
Super User
Mədəniyyət naziri Anar Kərimov Misirin ölkəmizdəki səfiri ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov sentyabrın 1-də Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və planlaşdırılan layihələr haqqında fikir mübadiləsi aparılıb.
Səfiri salamlayan Anar Kərimov Misir Ərəb Respublikası ilə ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Ötən ilin dekabr ayında Misirə səfərini xatırladan nazir səfər çərçivəsində keçirilən görüşlərdə əməkdaşlığın inkişafına töhfə verə biləcək addımların atıldığını qeyd edib.
Anar Kərimov eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədi daşıyan “Bakı Prosesi” haqqında məlumat verib. Bildirib ki, “Bakı Prosesi” artıq nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən qlobal platforma kimi qəbul olunur.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ötən il irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsü barədə də səfirə məlumat verən nazir bu çağırış vasitəsilə ölkəmizin bölgədə və dünyada sülhü qorumaq üçün səylər göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsinə töhfə verməkdir. Eyni zamanda bu qlobal kampaniya Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş vandalizmin dünyaya çatdırılması məqsədi daşıyır.
Səfir Hişam Mohamed Nağı Abdel Həmid səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. Diplomat səfirliyin nazirlik tərəfindən həyata keçirilən layihə və təşəbbüslərdə iştirakından məmnunluğunu bildirib.
Daha sonra görüş qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi ilə davam edib.
Azərbaycan kəlağayıları Bursada keçirilən beynəlxalq festivalda sərgilənir
Sentyabrın 1-dən 4-dək türk dünyasının mədəniyyət paytaxtı olan Türkiyənin Bursa vilayətində 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalı keçirilir. Azərbaycan ipəyi ilk dəfə bu festivalda nümayiş etdirilir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festival Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutur.
Azərbaycan sözügedən festivalda Nizami Gəncəvi Vəqfinin təşəbbüsü, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi ilə təmsil olunur. Ölkəmizin festivalda iştirakının əsas məqsədi Azərbaycanın qədim və zəngin ipəkçilik sənətini beynəlxalq arenada təbliğ etmək, eləcə də iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə verməkdir.
Sərgidə Şəkidə “Azəripək” MMC tərəfindən istehsal olunan ipək nümunələrinin, əsasən qədim Azərbaycan baş örtüyü olan kəlağayının təqdimatı və satışı keçirilir. Bundan əlavə, tədbir boyu Azərbaycan ipəyinin tarixini əks etdirən videomateriallar, ipək və kəlağayı istehsalı zamanı istifadə olunan boya, basma naxış qəlibləri və digər kiçik daşına bilən vasitələrin nümayişi, eləcə də ustad dərslərinin təşkili nəzərdə tutulur.
Tədbirin açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş Azərbaycan stendini ziyarət edib. Vəqfin direktoru Rəfi Qurbanov bələdiyyə sədrinə milli stendimiz haqqında ətraflı məlumat verib. Daha sonra “Azəripək” MMC-nin marketinq və biznesin inkişafı üzrə şöbə müdiri Elvira Məmmədova tərəfindən xarıbülbüllə bəzədilən ipək kəlağayı Alinur Aktaşa hədiyə edilib.
Dörd gün davam edəcək tədbirdə yerli, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası kimi türkdilli ölkələrin milli ipək nümunələrindən ibarət sərgiləri təşkil olunur. Təşkilatçılar tərəfindən ipək festivalı çərçivəsində hər günə məxsus müxtəlif ekskursiya və mədəni tədbirlərin təşkili də nəzərdə tutulur.
Tədbirdə nümayiş etdirilən Azərbaycan milli geyimləri modelyerlər, Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfova və Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova tərəfindən hazırlanıb.
Festivalın rəsmi açılış mərasimində Türkiyənin Bursa üzrə dövlət rəsmiləri, Azərbaycanın İstanbuldakı Baş konsolluğunun əməkdaşları, Nizami Gəncəvi Vəqfinin və “Azəripək” MMC-nin rəsmi nümayəndələri, Bursa Azərbaycan İnnovasiya və Həmrəylik dərnəyinin rəhbər heyəti, Bursa Uludağ Universitetində təhsil alan azərbaycanlı gənclər, yerli ipək istehsalçı şirkətlərin rəhbərləri, eləcə də digər yerli və xarici rəsmi qonaqlar iştirak ediblər.
Van Dammın oğlu Bakıya gəlib
Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə ailəsi ilə bağlı paylaşımlar edib.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, Suada və Kristofer Avropa gəzintisindən sonra Azərbaycana gəliblər. Pianoçu həyat yoldaşı ilə valideynlərinin görüntüsünü yayımlayıb.
O bildirib ki, Kristofer onların evində qonaq olub.
Qeyd edək ki, Kristofer və Suada ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub. Suada viza ala bilmədiyi üçün həyat yoldaşından ayrı qaldığını, ABŞ-a gedə bilmədiyini bildirib. Bir müddət əvvəl isə cütlük Avropa gəzintisinə çıxaraq, orada görüşüblər.
Saxa Parlamentinin azərbaycanlı deputatı Bilik günündə məktəbliləri və valideyinləri sevindirib
Dünyanın bir çox ölkələrində bu gün - 1 sentyabr Bilik günü kimi qeyd olunur. Bu münasibətlə həmyerlimiz, Saxa Yakutiya Respublikasının Fəxri vətəndaşı, əməkdar inşaatçı və üçüncü çağırış Saxa (Yakut) Resublikası Parlamentinin – İl Tümenin deputatı Əliş Məmmədov seçildiyi Xanqalas əyalətinin məktəbliləri ilə görüşüb. O həmçinin 20 il bundan əvvəl Xanqalas rayounun Tit Arı kəndində tikdiyi məktəbdə də qonaq olub.
Tit Arı məktəbində bu il 43 şagird təhsil alacaq. Bu il isə birinci sinfə gedənlərin sayı 4 nəfərdir. Onlardan 3-ü qız, biri isə oğlandır.
Azərbaycanlı həmvətənlimiz 1 sentyabr Bilik günü münasibəti ilə Tut Arı Kənd məktəbinin kollektivini tədris ili münasibəti ilə təbrik edib. Birinci sinifə gedən 4 şagirdə xüsusui hədiyyələr təqdim edib. Deputatın görüşünə gələn kənd sakinləri və məktəbdə oxuyan digər şagirlər də hədiyyəsiz qalmayıblar. İmkansız ailələrə yardım da edilib.
Xanqalas rayonun Tit Arı kənd məktəbinin direktoru Elvira Petrovna Bilik günündə çıxış edərkən deyib:
-Əliş Zabit oğlu Məmmədov və onun rəhbəri olduğu “Yakutsement” İstehsalat Birliyi bizim məktəbin hər zaman təzələnməsində, müasirləşməsində öz dəstəyini əsirgəmir. O bu gün də bizim birinci sinfə gedən uşaqlarımızla birlikdə, bütün şagirdlərimizi sevindirməyi bacardı.
Saxa (Yakut) Respublikasının İl Tümenin deputatı Əliş Məmmədov deyir ki, Xanqalas Ulusu onun ilk əmək fəaliyyətinə başladığı yerdir. Bu ulusun tərkibində olan bütün əhalinin problemlərinin həll olunmasında, onların həyat şəraitinin yaxşılaşdırılmasında, kommunikasiya və yol problemlərinin həllində bir deputat kimi öz əməyini əsirgəmir və əsirgəməyəcək. Elə buna görə də türk yurdu Xanqalas Ulusunun sakinləri ona “Xanqalas ulusunun Fəxrı vətəndaşı” adını veriblər.
Aida Eyvazlı
Kolumbiyalılar ən çox iştirakçı ilə konsert keçirmə rekordu qırıblar.
“Ədəbiyyat və incəsənıt” oxu.az-a istinadən xəbər verir ki, Boqotadakı Mərkəzi Parkda hər yaşdan olan 16.000 musiqiçi və xor ifaçısı toplaşıb.
Onlar Bethovenin 9 nömrəli simfoniyasından bir parça, argentinalı müəllifin "Sülh göyərçinləri" mahnısını və daha dörd musiqi parçasını ifa ediblər.
"Bu, inanılmaz təcrübədir. Özünü iynə üstündə hiss edirsən, çünki gözəl musiqiçilər görürsən. Bu qədər gözəl ifaçılar arasında olmaq və musiqiyə qarışmaq necə gözəldir", - deyə iştirakçılardan biri hisslərini ifadə edib.
Konsertdə Boqota Filarmonik Orkestri də çıxış edib.
Tədbir yerli hakimiyyət orqanları, ölkənin Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənib.
Günün fotosu: Qorbaçova rəhmət deyirlər
Günün fotosu: Qorbaçova rəhmət deyirlər
SSRİ-ni dağıtdığına görə Qərb liderləri dünən 92 yaşında vəfat etmiş sonuncu SSRİ prezidenti Mixail Qorbaçova rəhmət oxuyurlar. Xüsusən ABŞ prezidenti Co Bayden bu şəxsi sülh uğrunda mübariz adlandırır.
Amma biz azərbaycanlılar Qarabağ probleminə görə, 20 yanvar qətliamına görə onu lənətləyirik.
Foto: Euronews
ABŞ-ın “Artpoetika Press” media agentliyi “Ədəbiyyat və incəsənət” portalının dərcini paylaşıb
Ötən günlərdə portalımızda Amerika şairəsi Jennifer Rathbun’un şeirləri dərc edilmişdi.
New York-da fəaliyyət göstərən "Artpoetika Press" mediası Jennifer Rathbun’un azərbaycanca şeirlərini öz Facebook səhifəsində paylaşıb. Paylaşımın mətni belədir:
“Əziz dostlar, kataloqumuzda fəaliyyət göstərən şair və tərcüməçi Jennifer Rathbun’un şeirləri Azərbaycanda Ümid Nəccari tərəfindən tərcümə edilərək “Ədəbiyyat və incəsənət” portalında nəşr edilmişdir. Bu doğmalığı şeirdə hiss etmək üçün bizə qoşulun.”
Ən çox oxunan: Türkiyənin pop ulduzu Emre Kaya bədbəxt hadisə ilə üzləşib.
“Ədəbiyyat və incəsənət” portalı bizim media-ya istinadən xəbər verir ki, Kocaelidə konsertin sonunda həddindən artıq yorulan müğənni səhnədən enərkən pilləkanlardan yerə yıxılıb.
Mühafizəçilərin köməyi ilə ayağa qaldırılan Kaya təcili xəstəxanaya aparılıb. Emrenin çiyni və ayağının çatladığı açıqlanıb.
E.Kayanın meneceri Gizem Demir müğənninin səhhətinin yaxşı olduğunu, yıxılmağa həddindən artıq yorğunluqdan yaranan təzyiq problemi səbəb olduğunu bildirib.
Sabah musiqiçilərimiz Gürcüstanda keçiriləcək beynəlxalq musiqi festivalına qatılacaqlar
Gürcüstanda ənənəvi olaraq hər il keçirilən beynəlxalq klassik musiqi festivalı - “Tsinandali - 2022” bu il də keçirilir, açılış sabah - sentyabrın 2-də olacaq.
Budəfəki klassik musiqi festivalında Gürcüstan musiqiçiləri ilə yanaşı, Azərbaycan, Ukrayna, Türkiyə, Qazaxıstan və Ermənistan musiqiçiləri iştirak edəcəklər.
Festival sentyabrın 2-də Kaxeti bölgəsinin Tsinandali kəndindəki knyaz Çavçavadze adına konsert sarayında keçiriləcək.
Sentyabrın 11-də başa çatacaq musiqi bayramında dünya miqyaslı dirijorların rəhbərliyi ilə müxtəlif ölkələrin klassik və bəstəkar mahnıları də səslənəcək.
Almaniya paytaxtında Şuşa şəhərinin 270 illiyi qeyd edilib
Berlində ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildiriblər ki, komitənin dəstəyi və Almaniyada fəaliyyət göstərən “Khari-Bülbül“ Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan konsert Şuşanın qədim, eyni zamanda, müasir tarixini, ölkəmizin Qarabağdakı parlaq Qələbəsini, həmçinin Diaspor Gənclərinin Üçüncü Yay Düşərgəsini əks etdirən videogörüntülərin nümayişi ilə başlayıb.
Sonra Bakıdan gəlmiş “Ritm” rəqs qrupunun ifasında Azərbaycanın milli rəqsləri təqdim edilib.
Tədbirin sonunda Almaniya Azərbaycanlıları Alyansının sədr müavini, “Khari-Bülbül” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Sevda Bədəliori və digərləri çıxış edərək iştirakçılara və qonaqlara minnətdarlıqlarını bildiriblər.