ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə axşamı, 23 Fevral 2023 14:00

2 manatlıq bahalı paltı

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən İlham Namiq Kamaldır.

 

 

İLHAM NAMİQ KAMAL

(1949)

***

Məni lətifə deyən adam kimi də tanıyırlar. İmkan düşmüşkən sizə teatrla bağlı bir neçə lətifə danışım.

Demək, tamaşa gedir. Səhnədə aktyorlar həkim rolu oynayırlar. İşıqlar sönüb, tam sakitlikdir. Birdən ön sıradakı tamaşaçılardan biri çığırır:

– Zalda həkim var?

Arxa sıralardan səs gəlir.

– Bəli, var! Mən həkiməm.

– Kolleqa, bu necə həkimlərdir bizə göstərirlər?

 

 

***

Demək tamaşadan sonra rejissor aktyoru danlayır.

– Tamaşaya sərxoş gəlməyini demirəm, rolun yarısını unutduğun da bir yana qalsın, yaxşı, bəs sələmçi arvadı niyə baltalamadın, boğdun, hə?

– Əşşi, mən neynim ey, ömrüm boyu Otello oynamışam, arvadı Dezdomona ilə səhv saldım.

 

***

Kişi teatrın qarderobçusuna 2 manat verib paltonu götürür. Arvadı onun üstünə çığırır.

– Heç qarderobçuya 2 manat verərlər?

– Sss, sakit ol, 2 manata mənim nimdaş paltomu bahalı paltoya dəyişdi…


“Ədəbiyyat və incəsənət”

(23,02.2022)

Cümə axşamı, 23 Fevral 2023 16:00

“Sənə gül atdılar, mənə də güllə…”

Poetik qiraət rubrikasında daimi müəllifimiz - şair Əlizadə Nuri öz “Sənə gül atdılar, mənə də güllə” şeiri ilədir. 

 

Dolub gözlərimə bu eşqin qumu,

Gecə yatağımdan qovur yuxunu.

Ayrılıq məktubu, vida məktubu 

“Qara kağız” kimi çətin oxunur…

 

Üşüyən bu gülün od-ocağı yox,

O yandan  fevral da gəlir  qarıyla.

O yetim uşağın oyuncağı yox,

O uşaq oynayır göz yaşlarıyla…

 

…Çəkib öz komama gətirdim bu gün

Qorxdum ki, bayırda darıxa bu qəm.

Qəmi övladlığa götürdüm bu gün-

Onu balam kimi böyüdəcəyəm…

 

Biz hara gedirik bu boş könüllə?

Bir ayın içində ayrı həftəyik.

Sənə gül atdılar, mənə də güllə-

Yaxşı ki, ikimiz bir hədəfdəyik…

 

Əsən ayrılıqdı, yel deyil əsən,

Bu bəxti tikməyə mənə sap verin.

Niyə əllərini qoyub getmisən

Səni soruşanda nə cavab verim?!..

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

Əslində, uğur formulu ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

15) Özünəinam.

Nəhayət, uğur qazanmaq yolunda ən vacib parametrlərdən biri olan «özünəinam»a gəlib çıxdıq. Ən sonda ən vacib olan parametrə toxunuruq, belə ki, özünəinam, bütün böyük uğurların məhz startıdır, bu hiss yoxdursa hansı uğurdan söhbət gedə bilər axı? «Özünəinam» insanın hər şeyə nail olacağına qəti əminliyidir, ən çətin vəziyyətdə, ən ağır şəraitdə özünə güvənməsidir.

Özünə necə inanmalı? Adi sualdır, amma adi olduğu qədər də bəzən həlli müşküllük yaradan situasiyalara işarə edən sualdır.

 - İlk öncə, əziz oxucum, qarşınızda duran məqsəd və vəzifələrin ağırlığını, həlledilməzlik illüziyasını dağıdın, «həll edilməz məsələ yoxdur, mən hər şeyi bacarıram», «azacıq zaman lazımdır, sonda gülən tərəf mən olacağam» tipli autotreninqlərdən faydalanın. Çox vaxt insan hər hansı kiçik problemini süni olaraq böyüdür, həlledilməz həddə çatdırır, nəticədə də panikaya düşür, həyatın nəbzini itirir. Buna əsla yol verməyin!

 - Özünəinamı bərk sarsıdan faktorlardan biri də uğursuz bir şəxsdən nümunə götürməkdir. Kimsə həmin işi sizdən əvvəl görüb, onda alınmayıbsa «bu məndə də alınmaz» deyə qorxu keçirirsiniz. «Hər situasiya fərqli, hər şəxs də fərqlidir» postulatını əsas götürüb kimlərisə özünüzə nümunə gətirməyin. Yox, əgər mütləq nümunə gətirmək istəyirsinizsə, onda çalışın, uğurlu bir insanı nümunə gətirəsiniz.

 - Özünəinam hissini gücləndirməyin başqa bir yolu öz kemiş qələbələrinizi xatırlamağınız, uğurlarınıza təkrarən nəzər yetirməyinizdir, Bunlar sizə əlavə stimul verəcək, gücünüzə sanki əlavə güc qatacaq.

 - Özünəinamı formalaşdıran daha bir detal reallıqda qalmaq, xəyallarda uçmamaqdır. Nə mənada? O mənada ki, biz bəzən öz gücümüz dişarında olan işləri aşırmaq xəyalları qürur, planları cızırıq. Kiminçünsə milyonçu olmaq, kiminçünsə Olimpiya çempionluğu qazanmaq, kiminçünsə prezident seçilmək mümkün hal olduğu halda, təbii ki, böyük əksəriyyət üçün mümkünsüzdür. İnsanlar milyardlarcadır, ən uca zirvələr isə tək-tük seçilmişlər üçündür. Baxın, seçilmiş olmasına heç bir zəmin olmayanın seçilmişlik iddiası sonda təbii ki, uğursuzluqla nəticələnir və onun özünəinam hissləri zədələnir. Bu səbəbə görə də, başından uca tullanmaq planları qurmayın, özünəinamınızı real planlarda sınaqdan çıxarın.

 - Özünəinam hissini gücləndirmək üçün şəxsi mövqeyə malik olmaq, prioritetləri düzgün sıralamaq, pozitiv və uğurlu ətrafa malik olmaq, stress və depressiyalardan qaçmaq da vacib rol oynayır ki, bunlar barədə kitabın digər bölümlərində ətraflı məlumat verəcəyəm.

Beləliklə, biz bu bölümdə uğur qazanma üçün lazım olan 15 əsas keyfiyyətdən söz açdıq. Düşünürəm ki, onların hər birini yadınızda saxlaya bildiniz.

 

“Ədəbiyyat və incəsənət”

(23.02. 2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cümə axşamı, 23 Fevral 2023 12:30

Motsart, Veber, Rodriqo

“Yeni adlar” layihəsi yeni mövsümdə də davam edir

 

Mədəniyyət Nazirliyinin 2022-ci ildən həyata keçirdiyi “Yeni adlar” musiqi layihəsi bu il də davam edir. Müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihə bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur. 

 

Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.

Layihənin yeni mövsümdə ilk konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşib.

Konsertdən əvvəl qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə respublika və beynəlxalq müsabiqələr laureatları Canel Nəcəfli (violin), Səid Bağırzadə (klarnet) və Zaur Məmmədov (gitara) öz ifaları ilə musiqisevərlərin könlünü oxşadılar.

Canel Nəcəflinin ifasında V.A.Motsartın “Violin və orkestr üçün 3 nömrəli konsert” (sol major, op.216), Səid Bağırzadənin ifasında K.Veberin “Klarnet və orkestr üçün 1 nömrəli konsert” (fa minor, op.73), Zaur Məmmədovun təqdimatında isə X.Rodriqonun klassik gitara və orkestr üçün “Concierto de aranjues” əsərləri alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Cümə axşamı, 23 Fevral 2023 11:45

“Kino gözlə söz arasında”

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, sənətşünas, ssenarist Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabı işıq üzü görüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə çap edilmiş, “Kinematoqrafçının kitabxanası” seriyasından olan kitab 3 hissədən- “Filmin dramaturgiyası”, “Filmin estetikası”, “Filmlərə baxış” bölümündən ibarətdir.

 

Kitabda söz və sözün izahı, dramaturgiya nədir və filmdə dramaturgiyanın rolu, mimesis – təqlid gerçəkliyin əksi kimi, realizm, Hegel – dünyanın dramaturji qəlibi kimi, Aristotel təlimi, və s. məqamlar geniş yer alıb.

“Filmin estetikası” hissəsi, adından göründüyü kimi, filmin estetikasında həlledici olan film rejissorluğu haqqındadır. Kitabın orijinal aspektlərindən biri filmdə müəllifin, müasir rejissorlardan Emil Quliyevin “Pərdə” trilogiyası, Azərbaycan kinoklassiklərindən Rüstəm İbrahimbəyovun, Həsən Seyidbəylinin filmləri, dünya klassikasından Roman Polanski və Nuri Bilgə Ceylanın filmləri tamamilə yeni rakursdan analiz edilir.

Kitabı gənc kinodramaturqlar üçün dəyərli edən cəhət, dünyada ən populyar ssenari ustadlarının, Con Trubi, Sid Fild, Kristofer Voqler və Robert Makkinin müəllifi olduğu təlimlərin ensiklopediyasıdır. Müəllif hər bir təlimi ətraflı izah edir.

Yeni çıxan kitabın dərslik vəsaiti kimi də əhəmiyyəti yüksəkdir. 

“Kino gözlə söz arasında” kitabının layihə rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, redaktoru Məqsəd Nur, rəssamı Sevinc Quliyevadır.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

1. Arzular təfəkkürün problemlərlə dolu gerçəkliklərdən qaçıb gizləndiyi xoş yerdir.

 

2. Ağlı olan heç vaxt tək olmur.

 

3. Həmişə ağıllı olmaq darıxdırıcıdır, hərdən axmaqlıqdan da imkan kimi istifadə etmək lazımdır.

 

4. Qadını tanımağa kişi ağlı acizdir, yalnız qəlb buna kömək ola bilir.

 

5. Arxadan kürəyə vurmaq zəmanəsi keçdi, indi üzbəüz, gözə baxa-baxa vururlar.

 

6. Gücü az olanın səsi çox çıxar.

 

7. Dünyanın ən böyük dəyəri özünsən, bütün başqa dəyərlər sən olduğuna görə mövcuddurlar.

 

8. Başımızın üstündəki sonsuz səma sonsuz böyüməyimiz üçün imkandır.

 

9. Kişinin qadınlar haqqında bilməli olduğu yeganə şey odur ki, onlar nağılları sevirlər.

 

10. Özünü yaxşı saymaq başqaları haqda məlumatsızlıqdan doğur.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Mayın 29-da Heydər Əliyev Sarayında bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin ilk böyük solo konserti keçiriləcək.

Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə A.Əhmədli öz repertuardakı mahnılarla yanaşı, muğamlar, xalq və bəstəkar mahnılarını da səsləndirəcək.

Biletləri şəhərin bütün kassalarından, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindəki kassalardan əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Növbəti Ekspress-sorğuda əməkdaşımız Habil Yaşar “Müasir Azərbaycan ədəbiyyatında hansı mövzuda əsərlərin yazılmasını istərdiniz?” sualına cavab alıb. 

 

 1. Hənifə Əzizəliyeva-müəllimə: Sağlam ailə, sağlam düşüncə, vətənpərvərlik ruhunďa.

 

 2. Anar Əzizəliyev-müəllim: Məhəbbət mövzusunda ve dedektiv janrlı.

 

 3. Sövkət Zeynalova-müəllimə:  Mən ən çox istərdim qanı ilə bizə sevinc yaşadan, işğaldan torpaqlarımızı azad edən şəhidlərimizin, qazilərimizin həyatı və yaradıcılığı işıqlandırılsın.

 

 4. Zülfiyyə Məmmədova-müəllimə: Sevgi mövzusunda daha çox yazılmasını istərdim.

 

 5. Vəfadar Nəsibov-proqraqmçı: Fəlsəfi, fantastik. Qalaktikalararası səyahət, yerin yaranması haqqında və s.

 

6. Fərid Qədirov-musiqiçi: Daha çox milliyətimizə aid, milli mənəvi dəyərlərimiz barədə yazılsa xoş olar.

 

7. İradə Allahverdiyeva-müəllimə: Sevgi, maarifləndirmə və vətənpərvərlik mövzusunda əsərlər arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Cümə axşamı, 23 Fevral 2023 11:15

Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Kamera ansamblı” kafedrası tələbələrinin Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunmuş konserti olub. 

 

Akademiyanın yaydığı məlumata görə, konsertdə professorlar Kəmalə Neymanova, Töfhə Babayeva, Fəridə Əhmədbəyova, Xanım Abdullayevanın tələbələri - Rəşad Abdullayev, Məryəm Məmmədova, Lamiyə Sərxanova, İlahə Məmmədova, Lalə Gözəlova, Renata Abubəkirova, Əzizə Abdullayeva, Əli Günəşov, Əhməd Əhmədov, Rəşad Ağayev, Jalə İslamova, Zərrin Əliyeva, Orxan Cumayev, Nərminə İsmayılova, Osman Mustafazadə çıxış ediblər.

Tədbirdə Lüdviq Van Bethovenin, F.Şubertin, Klod Debüssinin, Dmitri Şostakoviçin, Mixayıl İvanoviç Qlinkanın və Fazil Sayın əsərləri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibəti ilə: 2-ci məqalə

 

 

Öz məqsədlərinin həyata keçirilməsi və missiyasının gerçəkləşməsi üçün fəaliyyətinin lap əvvəlindən Assosiasiya tərəfindən Azərbaycanda ilk dəfə kulturologiya sahəsində peşəkar tədqiqatlara başlandı. Kulturologiyanı insanın ağlı, hisləri və əməyi ilə yaranmış “ikinci süni təbiət” kimi qiymətləndirən “Simurq” AMA «Homo sapiens» -dən (“ağıllı insan”) yüksək bilik, bacarıq, təşkilatçılıq, mənəviyyat səviyyəsinə və yaradıcılıq fəaliyyətinə malik yeni insan tipi «Homo culturalis» -ə (“mədəni insan”) keçidi strateji vəzifəsi elan edib.

Assosiasiya rəhbər ideyası olan “yüksək mədəniyyətli insanların inkişafı” və “insanın davranışı onun mədəniyyətinin dəyişməsi ilə dəyişir” fikrini nəzərdə tutan L.A. Uayt qanunundan çıxış edərək, innovativ kulturoloji fəaliyyətinin şüarı qismində “Əgər dünya mədəniyyəti müdafiə edərsə, mədəniyyət dünyanı xilas edər” kəlamını seçib.

Assosiasiya könüllü olaraq yüzlərlə üzvü birləşdirir, onların arasında 30-dan çox akademik, milli və beynəlxalq elmlər akademiyalarının müxbir üzvləri, tanınmış incəsənət xadimləri, müəllimlər, ictimi xadimlər, diplomatlar, jurnalistlər, istedadlı gənclər var.

“Simurq” AMA-nın dəyərləri

Assosiasiyanın məqsədləri bir tərəfdən - insanın müsbət həyat fəaliyyətinin “yumşaq gücü” kimi azərbaycanlıların yüksək ruhi mədəniyyət dəyərləri, digər tərəfdən – “müdriklik haqqında elm kimi” müasir kulturologiyanın nailiyyətləri üzərində qurulur.

Assosiasiyanın dəyərlərinin əsasında insan inkişafı və milli inkişafın tələblərini ödəməyə, zamanın çağırışlarına layiqincə cavab verməyə imkan yaradan yüksək mədəniyyətli vətəndaşların yetişdirilməsi və çətin həyati problemlərin həlli əsnasında düzgün qərarların seçimi üçün əhəmiyyətli olan psixoloji oriyentirlər dayanır.

Bunlar xeyir, ədalət, həqiqət, bilik, sevgi, dostluq, vicdan, insan ləyaqəti, nəciblik, cəsurluq, namus, şəxsiyyətə hörmət, etika, estetika, ailə mədəniyyəti, humanizm, vətənpərvərlik, inam, böyüklərə ehtiram, uşaqlara məhəbbət, qonaqpərvərlik və başqa mənəvi dəyərlərdir. Onlar həmçinin elm, təhsil, maarif, meritokratiya, yaradıcı fəaliyyət, rifah, sülh mədəniyyəti, özünütəkmilləşdirmə, əmək və idarəetmə mədəniyyəti, peşəkar səriştə, şəxsi məsuliyyət, həyat qabiliyyətli və güclü dövlət, davamlı inkişaf, rəqabətqabiliyyətlilik, milli təhlükəsizlik və s. sosial və siyasi dəyərlərdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.