
Super User
YARAT -da “METAKOD” davam edir
YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “METAKOD” adlı sərgini sənətsevərlərin ixtiyarına verib. Və sərgi uğurla davam etməkdədir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgidə müxtəlif nəsillərdən olan Azərbaycan rəssamları – Rasim Babayev, Rəşad Babayev, Hüseyn Cəlilov, Teymur Daimi, İrina Eldarova, Leyli Ələkbərova, Ənvər Əsgərov, Hüseyn Haqverdiyev, Orxan Hüseynov, Fərhad Xəlilov, Zaur Kantemirov, Leyla Qabulova, Tərlan Qorçu, Sənan Qurbanov, Aida Mahmudova, Məmməd Mustafayev, Altay Sadıqzadə, Mir Nadir Zeynalovun və "043" (Mövsüm və Ramil) yaradıcı kollektivinin əsərləri nümayiş olunur.
Kuratorları Fərəh Ələkbərli, Şirin Məlikova və Sabina Şıxlinskaya olan sərgi gələn ilin aprel ayının 30-dək ziyarətçilər üçün açıq qalacaq.
Bəşəriyyət, ən qədim dövrlərdən bəri, vizual dildən istifadə edən zaman ideyaları ötürmək üçün, müxtəlif təsvirlər yaratmaqla, öz düşüncəsini “verballaşdırıb”. İncəsənət və mədəniyyət tarixi boyunca vizual dil, məna və amillərin “kodlaşdırmaq” üçün istifadə edilib. Xəyali vəziyyətlərə reaksiya vermək qabiliyyəti isə, abstrakt (mücərrəd) düşüncənin inkişafının əsasını təşkil edib.
“METAKOD” sərgisi öz əsərlərində millətin “mədəni kodlarını” üzə çıxaran, müxtəlif dövrlərə aid 20 Azərbaycan rəssamının əsərlərini birləşdirir. Bu layihə-tədqiqatın kurator konsepsiyasının əsasında, müxtəlif incəsənət sahələrində bu günə qədər gəlib çatan xətlər və simvolların "gizli dili" qismində mədəni kodun transformasiyası haqqında nəzəriyyə dayanır.
Ekspozisiyaya yeni əsrin rəssamları ilə birgə dialoqda, “yenidənqurma” (“perestroyka”) dövrünün rəssamlarının əsərləri də daxildir.
“Ədəbiyyat və incəsənət”
(14.12.2022)
Daha 26 məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 13-də keçirilən iclasında 26 məsələ müzakirə edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, əvvəlcə komitə sədri Tahir Mirkişili bir-biri ilə bağlı olan ilk iki məsələni müzakirəyə təqdim edib. O, Gömrük Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini gömrük sistemində aparılan islahatlar kontekstində xarakterizə edərək təklif olunan dəyişikliklərin gömrük prosedurlarının sadələşdirilməsi, sahibkarların maraqlarının qorunması baxımından əhəmiyyətini yüksək qiymətləndirib.
Tahir Mirkişili deyib ki, Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklər malların gömrükdən daha sürətli keçidinin təmin edilməsi məqsədilə hazırlanıb. Layihədə malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif olunub. Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə verməlidir.
“Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi isə malların gömrük dəyərinin müəyyən edilməsinin sadə və ədalətli meyarlara əsaslanmasını təsbit edir. Eyni zamanda, gömrük dəyərinin müəyyən edilməsi sahəsində vahid təcrübənin formalaşmasına, bu sahədə sui-istifadə və neqativ halların qarşısının alınmasına, beynəlxalq qaydaların implementasiyasına və şəffaflığın artırılmasına xidmət edir.
İclasda iştirak edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini icra edən Şahin Bağırov deyib ki, qanun layihələri daha çox biznes mühitinin inkişafına yönəlib. Malların gömrük dəyərinin düzgün müəyyən edilməsinin əhəmiyyətini vurğulayan Şahin Bağırov dəyişikliklərlə bağlı gömrük orqanlarının üzərlərinə düşən məsuliyyətə ciddi riayət edəcəyini bildirib.
Dövlət Gömrük Komitəsinin rəhbəri gömrük orqanlarında görülən işlər, prosedurların sadələşdirilməsi, gömrük sisteminin elektronlaşdırılması, vətəndaşların gömrük sahəsində məmnunluq səviyyəsinin yüksəldilməsi və digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə deputatlara məlumat verib.
Müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, komitənin üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Vüqar Bayramov, Rüfət Quliyev, İqbal Məmmədov, Məzahir Əfəndiyev, Aydın Hüseynov, Məşhur Məmmədov və Anar Məmmədov çıxış ediblər. Deputatlar layihələri gömrük xidmətlərindən istifadənin asanlaşdırılması və elektronlaşdırılması baxımından müsbət qiymətləndiriblər, son vaxtlar gömrük sistemində görülən işləri təqdirlə qarşılayıblar. Milli Məclisin deputatları malların gömrük dəyərinin formalaşması qaydaları, daxili bazarın qorunması metodologiyası ilə maraqlanıb, gömrük sahəsində məmnunluq indeksinin yüksəldilməsinin vacibliyini vurğulayıb, qanun layihələri barədə fikirlərini bildirib və suallarını səsləndiriblər.
Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini icra edən Şahin Bağırov deputatların suallarına aydınlıq gətirəndən sonra hər iki qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Sonra komitə sədri bildirib ki, gündəliyin 3-cü məsələsindən başlayaraq növbəti 18 məsələ Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb və üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihələridir.
Beləliklə, deputatlar Vergi Məcəlləsində, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Avtomobil yolları haqqında”, “Banklar haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda, həmçinin “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı qanun layihələrini nəzərdən keçirərək üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda bir-biri ilə bağlı olan və mobil cihazların qeydiyyatının aparılmasının hüquqi əsaslarını müəyyən edən İnzibati Xətalar Məcəlləsində və “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı olan qanun layihələri, həmçinin radiotezlik resurslarının müddətli ayrılması, radiotezliklərdən istifadənin əsaslarının müəyyən olunduğu “Telekommunikasiya haqqında” Qanunda, “Lisenziyalar və icazələr haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı daha üç qanun layihəsi də nəzərdən keçirilərək ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasın sonunda Ələt azad iqtisadi zonasında fəaliyyət üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması, müvəqqəti qalması məsələlərinin tənzimlənməsi ilə bağlı Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) baxılaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.
“Ədəbiyyat və incəsənət”
(14.12.2022)
Sabah “Casus” nümayiş olunacaq
Dekabrın 15-də Azərbaycan Akademik Rus Dövlət Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Casus” pyesi əsasında rejissor Anar Babalının quruluş verdiyi eyniadlı tamaşa nümayiş olunacaq.
Lənkəran Dövlət Dram Teatrının hazırladığı tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının 125 illiyinə həsr olunmuş “Milli klassika” teatr festivalı çərçivəsində nümayiş ediləcək.
Qeyd edək ki, “Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Həmçinin Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir. Niyə, nə səbəbə? Oğuz elinin bilicisi niyə Oğuz elinə xəyanət edən bir casusu hifz edir? Bu sualların cavabı səhnə əsərində süjetin ana xəttinin açılması ilə tamaşaçılara məlum olur.
“Ədəbiyyat və incəsənət”
(14.12.2022)
“İnsanın məqsədləri böyüdükcə, özü də böyüyür”
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Uğur barədə söylənilən dəyərli fikir
Qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə daha 10 aforizm verməyi məqsədyönlü hesab edirəm.
İnsanın həyatda məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər bir gününü kiçik bir əbədiyyətə çevirməkdədir.
A.Morua
Hədəfi vurmaq üçün sərrastlıq deyil, cəsarət tələb olunur.
Ş.Monteskyö
İdeal öz şəxsi «MƏN»ini həyata keçirmək deməkdir.
C.Mur
İnsan bütün qüvvəsini hərəkətə gətirmək üçün özündən irəlidə onu ilhama gətirə biləcək hansısa nəcib məqsədi qoymalıdır.
J.Renan
Məqsədsiz həyat taleyə boyun əyməkdir.
N.Saymon
İdeal – yol göstərən ulduzdur. Onsuz dəqiq istiqamət yoxdur, istiqamət olmayanda isə həyat yoxdur.
L.Tolstoy
İnsanın məqsədləri böyüdükcə, özü də böyüyür.
F.Şiller
Məqsədsiz və iradəsiz adam sükanı və kompası olmayan gəmiyə bənzəyir: küləyin səmti dəyişdikcə, onun da istiqaməti dəyişir.
S.Smayls
“Ədəbiyyat və incəsənət”
(14.12.2022)
Azərbaycanlı müəllifin hekayəsi Qazaxıstanın ədəbiyyat portalında
Qazaxıstanın populyar “adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində Günel İmranın rus dilinə tərcümə olunmuş “Bayquş” hekayəsinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən verilən məlumata görə, hekayənin rus dilinə tərcümə müəllifi Mərkəzin rus dili mütəxəssisi İlahə Feyziyeva, bədii redaktoru rusiyalı ədəbiyyatşünas alimi Anjela Lebedevadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “adebiportal.kz” mütəmadi olaraq səhifələrində Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
“Ədəbiyyat və incəsənət”
(14.12.2022)
Əcnəbi fotoqraflar Şuşada
Xəbər verdiyimiz kimi, “Şuşa ili” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsi keçirilir.
Layihədə iştirak edən dünyaca məşhur fotoqraflar Şuşa şəhərinə səfərlər edir və hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınır. Layihə Almaniya, Türkiyə, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşır. Hüseyn Taşkın (Türkiyə), Reto Guntli (İsveçrə) və Tiina İtkonen (Finlandiya) bu beynəlxalq layihədə iştirak edərək müvafiq olaraq yaz, yay və payız fəsillərindən fotoları lentə alıb.
Şuşada qış fəslindən fotoları lentə alacaq növbəti fotoqraf Fabian Weiss (Almaniya) isə hazırda ölkəmizdə səfərdədir. O, cari ilin 13-16 dekabr tarixlərində Şuşanı ziyarət edəcək.
Azərbaycana səfəri çərçivəsində dekabrın 12-də xarici fotoqraf ilə Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva arasında görüş keçirildi, “4 seasons of Shusha” layihəsinin məqsədi və gözləntilər barədə fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, xarici fotoqrafların Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaq. Azərbaycana dəvət olunan bu mütəxəssislərin çəkdiyi fotoşəkillər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq.
Layihənin sonunda çəkilən fotoşəkillərdən ibarət kitab-kataloq nəşr olunacaq və həm Azərbaycanda, həm də fotoqrafların öz ölkələri və dünyanın digər müxtəlif ölkələrində sərgilər təşkil ediləcək.
“Ədəbiyyat və incəsənət”
(14.12.2022)
Gəncədə “YAŞAT” üçün xeyriyyə konserti keçirilib
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Yaşat” adlı xeyriyyə konserti təşkil olunub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Konsertdə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri (dirijor Xalq artisti Rafael Bayramov) və “Xəmsə” Estrada Ansamblı (bədii rəhbər Şəhriyar Tağıyev) çıxış edib.
Xeyriyyə konsertində qəhrəmanlıq mövzusunda bir-birindən maraqlı musiqi nömrələri, dünya musiqi incilərindən nümunələr səsləndirilib.
Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, şəhid və qazi ailələri, şəhər sakinləri fəal iştirak ediblər.
Bilet satışından əldə olunan vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə “YAŞAT” Fonduna ianə edilib.
“Ədəbiyyat və incəsənət”
(14.12.2022)
Bakıda “Türk filmləri həftəsi” keçiriləcək
Kinosevərlər üçün maraqlı xəbəriniz var. Paytaxt Bakıda “Türk filmləri həftəsi” təşkil olunacaq. “Türk filmləri həftəsi” dekabrın 17-dən 21-dək Nizami Kino Mərkəzində keçiriləcək.
Bu barədə mediaya Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç məlumat verib. O, bildirib ki, film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakıdakı Yunus Əmrə İnstitutu, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşacaq.
“Film həftəsi”nin açılışı dekabrın 17-də rejissor Semih Kaplanoğlunun “Bağlılık Hasan” filmi ilə gerçəkləşəcək. Dekabrın 19-da isə Semih Kaplanoğlunun Nizami Kino Mərkəzində ustad dərsləri nəzərdə tutulur.
Həftə ərzində göstəriləcək “Bağlılık Hasan”, “7. Koğuştaki Mucize”, “İyi ki Varsın Eren”, “Adanış-Kutsal Kavga”, “Aşkın Ömrü”, “Ankara Yazı”, “Veda Mektubu ve Rafadan” və “Tayfa-Göbeklitepe” filmlərinə hər kəs baxa biləcək. Giriş sərbəst olacaq.
Semih Kaplanoğlu Ankara, İstanbul, Sinqapur Uluslararası və Nant -üç qitə festivallarını qazanıb.
“Ədəbiyyat və incəsənət”
(14.12.2022)
“Ailə” dizisiylə bağlı xəbər var
Baş rolunu Kıvanç Tatlıtuğla Serenay Sarıkayanın canlandıracağı yeni "Ailə" dizisinin heyətinə daha bir aktyor daxil olub. Türkiyə mediası xəbər verir ki, ekran işində Ushan Çakır rol alacaq.
Qeyd edək ki, serialın çəkilişləri dekabr ayının sonu başlayacaqz
“Ədəbiyyat və incəsənət”
(14.12.2022)
Məşhur yakut rəssamının sərgisi açılıb
Portalımız yakutlar və Saxa-Yakutiya barədə silsilə yazılar dərc edir. Bu dəfə isə mövzu ilə bağlı bir xəbər paylaşırıq. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon mərkəzləşdirilmiş kitabxana sistemi yakut rəssamı Anna Zverevanın Yeni il öncəsi virtual sərgisini açıb.
A.Zverevanın əsas əsərlərinin kataloquna 221 xalq və dekorativ-tətbiqi sənət əsəri daxildir. O, həmçinin geyim modelləri yaratmaqla bərabər, mozaika qobelenlərinə qədər müxtəlif sahələrdə və janrlarda işləyir.
Rusiya Rəssamlar və Jurnalistlər ittifaqlarının üzvü, Yakutiyanın Xalq artisti Anna Zvereva "Rus ədəbiyyatına sədaqətli xidmətə görə" A.P. Çexov medalı ilə təltif olunub. 1991-ci ildə rəssam Yakutiya Milli İncəsənət Muzeyinin bazasında respublikada ilk Yakut xalq sənətkarlığı yaradıcılıq studiyasını açır. Bu gün Yakutiya ərazisində onun üç müəllif məktəbi fəaliyyət göstərir, rəssamın tələbələrinin arasında Rusiya Rəssamlar İttifaqının üzvləri, sənət ustaları, Rusiya və beynəlxalq rəsm sərgilərinin laureatları, diplom sahibləri və iştirakçılar var.
Onun avanqard axtarışları dünya miqyasında tanınmış yeni bir janr olan toxuculuq mozaikasının yaradılmasına səbəb olub.
Qeyd edək ki, rəssam Anna Zvereva 10-dan çox kitabın, albomun, kataloqun və təsviri incəsənət dövri nəşrlərində 200-dən çox nəşrin, həmçinin televiziya və radio verilişlərinin müəllifidir.
“Ədəbiyyat və incəsənət”
(14.12.2022)