
Super User
Tolqa Çevikin Bakıda təxirə salınan “Tolgshow” adlı şousu noyabrda keçiriləcək
Türkiyəli aktyor Tolqa Çevikin Bakıda təxirə salınan “Tolgshow” adlı şousunun keçiriləcəyi tarix məlum olub.
Rpoqram noyabrın 24-də Bakı Konqres Mərkəzində baş tutacaq.
Bu barədə “İticket.az” platforması məlumat yayıb. Biletlərin qiyməti isə 35-350 manat arası dəyişir.
Merve Oflaz xilas üçün dəvət edilib
“Fox" kanalında yayımlanan "Bir peri masalı" serialına yeni aktrisa daxil olacaq.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, ekran işində "Arka sokaklar" serialıyla ulduzu parlayan Merve Oflaz rol alacaq.
Qeyd edək ki, baş rollarını Alina Bozla Tarık Emir Tekinin paylaşdığı ekran işi reytinqlərdə heç cür uğur əldə edə bilmir. Görəsən bu dəyişmə nəsə bir fayda verəcəkmi?
Günün fotosu: Almanlar da narazıdırsa, biz onda neyniyək?
Günün fotosu: Almanlar da narazıdırsa, biz onda neyniyək?
Pandemiya, ardınca da Rusiyanın Ukraynaya silahlı müdaxiləsi bir kabus kimi dünya ölkələrini bürüyüb. İnflyasiya və enerji böhranı bütün ölkələri narahat edir. “Biz gün-gündən kasıblaşırıq” deyən almanlar nümayişlərə başlayıblar. Berlində sağlar mitinq təşəbbüsü ilə əhalini küçələrə çıxarıb.
Həyat şəraiti təbii ki, bizdən qat-qat yüksək olan almanların bu narahatlığı fonunda, demək ki, biz də fəlakət girdabındayıq.
Foto: Euronews
Görkəmli memarlar Mikayıl Useynov və Sadıq Dadaşovun Bakıda birgə abidəsi ucaldılacaq
Prezident İlham Əliyev Bakı şəhərində görkəmli memarlar Mikayıl Useynov və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərəncama əsasən, vahid kompozisiya şəklində birgə abidənin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə Mədəniyyət Nazirliyinə tapşırılıb.
“Yarğı”nın reytinqi durmadan yüksəlir
“Kanal D" telekanalında yayımlanan "Yargı"nın izləyicilərinə xoş xəbər var.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, serial reytinqlərdə ilk sırada yer aldığı üçün 3-cü mövsümü də yayımlanacaq.
Qeyd edək ki, ekran işinin baş rollarını Kaan Urqancıoğluyla Pınar Dəniz canlandırır.
Günay Əfəndiyeva: “Biz əsl kitab bayramı yaşadıq”
Başa çatmış VIII Bakı Beynəlxalq Kitab Sərgisinin təəssüratları yəqin ki, uzun müddət yaddaşlardan silinməyəcək. Təbii ki, təşkilatçı - Mədəniyyət Nazirliyi əsl alqışlara layiqdir. “Beynəlxalq Kitab Sərgisi həm müəlliflər, həm də oxucular üçün əsl kitab bayramıdır”.
Bu fikir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya məxsusdur.
“Gözəl Bakımız növbəti dəfə Beynəlxalq Kitab Sərgisinə ev sahibliyi edir. Beynəlxalq Kitab Sərgisi həm müəlliflər, həm də oxucular üçün əsl kitab bayramıdır. İlk növbədə, qələm sahibləri öz dəyərli oxucuları ilə bir araya gəlir, kitablarını onlara təqdim edirlər. Digər tərəfdən isə sərgi çərçivəsində oxucular sevimli qəhrəmanları və onların müəllifləri ilə görüşmək, həmçinin fərqli ölkələrin nəşrləri ilə tanış olmaq fürsəti əldə edirlər. Bu bir ünsiyyətdir. Belə bir platformanın yaradılması şəxsiyyətin formalaşmasında, cəmiyyətin intellektual inkişafında, eyni zamanda xalqların və millətlərin öz milli kimliyini dərk etməsində müstəsna əhəmiyyətə malikdir. Bu proseslərdə kitabların rolu əvəzsizdir.
Mənim üçün çox xoşdur ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu il yenidən VIII Beynəlxalq Kitab Sərgisində müxtəlif ölkələrdə və dillərdə çap olunan nəşrlərini nümayiş etdirir. Bizim məqsədimiz birdir. Türk dünyasının zəngin irsini dünyaya çatdırmaq, eləcə də türk xalqlarını bir araya gətirmək və daha da yaxınlaşdırmaq” , - deyə Günay Əfəndiyeva mediaya açıqlamasında bildirib.
“Ədəbiyyat və incəsənət” portalı tanınmışların sərgi barədə təəssüratlarını dərc etməkdə davam edəcək.
Azərbaycanlı pianoçu Parisdə “Yeni ulduzlar” beynəlxalq müsabiqəsi laureatlarının konsertində çıxış edib
Parisdə “Sainte Marie des Batignolles” kilsəsində “Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsi laureatlarının konserti olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Paris müxbirinə istinadən xəbər verir ki, Azərbaycan konsertdə 15 yaşlı Səməd Əlizadə ilə təmsil olunub. Azərbaycanlı pianoçu “Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsinin qala konsertində uğurla çıxış edib.
2007-ci il fevralın 25-də anadan olmuş Səməd Əlizadə piano üzrə musiqi təhsilinə 2013-cü ildə Əfrasiyab Bədəlbəyli adına 11 illik musiqi məktəbində başlayıb. Hazırda Bakı Avropa Liseyinin 10-cu sinfində oxuyan gənc istedad 2018-ci ildə "Virtuoz əsərlərinin ən yaxşı ifaçısı" mükafatına layiq görülüb. 2020-ci ildə Dünya İncəsənət Oyunları festivalında, eləcə də Avropa istedadlar müsabiqəsində birinci yeri tutub. 2020 və 2021-ci illərdə Ədilə Əliyeva adına 15-ci və 16-cı beynəlxalq musiqi müsabiqəsində üçüncü yerə sahib olub.
Gənc pianoçu 2020-ci il "Sopravista" Beynəlxalq Festivalının 1-ci dərəcəli, 2021-ci ildə "Le Ciel de Paris" III Beynəlxalq Musiqi və İncəsənət Müsabiqəsinin II dərəcəli laureatı olub, "Üç alov" onlayn folklor, klassik və müasir festivalda Qran-Priyə layiq görülüb.
2021-ci ildə ADA School MUN konfransında iştirak edərək "Ən yaxşı debütant" diplomunu alıb. “Sabahın alimləri” XI respublika müsabiqəsində isə “Qarabağ regionunun ekosisteminin innovativ üsullarla bərpası” elmi işinə görə birinci yeri tutub.
Gənc pianoçu 2022-ci ilin iyulun 10-da Parisdə “Saint Germain des Prés” kilsəsində ARTİMA Assosiasiyası tərəfindən təşkil edilmiş 6-cı “Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsində iştirak edərək ilk pillədə qərarlaşıb.
“Yeni ulduzlar” gənc istedadlar beynəlxalq müsabiqəsinin təşkilatçısı ARTİMA Assosiasiyası 2010-cu ildə yaradılıb. Assosiasiya gənc fransız və əcnəbi musiqiçiləri dəstəkləmək və təbliğ etmək üçün müsabiqələr, konsertlər və maarifləndirici aksiyalar təşkil edir.
“Havada fırlanır ağrı pərləri…”
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraətdə sizə şair Yusif Nəğməkarın “mənzum dua” adlandırdığı “Dərdə dibsiz dərya deyən dildar, ey!” adlı şeirini təqdim edir.
İstər nökər, şah olsun,
İstər fəryad, ah olsun...
Min fərddən nicat umma,
Sənlə bir ALLAH olsun!
***
Təkəri Yer şarı yol çantaları --
Uzaq yolçuların hal yoldaşları.
Bir əldə "sirab"ı, ya "fanta"ları
Suçamı susayıb pürğəm başları?!
Uçaq meydanında uçunan ürək
Girinc göynəklərin təzyiq yüküdür.
Tənsiz tansiona sakitlik gərək,
Dalğınlıq, alğınlıq qafa bürküdür.
Dərd şimşək qanadla çaxır göylərə,
Havada fırlanır ağrı pərləri.
Təbiblər töhfəsi inad səylərə
İnam əl bağlayır hünərvərləri...
Ərşin arşınında dövrə qəsdi nə --
Yelləncək təyyarə, diyircək dünya?!
Dolanar qəm tiyə iyin üstünə
İplik düyçə kimi əyircək dünya.
Yerdə yağrı basan səqfə sürünər,
İlac ulduzları sönməsin barı.
Gecə Ay işıqlı yola bürünər,
Yol da yol yolundan dönməsin barı.
Uçar xəyalım da qoşaqanadlı,
Uca ümidlərə, ön an geriyə.
Qalxan qəti qayəm çılğın yel atlı
Dönə sevincimə, könlüm kiriyə.
Müjdə sərnişinli hava gəmisi
Enə həsrətimin təşnə qoynuna.
O dua qolları -- dəva hamisi
Sarıla uçağın qutsal boynuna.
Üfiqlər od ala dualarımdan,
Ayətim arzumun can yeri ola.
Qalam qibləm ilə üzbəüz an-an,
O can canım üçün dan yeri ola!..
Sevgi yoxsa, qalan nə var daş-divar;
Bu dünyanı başımıza bil dar, ey!
Min dərd varsa, minbir də çarəsi var,
Dərdə dibsiz dərya deyən dildar, ey!..
İlğım pərdə çəkər gözümə qan-qan,
Soraq ibadətim, sidqim də pakdan.
Məqamın yazdığı tarixlə ünvan --
Şifa İstanbuldan, dilək Bakıdan...
Gözüm yol çəkirkən yol məni çəkir,
Çəkdiyim yüz fikir bir borca dəyməz.
Uçaq enişində bir qartal səkir,
Bu vüsal, inşallah, alnımı düyməz!..
Rəsm qalereyası: Nəvai Mətin, “Pakistan günləri” silsiləsindən
Təki heç kəsin xatirəsi acı olmasın – beynəlxalq miqyasda uğur qazanan filmimiz barədə
“Ədəbiyyat və incəsənət” portalının qonağı rejissor Cəlaləddin Qasımovdur. Bildiyiniz kimi bu yaxınılarda azərbaycanlı rejissorun filmi Kanadanın Toronto şəhərində keçirilən “Toronto Film for Peace Film” Beynəlxalq festivalda uğur qazanıb. Söhbətimiz də bu barədədir.
-Cəlaləddin bəy, mümkünsə kinomuzun bu son nailiyyəti barədə məlumat verərdiniz.
-Rejissoru və ssenari müəllifi olduğum “Acı xatirə” bədii-sənədli filmi böyük uğur qazanaraq ”Beynəlxalq Toronto Film for Peace Film” festivalnda ölkəmizi təmsil edib finala vəsiqə qazandı. Eyni zamanda, “Edam günü” bədii filmim isə beynəlxalq festivalda “Ən yaxşı prodüsser” kateqoriyası üzrə qalib oldu.
-Toronto festivalı barədə daha geniş məlumat verərdiniz.
-Kanadanın Toronto şəhərində keçirilən “Beynəlxalq Toronto Film for Peace Film” festivalı 2022-ci ilin 24 sentyabrından ta ki 29 sentyabradək - beş gün ərzində davam etdi.
Bu Festivalda adətən incəsənət, musiqi, kino sahəsində dünyada tanınmış ən böyük adların iştiraki ilə xüsusi tədbirlər keçirilir, film, musiqi, rəsm əsərləri İPF-nin tərəfdaşlarına nümayiş etdirilir və bununla da Festival iştirakçılarına əsas mesajlar çatdırılır.
-Sizcə, “Acı xatirə” filminin orda uğur qazanmasını şərtləndirən nələr oldu?
-“Acı xatirə” bədii-sənədli filmi son vaxtlar fəlakət həddinə çatan yol-nəqliyyat hadisələrinə diqqəti cəlb etmək məqsədini güdür, yəni filmin mesajı çox aktual bir mövzu barədədir, bu mövzu da bütün xalqları və cəmiyyətləri narahat edir. Film yol polisi və həkimin dostluğundan bəhs edir, yol polisi əməkdaşı ilə həkim arasındakı münasibətlərin yol hərəkəti qaydalarına riayət olunmasına necə təsir göstərdiyini əyan edir. Ekran əsəri həkimlərlə birlikdə öz həyatlarını təhlükəyə atan polislərin və reportyorların cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib. “Acı xatirə” bədii-sənədli filmininin Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəri kimi dəyərləndiriləcəyinə əminəm.
-Çəkdiyiniz filmlər zamanı əsas məqsədiniz nədir?
-Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün deyil, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Çəkdiyimiz filmlər dünya distribütorları tərəfindən razılıqla qarşılanır, artıq filmlərimiz 17 platformaya yerləşdirilib, dünya film bazarında özünə layiqli yer tutmağa çalışır. Dünya mediasında bu son ekran əsərimiz barədə geniş məlumatlar yazılıb. Dəstək olsa, biz daha da böyük uğurlar əldə edə bilərik, mədəniyyətimizi daha geniş şəkildə dünyaya tanıtdıra bilərik. Ərsəyə gətirdiyimiz filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan, öz hesabımıza aparmışıq.
- “Acı xatirə” bədii-sənədli filmində kimlər rol alıb?
-Xalq artisti Sabir Məmmədov, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, montajçısı Elnur Tarverdiyevdir.
-Bəs “Edam günü” filminin mövzusu nədir?
-“Edam günü” bədii filmindəki hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam.
-Bəs bu filmi kimlər ərsəyə gətirib?
-Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.
-Oxucularımız filmə You Tube platformasında tamaşa edə bilərlərmi?
-Bəli, “Acı xatirə” bədii-sənədli filminin linkini sizin dəyərli oxucularınıza təqdim edirəm.
https://www.youtube.com/watch?v=2W-_IA7XSVQ