
Super User
Qarabağda "Art Mall" Kompleksi yaradılacaq
2023-2026-cı illərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “Art Mall” Kompleksinin yaradılması nəzərdə tutulur.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, bu işi əsasən Mədəniyyət Nazirliyi icra edəcək. Digər icraçılar isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi, Bərpa, Tikinti və İdarəetmə Xidməti, Yerli İcra hakimiyyətləri, Prezidentin Xüsusi Nümayəndəliyidir.
Natəvan Klubunda “Azərbaycan kəlağayısı min illərin yadigarı” kitabı təqdim olunub
Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin (İB) hazırladığı "Azərbaycan kəlağayısı min illərin yadigarı" kitabının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri giriş sözü ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı açıb. O, kitabda işıq üzü görən müəllif yazıları və şeirlərinin kəlağayını oxuculara daha da sevdirəcəyini qeyd edib.
Təqdimatda yeni işıq üzü görən kitabla yanaşı, eyni zamanda, qədim Azərbaycan kəlağayıları nümayiş etdirilib. Xüsusilə Basqal ustalarından Mürşüd Cəbrayılovun kəlağayı üzərində hazırlanmış Azərbaycanın tanınmış simalarından Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Xan Şuşunskinin şəkillərini əks etdirən əl işləri nümayiş olunub.
Kitab Azərbaycanın milli dəyərlərindən olan kəlağayı haqqında klassik ədəbiyyatımızdan müasir ədəbiyyatımızadək dəyərli fikirləri, şeirləri, məqalələri bir araya gətirib.
Tədbirdə çıxış edən görkəmli ziyalılar, söz adamları kəlağayı haqqında kitabın məziyyətlərindən danışıb, təəssüratlarını bölüşüblər.
Prezident “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibində dəyişiklik etdi
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini” sözləri çıxarılsın;
1.2. “sədrinin müavini” sözlərindən sonra nöqtə işarəsi çıxarılsın və aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Azad Cəfərli – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi.”.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 noyabr 2022-ci il
Dünyaşöhrətli pianoçunun ustad dərsləri başlandı
Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və “Cultural Network House" (“Mədəniyyət Şəbəkələr Evi”) İctimai Birliyinin birgə təşkilatçılığı ilə dünyaşöhrətli pianoçu Şahin Növrəslinin “Ustad dərsləri” layihəsinə start verilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Ustad dərsləri” layihəsi 3 mərhələdən ibarətdir. İlkin mərhələdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər arasında seçim turu keçirilib. Daha sonra Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində “Ustad dərsləri”nə başlanılıb. Həmçinin ustad dərsləri keçən şagirdlərin Şahin Növrəslinin rəhbərliyi ilə konsert proqramı və onlara sertifikatların təqdim edilməsi nəzərdə tutulur.
Layihənin məqsədi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin klassik repertuarına daxil olan proqramlardan əlavə, ifaçılıq bacarığının ahəngdar inkişaf yollarını özündə cəmləşdirən kamil və universal musiqiçi hazırlamaqdır. Həmçinin caz musiqisinin uşaqlar arasında geniş təbliğini gerçəkləşdirməklə onların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.
Eyni zamanda, şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasına dəstək olmaq, eləcə də musiqi təhsilində Avropa standartlarını tətbiq edib ustad dərsləri vasitəsilə onlara daha bir yeni ustad töhfəsi verməkdən ibarətdir.
Layihə dekabrın 3-dək (həftədə bir dəfə olmaqla) davam edəcək.
Qeyd edək ki, “Cultural Network House" İctimai Birliyinin təşkil etdiyi mədəniyyət və incəsənət layihələri ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan mədəniyyətinin təmsili və təbliğinə xidmət edir.
Bəri başdan deyək ki, uşaqlar bu layihədən hədsiz fayda alacaqlar.
Balaban bəy - Əlixan Səmədov
“Biri balabanın adını səhv deyəndə, hirsləndim. Baxdım ki, aləti tanımırlar. Dedim ki, "Əlixan, sən bunu tanıdacaqsan".
“Ədəbiyyat və incəsənət” portalı oxu.az-a istinadən xəbər verir ki, bu sözləri nəfəsli alətlərin tanınmış ifaçısı, Xalq artisti Əlixan Səmədov Baku TV-yə müsahibəsində deyib.
O qeyd edib ki, bu musiqi alətini tanıtmaq üçün o qədər işlər görüb ki, hətta onu bir müddət "Balaban bəy" adlandırıblar.
"İlk dəfə albomum çıxanda dedilər ki, sənin musiqin elitdir" deyən Xalq artisti məşhur türkiyəli müğənnilərin mahnılarındakı ifalarından, ermənilərin balabanı özününküləşdirməyə çalışmasına qarşı necə mübarizə aparmasından da bəhs edib.
Şakira futbolsevərləri məyus etdi
Məşhur kolumbiyalı müğənni Şakira Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasimində çıxış etməyəcək.
“Ədəbiyyat və incəsənət” portalı Qərb mətbuatına istinadən xəbər verir ki, müğənni turnirin başlamasına bir neçə gün qalmış ölkədə insan haqlarının pozulması ilə bağlı Qətərdəki siyasi rejimi tənqid edərək mərasimdə çıxış etməkdən imtina edib. “Diktaturalara bayram yaraşmaz” deyib Şakira.
Bundan əvvəl bir neçə məşhur turnirdə iştirakdan imtina edib.
Sabah azərbaycanlı müğənniyə görə Rusiyada yolları bağlayacaqlar
Noyabrın 19-da Nijni Novqorodda Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) konserti olacaq.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, ifaçı 5600 nəfərlik idman sarayında solo proqramla çıxış edəcək. Konsertə biletlərin qiyməti isə 2600 rubldan (72 AZN-dən) başlayır.
Bildirilib ki, həmin gün konsertlə əlaqədar idman sarayının yaxınlığında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə xəbər Nijni Novqorod şəhər administrasiyasının rəsmi saytında verilən sərəncamda yazılıb. Müəyyən ərazidə və yolda nəqliyyatın, eyni zamanda dayanacağın qadağan ediləcəyi qeyd olunub.
Dünyanın ən gözəl fotoları
Foto həvəskarları yaxşı bilirlər, dünyanln ən yaxşı fotoları Sony World Photography Awards müsabiqəsində müəyyənləşir.
“Ədəbiyyat və incəsənət” portalı müsabiqənin rəsmi instagram səhifəsinə istinadən məlumat verir ki, şort listə 100 foto daxil edilib. Bunlardan biri də sizə təqdim etdiyimiz mənzərə fotosudur. Müəlkif Avstraliyadan olan Kreyq Mak Kovandır.
Aşıq Əlixan Niftəliyev vəfat edib
“Ədəbiyyat və incəsənət” portalı şair Əkbər Qoşalıya istinadən xəbər verir ki, Tovuz aşıq məktəbinin görkəmli nümayəndəsi, qeyri-adi səsə malik ustad sənətkarımız Əlixan Niftəliyev haqqın rəhmətinə qovuşub.
Xatirəsi həmişə əziz olacaq. Ocağı sönməsin.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002; 2019; № 5, maddələr 822, 825, № 10, maddə 1588, № 12, maddə 1929; 2020, № 7, maddə 892; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1841 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 5.6.13-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.6.14-cü yarımbənd əlavə edilsin:
“5.6.14. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 noyabr 2022-ci il