ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin (İB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Şuşa İli”nə həsr olunan “270-ci səhifə” adlı sənədli filminin növbəti təqdimatı Şuşa Dövlət Musiqili Dram Teatrında olub.

 

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filmin ssenari müəllifi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev tədbirdə film barədə məlumat verib.

O vurğulayıb ki, ekran əsərində Şuşanın yarandığı gündən bu günə qədər olan tarix göstərilir: “Şuşanı dünyaca məşhur edən yaradıcı insanlar, ictimai xadimlər haqqında ətraflı məlumat verilir. Filmdə Şuşanın üzləşdiyi ağır dövrlərə də ekskursiya edilir. Şuşa şəhərinin yaradıcıları azərbaycanlılar olub. Məqsədimiz Şuşa haqqında həm yerli, həm də xarici auditoriyaya doğru və dolğun məlumatları çatdırmaqdır. Filmin adı Qarabağımızın mirvarisi Şuşa şəhəri bu il 270 yaşını qeyd etdiyinə görə rəmzi olaraq “270-ci səhifə“ adlanır. Azərbaycanın müxtəlif tarixi dövrlərini yaşamış Şuşa şəhəri həm də bir tarix kitabıdır. Yaradıcı heyət film boyu sanki bu kitabı vərəqləyir”.

Filmin aparıcısı, araşdırmaçı Müsəllim Həsənov qeyd edib ki, bu ekran əsərində Şuşanın keçdiyi yol haqqında ətraflı məlumat verilir. Güman edirəm ki, film hamının xoşuna gələcək.

Ekran əsərinin prodüseri Kəmalə Cahidqızı bildirib ki, filmdə azad olunandan sonra gözəl Şuşanın artıq dirçəldilməsindən də bəhs edilir.

Sonra film təqdim olunub.

Qeyd edək ki, ekran əsərinin ərsəyə gəlməsində Müsəllim Həsənov (araşdırmaçı), Zəka Quluyev (rejissor), Kəmalə Cahidqızı (prodüser), Emin Hüseynov (quruluşçu operator), Soltan İbrahimov (operator), Arzum Nuruşzadə (montaj) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

 

YARAT Müasir İncəsənət Mərkəzi növbəti dəfə musiqisevərləri sevindirəcək.

 “Pianoçu ilə görüş” layihəsi çərçivəsində müzakirə dekabrın 23-də keçiriləcək. 

Yeni il ərəfəsində layihənin budəfəki qonağı istedadlı pianoçu Riad Məmmədov olacaq. 

Müzakirə rus dilində aparılacaq. 

 

Riad Məmmədov öz yaradıcılıq fəaliyyətində müxtəlif janrları və musiqi istiqamətlərini bir araya gətirir.

Moskva Konservatoriyasını, habelə fortepiano ixtisası üzrə aspiranturanı, eləcə də musiqişünas kimi nəzəri aspiranturanı bitirdikdən sonra, o, akademik ifaçı kimi qalmaqla yanaşı, dünyada muğam və caz-muğam meyillərini inkişaf etdirib. Özünü ifa tərzində, aşkarlanan intonasiyalarda və motivlərdə ifadə etməklə, Şərq məfhumu musiqiçinin proqramlarına həm bilavasitə, həm də alleqorik şəkildə nüfuz edib. Riad Məmmədov ictimaiyyətə dirijor Teodor Kurentzis və onun “musicAeterna” orkestri ilə solo konsertləri və birgə layihələri, eləcə də öz klassik, caz və müəllif repertuarı olan albomları ilə tanışdır.

Hazırda musiqiçi “Cənnətdən Şərqə” adlı albomu üzərində çalışır. Bu alboma onun yeni bəstələri daxil olacaq.

 

 “Ədəbiyyat və incəsənət”

(19.12.2022)

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Rauf Hacıyev-100” musiqi festivalı çərçivəsində estrada mahnılarından ibarət konsert proqramı təqdim olunub. 

 

Konsert  Mədəniyyət Nazirliyinin dəstəyi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

Konsertdən əvvəl Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək, görkəmli sənətkarın həyat və yaradıcılığından danışıb. 

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşı, musiqişünas Turan Məmmədəliyevaya Rauf Hacıyevin musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edib. 

Musiqi axşamının proqramı Xalq artisti Rafayel Bayramovun idarə etdiyi kamera orkestri və Şəhriyar Tağıyevin rəhbərlik etdiyi “Xəmsə” estrada ansamblı tərəfindən hazırlanıb. Konsertin iştirakçıları, solistlər –Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, ansamblın solistləri Əli Məmmədov, Rüstəm Cəfərov, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, müğənnilər Leyla Məmmədova, Elmir Pişnamazzadə, Vasif Bayramov Rauf Hacıyevin məşhur mahnı və instrumental kompozisiyalarını ifa ediblər. Proqram çərçivəsində bəstəkarın “Qızlar rəqsi” adlı əsəri də ilk dəfə səslənib.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

ABŞ-ın Florida ştatının Mayami şəhərində gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin açılış mərasimi olub. Azərbaycanın ABŞ-dakı səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən sərgi dekabrın 21-dək ziyarətçilər üçün açıq olacaq. Sərgi Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

 

Açılış mərasimi Mayami və ətraf şəhərdə yaşayan soydaşlarımızın, o cümlədən burada akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin və yerli rəsmilərin iştirakı ilə keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir. 

Tədbirdə çıxış edən səfirliyin ikinci katibi Mahmud Mahmudov Azərbaycanın zəngin mədəniyyətindən, ölkəmizdə incəsənətin tarixindən bəhs edib, rəssamlara dövlət səviyyəsində qayğı və dəstəyin olduğunu bildirib. O, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə qonaqları təbrik edib və bu günün elan olunmasında Ümummilli Lider Heydər Əliyevin mühüm rolunu vurğulayıb.

Daha sonra çıxış edən “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev göstərilən dəstəyə görə təşəkkürünü bildirib, rəsm əsərləri və mərkəzin fəaliyyəti barədə məlumat verib. Bu sərginin gənc rəssamların iştirakı ilə təşkil olunan 22-ci beynəlxalq sərgi olduğu diqqətə çatdırılıb. 

Sonda rəssamlara sertifikatlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

Təbii ki, ən böyük gözəllik təbiətdir. Təbiətlə təmasa aid ən gözəl nümunələrdən biri də çölçü axınlarıdır. 

Eltən Törəçinin müəyyənləşdirdiyi “Çölçü axınlarına qatılmaq üçün 9 vacib səbəb”i sizlərə təqdim edirik. 

 

1. “Çölçü axınları”na qoşulmaq şəhərin hay-küyündən, stresindən qurtulub təbiətin qoynunda həmişəlik yaddaşa yazılacaq, ən xoş xatirələrdən birinə cevriləcək və həqiqətən yaşanacaq günlərədən birini sizin yaşamaq imkanınızdır.

 

2. “Çölçü axınları”na qoşulmaq dostlarla bir yerdə maraqlı, əyləncəli, şən və aktiv bir gün yaşamaq imkanıdır.

 

3. “Çölçü axınları”na qoşulmaq yaradıcı, fərqli düşünən, fərqli yanaşan, fərqli yaşayan maraqlı insanlarla bir arada olmaq imkanıdır.

 

4. “Çölçü axınları”na qoşulmaq özünü sınamaq, özünə inamı, güvəni artırmaq imkanıdır.

 

5. “Çölçü axınları”na qoşulmaq həyatda sağ qalmaq, vəhşi təbiətdə davranmaq vərdişlərinə, biliklərinə yiyələnmək imkanıdır.

 

6. “Çölçü axınları”na qoşulmaq çətinlikləri dəf edib məqsədə yetməyin sevincini yaşamaq imkanıdır.

 

7. “Çölçü axınları”na qoşulmaq  özünü tanımaq, özünü yenidən kəşf etmək imkanıdır.

 

8. “Çölçü axınları”na qoşulmaq şənlənmək, gündəlik qayğılardan, stressdən, psixoloji gərginlikdən azad olmaq, fərqli bir gün yaşamaq imkanıdır.

 

9. Və nəhayət, “Çölçü axınları”na qoşulmaq həmişəlik şəxsi arxivinizdə yer alacaq, ən əziz xatirəyə cevriləcək foto və video çəkilişlər əldə etmək imkanıdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

Bazar ertəsi, 19 Dekabr 2022 11:30

Bakı Dövlət Sirki qış mövsümünə başladı

 

“Bakı Dövlət Sirkində “Güzgülər dünyası” adlı beynəlxalq sirk proqramına start verilib. Biz bütün fəsillərdə bir-birindən maraqlı, rəngarəng layihələrlə çıxış edirik” sözlərini Bakı Dövlət Sirkində nümayiş olunan “Güzgülər dünyası” adlı şou zamanı mediaya açıqlamasında Bakı Dövlət Sirkinin direktor vəzifəsini icra edən Nahid Ağayev deyib.

 

“Bakı Dövlət Sirki olaraq biz gənc, yeniyetmə tamaşaçılarımıza Yeni il layihəsi təqdim edirik. Layihənin adı "Güzgülər dünyası" adlanır. Bu layihənin özünəməxsus özəllikləri var. Əvvəlki layihələrdən fərqi qeyri-adi süjet xətinin və maraqlı performansların olmasıdır. Hesab edirik ki, bu şou tamaşaçıların böyük marağına səbəb olacaq. Müasir sirk nümunələrini nümayiş etdirməyi qarşısına məqsəd qoyan Bakı Dövlət Sirki hazırladığı budəfəki şouda yeni dekorasiyalarla, fərqli musiqi tərtibatı və işıq effektləri, həmçinin aktyorların yeni kostyumları ilə tamaşaçıların görüşünə gəlib. Yanvarın 8-dək davam edəcək Yeni il şousunun hekayəsində şər qüvvələri ilə xeyirxah şahzadənin mübarizəsindən bəhs edilir. Bundan başqa, Bakı Dövlət Sirki uzun illərdən sonra Qarabağ atlarının çıxışı ilə milli sirk nömrəsini də hazırlayıb. Proqramların təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur", - deyə N.Ağayev bildirib.

Sonra musiqili rəqs şouları, hava gimnastlarının qeyri-adi tryukları, klounların yumor dolu çıxışları, balet şousu və transformasiya illüziyası kimi digər nömrələrlə zəngin sirk şousu nümayiş edilib. 

Qeyd edək ki, biletləri şəhərin bütün kassalarından və “iticket.az” saytından onlayn əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

 

Otuzillik işğal dövründə torpaqlarımız urbisid, ekosid və total etnik-mədəni təmizləməyə məruz qalıb. Ümumilikdə 8 şəhər tamamilə dağıdılıb, 54 min hektar meşə sahəsi məhv edilib, o cümlədən nadir flora nümunələri bu ekoloji terrorun qurbanıdır. Bölgədə yerləşən 67 məsciddən 65-i tamamilə dağıdılıb, digər mədəniyyət və tarixi abidələr ya sökülüb, ya da təhqir olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bunu mediaya açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilan Beynəlxalq Hava Limanında işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıda duran planlar barədə brifinqdə söyləyib. 

E.Hüseynov deyib: “Biz Zəngilanda yenidənqurma işlərinə başladıq. Rayonun minalardan təmizlənməsi yenidənqurmada ilk addım idi. Ərazinin minalarla həddindən artıq çirklənməsi hazırda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması zamanı qarşılaşdığımız əsas problemlərdən biridir. Ermənistan bir neçə mina sahəsi xəritəsini Azərbaycana versə də, bu xəritələrin praktiki faydası 25 faizdən aşağıdır.

Digər dövlətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan Azərbaycan Qarabağ iqtisadi rayonu daxilində işğaldan azad edilmiş əraziləri 50 mindən çox mina və digər partlamamış hərbi sursatdan təmizləyərək minatəmizləmə əməliyyatlarını davam etdirir”.

E.Hüseynov bildirib ki, hazırda Qarabağ iqtisadi rayonunda Ağdam və Füzuli şəhərlərinin Baş planları hazırdır. Hadrut, Tuğ, Suqovuşan və Talış şəhərlərinin tikintisi yekunlaşmaq üzrədir: “Nəqliyyat-logistika, enerji, su təchizatı və telekommunikasiya sahələrində işlər aparılır.

Bu günə kimi bizdə 9 avtomobil və 2 dəmir yolu tikilib. Səkkiz ay ərzində tikilmiş möhtəşəm Füzuli Beynəlxalq Hava Limanını xüsusilə qeyd etmək lazımdır”.

Sosial infrastruktur baxımından 5 məktəb layihəsinin həyata keçirildiyini bildirən E.Hüseynov Ağdam və Füzulidə 2 Mərkəzi Xəstəxananın tikintisinə başlanılacağını diqqətə çatdırıb. 

Mədəni irsin qorunub saxlanılmasının mühüm prioritetlərdən olduğunu deyən E.Hüseynov qeyd edib ki, hazırda Ağdamdakı Cümə və Qiyaslı məscidləri, Pənahəli xanın sarayı bərpa olunur. Ağdam və Füzulidə yeni muzeylərimiz olacaq. Eyni zamanda, hazırda Füzuli Mərkəzi Parkı və Ağdam Meşə Parkı müfəssəl layihə planının hazırlanması mərhələsindədir.

Yenidənqurma və inkişaf prosesləri ilə bağlı əsas hədəfləri qeyd edən E.Hüseynov deyib: “Ağıllı şəhərlərin qurulması və vətəndaşlarımıza yüksək həyat standartlarının çatdırılması əsas məqsədimizdir. Azad edilmiş ərazilərə innovasiyalar gətirmək, daha yaxşı infrastruktur qurmaq və sənaye inkişafının dəstəklənməsi vacibdir. Biz, eyni zamanda, yaşıl enerji infrastrukturunun qurulması ilə yanaşı, mümkün qədər enerji səmərəliliyi əldə etməyi hədəfləyirik”.

Davamlı inkişafı təmin edən əsas amillərdən birinin yaxşı iş yerlərinin yaradılması olduğunu qeyd edən E.Hüseynov deyib: “Ümumilikdə, Qarabağ iqtisadi rayonunda 150 minə yaxın iş yerinin yaradılması planlaşdırılır. Biz 190 hektar ərazidə Ağdam Sənaye Parkı tikirik, burada sakinlər bütün lazımi kommunal xidmətlərlə təmin olunacaqlar. Artıq bir neçə sakinimiz var. Sakinlər 10 il müddətinə ƏDV və gömrük vergisi istisnaları kimi bir sıra güzəştlərdən yararlanacaq”.

E.Hüseynov azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərini dəstəkləmək üçün hökumətin bütün zəruri suvarma və su idarəetmə sistemlərinə sərmayə qoyduğunu bildirib: “2026-cı ilə qədər əsas hədəf Ağdam və Füzuli şəhərlərini və 32 kəndi yenidən qurmaqdır. Bundan əlavə, Hadrut, Tuğ və Suqovuşan kimi 3 potensial turizm istiqaməti inkişaf etdiriləcək.

Birinci mərhələdə 66 minə yaxın keçmiş məcburi köçkünü öz ata-baba yurdlarına köçürmək və orada insanların firavan yaşamalarını təmin etmək əsas məqsədlərimizdən biridir”.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

 

Oman Krallığından gözəl bir xəbər almışıq. İstedadlı musiqiçi, həmyerlimiz Vüsalə Yusif "Roberto Bolle və dostları" Balet kollektivi ilə birlikdə Royal Opera House Muscat teatr salonunun böyük səhnəsində solo pianoçu kimi çıxış edib.

Vüsalə Yusif təəssüratlarını portalımızla bu cür bölüşüb:

“İllərdir xəyal etdiklərim gerçəkləşdi. "Roberto Bolle və dostları” Balet kollektivi ilə birlikdə Muskat Kral Opera Teatrının böyük səhnəsində solo pianoçu kimi çıxış etdim. Çox maraqlı və unudulmaz 2 gün keçirdim. Qürur duydum”.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

Bazar ertəsi, 19 Dekabr 2022 10:31

Bakıda Türk Filmləri Həftəsi davam edir

 

Nizami Kino Mərkəzində Türk Filmləri Həftəsi davam edir. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakıdakı Yunis Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan mərasimə həftə boyu nümayiş olunacaq filmlərin yaradıcı heyəti, tanınmış türk sənətçiləri, kinematoqrafçıları qatılıb.

 

Nümayişdən əvvəl mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç və başqaları çıxış edib. Onlar iki qardaş ölkənin tarixən siyasi və mədəni sahədə bağlı olduqlarını söyləyib, müasir dövrdə Azərbaycan sənətçilərinin peşəkarlığı ilə Türkiyənin kino təcrübəsi arasında mübadilənin vacibliyini önə çəkiblər. Bildiriblər ki, xalqları yaxınlaşdıran yeganə vasitə kinodur. Buna görə də Azərbaycan-Türkiyə əlaqələri “yeddinci sənət” üzərində qurulmalıdır.

Sonra Semih Kaplanoğlunun “Bağlılık Hasan” dramı nümayiş olunub. Filmin qəhrəmanı keçmişi ilə barışan bir insandır. İllər boyu həyatla mübarizə aparan Həsən və həyat yoldaşı Filiz bu dəfə ətrafındakı insanları düşünmədən istədikləri kimi yaşayırlar.

Qeyd edək ki, Türkiyə istehsalı olan “Bağlılık Hasan” 94-cü “Oskar” mərasimində “Ən yaxşı xarici film” nominasiyasında qalib olub.

Nümayişlər dekabrın 21-dək davam edəcək. Həftə ərzində İsmail Fidanın “Rafadan Tayfa Göbeklitepe”, Mustafa Uğur Yağcıoğlunun “Aşkin Ömrü”, Emir Khalizadehin “Adanış - Kutsal Kavga”, Özer Feyzioğlunun “İyi ki varsın Eren”, Kemal Uzunun “Ankara Yazı” və Mehmet Ada Öztekinin “7. Koğuştaki Mucize” filmləri böyük ekranlarda Azərbaycan altyazıları ilə göstəriləcək.

Layihə çərçivəsində tanınmış Türkiyə kinorejissoru Semih Kaplanoğlunun iştirakı ilə azərbaycanlı gənc kinosevərlər üçün ustad dərsi təşkil olunacaq.

Film nümayişlərinə və ustad dərsinə giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

 

Azərbaycanda ilk dəfə çəkiləcək çoxseriyalı tarixi bədii televiziya filmi olan “Atabəylər: Şəmsəddin Eldəniz”də rol alacaq aktyorların seçim mərhələsi keçirilir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Musiqili Komediya Teatrında həyata keçirilən seçim müsabiqəsinin ikinci günündə mədəniyyət naziri Anar Kərimov da iştirak edib.

Münsiflər heyəti ekran işinə həyat verəcək ən layiqli aktyorları üzə çıxarmağa çalışır. Onların tərkibində layihənin rəhbəri Sərvər Bayramov, filmin rejissoru, türkiyəli Ali Aytac Saqal, filmin prodüsserləri Əlibala Məhərrəmzadə və İlqar Mehdi, filmin ssenari qrupunun rəhbəri Varis, layihənin tərəfdaşı olan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rəsmisi Elnar Məmmədli yer alıblar. 

 

Kastinq zamanı bildirilib ki, bu filmdə çox sayda aktyor olmalıdır, əsas rollar çoxdur. Hazırda ilk 8 bölüm üçün aktyor seçimi edilir. Sui-qəsdlər, döyüş səhnələri, saray intriqaları, sevgi hekayələri ilə boldur film. Və ümumilikdə “Atabəylər: Şəmsəddin Eldəniz” serialı Azərbaycan kino sənayesində yenilikdir.

AzTV-də yayımlanacaq serial iki mövsümdən ibarət olacaq. İlk mövsüm “Atabəylər: Şəmsəddin Eldəniz” adlanır. Serialda tariximizin XII-XIII əsrlərinə müraciət edilməklə Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərinə diqqət çəkiləcək. Həmin dövrün ədəbi-bədii həyatı da diqqətdə saxlanılacaq.

Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə ərsəyə gələcək filmin çəkilişi “Şahdağfilm”ə həvalə olunub.

Kastinqlərdə peşəkar aktyorlarla yanaşı aktyorluq sənəti üzrə təhsil alan tələlər və həvəskarlar da iştirak ediblər. 

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.