
Super User
XIII Beynəlxalq Uşaq Muğam Festivalı başa çatıb
Muğamın vətənində muğamla bağlı müsabiqələrin keçirilməsi bir ənənə şəklini alıb. “Kainat” Gənclik Mərkəzinin layihəsi ilə ənənəvi olaraq keçirilən Beynəlxalq Uşaq Muğam Festivalı da bu qəbildəndir və bu il festival 13-cü dəfə müxtəlif ölkələrdən ifaçıları bir araya gətirib.
Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin iştirakı, “Nurgün Group” və “Bestcomp Group”un sponsorluğu, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən festivalın final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimi “Kainat” Gənclik Mərkəzinin direktoru Kamran Rəsulzadə açaraq söyləyib:
“Böyük pandemiya fasiləsindən sonra davam edən builki festival Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Festivalın məqsədi muğam sənətimizi respublikamızda və xaricdə təbliğ etməkdir. 1996-cı ildə respublika miqyaslı festival kimi əsası qoyulan və daha sonra beynəlxalq festivala çevrilən layihə müxtəlif ölkələrdən istedadların (16 yaşadək) üzə çıxarılması və dəstəklənməsinə, muğam sənətinin yaşadılması və təbliğinə, yaradıcılıq əlaqələrinə və bu sənətin tədrisi sahəsində təcrübə mübadiləsinə töhfə verir.
Final mərhələsində festivalın formatına uyğun olaraq hər ölkəni 3 gənc istedad və 1 mütəxəssis (beynəlmiləl münsiflər heyətinin üzvü) təmsil edib.
Görkəmli tarzən, Xalq artisti Ağasəlim Abdullayevin sədrlik etdiyi beynəlxalq münsiflər heyəti qarşısında Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan ifaçılar öz məharətlərini nümayiş etdiriblər.”
Mərasimdə əsas məqam festivalın qaliblərinin elan edilməsi olub.
Festivalın baş mükafatı:
Mətləb Əhmədzadə (Azərbaycan);
I yer Bark Örenoğlu (Türkiyə);
Soyun Orazdurdiyev (Türkmənistan),
II yer Mədinə Kərimjonova (Özbəkistan)
Salar Purmuhseni (İran)
III yer Aybike Kadıraliyeva (Qırğızıstan)
Madi Yeldessov (Qazaxıstan)
Yusif Sadıqov (Azərbaycan)
Bundan başqa, “Festivalın ən gənc əcnəbi iştirakçısı” nominasiyası üzrə Şahzoda Jalolova (Özbəkistan) və “Yüksək milli koloritin nümayişinə görə” nominasiyası üzrə Soyun Orazdurdiyev (Türkmənistan) Azərbaycan Mədəniyyət Nazirliyinin diplom və mükafatlarına layiq görülüblər.
Həmçinin beş iştirakçıya həvəsləndirici mükafat, eləcə də Azərbaycan Gənclər və İdman Nazirliyi və festivalın təşkilat komitəsi tərəfindən xüsusi nominasiyalar üzrə laureat olan iştirakçılara diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, XIII Beynəlxalq Uşaq Muğam Festivalının Azərbaycan üzrə seçimləri aprelin 15-də keçirilib və 78 iddiaçı arasından 3 nəfər finalda ölkəmizi təmsil etmək hüququ qazanmışdı.
Bütün qalibləri təbrik edirik!
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə açıq havada kitab sərgisi açılıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə açıq havada kitab sərgisi açılıb.
Baş İdarənin məlumatına görə, sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən kitablar və kitabxananın fonduna daxil olan yeni nəşrlər nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Sankt-Peterburqda “Azərbaycan nəsri antologiyası” kitabının birinci cildi çapdan çıxıb
Sankt-Peterburq şəhərində “Azərbaycan nəsri antologiyası” kitabının birinci cildi çapdan çıxıb.
AzərTAC xəbər verir ki, antologiyada 1960-cı illərdən idiyədək yazıb-yaradan iyirmi dörd müəllifin müxtəlif janrlarda hekayələri toplanıb.
Antologiyanın ideya müəllifi BDU-nun müəllimi, yazıçı, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, tərtibatçısı, redaktoru və “Ön söz” müəllifi Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, türkoloq, yazıçı Şahnaz Kamaldır.
Kitab UNESCO üzrə Azərbaycan Milli Komissiyasının maliyyə dəstəyi ilə nəşr olunub.
Kitabın nəşrinə Azərbaycanın Bosniya və Hersoqovinadakı səfiri Vilayət Quliyev, UNESCO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının baş katibi Seymur Fətəliyev köməklik göstərib.
“Ədəbiytat və incəsənət”
(24.05.2023)
“Mən vətənəm" kitabı Sumqayıt şəhər Heydər Əliyev mərkəzində təqdim olunub
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə DGTYB -nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşr olunmuş kitabın təqdimatı keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tərlan Hacızadə, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, Şöhrət” ordenli şair-pedaqoq Ofelya Babayeva, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət ekspertlər şurasının sədri, tanınmış şair İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt filialının sədri Gülnarə Cəmaləddin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova, tanınmış kitabçı, şair Xan Rəsuloğlu, tanınmış yazıçı Kənan Hacı, gənc şair Elşad Barat, "Vətən Bağı" STİB-nin sədri Emin Tarverdiyev, "Mən vətənəm" kitabında yaradıcılıq nümunələri yer alan qazi yazarlardan Emin Piri, Vüsal Hətəmov, Həsən Kür, Elvin İntiqamoğlu, Nicat Fərman və digər vətən müharibəsi iştirakçıları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edərək layihə və kitab haqqında fikirlərini bölüşüblər, kitabdakı şeir və hekayələrin bədii xüsusiyyətlərindən, gənclər üçün faydasından söz açıblar.
Yekunda layihənin həyata keçirilməsində fəal iştirak edən müəlliflər və təşkilatçılar Dünya Gənc Türk Yazarlar Birliyininin diplomları ilə təltif olunublar.
Tədbirə xatirə şəkli çəkilməklə yekun vurulub.
Onu da qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində bundan öncə Mingəçevir şəhərində, Gədəbəy rayonunda və Samux rayonunda silsilə tədbirlər keçirilib.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Mavi ekranın şüşə varlığına can verən xanım
BU GÜN TELLİ PƏNAHQIZININ DOĞUM GÜNÜDÜR
“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Elman Eldaroğlunun növbəti doğum günü təbrikini təqdim edirik.
O vaxtlar hər adamın evində televizor olmazdı. Yaxşı yadımdadır, beş-altı qonşu bir yerə yığışıb, mavi ekranından göstərilən verilişlərə tamaşa edərdilər. Hətta qonşuların arasında onu möcüzə sananlar da var idi...
Televizor adlanan bu “möcüzənin” qüdrətinə yaxşı bələdəm. Zaman-zaman insanlara çox adamları sevdirə bilib...
Bəli, televizor olmasaydı, bəlkə də biz onu kəşf edə bilməzdik. Bu dünyada Əməkdar mədəniyyət işçisi, şairə, publisist, nasir Telli Pənahqızının varlığından xəbərimiz olmazdı...
Deyir ki,- “AzTv mənim ilk və yeganə iş yerim olub. Uzun illər “Xəbərlər” proqramını aparmışam, 10 il qocalar evindən verilişlər çəkmişəm. Sonra “Mədəniyyət xəbərləri”ni apardım. Ardınca verilişin adı dəyişib “Mədəniyyət aləmində” oldu. Ondan sonra unudulan sənətkarlarla bağlı “Gümüşü yağışlar” verilişim oldu...”
Dünyaya gəldiyi Vedibasarın Böyük Vedi kəndini, məktəbə getməyini, uşaqlıq dostlarını, qonşularını, atalı-analı günlərini tez-tez xatırlayır. Atası 37 yaşında, mədə xorasından dünyasını dəyişib. Düşünür ki, mədə xorasından cərrahi əməliyyat o vaxt da əlçatan olub, amma atasının vəfatında məhz erməni həkimlərini günahlandırır. Orta məktəbi bitirdikdən sonra, Bakıya ali təhsil almağa yollanıb. 1971-1976-cı illərdə Azərbaycan Dovlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb. Sonra əmək fəaliyyətinə başlayıb. Cəmi üç il Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı işləyib. Daha sonra 1980-ci ildən 2005-ci ilədək AzTv-də müxtəlif vəzifələrdə çalışıb...
“Bu gün teleaparıcı gənclərin danışığında yetərincə qüsurlar var. Məsələn, indi hamı “mentalitet” sözünü işlədir. Amma onu bilən də deyir, bilməyən də. Türklər fransızlardan bir “performans” sözü götürüblər. Bunun bizim dilimizdəki qarşılığı qabiliyyətdir. Amma bizim bu jurnalistciklər o sözü efirdə deyə-deyə adamın bütün əsəblərini korlayırlar. Bir də yeri gəldi, gəlmədi “belə deyək də” ifadəsi işlədilir. Böyüklü-kiçikli, deputatlı, süpürgəçili hamı belə danışır. Bu sözü o vaxt işlədirsən ki, nəyinsə adını tapa bilmirsən. Əksər özəl telekanallarda çıxış edənlərin işlətdiyi dörd-beş cümlədə səkkiz dəfə bu kəlmə işlənir. Efirə çıxan, müsahibə verən adam hazırlıqlı olmalıdır, dediyi sözün məsuliyyətini hiss etməlidir.”- söyləyir...
Gəncliyində onu Aida xanım İmanquliyevaya, Şəfiqə xanım Məmmədovaya bənzədənlər də az olmayıb. O qədər eşq elan edənləri, dəlicəsinə sevənləri olub ki. Özü isə...
Deyir ki,- “Söhbət ilk gənclik illərimdən gedir. Dəli kimi olmasa da, bir nəfəri sevə bilmişdim, amma araya girənlərə görə ailə qurmağımız alınmadı. Sonra isə həyat mənə elə dərs verdi ki, mənimçün karyeram daha önəmli oldu. Soradan çox adamlar etiraf edirdilər ki, “səni çox sevirdik, amma düşünürdük ki, ev arvadı ola bilməzsən”. Maşından düşüb təyyarəyə, təyyarədən qatara, qatardan gəmiyə minirdim axı...”
Mayın 24-də - bu gün 69 yaşı tamam olur. Buna baxmayaraq, əlahəzrət Zaman gözəlliyini, şuxluğunu ondan ala bilməyib. Kim bilir, bəlkə də onu, hələ də dəlicəsinə sevənlər var?..
Yeni yaşınız mübarək, Telli xanım!
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının növbəti qalibi elan edildi - nəticə gözlənilməz oldu
Gecə saatlarında Londonda Buker mükafatı laureatının adı elan edildi.
Nobel ədəbiyyat ödülündən sonra ikinci pillədə qərarlaşan Beynəlxalq Buker mükafatının nüfuzu barədə çox deyilib, çox yazılıb. Bu dəfə növbəti Buker laureatının adı Londonda elan edildi.
“Ədəbiyyat və incəsənət” portalı Week-end-ə istinadən xəbər verir ki, nüfuzlu ədəbi mükafatın qısa siyahısına 6 əsər daxil edilmişdi, bunlardan birinin müəllifi kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşmək şərti ilə 50 min funt-sterlinq (təqribən 100000 manat) aldı.
6 nominant Bolqarıstan, İspaniya, Kot-d'İvuar, Meksika, Fransa və Cənubi Koreyanı təmsil edirdi. Bolqar və katalon dillərində yazılmış əsərlər ilk dəfə namizədlərin qısa siyahısına daxil edilmişdi.
İndi isə nominant siyahısını təqdim edirik:
Georqi Qospodinov, Bolqarıstan, “Zaman sığınacağı”,
Eva Baltasar, İspaniya, “Qaya”,
Qvadelupe Nettel, Meksika, "Yenicə doğulmuş",
Patrik Arman-Qbaka Breden, Kot-d’İvuar, “Mütəmadi ağır”,
Çeon Myan Kvan, Cənubi Koreya, “Balina”,
Mariz Konde, Fransa, “Yeni dünyanın İncili”.
Bəs ən şanslı kim idi? “Ədəbiyyat və incəsənət” sualla bağlı peşəkar kitab redaktoru və ədəbiyyat funksioneri Nadir Cəfərova müraciət etmişdi. Nadir Cəfərovun fikrincə, əsas favorit ənənəvi ədəbiyyat ölkələri sayılan Fransa və İspaniya təmsilçiləri Konde və Baltasar idilər. Amma son illərdə daim gözlənilməz qərarlara şahid olduğumuzdan, güman ki, bu dəfə Buker mükafatını siyasi gedişlərə uyğunlaşdıraraq dünyaya nüvə silahı təhlükəsi yaradan Cənubi Koreya təmsilçisinə vermək jesti nümayiş etdirəcəllərini demişdi.
Amma tam fərqli bir nəticə oldu.
Bolqar nasir və şairi Georgi Qospodinov “Zaman sığınacağı” romanına görə ingilis dilində ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi oldu.
Nəticəni Londonda keçirilən mərasimdə münsiflər heyətinin sədri, Mərakeş əsilli fransız yazıçısı Leyla Slimani bildirdi.
Mükafatı alan 55 yaşlı yazıçı romanını “yaddaş və zaman” haqqında hekayə adlandırdı.
Mükafatın qalibi 50 min funt sterlinq (62 min dollar) mükafat alacaq. Mövcud qaydalara görə, o, pul mükafatını amerikalı Angela Rodel tərəfindən hazırlanmış kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşməli olacaq. Bundan əvvəl bolqar dilində yazılmış kitab Buker mükafatına namizəd olmamışdı. Əsər Qospodinovun Böyük Britaniyada çap olunan ilk romanı idi.
Qeyd edək ki, mükafat 1969-cu ildə təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Bu gün Nigar Köçərli ədəbiyyatda qadın obrazlarından danışacaq
Bu gün Azərbaycan Rəngkarlığı Muzeyində "Azərbaycan ədəbiyyatında qadın obrazı" adlı mühazirə keçiriləcək. Təşkilatçı YARAT Müasir İncəsənət Mərkəzidir. Mühazirə zamanı YARAT-da açılan "Çəhrayı – Qara" qrup sərgisi çərçivəsində Azərbaycanda mütaliə mədəniyyətinin formalaşmasına töhfə vermiş “Ali və Nino" kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli ilə ədəbiyyatımızda qadın obrazlarının yaranmasında çıxış edən sosial, mənəvi, həmçinin yerli və qlobal faktorlar haqqında söhbət aparılacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Cəfər Cannarlının “Sevil" və "Almaz" inqilabi qadın obrazları Azərbaycan bədii ədəbiyyatının nadir nümunələrindəndir. Buna baxmayaraq, ədəbiyyatımızın müxtəlif dönəmlərində "fədakar və dözümlü" qadın obrazlarına daha çox rast gəlinir. Nigar Köçərli də bu barədə bəhs edəcək.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi mayın 24-də Şabran rayon Mədəniyyət Mərkəzində Turqut Özakmanın “Adət” tamaşasını nümayiş etdirəcək.
Tamaşa Mədəniyyət Nazirliyinin regionlara təşkil edəcəyi qastrol səfərləri çərçivəsində göstəriləcək.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara qastrol səfərlərinə start verəcək.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Heydər Əliyevin qucağına aldığı uşaq gələcəyin mahir futbolçusu Qara Qarayev idi
Uşaqlar üçün hekayələr
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş, azyaşlı oxuculara ünvanlanan hekayələrinin dərcini davam edir. Növbəti hekayə ilə tanış olun.
Təsadüfi bir görüşün tarixçəsi
Öz doğma yurdlarından zorla qovulan insanlar Azərbaycanın müxtəlif şəhər və rayonlarına pənah gətirmişdilər. Çadır şəhərciklərində, dəmir yolu üzərindəki yük vaqonlarında, yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda, yeraltı qazmalarda və s. ağır və dözülməz şəraitli obyektlərdə yaşamağa məcbur olmuşdular. Ulu öndər dəfələrlə çadır şəhərciklərində olmuş, qaçqın və məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olmuşdu. Onun bu şəhərciklərə hər gəlişi əsl bayram olardı. Ulu öndər: “ Başa düşməliyik ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir”. Dahi şəxsiyyət insanların ağrılarını dərindən duyur, onların xilası yollarını axtarırdı. Heydər Əliyev işğal altında olan torpaqların azad edilməsi üçün bütün imkanlardan istifadə edirdi.
Ümumiyyətlə, məcburi köçkünlərə nə qədər qayğı göstərilsə də, onlar vətənlərini istəyirlər. Balıq sudan ayrı yaşaya bilmədiyi kimi, insan da vətənindən, doğma yurdundan ayrı yaşaya bilmir. Avropada yaşamağa can atan və ora getməyə nail olan məcburi köçkünlərdən biri qürbəti yarımçıq buraxıb vətənə qayıtmış, məşhur atalar sözünü dəyişdirib, sosial şəbəkədə öz səhifəsinə belə bir status yazmışdı: “Gəzməyə də, ölməyə də vətən yaxşı!”
1995-ci il, 11 oktyabr. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistan Prezidenti Fərrux Əhməd Xan Leqarini ilə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin yataqxanasında müvəqqəti məskunlaşmış Füzuli, Kəlbəcər, Zəngilan, Cəbrayıl qaçqınları ilə görüşür. Görüşdə ulu öndər ona həsrətlə baxan insanlar qarşısında çıxış edir. Çıxışını bitirməyə az qalmış balaca bir uşaq əlində gül prezidentə yaxınlaşır. O uşağı qucağına alır, çıxışını belə sonluqla bitirir: “Azərbaycanın işğal edilmiş torpaqları azad olunacaqdır. Azərbaycan müstəqil dövlət kimi öz taleyinin, öz ərazisinin, öz torpaqlarının sahibi olacaqdır. Buna əmin ola bilərsiniz. Mən sizə hörmət və məhəbbətimi, sevgimi bildirirəm. Hamınızı salamlayaraq bu balaca uşağı bağrıma basıram. Onu öpərək sizin hər birinizi öpürəm, hər birinizi bağrıma basıram”
Ulu öndər Heydər Əliyevin qucağına aldığı uşaq gələcəyin məşhur futbolçusu "Qarabağ"ın və Azərbaycan Millisinin yarımmüdafiəçisi Qara Qarayev idi.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)
Səudiyyə Ərəbistanından ölkəmizə gələn ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub
Açıq portfelin bu statistikasını “Ədəbiyyat və incəsənət” portalı Dövlət Turizm Agnetliyinə istinadən verir. Ötən ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında Səudiyyə Ərəbistanından olan ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub. Eyni zamanda Səudiyyə Ərəbistanı 2023-cü ilin aprel ayında ölkəmizə həyata keçirilən uçuşların statistikasında ilk beşlikdə yer alır.
2022-ci ildə Səudiyyə Ərəbistanından olan ziyarətçilər Körfəz ölkələri sırasında birinci pillədə qərarlaşıb. Həmin il Körfəz ölkələrindən Azərbaycana 185 min 288 xarici vətəndaş səfər edib ki, bunun da 52 faizini Səudiyyə Ərəbistanı vətəndaşları təşkil edib.
“Ədəbiyyat və incəsənət”
(24.05.2023)