
Super User
Görkəmli rejissor Vadim Abdraşitov vəfat edib
Yenidənqurma illərində postsovet məkanında ekranlara çıxan “Plumbum, yaxud təhlükəli oyun” filmi on milyonlarla baxış əldə etmişdi, çünki orada sovet cəmiyyətinin gerçək, gizlədilən siması göstərilirdi. Fiımin rejissoru Vadim Abdraşitov iti.
SSRİ-nin və Rusiyanın Xalq artisti, rejissor Vadim Abdraşitov ötən gün 79 yaşında vəfat edib.
“Ədəbiyyat və incəsənət” TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kinematoqraflar İttifaqı məlumat yayıb. Məlumata görə, məşhur rejissor koronavirusun fəsadları səbəbindən dünyasını dəyişib.
Vadim Abdraşitovun “Rəqqasın vaxtı”“Tülkü ovu”, “Qulluqçu” filmləri də çox məşhur olub. O, Nika, Qızıl şir mükafatıarı laureatı idi.
“Ədəbiyyat və incəsənət”
(13.02.2023)
Təbrizdə sazlı sözlü kitab təqdimatı keçirilib
Təbrizdə Azərbaycan ədəbiyyatı yaşayır, inkişafdadır, kitablar çıxır, təqdimatlar keçirilir. “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla növbəti bir tədbir barədə məlumat verir.
Təbriz şəhərində Güneyli şair Aydın Baxışın “Səni çöldən tapmamışam” adlı şeir kitabının təqdimatı keçirilib və kitabın satışından toplanan maddi dəyər Xoy şəhərində zəlzələdən zərər görənlərə bağışlanıb.
Təqdimatda Güneyli tanınmış şairlər çıxış edərək kitabın və Aydın Baxışın yaradıcılığı haqda danışıblar.
Təqdimatda tanınmış şair Nadir ilahi və etimologiya alimi Həsən Umudoğlu da iştirak ediblər. Təqdimatın aparıcısı Güneyli şair Bəxtiyar Nizami olub.
Gənc solo saz ifaçısı Əmin Cövdət ifasından öncə Türkiyə və Xoy zəlzələsində dünyasını dəyişənlərə görə bir dəqiqə ayaq üstə sükut elan edilibdir.
Musiqi və şeir dolu bir axşamda Sevər Şəhabi, Şahin Muradi, Mərcan Mənafzadə, Nadir İlahi, Həsən Umudoğlu, Hüseyin Misri, Əli Çağla, Xosrov Sərtipi, Rövşən İbrahımzadə, Ramin Yaşar, Sevil Qulami şeirlərini İfa ediblər.
Təqdimat Bəsarəti Musiqi akademiyasında keçirilib.
“Ədəbiyyat və incəsənət”
(13.02.2023)
“Ataşah” brendi Azərbaycanı xaricdə təmsil edəcək
“Ataşah” MMC 2023-cü ildən fəaliyyət göstərən, ölkə daxilində və ölkə xaricində istehlakçını insan sağlamlığı üçün hədsiz faydası olan bioloji aktiv ərzaq əlavələri və ərzaq məhsulları çeşidləri ilə təmin edən bir ticarət nişanıdır.
Hal-hazırda “Ataşah” kompaniyası müxtəlif bölgələrdə ekoloji təmiz üsulla yetişdirilmiş bitkilərdən soyuq sıxım yolu ilə bitki yağlarını istehsal edir. Məhsulların xüsusi qablaşdırmada, özünəməxsus nəcib dizaynla təqdim edilməsi keyfiyyətin daha üstün olan göstəricisidir. Amma bu, ən vacib olanı deyil. Ən vacib olanı odur ki, “Ataşah” brendi altında çıxan yağlar bitkilərin faydalı xüsusiyyətlərini tam saxlamaq üzrə ən effektiv metod olan kriogen texnologiyası yolu ilə istehsal edilir, bu yağlar sağlamlığın və uzunömürlülüyün keşiyində dayanır.
Bundan başqa, “Ataşah” Azərbaycanın cənub bölgəsinin dağətəyi ərazisində, elit seleksiya sortlarından salınmış çay plantasiyalarında aparıcı çay mütəxəssislərinin rəbərliyi altında yetişdirilmiş ”PREMİUM ÇAY”ı qablaşdırıb istehlakçıya çatdırır.
“ATAŞAH”-ın eksklüziv sifarişi olan, 100% ekoloji təmiz, zərif ətirli, gözəl tama malik bu çay bütün gigiyenik və texnoloji şərtlər nəzərə alınmaqla iyul-avqust aylarında bir və ikiyarpaqlı fleşlərdən seçilərək yığılır və “Astaraçay” fabrikində emal edilərək qablaşdırılır.
Bundan başqa, “Ataşah” Azərbaycanın şimal zonalarında arıçıların yetişdirdiyi ən keyfiyyətli və saf bal məhsullarını sağlam yaşamaq amacında olan ailələrin mənzillərinə çatdırır.
“Ataşah” bir Azərbaycan brendi olaraq Azərbaycanın doğal və ləzzətli təamlarını dünya alıcılarına çatdırmaqla həm də Azərbaycanı dünyaya sevdirir. Təsadüfi deyil ki, şirkətin çağırış mətni “Sizlərə sevgiylə”dir.
“Ədəbiyyat və incəsənət”
(13.02.2023)
“Hamı ilə dil tapmağın ən yaxşı yolu susmaqdır” - 10 aforizm
Hümbət Həsənoğludan növbəti 10 aforizmi nəzərinizə çatdırırıq.
1)Qulağını qapıya şəklədiyin kimi həyata şəkləsən, xoşbəxtliyin yaxınında olduğunu hiss edəcəksən.
2)Cəsarətli olmasan, öz sərhədlərinin hüdudlarını heç vaxt bilməyəcəksən.
3)Sənə olan münasibətin göstəricisi söz yox, əməldir.
4)Xoşbəxtlik ona vərdiş edənin deyil, onu dəyərləndirənin yanında qalar.
5)Xoşbəxtlik xəstəliyinə tutulasan, həkim də deyə ki, çarəsi yoxdur.
6)Yaxşılıqları da, pislikləri də keçməlisən ki, ən böyük dəyər – şəxsi təcrübə əldə edəsən.
7)İnsan çox şey bacarar, amma “əlvida” sözünü gülərək deyə bilməz.
8)Səadət qəlbində, fikrində, yanında eyni insanın olmasıdır.
9)Kişiyə ən böyük tərif ən pozğun qadının onu sevməsidir.
10)Hamı ilə dil tapmağın ən yaxşı yolu susmaqdır.
“Ədəbiyyat və incəsənət”
(13.02.2023)
Stalin hansı filmlərimizə qadağa qoymuşdu? - Cəmil Quliyevlə müsahibə
“Mən mütaliə etməyi sevirəm, kino tarixi ilə bağlı kitabları maraqla oxuyuram. Son dəfə oxuduğum kitab alman yazıçısı Henrix Böllün əsərləri olub”.
Bu sözləri Lent.az-a müsahibəsi zamanı Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev deyib. Daycest bölümündə həmin müsahibəni diqqətinizə çatdırırıq.
- Cəmil müəllim, 2010-cu ildə Azərbaycan Dövlət Film Fondu ilə Rusiya Kino və Foto Sənədlər Arxivi arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanmışdı. Bu saziş çərçivəsində hansısa itmiş filmlərimiz barədə məlumat almaq və ya onları öz film fondumuza gətirmək mümkün oldu?
- Bəli, 2010-cu ildə Azərbaycan Dövlət Film Fondu və Rusiya Dövlət Film Fondu arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb. Bu saziş çərçivəsində Azərbaycanda olmayan vaxtı ilə itirilmiş bədii filmlər bərpa olunub Azərbaycana gətirildi. Bunların arasında “Əvəz Əvəzə” (1925), “Dəcəl dəstə” (1937), “Bir ailə” (1943), “Bakının işıqları”(1950), “Doğma xalqımıza” (1954), “Payız konserti”(1962) və başqalarının adını çəkmək olar.
- Sovet rəhbəri Stalin hansı filmlərimizin yayımlanmasına qadağa qoymuşdu?
- SSRİ dövründə “Bir ailə” (1943), “Bakının işıqları”(1950) və bir neçə başqa bədii filmlərə qadağa qoyulmuşdu, lakin sonradan qadağa götürüldü və bədii filmlər bərpa olunaraq Azərbaycana gətirildi.
- Sovet dönəmində senzuraları aşmaq çətin idi. Məsələn Dədə Qorqud kimi bir film bizim əsl soy-kökümüzə qayıdış idi. Nə əcəb bu filmin çəkilməsinə, göstərilməsinə icazə verilmişdi?
- Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami” kimi tarixi filmlər çəkilib və “Dədə Qorqud” filminin ərsəyə gəlməsində Heydər Əliyevin böyük rolu olub.
- Azərbaycan kinosunun ən bahalı filmi hansı film idi? Ən çox gəlir gətirən film haqqında nə danışa bilərsiniz?
- SSRİ dövründə ən çox gəlir gətirən filmlər sırasında “Arşın mal alan” (1945), “O olmasın, bu olsun” (1956), “Uzaq sahillərdə” (1958), “Babək” (1979), “Arxadan vurulan zərbə” (1977) filmləri idi. Azərbaycan kinosunun ən bahalı filmi isə 1979-cu ildə lentə alınmış “Babək” filmi sayılır. Açığını desək, SSRİ dövründə filmlərin gəlir məbləği, onlara ayrılan büdcə sirr kimi saxlanılırdı, yalnız ümumi şəkildə ən çox gəlir gətirən və baxılan filmlərin adı çəkilirdi.
- II Qarabağ müharibəsi ilə bağlı arxiv üçün hansısa lentlər çəkilib?
- Birinci və ikinci Qarabağ müharibələri ilə bağlı xronikal materiallar əsasən Azərbaycan televiziyasının video arxivindədir, başqa televiziyaların arxivlərində də müəyyən materiallar var.
- İnternet çox adamın mütaliəyə həvəsini azaldıb. Sizin həvəsiniz varmı? Son dəfə hansı kitabı oxumusunuz?
- Mən mütaliə etməyi sevirəm, kino tarixi ilə bağlı kitabları maraqla oxuyuram. Son dəfə oxuduğum kitab alman yazıçısı Henrix Böllün əsərləri olub.
- İmkan olsa, hansı əsəri özünüz çəkərdiniz?
- Görkəmli Azərbaycan dramaturqu Süleyman Sani Axundovun ədəbi irsinə müraciət edərdim.
- Hansı əsərin ekran versiyasını görmək istəyərdiniz?
- ABŞ yazıçısı C.Selincerin əsərlərinin ekran versiyasını görmək istəyərdim.
- Dünyanın hansı ölkəsinə səfəriniz sizin üçün unudulmazdır?
- 2015-ci ildə İtaliyanın Neapol şəhərində konfransda olmuşam. Bu səyahət mənim üçün unudulmazdır. Bu səfərdə maraqlı insanlarla görüşlərim oldu. Şəhərin gözəl və bənzərsiz memarlıq abidələri unudulmaz təsir buraxıb.
“Ədəbiyyat və incəsənət”
(13.02.2023)
Tektonik silahdan söhbət belə gedə bilməz
Azər Əhmədov,
ABŞ-da yaşayan alim
4-cü sinifdə yaxşı bir təbiətşünaslıq müəllimimiz var idi, əməkdar müəllim Gülarə Babayeva. 5-8-ci siniflərdə bizə coĝrafiya dərsi deyirdi. Kabinetində iri xəritələr asmışdı. Bir dəfə soruşdum ki, müəllim, Cənubi Amerikanın orasıyla Afrikanın burası bir-birinə oxşayır, elə bil ki, birimişlər, qopublar, niyə belədir?
Çox məmnun qalmışdı sualımdan. Gəlib evdə atama da dedim, atam da sevinmişdi ki, belə bir müşahidə edə bilmişəm. Sonralar oxumuşdum ki, ilk dəfə bu müşahidəni edən və Yer səthində tektonik platoların hərəkətdə olması nəzəriyyəsinin əsasını qoyan (continental drifting theory) alman alimi Alfred Wegener (1880-1930) olub, amma o dövr alimlərin çoxu Wegenerin bu nəzəriyyəsinə gülüb onu ələ salırmışlar.
Coĝrafiya dərslərimizdə həm də öyrənmişdim ki, Hindistan təxminən 200 milyon il əvvəl Avstraliyadan (Pangea qitəsindən) qopub uzun bir məsafə qət edərək gəlib Avrasiyaya birləşib, Hindistan platosu Avrasiya platosuna keçib irəlilədikcə Himalay daĝları yaranıb (50 milyon il əvvəl başlamış bu daxilolma hərəkəti hələ də davam edir, Himalay daglarnın hündürlüyü cüzi də olsa hələ də artmaqdadır!).
Yaxud Avstraliya 30 milyon il əvvəl Antarktikadan qopub aralanıb və s..
Yerdə 7 (yaxud 8 ) əsas tektonik plato, 10-dan artıq daha kiçik platolar, bir xeyli də mikroplatolar var. Bu tektnoik platoların hərəkət səbəbləri mürəkkəbdir, zəlzələlər adətən iki (və daha artiq) platonun təmas nöqtələrində olur. Bu təmasların təbiəti də fərqli-fərqli ola bilir, bundan çox şey asılıdır. Ümumiyyətlə, Yer geoloji cəhətdən çox aktiv bir planetdir, bu aktivlik zəlzələ, vulkan və s. fəlakətlərə səbəb olsa da, bu, həm də o deməkdir ki, Yer canlı bir planetdir, Ay kimi, bəzi digər planetlər/peyklər kimi ölü deyil. Buna biz əslində sevinməlyik. İndiki güney-doĝu Türkiyədə 3 plato görüşür (Avrasiya, Anadolu və ərəb platoları), bu ərazi seysmik olaraq hər zaman təhlükəlidir. Son 100 ildə 7.8 və daha artıq gücdə zəlzələ elə də çox olmayıb, olanların da bəziləri nisbətən ucqar yerlərdə baş verib, böyük insan tələfatına səbəb olmayıb. Yeri gəlmişkən, Rixter şkalası loqarifmik bir şkaladır, məsələn 8 və 7 balliq zəlzələlərin fərqi 8-in 7-yə nisbəti deyil, bundan xeyli (dəhşətli dərəcədə!) daha artıqdır! Bununçün Türkiyədəki indiki zəlzələni 2000-ci ildə Bakida baş verən zəlzələ ilə müqayisə etmək doĝru olmaz. Əlbəttə, daha keyfiyyətli binalar və s. tələfatin az olması demək olardı, amma bu barədə danışarkən 7.8 rəqəminin çox qorxunc olduĝunu yaddan çıxarmayaq gərək. Hadisədən dərhal sonra Azərbaycandakı bəzi məsuliyyətsiz mətbuat nümayəndələrinin “tektonik silah” barədə yazdıqlarını gördüm. Əminliklə deyirəm ki, belə bir “silah” yoxdur.
“Ədəbiyyat və incəsənət”
(13.02.2023)
Şeir, vəsiyyət, karikatura - Zəlzələ gündəliyindən
1.
Qarabağ müharibəsinin iştirakçısı Vüsal Hətəmov türk millətinin qan yaşlarına, parçalan ürəyinə şeir yazıb.
Çarəsiz ata şəkliyəm,
dünyaya hayqıran.
Qızımın bu soyuq əli qədərdir
dünyam.
Eşit!
Ey dünya malından doymayan!
Dünəni sevinc,
bu günü kədərdir
dünyam.
Partlar ürəyim, qızım darda.
Yaxınıq? Sən harda, mən harda?!
Qoysanız mən də ölüm burda,
Aramızda sipərdir dünyam.
Bəhrü dənizlər sizin olsun,
Nökər-kənizlər sizin olsun,
Qəsri-hədsizlər sizin olsun,
Bundan sonra hədərdir dünyam.
2.
Abdülkadir Özkanın (qapaq fotosunda) “Məcik böcək” hekayəsi bu sözlərlə bitir:
“(...) Və indi çantamı yığışdırıb gedirəm. Kim deyərdi ki, Məcik Böcək bir gün bu evdən gedəcək! Sağlıqla qalın və məni unutmayın. Diqqət edin, dəyişiklik zərərvericilərindən qaçın”.
Min təəsüflər olsun ki, gənc yazıçı, tərcüməçi, şair, Azərbaycan ədəbiyyatının yaxın dostu Abdülkadir Özkan Türkiyənin Qəhrəman Maraş şəhərində ailəsi ilə birlikdə dağıntılar altında qalaraq dünyasını dəyişib.
Yazıçı Təranə Vahid yazır: “Abdülkadiri həyatda görməmişəm. Fb dostum idi, bir gün yazdı ki, hekayələrinizi göndərin, tərcümə edim. Təşəkkür etdim, yazdım ki, artıq Türkiyədə kitabımı çapa hazırlayıblar, sən hekayəni göndər mən çevirim. “Məcik böcək” ( Sehirli böcək) adlı hekayəsini dilimizə uyğunlaşdırdım. Hekayə 2020-ci ildə “Ulduz” jurnalında çap olundu.
Gənc yazar dostumuzun istedadı, həssas ürəyi, incə yumoru, zəhmətkeşliyi məni heyran etmişdi. Mən Abdülkadirin ədəbiyyada yeni cığır açacağına inanırdım.
Üç gündür dua edirik, dua edirik ki, dağıntılar altında qalan soydaşlarımız sağ qalsın, dua edirik ki, Abdülkadirə - bu işıqlı oğlana ölüm qıymasın... Nə yazıq ki qıydı.
Heyif səndən, əziz dostumuz, qardaşımız, istedadlı balamız, səni unutmayacağıq...”
3.
Fransanın "Charlie Hebdo" nəşrinin zəlzələ ilə bağlı iyrənc karikaturasına cavab olaraq, qrafik dizayner Abrar Sabbah da bu karikaturanı (fotoda) çəkib və belə yazb: "Bu güçlü millet yeniden ayağa kalkacak!"
4.
Daha bir neçə türkiyəli məşhur zəlzələ nəticəsində zərərçəkənlərə dəstək olmaq üçün yardım kampaniyalarına qoşulublar.
Tarkan - 1 milyon lirə;
Bülent Ersoy - 1 milyon lirə;
Ebru Gündeş - 500 min lirə;
Murat Boz - 500 min lirə;
Can Yaman - 250 min lirə.
“Ədəbiyyat və incəsənət”
(13.02.2023)
Fuad İbrahimov: “Tofiq Quliyev ehtirama layiqdir”
Bakıda Tofiq Quliyevin abidəsinin açılması mədəniyyət tariximiz üçün olduqca əlamətdar hadisədir. Abidənin açılışında ölkə başçısının iştirakı olduqca xoş ovqat yaratdı. Bu tarixi əsərə baxarkən dahi bəstəkarın dəqiq anatomik cizgiləri ilə yanaşı, yüksək daxili psixoloji aləminin də uğurlu həllini görmək olur. Doğurdan da abidə böyük ustalıqla işlənilib.
Bu fikirlə Azərbaycan Dövlət Kamera Orkestrinin baş dirijoru, Əməkdar artist Fuad İbrahimova məxsusdur.
Fuad İbrahimov qeyd edib ki, açılış mərasimində Prezident İlham Əliyevin Tofiq Quliyevin sənəti haqqında dediyi “Onun əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır. Tofiq Quliyev öz xalqına çox bağlı idi, onun Azərbaycan, Bakı haqqında əsərləri bunu göstərir”, - sözləri dövlətimizin başçısının sənətə və sənətkara verdiyi böyük dəyərin göstəricisidir.
Əməkdar artist bildirib ki, Tofiq Quliyevin mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanıb: “O zamanlar böyük məşhurluq qazanmış “Qaya” vokal instrumental ansamblı Tofiq Quliyevin mahnılarını zirvələrə ucaldıb. 200-dən artıq mahnı yazan Tofiq Quliyev mahnı melodik üslubun təbiətini gözəl duyurdu. Tofiq Quliyev, həmçinin Azərbaycan estrada musiqisinin yaradıcılarındandır”.
“Ədəbiyyat və incəsənət”
(13.02.2023)
“Istedadsız rejissor həm də aktyor olmaq fikrinə düşəndə...”
“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Zərnigar Ağakişiyevadır..
ZƏRNİGAR AĞAKİŞİYEVA
(1945-2018)
***
Bir dəfə çox istedadsız bir rejissor həm də aktyor olmaq fikrinə düşmüşdü. Quruluş verdiyi tamaşada özü də baş rol oynayırdı. Adamı var idi deyə, hamı dözürdü. Açığı, onun tamaşasının necə olacağını təsəvvür etdiyimdən premyeraya getmədim. Tamaşadan sonra məni teatrda görüb:
– Gördünüz də mənim tamaşamı, Zərnigar xanım, bomba partlatdım.
– Baş rolda kim oynayırdı? – xəbər aldım.
– Kim olacaq, özüm, – şəstlə cavab verdi.
Gülümsəyərək:
– Bəs onda, quruluşçu rejissor rolunu kim oyanyıb görəsən? – soruşdum.
Adam tərs-tərs üzümə baxıb, uzaqlaşdı.
“Ədəbiyyat və incəsənət”
(13.02.2023)
“Gizli ölüm toxumları”
Azərbaycan xalqının mina terroruna məruz qalmasının faciəvi nəticələrinə həsr olunmuş “Gizli ölüm toxumları” adında kitab işıq üzü görüb. Kitabın müəllifləri bu dəhşətli reallıqları xalqımızın acı təcrübəsinə əsaslanaraq nümayiş etdirir. Onlar azad edilmiş ərazilərdə yüzlərlə kilometr məsafə qət ediblər.
Onlar minaların və PHS-in axtarılması və təmizlənməsi proseslərini izləyiblər, mina terroru nəticəsində yaralanmış insanlarla söhbət ediblər. Bundan bəhs edən fotoşəkillər, beynəlxalq ekspertlərin rəyləri kitabın əsasını təşkil edir. “Gizli ölüm toxumları” kitabı Azərbaycan Xarici İşlər Nazirliyi, ANAMA və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə çap olunub. Azərbaycan müxtəlif yollarla ölkəmizin qarşısında duran humanitar minatəmizləmə probleminin miqyası və mürəkkəbliyi məsələlərini beynəlxalq ictimaiyyətin gündəminə gətirməkdədir. Kitabın geniş təqdimatı və humanitar minatəmizləməyə həsr edilmiş müxtəlif tədbirlərdə istifadəsi gözlənilir. Kitab ingilis və rus dillərində işıq üzü görəcək.
Kitab “IRS Publishing House” nəşriyyatı tərəfindən hazırlanıb. Nəşriyyatın redaksiyasında Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərindən olan mütəxəssislər çalışır. “PAŞA Həyat Sığorta” ASC ilə əməkdaşlıq etdiyi on il ərzində nəşriyyat diplom və mükafatlara layiq görülüb, müxtəlif dillərdə yazılmış bir çox kitab ərsəyə gətirib. Onların arasında “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklərin kitabı”, “Təbrizin sehrli nağılları”, “Məftun edən şəhər”, “Naxçıvan. Şərqin əfsanəsi”, “Bakı simfoniyası”, “Qarabağ. Əsirlərin salnaməsi”, “Azərbaycan inciləri”, “Daş keşikçilər”, “Gəncə. Nizami yurdu”, “Qarabağın qara kitabı”, “Zəfər salnaməsi”, “Salam, Azərbaycan!”, “Şuşa. Zirvədən uca” və s. kitabları qeyd etmək mümkündür. Hazırda nəşriyyat Qarabağ və Şərqi Zəngəzurun dinc həyata qayıtmasından bəhs edən “Dirçəliş. Başlanğıc” kitabını çapa hazırlayır.
Olduqca aktual olan bir nəşrdir. Nəşrdən bir fraqmenti diqqətinizə çatdırırıq:
“Erməni işğalçıları qədim Qarabağ torpağı talan edilməklə yanaşı, burada yüz minlərlə mina yerləşdirib. Nəinki əsrlərlə burada yaşamış azərbaycanlılara, onların torpağına qarşı 30 il cinayətlər törətmiş düşmən yalnız tarlaları və təmas xətlərini deyil, həmçinin yolları, cığırları, aşırımları və hətta qəbiristanlıqları çoxsaylı minalarla doldurub. Onlar qurbanlarını gözləyir. Ermənilər özləri ilə ölüm və qan gətirmiş, geri çəkiləndə isə onları o günlərin qorxulu xatirəsi kimi saxlamışlar.
Azərbaycan rəhbərliyinin gördüyü tədbirlər nəticəsində mülki şəxslərin kütləvi şəkildə məhvinin qarşısı alındı, lakin bütün səylərə baxmayaraq, itkilər var. Dünya təcrübəsi göstərir ki, bu itkilər, təəssüf ki, qaçılmazdır. Mina partlayışları nəticəsində 282 vətəndaşımız mina qurbanı olub, ya da yaralanıb. Ermənistan tərəfi mina sahələrinin bütün xəritələrini Azərbaycana təqdim etməyib. Əldə olunmuş xəritələrin isə dörddə üç hissəsi yalan məlumatları əks etdirir. Azərbaycan minaaxtaranları tərəfindən 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların aşkarlanması bunun bariz nümunəsidir.
Gizli ölüm tək bizim ölkədə deyil, bütün dünyada dinc sakinlər üçün əsl bəladır. Bir çox regionlarda silahlı münaqişələrdən xeyli vaxt keçsə də, minalardan ölüm halları baş verməkdədir. Bəzi yerlərdə isə müharibələr davam edir. Bu da o deməkdir ki, burada da minalar və partlamamış hərbi sursat (PHS) problemi olacaq. UNICEF-in məlumatına görə, 1975-ci ildən etibarən dünyada bir milyona yaxın insan mina partlaması nəticəsində həlak olub, onların üçdə birini 15 yaşadək uşaqlar təşkil edir. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti isə minaların hər ay iki min insanın ölümünə səbəb olduğunu qeyd edir. BMT-nin statistikasına əsasən, dünyanın yetmiş ölkəsi üçün bu problem ən aktual olanlar sırasındadır”.
“Ədəbiyyat və incəsənət”
(13.02.2023)