
Super User
Bazar günündə “Məhəbbət tanqosu” baleti ilə
Martın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Məhəbbət tanqosu” baleti nümayiş olunacaq.
Əsas rollarda Əməkdar artistlər Nigar İbrahimova, Samir Səmədov, aparıcı solist Timur Oduşev və solist Leyla Narimanidze çıxış edəcək.
İki gəncin sevgisindən bəhs edən səhnə əsərində onlardan biri həyatını faciəli şəkildə itirsə də, həyatın davam etdiyi, məhəbbətin əbədi olduğu vurğulanır.
Rəqs, xüsusən tanqo sözlər olmadan ehtiraslı məhəbbəti etiraf etməyin ən yaxşı vasitələrindən biridir. Baletdəki qəhrəmanlar da bir-birilərinə olan sevgilərini rəqs vasitəsilə etiraf edirlər.
Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərxalça” ASC xalçalarının sərgisi açılıb
Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropada tanıdılması məqsədilə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində “Azərxalça” ASC Azərbaycan xalçalarının sərgisini təşkil edib.
AzərTAC xəbər verir ki, sərgidə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə aid klassik və müasir dizaynda çoxsaylı xalça nümunələri sərgilənir. Həmçinin, böyük ekran vasitəsi ilə xalçaçılıq sənətini, eləcə də tanınmış xalça toxucularımızdan bəhs edən film nümayiş olunub.
Əsas məqsədinin Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, turizm imkanları barədə müxtəlif səpkili tədbirlər təşkil etməkdən ibarət olan Mədəniyyət Mərkəzində təşkil olunan xalça sərgisinin əsas hədəfi nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu, Azərbaycan xalqının öz milli dəyərlərinə necə qiymət verdiyini bildirməkdən ibarətdir.
Sərginin açılışına Avstriyadakı Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları, diplomatik korpus, Avstriyada yaşayan soydaşlarımız, yerli ictimaiyyətin üzvləri, Türkiyənin Avstriyadakı səfirliyi və beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyi iştirak edib.
Sərgini giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında bildirib ki, Azərbaycan hər zaman milli mənəvi dəyərlərinə yüksək qiymət verərək onu bütün dünyaya tanıtmaq yolunda təqdirəlayiq addımlar atıb. Xalq sənəti sahələri arasında ən geniş yayılmış növ olan xalçaçılıq Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş sənətlərdən biri olduğu vurğulanıb. Bu baxımdan sərginin həm Avstriyada yaşayan həmyerlilərimiz, həm də avropalı xalçasevərlər üçün maraqlı olacağından əmin olduğunu bildirib.
Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun xeyriyyə xarakterli tədbir üçün minnətdarlığını bildirib, Azərbaycan və Türkiyə xalqlarının həm sevincli, həm də ağrılı günlərdə daim bir yerdə olduqlarını qeyd edib və Türkiyədə baş verən sarsıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılmasında Azərbaycan xilasedicilərinin yorulmaz fəaliyyətini, eləcə də Azərbaycan xalqının maddi və mənəvi dəstəyini minnətdarlıqla vurğulayıb.
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədr müavini Ceyhun Əlibəyov da tədbirdə çıxış edərək, “Azərxalça” ASC-nin tarixindən söz açıb. Bildirib ki, XX əsrin birinci yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb. Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılıq xalqın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq sərgidə nümayiş olunan bütün xalçaçılıq məktəblərinə aid xalçalar və Qarabağ, Qazax, Naxçıvan, Şirvan məktəblərindən söz açıb. “Azərxalça” ASC -nin əsas məqsədi xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu deyib. Cəmiyyətin istehsal etdiyi xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. “Azərxalça” ASC–nin xalçaların istehsalı ilə yanaşı xalçaçılıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilib gələcək nəsilllərə ötürülməsi, bu sahəyə xüsusilə regionlarda yaşayan toxucu xanımların cəlb olunması, işlə təmin olunması məsələlərində atdığı önəmli addımlardan da söz açıb.
Tədbir çərçivəsində 6 fevral tarixində Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkmiş insanlara yardım aksiyası da təşkil olunub. Belə ki, Azərbaycan milli məhsulları, kəlağayı və milli üslubda hazırlanmış zinyət əşyaları ilə yanaşı “Azərxalça” ASC-nin təşkil etdiyi xalçaların satışından əldə olunan gəlirin bir hissəsi AFAD-a ianə olunacaq.
Tədbir iştirakçıları açılış zamanı Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun başçılıq etdiyi musiqi qrupunun konsert proqramını dinləmək imkanı əldə ediblər. Konsertdə, həmçinin görkəmli caz pianoçusu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab da iştirak edib. Musiqi qrupu Azərbaycan xalq mahnıları və bəstəkar əsərləri, eləcə də Ənvər Sadıqov və Emil Əfrasiyabın bəstələdiyi kompozisiyaları təqdim ediblər.
Mədəniyyət Mərkəzində təşkil olunan sərginin qapıları aprel ayının sonunadək avropalı xalçasevərlər üçün açıq olacaq, burada maraqlananlara həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcəkdir.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
Şuşaya ilk turist səfərləri başlayır
Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan, mədəniyyət paytaxtı Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsindən sonra işğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil ediləcək.
Dövlət Turizm Agentliyi bildirir ki, layihə “Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.
İlk turist səfərləri Novruz bayramı öncəsi - mart ayının 18-dən etibarən həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Vətəndaşlar turlarda iştirak etmək üçün martın 6-dan etibarən turizm şirkətlərinə (turagentlərə) müraciət edə bilərlər.
2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa “Realnıy” Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.
Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
Yazıçılar Günündə “Dünyanın 100 ən dahi yazıçısı” reytinqi
Qələm həqiqətən qılıncdan daha güclüdür və bir kitab həvəskarı olsanız bunun doğru olduğunu bilərsiniz. Tarixin ən nüfuzlu şəxslərindən bəziləri bütün zamanların ən vacib ədəbiyyatını və siyasi əsərlərini yazan müəlliflər olublar. Yazıçılar bəşər tarixini formalaşdırmış, ən vacib tarixi hadisələrdən bəzilərini şəkilləndirmiş və ətrafımızda dəyişən bir dünya mədəniyyətini dərindən əks etdirmişlər.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar araşdırma apararaq dünyanın ən dahi yazıçılarının bir neçə reytinqinə baş vurmuşdur. Nəhayət, belə nəticəyə gəlmişdir ki, ən nüfuzlu və nisbətən obyektiv reytinq www.ranker.com-un reytinqidir. (Hərçənd, əməkdaşımızın ciddi iradları da yox deyil)
Saytın səsverməyə əsasən müəyyənləşdirdiyi dünyanın 100 ən dahi yazıçısının siyahısını təqdim edirik:
1.Uilyam Şekspir
2.Fyodor Dostoyevski
3.Lev Tolstoy
4.Homer
5.Çarlz Dikkens
6.Viktor Hüqo
7.Migel de Servantes
8.Corc Oruell
9.Edqar Allan Po
10.Ceyn Ostin
11.Ernest Heminquey
12.Con Steynbek
13.Ceyms Coys
14.Anton Çexov
15.Qrimm qardaşları
16.Klayv Steyplz Lyuis
17.Frensis Skott Fitscerald
18.Robert Lyuis Stevenson
19.Fridrix Nitsşe
20.Meri Şelli
21.Hans Xristian Andersen
22.Con Tolkin
23.Mark Tven
24.İlya Çavçavadze
25.Herbert Uells
26.Uilyam Folkner
27.Oldos Haksli
28.German Melvill
29.Roald Dal
30.Oskar Uayld
31.Platon
32.Cefri Çoser
33.Virciniya Vulf
34.Emili Dikinson
35.Rey Bredberi
36.Marsel Prust
37.Xorxe Luis Borxes
38.Conatan Svift
39.Tomas Eliot
40.Artur Konan Doyl
41.Brem Stoker
42.Vladimir Nabokov
43.Robert Frost
44.Nikolay Qoqol
45.Herman Hesse
46.Con Milton
47.Kurt Vonnequt
48.Ayzek Azimov
49.Qüstav Flober
50.Cosep Konrad
51.Hovard Fillips Lavkraft
52.Uolt Uitmen
53.Tomas Mann
54.Jül Vern
55.Evripid
56.Cerom Selincer
57.Sorn Kyerkeqor
58.Alan Aleksandr Miln
59.Molyer
60.Henri Devid Toro
61.Corc Eliot
62.Aleksandr Puşkin
63.Uilyam Batler Yeyts
64.Dr Seus
65.Con Kits
66.Yohann Volfqanq Höte
67.Ovid
68.Onore de Balzak
69.Harper Li
70.Fridrix Şiller
71.Semyuel Bekket
72.Daniel Defo
73.Frans Kafka
74.Tomas Hardi
75.Ezop
76.İvan Turgenev
77.Aleksandr Soljenitsın
78.Emil Zolya
79.Nataniel Hotorn
80.Leonardo da Vinçi
81.Mixail Bulqakov
82.Uilyam Vordsvort
83.Tennesse Uilyams
84.Luis Kerroll
85.Aleksandr Düma
86.Elvin Uayt
87.Stiven Kinq
88.Alfred Tennison
89.Sofokl
90.Henrik İbsen
91.Ralf Uold Emerson
92.Vazha
93.Qalaktion Tabidze
94.Artur Klark
95.Duqlas Adams
96.Astrid Lindqren
97.Kormak Makkarti
98.Filip Dik
99.Corc Bayron
100.Şarl Bodler
İndi də Reytinqə iradlarımızı bildirək. Təbii ki, azərbaycanlıların bu səsvermədən xəbərləri olmayıb, bu da yekunda özünü göstərib. Ən azından, orada ilk onluğa Nizami Gəncəvi düşməli deyildirmi, əlbəttə düşməli idi. 50 milyon azərbaycanlı səsverməyə qoşulsaydı tək Nizami deyil, Nəsimi, Füzuli və daha kimlər burada yer almazdımı? Alardı.
Elə qonşu gürcülər fəallıq göstərərək özlərinin iki müəlliflərini ora sala biliblər.
Yəni, səsvermə varsa mütləq qeyri-obyektivlik olmalıdır.
Amma yenə şükür edək ki, ABŞ-da yaşadığından bir Amerika fantastı kimi əslən azərbaycanlı olan Ayzek Azimov reytinqdə yer ala bilib.
Əziz oxucularımız, sizcə dünya 100-lüyündə daha hansı yazarlarımız adlarını yazdırmağa haqq ediblər? Rəylərinizi gözləyirik.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
Bunlar Muğam Mərkəzində, onlar Xalça Muzeyində…
Bakımıza gəlmiş xaricilərin iki mədəniyyət ünvanına səfərlərindən reportaj
Ölkəmizin paytaxtına gələn xarici qonaqlar onun gözəlliyindən vəcdə gəlirlər. Yaraşıqlı binalar, küçə və prospektlərin gözəlliyi göz oxşayır. Bu öz yerində. Amma Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi, Xalça Muzeyi və digər muzeylər - ümumən mədəniyyət ocaqlarına baş çəkmək isə onlarda bir ayrı təəssürat yaradır.
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşının diqqətini iki belə missiya çəkib.
Birinin qəhrəmanları Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olan dövlət və hökumət başçılarının həyat yoldaşlarıdır. Digərininki isə Meksika Parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri və üzvləridir. Təfsilatını təqdim edirik.
Muğam Mərkəzində
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olan dövlət və hökumət başçılarının həyat yoldaşları Beynəlxalq Muğam Mərkəzini ziyafət ediblər. Mərkəzin rəhbərliyi öncə qonaqlara mərkəz haqqında ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəz Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib.
Qeyd olunub ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. 2008-ci ilin dekabrın 27-də istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası var.
Diqqətə çatdırılıb ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Mərkəzlə yaxından tanış olan qonaqlar burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıblar. Və təbii ki, adlar onların hafizələrinə həkk edilib.
Sonra onlar xüsusi olaraq gənc muğam ifaçılarının ifasında xalq və bəstəkar mahnılarından ibarət konsert verilib.
Azərbaycan muğamlarından xüsusi zövq alan qonaqlar ifaçılarla görüşüb, onlara uğurlar arzulayıb və xatirə şəkli çəkdiriblər.
Bir sözlə, əsl həzz alıblar. Və aldıqları təəssürat uzun illər unudulmayacaq, qəlblərində Azərbaycan muğanına sonsuz sevgi daşınacaq.
Xalça Museyində
Meksika Parlamentinin Deputatlar Palatasının Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqas, meksikalı parlamentarilər Xavyer Kasike Zarate, Elva Aqustina Vigil Ernandez, Navor Alberto Rohas Mansera Azərbaycan Milli Xalça Muzeyində olublar.
Qonaqlar ekspozisiya ilə yaxından tanış olublar, muzeyin rəhbərliyi onlara muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları barədə ətraflı məlumat verib.
İlk öncə qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında danışılıb. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
Meksikalı qonaqlar agah olublar ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.
Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb. Bu təəsüratı da onlar təbii ki, Meksikada bölüşəcək, belə zəngin mədəniyyəti olan Azərbaycan xalqı barədə ağızdolusu danışacaqlar.
Bax belə. Biz sizə iki xarici nümayəndə heyətinin iki mədəniyyət ocağına baş çəkməsindən və necə gözəl təəssürat almalarından danışdıq. Qarşıda isə Bakımızı daha təmtəraqlı tədbirlər və qonaqlar, onlardan gələn daha müsbət emosiyalar pozitivliyi gözləyir.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
Mədəniyyət Nazirliyi ilə AYB arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Azərbaycan Yazıçılar Birliyində (AYB) qurumun rəhbərliyi ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb, görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr üzrə onların təkliflərini dinləmək olduğunu bildirib.
Görüşdə Mədəniyyət Nazirliyi ilə AYB arasında əməkdaşlığın genişləndirilməsi, peşəkar kadr hazırlığı, kitab və kitabxana sahəsindəki çətinliklərin aradan qaldırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
“Soyub talasa da onu yağılar. Qəhrəman yurdumuz sarsılmamışdır…”
Bu gün Xalq şairi Hökumə Billurinin goğum günüdür
Bəli, bu gün - Ümumdünya Yazıçılar Günü bir mərhum xalq şairimizinin doğim günü ilə üst-üstə düşür. Bu gün Xalq şairi Hökumə Billurinin anadan olmasının 97-ci ildönümüdür. O Hökümə Billurinin ki, ikiyə bölünmüş Azərbaycan nisgilini tək poeziyasınada çəkməyib, həm də taleyində çəkib. “Ədəbiyyat və incəsənət” portalı olaraq bu faktı diqqətinizə yetirib mərhum xalq şairimiz barədə daha geniş danışmaq öncəsi istəyərdik onun “Ana” şeirini diqqətinizə çatdıraq.
Təbriz kədərliydi, sən ağlayırdın,
Gecəydi biz səndən ayrılan zaman.
Pərişan görkəmin, o son sözlərin,
Bir an xatirimdən çıxmamış, inan.
Adını dilimə gətirəndə mən,
Sanki alov yaxır dodaqlarımı.
Yaxın gəl, yaxın gəl öpüm üzündən,
Öpüm rəngi qaçmış yanaqlarını.
Elə məlul-məlul baxma üzümə,
Baxışın qəlbimə od saçır, sənin.
Sən yalqız deyilsən, sıxma qəlbini,
Böyük bir xalqın var, böyük vətənin.
O xalqın, o elin qızısan, sən də
Onun qüdrəti də, şöhrəti də var.
Qəhrəman yurdumuz sarsılmamışdır,
Soyub talasa da onu yağılar.
Bilirəm, çox sıxır səni ayrılıq,
Əsarət dünyası başına dardır.
Lakin unutma ki, hər bir gecənin,
Min bir şüa saçan gündüzü vardır!
“Əlimdən nə gəlir?”, demə bir daha
Demə ki, qocayam, saçlarım düm ağ.
Vətən öz qəhrəman oğlu, qızını
Hər zaman, hər zaman gənc saxlayacaq.
Alnının xətləri, bəyaz saçların,
Keçmiş həyatından bir yadigardır.
Hörmət o saçlara, nifrət keçmişə:
Bu günün öz adı, mə’nası vardır!
Qalx ana, qalx ana, səni döyüşə
Çağıran öz qızın, öz vətənindir!
Bax, yanır odlarda Odlar Diyarı,
Bu vətən, bu torpaq, bu el sənindir!
Hökumə Billuri 1926-cı il martın 3-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Zəhmətkeş dəmirçi ailəsində böyüyüb. İlk şeirlərini orta məktəb illərində yazıb. Qələmə aldığı “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” adlı ilk şeirləri “Azər”, “Vətən yolunda” qəzetlərində və “Azərbaycan” jurnalında dərc olunub.
Seyid Cəfər Pişəvərinin lideri olduğu Azərbaycan Demokrat Partiyasının Zəncan Vilayət Komitəsində rəhbər vəzifələrdə çalışıb.
1946-cı ilin dekabrından Şimali Azərbaycanda mühacirətdə yaşayıb. Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul olub, dövri mətbuatda müntəzəm çıxış edib. 1952-ci ildə ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirib. “İran Azərbaycan realıst demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib. Filologiya elmləri namizədi elmi dərəcəsini alıb. Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.
1955-ci ildə “Şeirlər”, 1963-cü ildə “Azadlıq baharı”, 1970-ci ildə “İthaf”, 1980-ci ildə “Sənin könül otağın” və s. kitabları Moskva və Bakıda rus dilində nəşr olunub.
Əsərlərində Azərbaycanın ikiyə bölünməsi faciəsini bir daha yaşayır. Təbrizi gecələr yuxusunda görüb, amma yuxuları heç zaman çin olmayıb. Güney dağlarından bir udum hava, meşələrindən bir tək yarpaq diləyib, vətənin suyundan bir ovuc içmək və Arazın o tayına qədəm basmaq həsrətini çəkib.
Təsadüfi deyil ki, Hökumə Billurinin şeirlərinin böyük bir hissəsi milli faciənin doğurduğu yaşantılar olub. Şəxsi ağrılarından doğulan şeirləri oxucu qəlbini riqqətə gətirir, kədərləndirir və gözlərini yaşardır. Təsadüfi deyil ki, onun əsərlərində Təbriz, Araz, Vətən, ayrılıq ən çox təkrarlanan sözlərdir.
Ovqatının ən xoşbəxt cağında da yurd həsrəti ona qənim kəsilib. Bəlkə də onun qəfil ölümü də bu Vətən dərdindən rişələnib.
Kəşməkəşli həyat yolu keçən şairə 2000-ci il noyabrın 22-də Bakıda vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
Gəlin ilk növbədə onları təbrik edək!
Bu gün Ümumdünya Yazıçı Günüdür
Bu səhəri 105 FM radiosunda sevimli xalq şairimiz Ramiz Rövşənin səsini dinləməklə asdıq.
Hamı günahkardır dünyada, amma
Dünyada heç kəsin günahı yoxdur…
Bayramlar üç cür olur. Biri ümumi, kütləvi bayramdır. Yeni il, Novruz bayramı, Zəfər bayramı… Uşaqdan böyüyə hamı bu bayramlara sevinir, onları qeyd edir. Biri korporativ bayramdır. Hansısa sosial təbəqə, peşə təmsil olunur. 8 Mart, Gənclər Günü belə bayramlardandır. Adından da bəllidir, birində qadınlar, digərində gənclər təbrik edilir. Bura üçüncü: özəl bayramları da əlavə etsək (ad günləri, xeyir işləri, hansısa uğurun qeydi, hansısa ildönümləri), mənzərə tam aydın olar.
Bu gün ikinci qism bayramdır, Ümumdünya Yazıçı Günüdür. Yazıçı deyəndə şairlər də bura aiddir, narahat olmayın. Və “Ədəbiyyat və incəsənət” portalı olaraq bütün yazarları təbrik etməkdən şərəf duyuruq. Ən öncə isə ədəbiyyatımızın flaqmanlarını: Xalq yazıçıları Anarı, Elçini, Kamal Abdullanı, Mövlud Süleymanlını, Çingiz Abdullayevi, Afaq Məsudu, Natiq Rəsulzadəni, xalq şairlərimiz Nəriman Həsənzadəni, Ramiz Rövşəni, Vahid Əzizi, Sabir Rüstəmxanlını, qocaman yazıçımız Vidadi Babanlını, Çingiz Hüseynovu…
Maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN klub tərəfindən (bu ad ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və nvelists (novella, roman müəllifi) – ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb.
PEN klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart ayının 3-nü “Yazıçı”nın “Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi. Bir sıra ölkələrdə bu bayram sadəcə “Yazıçı Günü” adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur.
Bayramı keçirməkdə məqsəd “Dördüncü hakimiyyət”in – demokratik mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli təhriflərə, faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi maraqlar naminə gerçəyin vicdansızcasına yozulmasına yol verməməyə çağıran peşə bayramıdır.
Qeyd edək ki, eyniadlı təşkilat – PEN klub bizim ölkəmizdə də PEN Azərbaycan şəklində yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır. Bu təşkilat ölkəmizdə 2011- ci ildə yaradılıb və prezidenti postuna yazıçı Çingiz Abdullayev seçilib. Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri bizdə də hədəf götürülüb. Ölkəmizdə PEN klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya ölkələrində tanıtmaqdır. Bu da təbii ki, tərcümə vasitəsilə mümkündür. Klubun üzvləri ən istedadlı, görkəmli və fəal yazıçılardır.
Bir daha bayramınız mübarək, əziz yazıçılarımız!
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
İnsan ən çox neçə il yaşaya bilər?
Dünyanın ən uzunömürlü insanı olan 118 yaşlı fransız rahibəsi Lucile Randon bu il yanvarın 18-də vəfat etdi. Onun ölümündən sonra 115 yaşlı ispan Maria Branyas Morera dünyanın ən yaşlı insanı kimi Ginnesin rekordlar kitabına düşdü.
“Ədəbiyyat və incəsənət” portalı insanın ən çox neçə il ömür sürə bilməsi ilə bağlı alimlərin qənaəti əsasında hazırlanan araşdırma-yazını təqdim edir.
Alimlər uzun illərdir insanın ən çox neçə yaşına qədər yaşaya biləcəyi ilə bağlı araşdırma aparır, müxtəlif rəqəmlər səsləndirirlər. Məsələn, 18-ci əsrdə fransız təbiətşünası Georges-Luis Leclerc qəza və ya xəstəlik keçirməyən bir insanın 100 il yaşaya biləcəyi nəzəriyyəsini irəli sürmüşdü. O vaxtdan bəri həyat şəraitinin yaxşılaşması və tibbin inkişafı insan ömrünün uzanmasına yol açıb. Bu gün "super 100" olaraq ifadə edilən 110 və daha yuxarı yaşdakı insanların sayının artması ilə elm dünyası "Sağlam insan nə qədər yaşaya bilər?" sualını yenidən müzakirə etməyə başlayıb.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, on il əvvəl 100 və daha yuxarı yaşda olan insanların sayı 353 min nəfər idisə, 2021-ci ildə bu rəqəm 593 mini keçib.
Bəzi alimlərin fikrincə, insan ömrü ciddi bioloji göstəricilərdən asılıdır. Genetiklərin bəziləri 1990-cı illərin sonundan bəri insan ömründə heç bir yaxşılaşma olmadığını irəli sürürlər. Beynəlxalq demoqrafik məlumatları təhlil edən tədqiqatçılar dünyada daha çox yaşlı insanların olmasına baxmayaraq, fransız Jeanne Kalmentin (red: 122 yaş - 1997) ölümündən sonra insan ömrünün maksimum azaldığını bildirirlər. Bu fikirləri dəyərləndirən fransız demoqraf Jean-Marie Robinin sözlərinə görə, ümumi rəy ondan ibarətdir ki, insan ömrünün təbii bir həddi var və araşdırmaçılar uzunömürlülüyün təxminən 115 il ilə məhdudlaşdığı qənaətinə gəliblər.
2018-ci ildə aparılan bir araşdırma isə göstərmişdi ki, ölüm nisbəti 85 yaşa qədər artsa da, ondan sonra yavaşlayır. Bu nəzəriyyəyə görə, 110 yaşında 12 nəfər varsa, altısının 111 yaşa, üçünün isə 112 yaşa qədər ömür sürməsi gözlənilir və s. Belə olan halda, əsrlər keçdikcə, uzunömürlülərin də sayının artması mümkündür.
"Həmişə olduğu kimi biz araşdırma
ğa davam edəcəyik və uzunömürlü insanların səhhəti getdikcə yaxşılaşacaq" - deyən Jean-Marie Robin bu araşdırmanın insan ömrünün yuxarı həddi olduğu anlamına gəlmədiyini də vurğulayıb.
Bəzi ekspertlər isə insan ömrü ilə bağlı mübahisələrə ehtiyatla yanaşırlar. Fransa Demoqrafik Araşdırmalar İnstitutunun əməkdaşı France Mesle hazırda uzunömürlülüklə bağlı verilən sualın qəti bir cavabının olmadığını vurğulayıb. Mesle uzunömürlü insanların sayının artmasına baxmayaraq, bu rəqəmin hələ də çox az olduğuna və buna görə də əhəmiyyətli bir statistik hesablama aparılmadığına diqqət çəkib.
Digər tərəfdən, ekspertlərin bir qismi qeyd edir ki, gələcək tibbi nailiyyətlər ölüm haqqında biliklərimizi artıra bilər. Bu fikri dəstəkləyənlərdən biri də yaşlılar üzrə mütəxəssis Erik Bulanerdir. Onun fikrincə, "genetik manipulyasiya" bəzi insanların 140, hətta 150 il yaşamasına imkan verə bilər.
Qeyd edək ki, ölkəmizdə 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Azərbaycanın ən uzunömürlü sakini Şirəli Müslümov (1805-1973) Lerikin Barzavu kəndində 168 il yaşayıb. Bundan başqa, Lerikin Pirasora kəndində yaşamış Mahmud Eyvazov 150 il, Tikəband kənd sakini Məcid Ağayev 147, Cəngəmiran kənd sakini Qızıl Quliyeva 134 il ömür sürüblər. Vaxtilə 100 yaşdan yuxarı ömür sürən insanların çox olması Lerik rayonunun uzunömürlülər diyarı kimi şöhrət tapmasına səbəb olub.
Bu baxımdan dünyada yeganə "Uzunömürlülər" muzeyinin məhz Lerik rayonunda yerləşməsi də təsadüfi deyil.
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)
Yeni enerji reallıqları: Azərbaycanın mövqeyi necədir?
“Ədəbiyyat və incəsənət” çox aktual bir mövzuya toxunur: Yeni enerji reallığında Azərbaycanın mövqeyi necədir? Bizim üçün mövcud şərait hansı perspektivləri vəd edir? Buyurun, oxuyun!
Azərbaycan ortamüddətli perspektivdə alternativ mənbələrdən əldə olunan elektrik enerjisinin və yaşıl enerjinin - hidrogenin ixracatçısına çevrilməyi hədəfləyir. Əsas ixrac coğrafiyası olaraq Gürcüstan, Türkiyə və Avropa nəzərdə tutulur. Bu, 2022-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan memorandumda nəzərdə tutulur.
Memorandumun müddəaların icrası istiqamətində ilk real addım 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ilə qoyulub. İmzalanma mərasimində dörd ölkənin dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib. Sazişlə bağlı danışan Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır: "Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır".
Məlumat üçün bildirək ki, Prezidentin haqqında bəhs etdiyi strateji investor BP şirkətidir. BP Cəbrayıl rayunu ərazisində günəş elektrik stansiyası quracaq. İkinci memorandum isə Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında imzalanıb. Azərbaycanda bərpa olunan enerji layihələri və "yaşıl hidrogen"in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi Azərbaycanda bərpa olunan enerji və "yaşıl hidrogen"in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.
Onu da bildirək ki, Avropa Komissiyası Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb. Komissiyanın prezidenti Ursula fon der Lyayen hesab edir ki, Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regiona təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək: "Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir".
Artıq Azərbaycandan ixrac olunacaq enerjinin saziş ölkələrindən kənarda ilkin müştəriləri də bəlli olmağa başlayır. Bunlardan biri Serbiyadır. Bu ölkənin prezidenti Aleksandr Vuçiç Bakıda olarkən ölkəsinin Azərbaycandan həm qaz, həm elektrik enerjisi almaq niyyətində olduğunu deyib.
Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayacaq. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşəcək əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.
Qara dənizin dibi ilə kabelin çəkilməsi başa çatana qədər Azərbaycan lazımi enerji istehsalını təmin etməlidir. Bu baxımdan, böyük investorların layihəyə maraq göstərməsi mühüm amildir. 2022-ci ilin dekabrında Azərbaycanda olan Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, iki ölkə arasında müştərək komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih Bakıda keçirilən Azərbaycan -Səudiyyə Ərəbistanı Müştərək Komissiyanın 7-ci iclasında çıxışı zamanı bildirib ki, ölkəsi bu layihəyə qoşulmaq istəyir: "Bildiyiniz kimi "Acwa Power" şirkəti 240 meqavatlıq enerji layihəsi Azərbaycanda icra edir. Amma bu bizim üçün azdır. İstərdik ki, daha böyük enerji layihələri icra edək və Azərbaycanın bir neçə gün öncə Avropaya elektrik enejisi ixracı ilə bağlı imzaladığı müqaviləyə biz də qoşulaq".
Yeni yaşıl enerji dəhlizi
Hazırda Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 937 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 278 MVt-dır ki, bu da ümumi gücün 17 faizini təşkil edir. Eyni zamanda ümumilikdə Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisinin potensialı yüksək qiymətləndirilir. Belə ki, ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilib. Bu potensialın 35 QVt hissəsi dəniz sahilinə yaxın dayazsulu ərazilərə, 122 QVt hissəsi isə 50 metrdən artıq dərinlikli hövzələrə uyğun gəlir.
Qeyd edək ki, Azərbaycanda külək enerjisinin istehsalı ilə bağlı təkliflər 20 ildən yuxarıdır səsləndirilir. 2000-ci illərin əvvəllərində Abşeron yarımadasının külək enerjisi potensialına dair bir neçə araşdırmalar aparılıb. Son illərdə bütün dünyada külək enerjisinə yatırımların sürətlə artması Azərbaycanda bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb olub. Xüsusilə Avropa ölkələrinin dənizdə külək istehsalına başlaması daim küləklərlə zəngin olan Xəzər dənizinin potensialından istifadə məsələsini aktuallaşdırıb. Son 3 ildə bu potensialın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılmaqla, onun 157 giqavatta bərabər olduğu aydınlaşdırılıb. Bu qədər böyük potensialın reallaşdırılması kifayət qədər iddialı, amma mümkün məsələdir. Çünki dünyada dənizdə külək enerjisi istehsalının maya dəyəri sürətlə azalır. Avropa İttifaqında bu göstərici qazdan alınan enerjidən aşağıdır hazırda. Buna görə də Azərbaycanın Xəzərdə külək stansiyaları quraraq alınan enerjini ixrac etmək planı potensial investorlar tərəfindən real qiymətləndirilməklə ciddi marağa səbəb olub.
Dövlət Gömrük Komitəsinin statistikasına əsasən ötən il Azərbaycan xaricə 1 milyard 711 milyon 432,88 min kilovatt/saat elektrik enerjisi ixrac edərək bundan 121 milyon 598.37 min dollar gəlir əldə edib. 2021-ci ildə ixrac 1 milyard 588 milyon 412.05 min kvt/saat olmuşdu ki, bundan da 69 milyon 343.43 min dollar gəlir götürülmüşdü. Göründüyü kimi, 2021-ci illə müqayisədə ixrac həcmi 7,2 faiz, əldə olunan gəlir həcmi isə 75,3 faiz artıb. Bu isə elektrik enerjisi ixracının getdikcə daha çox gəlir gətirdiyini göstərir.
Azərbaycan ilkin mərhələdə Avropaya elektrik enerjisi, daha sonra isə elektrik enerjisindən əldə olunan maye hidrogen ixrac etməyi hədəfləyir. Bu böyük layihələrin reallaşması Azərbaycana böyük gəlirlər, yoxsa problemlər gətirə bilər? Hökumət hansı məqamları nəzərə almalıdır? İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın enerji layihələri dünyada gedən trendə uyğundur: "Lakin hökumət bunun təhlükəli tərəflərini də düşünməlidir. Təhlükə isə ondan ibarətdir ki, əgər paralel olaraq məmləkətdə bu sahədə ciddi mütəxəssislər yaranmasa və detalların istehsalı, proqram təminatı ilə bağlı yerli müəssisələr olmasa, bir müddətdən sonra bu sahədə də xaricdən ciddi asılılığımız yaranacaq.
Bu sahədə istehsal texnologiyaları, proqram təminatı, detalların istehsalında lider ölkələr var - onların da marağındadır ki, inkişaf etməkdə olan ölkələri "bərpaolunan enerji iynəsinə" otuzdursunlar. Enerji bizim ərazidə istehsal olunub xaricə valyuta ilə satılsa da, sonradan həmin valyutanın böyük bir hissəsi xarici mütəxəssislərə maaş kimi, avadanlıq istehsalçılarına və proqram təminatçılarına ödəniş kimi geri, elə həmin inkişaf etmiş ölkələrin şirkətlərinə ödəniləcək.
Bu gün Qərbin inkişaf etməkdə olan ölkələrdən necə neft-qaz asılılığı varsa, sabah neft-qaz ölkələrinin onlardan avadanlıq, detal, proqram təminatı və mütəxəssislər asılılığı yaranacaq".
Ekspertin fikrincə, bu təhlükəni önləmək üçün hökumət bir sıra addımlar atmalıdır: "Bu sahədə ixtisaslaşmış böyük və nüfuzlu xarici universitetlərin məmləkətdə filialları açılmalı, müasir kampusları, laboratoriyaları olan, bilikli müəllimlər dərs deyən ali məktəblər yaradılmalıdır. Paralel olaraq xarici tərəfdaşlarla birgə istehsal müəssisələri qurulmalı, həmin zavod-fabriklər dövlət tərəfindən uzunmüddətli və çox aşağı faizli kreditlərlə təmin edilməlidir. Əgər bu işlər paralel olaraq görülməsə, Azərbaycanın bərpaolunan-alternativ enerji sevdası məmləkət üçün valyuta qazanan deyil də, növbəti dəfə valyuta çıxaran, asılılıq yaradan sahəyə çevriləcək"...
“Ədəbiyyat və incəsənət”
(03.03.2023)