
Super User
Azərbaycanın qış gözəllikləri nümayiş edilir
Ötən gün Bakı Fotoqrafiya Evində “Sehrli Qala” festivalı çərçivəsində ölkəmizin qış mənzərələrini əks etdirən fotosərgi açılıb. Sərgi “Azərbaycanın qış gözəllikləri” adlanır.
Sərginin açılış mərasimi xeyli təntənəli olub. İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova sərgini açıq elan edərək çıxış edib. O, sərginin əhəmiyyətini qeyd edib, Mərkəzin təşkilatçılığı ilə açılan bu sərginin 2023-cü il üçün ilk tədbirlər sırasında olduğunu bildirib.
“Azərbaycanın qış gözəllikləri” adlı sərginin təşkilində bəs məqsəd nədir?
Hər şeydən öncə, ölkəmizin qış gözəlliyini nümayiş etdirmək, əhalinin diqqətini Azərbaycanın təbiətinə yönəltmək, gənclərin mənzərə fotoqraflığına marağını artırmaq və bu istiqamətdə istedadlı müəlliflərə dəstək olmaq!
Tədbirin kuratoru, fotoqraf Rüstəm Hüseynov və fotoqraf Aydın Mehdiyev sərgidə iştirak edən bütün fotoqrafları təbrik edərək, bu cür sərgilərin açılmasının gözəl və vacib iş olduğunu vurğulayıblar.
Rüstəm Hüseynov bildirib ki, layihənin ideyası adətən isti mövsüm mənzərələrini əks etdirən sərgiləri ziyarət edərkən yaranıb. Düşünülüb ki, həmin sərgilərdə qış mənzərələrini də əks etdirən fotoların yer alması daha maraqlı ola bilər.
Əlbəttə ki, isti cənub ölkəsinin qış mənzərələrinin də öz gözəlliyi var.
Qeyd edək ki, sərgi yanvarın 12-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(06.01.2023)
Ötən il 353 nəfər gəncimiz xaricdə təhsil almaq hüququ qazanıb
Ötən il Dövlət Proqramı çərçivəsində 353 nəfər azərbaycanlı xaricdə təhsil almaq hüququ əldə edib. Bu barədə mediaya Elm və Təhsil Nazirliyi açıqlama verilib.
Açıqlamada bildirilir ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-ci ildə keçirilən müsabiqələr nəticəsində 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 18 ölkəsinə aid 111 ali təhsil müəssisəsində 80 nəfər bakalavriat, 273 nəfər isə magistratura səviyyəsində təhsil almaq hüququ qazanıb.
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
Məşhur türkiyəli aktyor Hollivud ulduzu ilə qarşı-qarşıya gələcək
Məşhur ingilis rejissor Qay Ritçinin Hollivud istehsalı olan yeni filmi tezliklə ekranlara gələcək. "Sherlock Holmes", "Rocknrolla", "Transporter" və "Snatch" kimi işləri ilə aksiyon janrına yeni nəfəs gətirən rejissorun yeni filmində məşhur türkiyəli aktyor Kaan Urgancıoğlu da rol alıb.
“Ədəbiyyat və incəsənət” oxu.az-a istinadən xəbər verir ki, baş rollarda Ceyson Stethem, Hyu Qrant, Obri Plaza və Joş Hartnetin yer aldığı filmin aktyor heyətində həmçinin son illərdə İspaniyada ən yaxşı aktyor mükafatını alan və Tim Seyfi adı ilə tanınan türk-alman aktyor Timur Seyfəddin Ölmez, Ozan Ayhan, Ergün Kuyucu və Aksel Üstün kimi adlar da var.
Filmin daha əvvəl nümayiş olunan treyleri sosial mediada milyondan çox baxış toplayıb, həmçinin türkcə dublyajlı treyleri də yayımlanıb.
Çəkilişləri Antalyada gerçəkləşdirilən filmdə şəhərin möhtəşəm görüntüləri ilə yanaşı türk mədəniyyətindən bəhs edən səhnələr və türkcə dialoqlar da yer alıb.
Son zamanlar layihələri ilə adından söz etdirən uğurlu aktyor Kaan Urgancıoğlu filmdə "Casa" adlı mafiya liderini canlandırır və Ceyson Stethem ilə çəkilmiş aksiyon səhnələrində heyranedici aktyor oyunu nümayiş etdirir.
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
Məhəmmədəminlərin sayı artmaqdadır
Ötən 2022-ci ildə Azərbaycanda yeni doğulan 4 körpəyə Məhəmmədəmin adı qoyulub. Bu barədə Ədliyyə Nazirliyinin məlumatında bildirilir.
Məlimatda o da bildirilir ki, ümumilikdə son 4 ildə Məhəmmədəmin adı verilən körpələrin sayı 20 nəfər olub.
Əlbəttə, bir xalqa istiqlaliyyət verən şəxsin adı xalq arasında daha populyar olmalıdır, rəqəmlər yüz dəfə artmalıdır.
Amma buna da şükür.
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
Azərbaycandan, sizcə, neftdən sonra ən çox nə ixrac edilib?
Sualın cavabı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayında verilib. Azərbaycanda cari ilin yanvar-noyabr aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında liderlik karbamidə, pambıöa və qızıla aiddir. İndi isə təfərrüatı.
On bir ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (198,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (161,1 milyon dollar) ikinci, qızıl (156,1 milyon dollar) isə üçüncü yerdədir.
Bu ilin noyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında emal olunmamış aşqarlanmamış alüminium (19,8 milyon dollar) birinci, karbamid (16,9 milyon dollar) ikinci və pomidor (tomat) (13,7 milyon dollar) üçüncü olub.
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2023-cü il qış sessiyası yanvarın 23-dən 27-dək Strasburqda keçiriləcək. Azərbaycan nümayəndə heyətinin üzvləri qış sessiyasında iştirak edəcək və müzakirə olunan məsələlərə dair fikirlərini bildirəcəklər.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Rusiya-Ukrayna münaqişəsinə dair hüquqi məsələlər, eləcə də insan hüquqlarının pozulması ilə bağlı təcili debatlar, həmçinin İslandiyanın Baş naziri və Almaniya xarici işlər nazirinin çıxışları qış plenar iclasının əsas məqamlarındandır. Sessiyada Avropa Şurası Baş katibi də çıxış edəcək.
Qış sessiyası çərçivəsində Parlament Assambleyası, həmçinin yenilənmiş, təkmilləşdirilmiş və gücləndirilmiş Avropa Şurası üçün dördüncü Sammitə dair hesabatı müzakirə edəcək. Avropa Şurasının dövlət və hökumət başçılarını bir araya gətirəcək Sammit may ayında Reykyavikdə keçiriləcək.
Qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair İstanbul Konvensiyası, qadınlar və qızlara qarşı zorakılığın aradan qaldırılmasında kişilərin və oğlanların rolu və məsuliyyəti, ər-arvad əsarətinin həlli yollarının tapılması ilə bağlı birgə müzakirələr diqqət mərkəzində olacaq.
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
Mahsun Kırmızıgül Bakıya gəlir
Türkiyənin ən reytinqli müğənniləri sırasında yer alan Mahsun Kırmızıgül Bakıya gəlir. Fevralın 12-də Bakı Konqres Mərkəzində Türkiyənin sevilən müğənnisinin konserti təşkil olunacaq.
Və o da var ki, məşhur pop müğənni 17 illik fasilədən sonra yenidən Bakıda öz sevilən ifaları ilə pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
Günün fotosu: Braziliya Pele ilə vidalaşdı
Günün fotosu: Braziliya Pele ilə vidalaşdı
On minlərlə braziliyalı Santos şəhərinin küçələrinə doluşaraq əfsanəvi futbolçu Pele ilə vidalaşdı. Pelenin tabutunu qəbristanlığa kimi göz yaşları içində müşayiət etdilər.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
Gənc şairimizin şeirləri Rumıniya qəzetində dərc edilib
Güneyli soydaşımız, istedadlı şair Ümid Nəccarinin şeirləri Rumıniyanın Vocea Dunării (Dunarinin səsi) dərgisində, rumın dilində dərc edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Ümid Nəccari özü sosial mediada məlumat paylaşıb.
Şeirləri azərbaycancadan rumın dilinə Mihai Firică tərcümə edib.
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)
Tətil günlərinə “Cadenza” orkestri rəng qatdı
Yeni il tətili günlərinə “Cadenza” orkestri Beynəlxalq Muğam Mərkəzində “Kiçik dəniz küçəsi” adlı konsert proqramı ilə rəng qatıb.
Konsertdə Tahir İbişovun “Halqa” (solist Zakir Əsədov), “Şəkil dəftərindən təsvirlər” (solist İslama Abdullayeva), Səid Qəninin “Adajio” (solist Fəqan Həsənli), “Proyeksiyalar”, Ayaz Qəmbərlinin “İlğım”, “Kiçik dəniz küçəsi” və Türkər Qasımzadənin “Zikr” (solist Humay Qasımzadə), “G.Richterin üç foto-rəsmi üçün musiqi” (violin Qleb Xoxlov) adlı əsərləri səsləndirilib.
Solo piano üçün yazılmış əsərlər Humay Qasımzadə, Fəqan Həsənli, Zakir Əsədovun ifasında dinləyicilərə təqdim olunub. Konsertdə ilk dəfə səslənən “Şəkil dəftərindən təsvirlər” əsəri bəstəkar Tahir İbişov tərəfindən şair Səlim Babullaoğlunun türkiyəli fotoqraf İlyas Göçmənin fotosuna yazdığı “Təsvirə ithaf” şeri əsasında bəstələnib. İlk dəfə səslənməsinə baxmayaraq, əsər solist İslama Abdullayevanın ifasında xüsusi maraqla qarşılanıb. Proqramda yer alan “Halqa”, “Adajio” (ilk ifa) əsərlərinin həsr olunduğu pianoçular - Zakir Əsədov, Fəqan Həsənlinin ifasında səslənməsi və pianoçu Humay Qasımzadənin elektron vasitə ilə birlikdə yüksək peşəkarlıqla ifa etdiyi “Zikr” əsəri həm də müasir musiqi ifaçılığının müxtəlif istiqamətlərini ehtiva edib.
“Ədəbiyyat və incəsənət”
(05.01.2023)