ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Ötən ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya bu il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

Ruslan Dost Əli (Cahangirli)

 

1993-cü ildə Bərdə rayonunun Xanərəb kəndində doğulub.

2015-ci ildə Türk ədəbiyyatında uğurlu addımlarına görə Şahmar Əkbərzadə adına "Beynəlxalaq Ədəbiyyat Mükafatı"na layiq görülüb.

2016-2018-ci illər arası Azərbaycan Prezidentinin gənc yazıçılar üçün nəzərdə tutulmuş təqaüdünə layiq görülüb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 və Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri ilə bağlı Qazaxıstanda nəşr edilmiş "28 May" qəzetinin ideya müəllifi və baş redaktorudur.

2020-ci ildə Gənclər və İdman Nazirliyinin "İlin gənci" mükafatına layiq görülüb.

2016-cı ildə "Ruslan dostumun kitabı" adlı kitabı nəşr olunub.

Bir sıra ədəbi müsabiqələrdə l-ci yerə layiq görülüb.

Ruslanın şeirləri maraqla oxunur və qədərincə də bəyənilir. “Sənə bir şeir yazmışam, incimə, səndən qəşəngdi...” misralarının gözəlliyinə sözmü demək olar? Yaxud da, “O buz otaqda az üşü, göndərdiyim məktubları, yığ, topla, alışdır, getsin...” misralarının hərarətinə hərarətmi çatar?

Qeyd edək ki, SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun qalibi məhz Ruslan olub.

 

 

 

 

 

 

 

***

 

Bu payız vaxtın eşqinə,

qaş-qabağınla yer süpür,

alnını qırışdır, getsin...

 

O buz otaqda az üşü,

göndərdiyim məktubları

yığ, topla, alışdır, getsin...

 

Divardakı mən deyiləm,

şəkildi də, kin saxlama,

bir söz de, danışdır, getsin...

 

Yenə səksəndim, ay dəli,

belə qəfildən yadıma

düşməyi... yığışdır, getsin...

 

 

* * *

 

Bu pulun olmayan vaxtı,

deyirəm, noola, bircə dəfə

yeyib-içəsən, deyələr

hesabı şeirnən ödə...

 

Ömrün-günün qara vaxtı,

şeiri bir bəyaz boya san...

Bircə səhər üzün gülə:

məktəbə gedən oğlunun

cibinə şeir qoyasan...

 

Yazmağa həvəsin ola,

nəyəsə yaraya şeir...

Bir ovuc küldən ötəri

özünü yandırmayasan,

basasan yaraya şeir...

 

Qəm eləmə, qoca şair,

hərf-hərf oxuduğun

alnınsa... yaxşı olacaq!

Fikri satışa qoymuşam,

alınsa yaxşı olacaq...

 

 

* * *

 

Səni mən tək sevməyənlər,

bilirəm, mənnən qəşəngdi.

Adam var, adamdan qəşəng,

gün var ki, günnən qəşəngdi...

 

İslandıqca baxışlar da,

aram dəyir yağışlarnan.

Alnım, üzüm qırışlarnan,

saçlarım dənnən qəşəngdi...

 

Ruhum sevgi, səsim sevgi,

quruca nəfəsim - sevgi.

Kim nə deyir desin, sevgi,

imandan, dindən qəşəngdi!

 

Səni sözə oxşatmışam,

nə cür görmüşəm, yozmuşam;

Sənə bir şeir yazmışam,

incimə, səndən qəşəngdi...

 

 

* * *

 

Hərə bir zümzümə edir keçmişdən,

hərə içində bir bəstə saxlayır...

Məni bu od-ocaq qızdırmır daha,

məni xatirələr isti saxlayır...

 

Gəlib məhləmizdə az tutmayıblar,

qızlar gəlinciyi, donu əlimdə...

Mən də böyüməyə tərəf qaçardım,

qarğı atım vardı - onun belində...

 

Gedib kitablarda quş axtarardım,

rəsm dəftərimə şəkil çəkməyə...

“Klas”a bir yastı daş axtarardım,

indi daş gəzirəm bir ev tikməyə...

 

Deyimmi, xəlvətcə, ağac başına

çıxıb yuvaları yoxlamağımı;

Körpə budaqlardan yay-ox düzəldib,

günahsız göy üzün oxlamağımı?

 

Canım bahasına ala bilmərəm,

suyu qiymətinə satdıqlarımı...

Sonradan səngərdə döyüşən gördüm,

taxta avtomatla “atdıqlarım”ı...

 

Götürüb üstünə adımı yazdım,

bir arxa tulladım, getdi-gəlmədi -

Mənim uşaqlığım, ahh... uşaqlığım

kağız gəmilərdə batdı, gəlmədi...

 

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

 

 

 

Çərşənbə axşamı, 10 Yanvar 2023 09:30

Fuad Məmmədovun kitabı Dəməşqdə nəşr olunub.

Suriyanın paytaxtı Dəməşq şəhərində Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədovun “Mədəniyyət dünyanı xilas edəcək” adlı kitabı işıq üzü görmüşdür. Nəşr ərəb dilindədir.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Fuad Məmmədov məlumat vermişdir. 

Fuad Məmmədov elm və mədəniyyətin tarixi və nəzəriyyəsinə, Azərbaycanın sosial-mədəni tərəqqisinə həsr olunmuş, Respublikada və xarici ölkələrdə çap olunmuş 200-dən artıq elmi və elmi-maarif işlərinin müəllifidir. Onların arasında "Kulturologiya" (2002), "Kulturologiya effektiv həyat fəaliyyətinə aparan yol kimi" (2006) fundamental dərs vəsaiti və monoqrafiyaları göstərmək olar.

Bu monoqrafiyalardan təkçə Azərbaycan ali məktəblərində yox, habelə BMT, ABŞ, Rusiya, Fransa, Almaniya və başqa ölkələrin milli kitabxanalarında istifadə olunur. Onun dünya sivilizasiyası tarixinə, Azərbaycan, Norveç, Yaponiya, Rusiya mədəniyyəti və sivilizasiyalarına, idarəçilik mədəniyyətinə, intelleklual mədəniyyətə, etik mədəniyyətə, din mədəniyyətinə həsr olunmuş ciddi tədqiqatları da diqqətə layiqdir.

Bu nəşrdə də onun kulturoloji təlimi şərh edilir. 

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşlarla növbəti görüş keçirilib. Bu barədə “Ədəbiyyat və İncəsənət” portalı 

Baş İdarənin məlumatına istinadən xəbər verir.

Görüşdə vətəndaşların bütün müraciətləri dinlənilib və qanunvericilik çərçivəsində müraciətlərin həll olunması məqsədilə rəhbərlik tərəfindən müvafiq tapşırıqlar verilib, araşdırılmasına ehtiyac olan bəzi müraciətlər isə nəzarətə götürülüb.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)

Bazar ertəsi, 09 Yanvar 2023 16:33

Aktyor Xudu Mürsəlov barədə nələri bilirik?

 

Bakı Bələdiyyə Teatrının aktyoru Xudu Mürsəlov vəfat edib. Bu barədə mərhumun tanışları sosial şəbəkədə məlumat veriblər. Məlumata görə, aktyor dünən axşam saatlarında ürək tutmasından dünyasını dəyişib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Xudu Mürsəlov 1994-2004-cü illərdə Bakı Bələdiyyə Teatrında müxtəlif tamaşalarda bir-birindən fərqli obrazlar yaratmışdı, yerli seriallarda da rollar almışdı. 

Aktyoru həm də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin “MədəniSƏN” layihəsinin təlimçi-eksperti kimi tanımışdıq.

Azərbaycanda gənclərin potensialının üzə çıxmasını prioritet sayan Xudu Mürsəlov gənclərin fərdi layihələrin icrasına marağının artmasını müsbət hal kimi qiymətləndirirdi. Bildirirdi ki, yeniyetmə və gənclərimiz arasında ictimai davranış qaydalarının təbliğ olunması zamanın tələbidir. Yaşından, peşəsindən asılı olmayaraq, hər bir vətəndaş cəmiyyətin bir parçası olduğu üçün etik normalara və ictimai davranış qaydalarına əməl etməlidir. O, məktəbliləri milli ideologiya ilə silahlanmağa, xalqımızın tarixini, ədəbiyyatını, incəsənətini dərindən öyrənməyə səsləyirdi.

Ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Bazar ertəsi, 09 Yanvar 2023 16:32

Günün fotosu: Bakı ağ örpəyə bürünüb

Günün fotosu: Bakı ağ örpəyə bürünüb

 

Bu gün Bakıya ilk qar yağdı və elə bu hadisə də gündəmi zəbt etdi. Son vaxtlar qar yağması o qədər nadir hadisəyə çevrilib ki, qara uşaqlarla yanaşı böyüklər də sevinirlər.

Foto: AzərTAC

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

Məşhur Azərbaycan rəngkarı Səttar Bəhlulzadənin rəsmləri 18,5 milyon dollara eBay-da satışa çıxarılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı 1news-a istinadən xəbər verir. 

Kolleksiyada 650 rəsm vardır, Türkiyədən qeydiyyata alınmış satıcı bütün rəsmlərin orijinal olduğunu, Azərbaycan Dövlət İncəsənət Muzeyindən sertifikatlara malik olduğunu şərhdə vurğulaylbdır.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) son 20 il ərzində Bakıya ilk qarın yağdığı tarixləri açıqlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Trend-ə açıqlamasına istinadən bildirir ki, son 20 il ərzində Azərbaycanda qar ən tez 2015-ci ilin 4-5 oktyabrında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərinə yağıb. Bakı və Abşeron yarımadasına isə ən tez qar (sulu qar) 2011-ci ilin noyabrın 7-də, daha sonra noyabrın 24 və 25-də yağıb.

Buna qədər Bakı və Abşeron yarımadasında ilk qarın ən tez yağdığı tarix 2002-ci ilin 11 dekabrı olub. Həmin gün Bakıya 50 sm qar düşüb ki, bu da həmin il ərzində Bakıya ən çox qarın düşdüyü tarix olub.

A. Verdiyev qeyd edib ki, 2009-cu ildə yanvarın 1-4-də, 2012-ci ilin yanvarın 3-4-də, 2016-cı ildə yanvarın 1-4-də Bakı və Abşeron yarımadasına ilk qar yağıb:

 

"Son 20 il ərzində 2002 və 2011-ci illər istisna olmaqla, qalan illərdə Bakı və Abşeron yarımadasına ilk qar əsasən, yanvar ayında yağıb. Bakı və Abşeron yarımadasında qış mövsümündə ən çox qarın yağdığı ay da yanvar ayı olur".

A.Verdiyev bildirib ki, 2008-ci ilin yanvar ayı Bakı və Abşeron yarımadasında son 20 ilin ən soyuq keçən yanvar ayı olub. Həmin ildə yanvarın 8-də Bakıda 44 sm qar yağıb ki, bu da yanvar ayı üzrə ən yüksək göstərici olub.

Bu gün Bakıya ilk qarın yağdığını xatırladan A.Verdiyev yanvar ayının II və III ongünlüyündə də qarın yağacağını istisna etməyib.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Bazar ertəsi, 09 Yanvar 2023 08:15

Bu gün əsl qış havası olacaq

 

Azərbaycanda yanvarın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 778 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-20°, gündüz 5-10° şaxta olacağı ehtimal edilir. Yollar buz bağlayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasında iştirak etmək üçün yanvarın 8-də Türkiyə Respublikasının Antalya şəhərinə işgüzar səfər edib.

 

AzərTAC Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, nümayəndə heyətini Antalya hava limanında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin APA-nın 13-cü plenar sessiyasında çıxışı, həmçinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Günün fotosu: Qara Nazaryanin gününü arzulamaqla qeyd etdilər

 

İsa peyğəmbərin büstlərini əllərində tutan on minlərlə filippinli katolik Manila şəhərində Qara Nazaryanın gününü qeyd etdilər və arzu dilədilər. Yerli inanca görə bütün sağlam arzular gələnilki bayrama qədər həyata keçəcəkdir. 

 AP Photo/Aaron Favila

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.