda, ədəbiyyatımızın inkişafında bu cür tədbirlərin əhəmiyyəti böyükdür”, - deyə E.Əyyub vurğulayıb.
Qeyd edək ki, Eyvaz Əyyub tanınmış şairə Nigar Həsənzadənin “Söz” ədəbi layihəsinin iştirakçısıdır.
Prezident İlham Əliyev “İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb
İyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev “İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
AzərTAC xəbər verir ki, Sərəncamda azərbaycanlıların tarixən köklü yaşadığı mühüm elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi tanınan İrəvan mahalında 1882-ci ildən etibarən fəaliyyətə başlayan Teatrın sonrakı dövrlər ərzində özünün zəngin repertuarında milli ədəbi-bədii fikrin nailiyyətlərinə daim xüsusi yer verərək tamaşaçıların rəğbətini qazandığı və mədəniyyət salnaməmizə yaddaqalan səhifələr yazdığı qeyd olunur. Bildirilir ki, Azərbaycanın görkəmli səhnə ustalarından bir çoxunun yaradıcılıq taleyi peşəkar milli teatrımızın ayrılmaz tərkib hissəsinə çevrilən bu qocaman sənət ocağı ilə sıx bağlıdır.
Sənəddə vurğulanır ki, keşməkeşli yol keçmiş və dəfələrlə erməni vandalizminə məruz qalmış Teatrın salnaməsi əzəli Azərbaycan torpaqlarındakı həmyerlilərimizin tarixi taleyinin bir parçasıdır. 1918–1920-ci illərdə ermənilər İrəvanda kütləvi qırğınlar törədərkən aktyor truppası mühacirətə üz tutan Teatr öz fəaliyyətini 1922-ci ildə bərpa etmiş, Azərbaycan ziyalılarının fədakarlığı sayəsində 1928-ci ildə müvafiq qərarla dövlət teatrı statusunu almış, 1935-ci ildən isə böyük dramaturq Cəfər Cabbarlının adını daşımışdır.
Azərbaycanlıların Ermənistandan 1948–1953-cü illərdəki deportasiyasından da acı nəsibini alaraq, fəaliyyətini yalnız 1967-ci ildə bərpa edən İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1980-ci illərin sonlarında ermənilərin yenidən başlatdığı etnik təmizləmə və təcavüzkarlıq siyasəti nəticəsində yurddaşlarımızla bərabər didərgin düşmüş, qaçqın həyatı yaşamalı olmuşdur.
Sərəncamda qeyd edilir ki, 1989-cu ildən Bakı şəhərində məskunlaşan Teatr ötən müddətdə ənənəvi repertuarını rəngarəng mövzularda yeni-yeni əsərlərlə daha da genişləndirmiş və bir sıra yaradıcılıq uğurları qazanmışdır.
Azərbaycan Prezidenti İrəvan Dövlət Azərbaycan Dram Teatrının xalqımızın mədəni-ictimai həyatında özünəməxsus rolunu nəzərə alaraq Mədəniyyət Nazirliyinə Teatrın 140 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməyi tapşırıb.
Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı başa çatıb. Təfsilat
İyulun 7-8-da Şəkidə keçirilən “İpək Yolu”Beynəlxalq Musiqi Festivalı barədə sizə məlumat vermişdik. Festivalın son iki gününün təfsilatını diqqətinizə çatdırırıq.
Festivalın ikinci günü
Şəkidə davam edən “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının ikinci günündə çərçivəsində iyulun 8-də musiqisevərlərə “Simurq” muğam ansamblının konserti təqdim olunub.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən konsertdə şəhər rəhbərliyi, festivalın təşkilatçı qurumlarının nümayəndələri, musiqisevərlər iştirak ediblər.
İfaçıları tarda Zəki Vəliyev, balabanda Rəfael Əsgərov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət ediblər.
Ansamblın təqdim etdiyi xalq və bəstəkar mahnıları, muğamlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Festivalın proqramına uyğun olaraq, iyulun 8-də axşam “Yuxarı Karvansaray” mehmanxana kompleksində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tamaşaçılara F.Əmirovun “Sevil” operasını təqdim edib.
Uğurla başa çatan festivalın ikinci gününün sonunda kollektivlərə festivalın xatirə hədiyyələri təqdim olunub.
Festivalın son günü
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 7-də başlanan Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb. Üç gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.
İyulun 9-da Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Marxal” kompleksinin Yay Teatrında Şəki şəhər Uşaq İncəsənəti Məktəbinin direktoru Eldar Rəcəbovun rəhbərlik etdiyi “Zirvə” instrumental ansamblının konserti olub. Konsertdə şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri, festivalın qonaqları və musiqisevərlər iştirak ediblər.
Axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirə şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, festivalın təşkilatçı qurumlarının nümayəndələri, şəhərin qonaqları, musiqisevərlər qatılıblar. Mərasimdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib.
Konsertdə Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib. Solistlər – Əməkdar artistlər İnarə Babayevanın (soprano), Ramil Qasımovun (tenor), Beynəlxalq müsabiqələr laureatı Ümidə Abbasovanın (violin) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, o cümlədən Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərlərinə minnətdarlığını bildirib.
Günün sonunda “Zirvə” instrumental ansambılına və
Kamera Orkestrinin bədii rəhbəri Fəxrəddin Kərimova şəhər icra hakimiyyəti adından festivalın rəmzi xatirə hədiyyələr təqdim olunub.