
Super User
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
31–ci dərc
Xalid səhər yeməyi üçün lazım olan ərzaqları hələ dünəndən gətirib soyuducuya qoymuşdu. Bircə çörək alacaqdım. O da yaxınlıqdakı təndirxanada bişirilirdi. Ancaq tez durduğum üçün hələ çörək hazır olmazdı.
Gecə cəmi bir neçə saat yatmışdım. Qılıncı söhbətə tutmaq cəhdlərim heç bir fayda verməmişdi. Çayını içəndən sonra qətiyyən yorulduğu hiss olunmayan Qılınc dincələcəyini deyib otağına keçmişdi. Elə həmin saatdan planımın bağa aid əsas fazası işə düşmüşdü. Nəticədə gecə saat 3-də yatmış, 6-da oyanmışdım.
Əvvəlcə bağa keçib dünən görülən işin həcminə baxdım. «Ev sahibi» kimi, bu məni mütləq maraqlandırmalı idi. Bu zalım balası alağı təmizləməklə yanaşı, bir neçə saata bağın az qala üçdə bir hissəsindəki ağacların dibini də belləmişdi. Belə getsə, axşama bütün bağı belləyib qurtaracağına şübhə yoxdur. Nə vaxtsa bu baxımsız bağına gələndə Vaqif müəllimin necə sevinəcəyini təsəvvür edib gülümsədim.
Səhər mehinin gətirdiyi təzə bişmiş təndir çörəyinin iyi burnuma dəyəndə samovarı alışdırdım. Süfrəni hazırlayıb çörək almaq üçün çıxdım. Qayıdanda Qılıncı həyətin ortasında dayanan gördüm. Əl-üzünü yumuş Qılınc sönməməsi üçün samovara odun atırdı.
-Sabahın xeyir, axşam hava qaraldı, baxmağa imkan olmadı, maşallah xeyli iş görmüsən dünən.
-Nə qədər tez olsa, o qədər yaxşıdır, -salamlaşmağımı qulaq ardına vuran «qonağım» işini bacardığı qədər tez qurtarmaq istədiyini eşitdirdi.
-Mən tələsmirəm, necə istəyirsən, hələ bəlkə bu gecə də burada qalası oldum, -qəsdən özümü heç bir işi olmayan, heç yerə tələsməyən biri kimi göstərdim.
-Samovar qaynadı.
-Aha, əla, sən keç otur, mən çayı dəmləyim.
Qılınc süfrənin arxasına keçib çayı gözləmədən yeməyə başladı. Bir anda həyətdəki masada açdığım süfrədəki altı yumurtadan beşinin ancaq qabıqları qaldı. Bundan sonra yəqin sonuncu yumurtanı mənimçün saxlayan Qılınc yağ-pendirə keçdi. Dünənki müşahidələrimi nəzərə alıb, iki təndir çörəyi götürmüşdüm və başa düşdüm ki, çox düzgün eləmişəm. Qılınc artıq çörəyin birini yox edib ikinciyə keçmişdi. Çayları süzüb mən də süfrəyə oturdum. Oturmağımla gələndən az danışmağa üstünlük verən Qılıncın sual verməsi bir oldu.
-Mən qaldığım otaq kimindir?
Aha, deyəsən nəhayət bu hərifi tarazlıqdan çıxara bilmişəm. Bu sualın veriləcəyini gözləyirdim və cavabım hazır idi. Ancaq cavab verməmişdən əvvəl diqqətlə onun gözlərinin içinə baxdım. Şüşə təsiri bağışlayan gözlərdə heç nə dəyişməsə də, mən orada kiçik bir qığılcım görə bildim. Ani olaraq parıldayıb tez də sönən bir təlaş qığılcımı. Deməli, doğru yoldayam. İndi suala cavab verməyin vaxtı idi.
-O otaq qardaşımındır. Bu bağ bizə atamızdan qalıb. Böyük qardaş olsa da, o bağdan imtina etdi. Dedi, elə bircə otağım olsa bəs edər. Mən də o otağı ayırdım, əşyalarını gətirib yığdı. İndi hərdən-birdən gəlir, elə mənim kimi. Özün görürsən, bura çox da gəlib-gedən yoxdur. O biri otaqları lap toz basıb. Ona görə sənə o otağı ayırdım ki, rahat dincələsən.
-Qardaşının neçə yaşı var ki?
Bəli, hərifin dili açılır. Həyatda bir dəfə də olsun üzünü görmədiyi, «virtual» qardaşımın yaşı Qılıncı maraqlandıra biləcək ən lazımsız məlumat olmalıdır məntiqlə. Ancaq dünəndən bəri üst-üstə üç kəlmə kəsməyən qonağım səhər açılan kimi az qala bülbül kimi ötür. Təbrik edirəm detektiv. Qurduğun planla yenə də özlərini çox ağıllı sayan bu zümrədən yüksəkdə durursan. Bu sualın da cavabı hazır idi.
-Bu yaxında yubileyini qeyd etdik, əlli beş yaşı oldu.
Bu, sağ olarsa, iyirmi beş yaşında qətlə yetirilmiş Əmirxanın indi olacağı yaş idi. Hərif, qardaşımın yaşını soruşmaqla Əmirxanın yaşı ilə müqayisə etmək istəyirdi. Sualına cavab alan Qılınc başını tərpədib heç nə demədi. Ancaq mənə altdan-altdan şübhə ilə baxmağa başladığı nəzərimdən qaçmadı.
Adama bir stəkan da çay içib ayağa qalxdıq. Mən süfrəni yığışdırmaq, Qılınc isə bağa keçmək üçün. Əslində, mənə lazım olan şeyləri dəqiqləşdirmişdim. Ancaq çıxıb gedə bilməzdim. Xüsusilə heç bir işimin olmadığını demişdimsə, səbir edib öz rolumu axıra kimi oynamalı idim. İndiyə elə bir işim də yox idi. Amma bu gecə çox vacib olan bir şeyi edəcəkdim. Elə bir şey ki, onu mənə bu tapşırığı vermiş Arif müəllimdən də gizlətməyə məcbur idim. Günortaya yaxın Xalid yemək gətirəcəkdi. O vaxta qədər yatıb yuxumu almaq, həm bu gecəki yuxusuzluğu, həm də son günlərin yorğunluğunu çıxarmaq pis olmazdı. Bağa keçib Qılınca dedim:
-Mən bir-iki saat yatacam. Nə isə lazım olsa, səslə.
Qılınc yenə başını tərpədib heç nə demədi.
Evə girib ikinci mərtəbəyə, yataq otağına qalxdım. Məmnuniyyətlə telefonumu işə salıb Elbrusdan məlumat gəlib-gəlmədiyini yoxlayardım. Ancaq bunu burada etmək olmazdı. Çarpayıya uzanıb gözlərimi yumdum.
* * *
Yuxudan ayılan «Qızılbaş» uzandığı yerdə gecədən içdiyi içkinin təsirindən keyimiş gicgahlarını ovdu. Gecə həddən çox içmişdi, səhərə yaxın yuxuya getmişdilər. Bir qədər gözləri açılanda başını döndərib uzandığı iri çarpayıda sol tərəfinə baxdı. Yorğanı sinəsinə çəkmiş Lalə mışıl-mışıl yatırdı, uzun saçları balışa səpələnmiş, dizdən qatladığı sağ ayağı yorğandan bayıra çıxmışdı. Bir qədər onun çılpaq ayağına baxan «Qızılbaş» özü-özünə, -«İt qızı, elə bil şeytandır, imkan verməyib yatım» -deyib çarpayıdan qalxdı və duş qəbul etmək üçün hamam otağına keçdi. Bir azdan əlində qətfə qurulana-qurulana otağa qayıdanda qızı hələ də yatan gördü. Yaxınlaşıb onun çiyninə toxundu. Qız nə isə mızıldanıb üzü üstə çöndü. Bunu görən «Qızılbaş» dartıb yorğanı onun üstündən çəkib yerə atdı.
-Dur görüm, yatıb qalmışam, yeməyimin vaxtı keçib, dur keç yuyun, yeməyə düşürük.
Təzədən arxası üstə çevrilən qız tənbəl-tənbəl gözlərini açıb ona baxdı, sonra gülümsəyib nazlana-nazlana dedi:
-Sabahın xeyir, canım, hirslənmə, dururam.
-On beş dəqiqədən sonra səni aşağıda gözləyirəm.
Bunu deyən «Qızılbaş» qurulandığı, bədəninə keçirdiyi hamam xalatının kəmərini bağlaya-bağlaya qapıya tərəf getdi.
Qız çarpayıdan qalxıb çılpaq bədənini oynada-oynada hamam otağına keçdi, oradakı buxardan tərləmiş bədənnüma güzgünü əli ilə silib bir qədər özünə baxdı, sonra baxışlarını aşağı endirdi. Göbəyinin altında, sol tərəfdə döydürdüyü qırmızı rəngli tikanlı qızılgül döyməsini əli ilə sığallayıb gülümsədikdən sonra qaynar suyu açıb duşun altına girdi. Görüşdüyü kişiləri ehtirasa gətirən bu döymənin onun üçün nə məna daşıdığı yalnız özünə məlum idi…
* * *
Qapının zənginə oyandım. Yəqin Xalid yeməyi gətirib. Deməli günortadır, xeyli yatmışam. Saata baxdım, ikinin yarısı idi. Yuxumu almağım yaxşı oldu. Qalxıb aşağı endim. Həyətə düşəndə zəng bir də çalındı. Yaxınlaşıb qapını açdım. Əlində yemək dolu zənbil tutmuş Xalid salamlaşıb zənbili mənə uzatdı. Təlimata görə o burada ləngiməməli idi. Bu, Qılıncın fürsət tapıb onu artıq sorğu-suala tutmasının qarşısını almaq üçün idi.
Ona görə də yeməkləri verib tez də sağollaşdı. Qapını təzədən bağlayıb həyətdəki masanın yanına gəldim. Yeməkləri masaya düzə-düzə gözucu bağa tərəf baxdım. Bağın dördə üçünü belləmiş Qılınc öz işində idi.
-Gəl yuyun, yemək gəlib, -deyib, onu səslədim.
Qılınc əlindəki beli torpağa sancdı. Ağacdan asdığı köynəyini götürüb çiyninə atdı və həyətə tərəf gəlməyə başladı.
Bir azdan yuyunub süfrəyə oturanda, -Mən iki saata işimi qurtaracam, -deyib, yeməyə girişdi.
-Lap yaxşı, uşağa dedim işlərini görüb qayıtsın. O vaxtacan gəlməsə, səni taksi ilə yola salaram.
Xalidin Qılıncı gətirməsində heç bir şey yox idisə də, onu geriyə, Kürdəxanıya aparması, bağda ləngiməməsi kimi, qətiyyən nəzərdə tutulmamışdı. Qılıncın, axtardığımız adam olmasına uyğun gələn xeyli əlamətlərin olması, xüsusilə gecəki müşahidələrimdən sonra doğru yolda olduğuma əminliyimin artması onun bu təcrübəsiz gənclə uzun bir yolu gedərək onu söhbətə tutmasını da təbii ki, yolverilməz edirdi. Ona görə, Xalidin belə tez gəlməyəcəyini bilsəm də, «qonağıma» bu yalanı uydurmaq vacib idi.
Süfrəyə baxanda, bir qədər də geciksəm, mənə heç nə qalmayacağını görüb əlimi yeməyə uzatdım. Ola bilərdi ki, bu gün daha nə isə yemək imkanım olmasın, ona görə də kəmərin altını mütləq bərkitmək lazım idi.
Bir azdan, taxıl zəmisini biçən kombayn kimi süfrənin o başından girib bu başından çıxan Qılınc doyub bərkdən gərnəşdi. Daha samovar qaynatmağa heç bir həvəsim yox idi. Ona görə də Xalidin gətirdiyi mineral su şüşəsinin qapağını açıb ikimizə də su süzdüm. Qılınc suyu qurthaqurtla içib ayağa qalxdı. Süfrəyə oturarkən geyindiyi köynəyinin düymələrini aça-aça bağa tərəf getdi.
Əgər Qılınc səhv etmirdisə, iki saatdan sonra işini bitirəcəkdi və onu yola salacaqdım. Bundan sonra mənim burada qalıb vaxt itirməyimə bir lüzum yox idi. Xaliddə bağın ehtiyat açarları var idi. Axşam yemək gətirmək üçün gələndə qapının bağlı olduğunu görüb özü hər şeyi başa düşəcək, özündəki açarla qapını açıb burada yır-yığış edib gedəcəkdi. Mənsə, taksi ilə şəhərə qayıdacaq, orada görəcəyim işləri əldən çıxaracaqdım. İndiki halda məni ən çox maraqlandıran Elbrusdan xəbər gəlib-gəlmədiyini bilmək idi. Bunu bir qədər uzaqlaşdıqdan sonra taksidə telefonumu işə salıb öyrənəcəkdim. Həqiqətən də, bu araşdırma heç bir əvvəlki araşdırmaya bənzəmirdi. Telefondan davamlı şəkildə istifadə edə bilməməyimiz işimizi xeyli çətinləşdirirdi. Ancaq bütün bunlar qarşı tərəfin kimliyi nəzərə alınıb edilən təhlükəsizlik tədbirləri idi və edilməsi son dərəcə vacib idi.
Görüşlərimiz zamanı Arif müəllimin qayğılı görünməsi, hətta məni xəbərdar etməsi elə-belə deyildi. Bunun nə olduğunu gözəl anlayırdım. Böyük ehtimalla mənim ölüm hökmüm verilmişdi. Rəqib - küçədə qadınların qulağından sırğanı və ya boğazından qızıl zənciri qoparıb qaçan soyğunçular yox, əlaqələri ölkə hüdudlarından da çox-çox uzaqlara şaxələnən bir «imperiya»nın başında duran, başqalarının qanı bahasına qurduqları bu «imperiya»nı dağılmaqdan qorumaq üçün hər şeyə hazır olanlar idi. Daha cinayətkarlar illər əvvəl olan cinayətkarlar deyildilər. Onlar, mümkün olan hər yerə öz adamlarını yeləşdirir, bizneslərinə ən savadlı mütəxəssisləri cəlb edir, hər ayın sonunda aparılan leqal və «qara» mühasibatlığın nəticələri onlara təqdim olunur. Bu adamların adları və imzaları heç yerdə, heç bir sənəddə keçmir, hər şeyi kənardan idarə edirlər. Əksər hallarda onlara işləyən adamlar kimə və nəyə xidmət etdikləri barədə məlumatsız olur, vicdanla onlara tapşırılan işləri yerinə yetirirlər.
Canavar sürüsü öz ərazisinə daxil olan istənilən canlını parçaladığı kimi, canavar qanunlarının hökm sürdüyü bu aləmdə də istənilən kənar müdaxilə müdaxilə edənin tikə-parça olması ilə nəticələnirdi. Heç kimin və heç nəyin bağışlanmadığı bu aləmin adamları təhlükənin sovuşmasına yalnız qan gördükdən sonra əmin olurdular. Mənimsə, kimlərsə tərəfindən parçalanmaq heç cürə planlarıma daxil deyildi. Kifayət qədər qıcıqlandırmağa nail olduğum bu adamların indi əlimdən necə zəncir çeynədiklərini təsəvvür edirəm. Ancaq bu xoşbəxtliyi onlara nəsib etməyəcəyəm. İndiyə qədər mən onların yalnız əsəbləri ilə oynamaqla kifayətlənir, eyni zamanda buraxdıqları səhvlərdən faydalanırdım. Bu gecə isə, onlara ilk ağır zərbəni endirməyi düşünürəm. Artıq buz qırıldı, cənablar. Mən yenidən ovdan ovçuya çevrilirəm. Kələfin ucu əlimdədir. İndi onu yumaq kimi yığa-yığa sizə yaxınlaşacağam. Çox yaxınlaşacağam. Nəfəsimi boynunuzun arxasında hiss edəcək, ancaq çönüb baxanda heç kəsi görməyəcəksiniz. Görə bilməyəcəksiniz. Çünki mən, sizin yemişbaşınızdan, qoca çəkməçini izləyən, Layiqəni qaçırmağa gələn və başqa neçə-neçə adamınızdan, başını qızıla bərabər tutduğunuz «Qızılbaş»ınızdan, məni öldürməyi tapşırdığınız qatilinizdən qat-qat təcrübəliyəm. Mən, Daxili İşlər Nazirliyinin əməliyyat aparatının yetişdirdiyi, bu işlərdə sizin ağlınıza belə gətirə bilməyəcəyiniz kombinasiyalar qura bilən, oddan-alovdan keçmiş əməliyyatçı, peşəkar polis zabitiyəm. Məni axtarırdınız, gözləyin, mən özüm gəlirəm…
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Qulu Ağsəsin “Yuxarıdan düşürəm indi” essesi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu dəfə sizlərə Qulu Ağsəsin “Yuxarıdan düşürəm indi” essesini təqdim edirik. Altı-yeddi ilin söhbətidir, amma hesab edin ki, elə indi olub.
ESSE
Qulu AĞSƏS
"YUXARIDAYAM, DÜŞÜRƏM İNDİ..."
Altı-yeddi ilin söhbətidi, qaşınmayan günlərimdən biriydi, hə, lap dəqiq...
Əlisəmid Kür olsa, yazıya belə başlayardı:
içmədiyim gün idi,
Aydın Can:
dalaşmadığım...
İyulun elə istisidi ki, deyirsən, bu saat yayın oxu yanacaq. Birinci Qarabağ müharibəsi veteranı kitab təqdimatına çağırıb, müəllifi görməsəm də, əminəm:
bizim kənddən nəsə yazıb,
ya orda döyüşüb,
ya yaralanıb,
ya da elə-belə adını çəkib.
Səhər işə gələndə maşını kölgədə saxlamışam, oğlana da bərk-bərk tapşırmışam gün çıxanda yerini dəyişsin, elə bil Hunday-ın burnundan qan açılasıdı gündə...
Günorta aşağı düşəndə nə görsəm, yaxşıdı:
arabam günün altında,
açar üstündə,
"parkovşik" də ilim-ilim itib.
Əlimi gözümün üstünə qoyub Nərimanovun heykəlinə sarı sürdüm, hündür binanın qabağında saxlayıb ətrafı gözdən keçirdim. Saat ikinin yarısıdı. Küçədəsə heç yarım adam da yoxdu ki, soruşum Müşfiq kitabxanası hardadı. Maşından düşüb aşağı-yuxarı təpik döysəm də, bir bəni-Adəmə rast gəlmədim. Günün altında bişən Nərimanova yazığım gəldi, fikirləşdim, imkan tapsam, onu da tədbirə aparacam.
Nəriman Nərimanov – öldürülüb, Mikayıl Müşfiq – o da... Müşfiqin qəbri də yoxdu... onu dənizə atıblar...
Xəzərə nifrətlə baxdım. Utanıb üzünü çevirdi...
Gün təpəmi deşir artıq, Müşfiqin kitabxanası, deyilənə görə, buralardadı. Bircə tapsam!
Dənizdən meh əsdi qəfil. Elə bildim, Müşfiqin ruhudu.
Başımı qaldırıb çığırdım:
– Hardasan, ay Müşfiq?!
Səsim küçəni başına götürdü...
– Yuxarıdayam, Qulu Ağsəs!
Tez özümü maşına təpdim, qazsız su, üstündən də saqqız, özümə gəldim. Gün vurub məni. Keçdi...
Düşüb bir də bağırdım:
– Ay Müşfiqqq!..
– Yuxarıdayam, düşürəm indi...
Səsə sarı boylandım...
Gün-zad vurmayıbmış məni:
Müşfiqdi!
Eyvanda siqaret çəkir!
Maykada!
Müşfiq Cabiroğlu.
Blokdakı lövhə indi gözümə sataşdı: Burda Xalq şairi Cabir Novruz yaşamışdır...
– Mən... o biri Müşfiqi axtarıram. Sən düşmə, özüm taparam...
Ötən həftə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına dəvət almışdım – kitab satınalma komissiyasına. Həmin yerdən keçdim.
Dü-üz ordan! Müşfiq Cabiroğlunun eyvanına baxdım. O, beş ildi ki, bir az da yuxarı qalxıb...
Özü də iyunda...
Böyük Müşfiqin 110 illik yubileyindən 5 gün sonra...
Cabir Novruz oğluna bu adı nakam şairin şərəfinə qoyubmuş...
Həmin binanın qabağından dənizə baxdım.
Əsən mehdən siqaret iyi gəlirdi...
P.S. Sən demə, orda Müşfiq adına kitabxana yox imiş, məni Cəfər Cabbarlı adına kitabxanaya çağırıblarmış...
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Uğura doğru kreativ irəliləmənin Xakamada yolu
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.
Bu dəfə mövzumuz beş ən mükəmməl motivasiya təlimi barədədir.
Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.
Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.
Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. Gəlin bunlara diqqət yetirək:
1. Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.
2. Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız. Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz.
3. Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.
4. Uğurlu olmaq istəyirsinizsə hansı zəmanədə yaşadığınızı dərk etməli, bunu öz fəaliyyətinizdə əks etdirməlisiniz. Biz elə bir anlaşılmaz, şərholunmaz zamanda yaşayırıq ki, yeni texnologiyaların hesabına informasiya və hadisələr elə sürətlə dəyişir ki, sabitlik itir.
Sabitlik arzulayan hər kəs uduzur.
Amma epoxanı qeyri-sabit, dəyişkən görməyə alışıb yeni
çağırışlara uyğun olaraq hər gün yenidən doğulanlarda da, həyatın
sürpriz və hədiyyələrinə istehza ilə yanaşanlarda da hər şey
alınar.
5. Riskli insan olun, amma riskləri xırda addımlarla atın ki, yıxılmayasınız. Yıxılmalara, pauzalara, depressiyalara hazır olun, çünki həyat büsbütün xalça döşənmiş yollardan ibarət deyil. Risk – problemsiz olmur.
6. İnsanı öyrənmək istəyirsinizsə, melodramlara, kino dramlarına tamaşa etməli, klassik ədəbiyyatı oxumalısınız.
7. İnternet və televizordan üstünüzə tökülən bütün informasiyaları qəbul etsəniz keyləşəcəksiniz, ümumiyyətlə nə investisiya, nə idarəçilik, nə şəxsi həyatınız üzrə bircə düzgün qərar verə bilməyəcəksiniz.
8. Əgər siz sonsuz dərəcədə varlısınızsa, amma həm də qulsunuzsa, xoşbəxtlik duyğularınız itəcək. Amma siz tam azad şəkildə karyera üstünlükləri qazanmısınızsa bundan həzz duyacaqsınız. Karyera xoşbəxtliyinin bax belə bir metodikası var: drayv, kayf və karyera.
9. Hədsiz uğurlu olmaqçün fasilələr seçməyi bacarmalısınız. Bəzən hiss edirsiniz ki, bir yerdə dayanmısınız. Bu o deməkdir ki, öz potensialınızı xərcləmisiniz, beyninizi «cari məsələlərlə» doldurmusunuz. Belə vəziyyətdə pauza götürmək, necə deyərlər, «valı dəyişmək» lazımdır. Bağa getmək, kitab oxumaq, tam gərginlikdən çıxmaq lazımdır. Təklik çox faydalıdır. Bax belə bir pauza prosesində siz düzgün yolu seçə bilərsiniz.
10.Əgər siz ölüm döyüşündə qalib gəlmək istəyirsinizsə qabaqcadan ölməlisiniz. Çünki ölünün əsəbləri olmur.
11.Həyat imtahanı verməkdən, vacib kontrakt imzalamaqdan öncəki gün çalışın beyninizə tam rahatlıq verib fikrinizi həmin vacib imtahan və kontraktdan kənarlaşdırasınız. Ertəsi gün – imtahanqabağı tam dincəlin, filmə baxın, yaxşı musiqi dinləyin, dadlı çay için. Az ünsiyyətdə olun, sadəcə orqanizmə və şüurunuza dinclik verin. Nəticədə tam harmoniyada olacaqsınız. Siz artıq uduzmağa da hazırsınız, amma udacağınıza tam əminsiniz. Əsəblər möhkəmdir, səhv etməyəcəksiniz.
12.Özünüzü və ailənizi təmin edəcəyiniz qədər qazanmağa çalışın. Daha çox pul qazanmağa meyl etsəniz daha çox zaman itirəcəksiniz pul idarəçiliyinə. Artıq pullar enerjinizi aparacaq. Ona görə də tamahınızı boğun.
13.İqtisadi böhran gec-tez qurtaracaq. Onu sakit keçirmək üçün, çökməmək üçün özünüzü qoruyun, öz şəxsiyyətinizi hansısa müvəffəqiyyətdən, karyeradan daha çox sevin. Pullar isə mütləq gələcək.
İrina Xakamadanın təliminin 13-cü bəndini oxucularıma təkrar-təkrar oxumağı tövsiyə edirəm. Bəli, yəqin ki, məhz indi, oxucularımın əksəriyyəti dünya iqtisadi böhranının tərkib hissəsi kimi öz ölkəsində yaşayan böhrandan əndişəlidirlər. Hətta bəzilərini bu böhran tam ümidsizləşdirib də.
Amma ruhdan düşüb əl-qolunuzu yana salmaq, fikir eləyib xəstəlik tapmaq sizi elə bir məğlubiyyətə gətirib çıxara bilər ki, böhran qurtarandan sonra dirçəlməyiniz daha mümkün olmaz.
Kənd yerinə gələn şiddətli seli təsəvvürünüzə gətirin. Qarşısına çıxan zəif, müqavimətsiz hər şeyi qoparıb aparır. Amma sonra sel keçib gedir, qalanlar, duruş gətirənlər isə mövcudiyyatını davam etdirir.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Heydər Əliyev Mərkəzində möhtəşəm konsert olacaq
Məşhur braziliyalı musiqiçi Mario Bakuna gəlir
Oktyabrın 15-də Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçi Mario Bakunanın konserti olacaq.
Auditorium zalında keçiriləcək konsert “Braziliya mənzərələri” adlanır.
Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir.
Biletləri şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Ferhat Göçer yenidən Bakıya gəlir
Sentyabrın 22-də Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin növbəti dəfə konserti təşkil olunacaq.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
San Karlo Teatrı orkestri Misir piramidalarının qarşısında konsert verəcək
BİZİMKİLƏR DƏ AĞDAMDA KONSERT VERSİNLƏR
Könül, “Ədəbiyyat və incəsənət”
İtaliyanı Avstriya ilə bərabər Avropa operasının nüvəsi hesab edənlər təbii ki, əsla yanılmırlar. Və ən azı, La-Skala teatrı və Vyana operası - dünya mədəniyyətinin iki Məkkəsi bu ölkələrdə yerləşir.
Sizə çatdıracağım xəbər isə İtaliyanın Neapol şəjərində ən qədim opera binasında yerləşən San-Karlo Teatrı Orkestri barədədir. Bu teatr 1737-ci il noyabrın 4-də açılaraq istifadəyə verilib. Teatrın yerləşdiyi bina həmçinin UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb.
Neapolun San Karlo Teatrının orkestrı isə dünyanın ən qədim opera teatrı hesab edilir.
Teatrın nəzdində fəaliyyət göstərən orkestrın tarixi də San-Karlo Teatrının tarixi ilə sıx bağlıdır. Və flaqman olan bu kollektiv daim dünya turnesinə çıxır, öz ecazkar musiqisini təbliğ edir. İndi isə orkestrlə bağlı maraqlı bir xəbər yayılıb.
Demək, San Karlo Teatrı oktyabrın 11-də Misir piramidalarının qarşısında konsert proqramı ilə çıxış edəcək.
Və bu inanılmaz işi gerçəkıəşdirməkçün, konsertin yüksək səviyyədə keçirilməsi üçün təşkilatçılar ciddi hazırlıqlar görürlər.
San Karlo orkestrının piramidalar önündə verəcəyi konsertin Misir və İtaliyanın indiyə qədərki ən böyük mədəni tədbirlərindən biri olacağı vurğulanır.
Əlbəttə, Azərbaycan sənətçiləri də özəl konsertlərə meyillidirlər, Elza Seyidcahan heyvanlara, Nadir Qafarzadə həyat yoldaşına konsert verib. Və mən şəxsən çox istəyərdim ki, bu əndrabadilikdən qurtularaq bizimkilər yaxşıdan nümunə götürsünlər.
Və hətta təklifim də var: Ən populyar müğənnilərimiz qoy gedib Ağdamda - ermənilərim xaraba qoyduqları yurdda konsert verib dünyanın diqqətini cəlb etsinlər.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Çox tez uçub gələn qaranquşlar donurlar
“Ədəbiyyat və incəsənət” portalı Etibar Əbilovun ağrılı qeydlərini nəzərinizə çatdırır. Dünyada övlad itkisi qədər ağır nə ola bilər ki. Allah rəhmət eləsin.
Bu gün oğlum Əbilin vəfatının 13-cü ili tamam olur.
...Lev Tolstoyun oğlu dünyasını vaxtsız dəyişəndə, 1895-ci il 12 mart tarixində, böyük yazıçı bu münasıbətlə gündəliyinə yazırdı:
"...Obyektiv baxımdan oğlumun ölümü barədə deyə bilərəm ki, təbiət daha yaxşılarını yetirməyi təcrübə edir və görəndə ki, dünya onları qəbul etmək üçün hələ hazır deyil, onları geri götürür. Lakin irəli getmək üçün təbiət təcrübə etməlidir. Bu labüddür.
Çox tez uçub gələn qaranquşlar donurlar. Lakin onlar hər halda uçub gəlməlidirlər..."
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Avropa dördüncüsü ən azı üçüncü olmağa çalışacaq
SÖHBƏT LOKARNO KİNOFESTİVALINDAN GEDİR
Avropanın kinifestivalları içində Kann, Berlin və Venesiya ən başda getsələr belə Lokarno festivalının da öz yeri var. Və növbəti xəbərimiz Lokarno kinofestivalı barədədir.
Lokarno Beynəlxalq Film Festivalı İsveçrədə keçirilir. O, Kann, Venesiya və Berlin festivallarından sonra Avropanın dördüncü ən mötəbər kinofestivalı hesab olunur. Bu il festival avqustun 2-dən 12-dək keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, LUMA Fondunun təsisçisi və direktoru Maya Hoffman Lokarno Kinofestivalının prezidenti seçilib. O, festivalın bütün 77 illik tarixində bu vəzifədə çalışan ilk qadın kimi tarixə düşüb.
Maya Hoffmanın təyinatı ilə bağlı məlumat beynəlxalq baxış saytında yer alıb.
Festivalın Direktorlar Şurası Hoffmanın namizədliyini yekdilliklə dəstəkləyib. Bundan əvvəl prezident postunu Marko Solari tuturdu. O, 20 il film festivalına rəhbərlik edib. Qadınlar daha rəhmdil olurlar deyimi burada keçmir. Belə ki, Solari hamıya güzəştə gedən birisi idisə də, Hoffman qətiyyəti və sapıntılarla barışmazlığı ilə diqqət çəkir.
Maya Hoffman sənət kolleksiyaçısı, xeyriyyəçi, sənədli film prodüsseri, impresario və iş qadını kimi tanınır. Onun yaratdığı LUMA Fondu müasir rəssamlara dəstək göstərir.
Maya Lokarno kinofestivalını ən azı qitənin ən nüfuzlu kinofestival üçlüyünə daşımağa çalışacağını bəyan edib. Təbii ki, bu, daha çox blefdir. Amma hər halda, qadının bu iddiası alqışalayiqdir.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
Eyruz Məmmədovun “Qan düşməni” romanı
Bugünlərdə Azərbaycanın Əməkdar jurnalisti, tanınmış yazıçı-publisist, kinossenarist Eyruz Məmmədovun daha bir kitabı - “Qan düşməni" işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, redaktoru yazıçı-publisist Arif Ərşad olan bu maraqlı roman Sumqayıtın "Azəri" nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr edilib.
Kitabda hələ ötən əsrin əvvəllərində - rus imperiyası dövründə qədim Zəngəzur mahalında iki nəsil arasında başlanmış "qan davası"nın hətta 1941-45-ci illər müharibəsi dövründə və daha sonra - SSRİ-nin süqutuna qədər də davam etməsindən inandırıcı, təsirli faktlarla bəhs edilir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)
“Bir gün Səbinəgildə” - Heyran Zöhrabovanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının poçtundan” adlı rubrikamızda redaktorlarımızın redaksiyaya gələn yazılardan seçdikləri növbəti yazını təqdim edirik. Heyran Zöhrabovanın “Bir gün Səbinəgildə...” adlanan hekayəsində qəfildən qırılan xoşbəxtlikdən bəhs edilir.
Səbinə məndən boş vaxtım olanda ibtidai sinifdə oxuyan oğlu Fuadla bir az məşğul olmağımı xahiş etmişdi. Bu günün bazar günü və havanın da çox gözəl olmasından istifadə edib Səbinəgilə yollandım.
Qapını balaca Fuad açdı.
- Salamm,– deyə gülümsədim.
Mətbəx qapısından boylanıb gələnin mən olduğunu görən Səbinə gülər üzlə:
- Xoş gəlmisən, Mələk, buyur keç. Elə mən də təzə çay dəmləyirdim,– dedi.
Səbinənin qaynanası Həcər xala da məni görcək:
- Xoş gəlmisən, qızım, keç otur, necəsən? İşlərin necə gedir?,– deyərək nəzakətlə hal-əhvalımı xəbər aldı.
Fuad əlimdən tutub şirin danışığı ilə:
- Gəl, Mələk xala,– deyərək məni arxası ilə aparıb divanda - Həcər xalanın yanında yer göstərdi.
Təbəssümlə onun başını oxşayıb:
- Şükür Allaha, Həcər xala, çox sağ olun, siz necəsiniz?,– deyə cavab verərək göstərdiyi yerdə əyləşdim.
- Həmd olsun, qızım Allahın köməkliyi ilə dolanıb gedirik yavaş-yavaş.
- Bax, Mələk xala, Mirzə də bizdədir,– deyib Fuad əlimdən tutaraq üzbəüz kresloda oturan Mirzəyə işarə etdi:
- Necəsən, Mirzə?
- Yaxşıyam, yaxşıyam, mən yaxşıyam, sən necəsən?
- Sağ ol Mirzə, yaxşı olasan, mən də yaxşıyam.
Mirzə Həcər xalanın qaynı oğludur. O, şizofreniya xəstəliyindən əziyyət çəkir, el dilində desək, Mirzə dəlidir.
Çox sakit və yaşının 30-dan yuxarı olmasına baxmayaraq, o, sözə baxan, eyni ilə mülayim təbiətli bir uşaq kimidir. Heç vaxt heç kimi incitməzdi, məhz bu səbəbdən tanıyan hər kəs onu çox sevirdi. Zamanın çoxunu məhəllədəki uşaqlarla futbol oynamaqla keçirirdi. Həcər xala Mirzəni doğma balası kimi çox sevir, Sabirdən (Səbinənin həyat yoldaşı) ayırmırdı.
Az sonra: "Hə, çaylar da gəldi",– deyərək Səbinə əlindəki çay podnosunu stolun üzərinə qoydu.
Çay içib bir az ordan-burdan danışıb, hal-əhval tutduqdan sonra balaca Fuadın dərsləri ilə maraqlanmağa başladım.
- Gülnarın iki qələmi var idi, babası bu gün ona bir qələm daha aldı. İndi Gülnarın neçə qələmi var? Məsələnin şərtini oxuyub gəl indi hesablayaq görək, Gülnarın neçə qələmi oldu?,– deyə Fuada müraciət edib ardınca soruşdum:
- İki üstə gəl bir, neçə edir ?
- Üç.. üç edir, mən bilirəm, üç edir,– deyə bayaqdan sakitcə bizi dinləyən Mirzə hərarətli şəkildə dilləndi. Bir an Mirzəyə baxıb gözlərimi döydüyümün fərqinə varıb təəccübümü gizlətməyə çalışaraq: "Bax, Fuad, Mirzə deyir ki, üç edir, bəs sən nə fikirləşirsən?– dedim.
Bir neçə məsələ daha həll etdikdən sonra Fuadın yorulduğunu hiss edib bu günlük bu qədər bəsdir dedim, ona gedib oynaya biləcəyini söylədim. Fuad qalxıb gedəndən sonra oturduğum yerdəcə pəncərədən çölə boylandım, Mirzə artıq ən sevimli məşğuliyyətində – məhəllənin uşaqları ilə top oynamaqda idi.
Mətbəxdə Səbinəyə yemək hazırlamaqda kömək edən Həcər xala yanıma gəlib:
- Qızım, çay istəyirsənmi, süzüm sənə? – deyə nəvazişlə çay istəyib-istəmədiyimi soruşdu.
- Yox, Həcər xala, çox sağ olun, süfrəniz hər zaman bərəkətli olsun.
- Fuadın qavraması necədir, yaxşıdırmı? Gözün su içir?
- Bəli, bəli yaxşıdır. Hələ yaşı azdır, indidən onu çox da yükləməyə ehtiyac yoxdur, elə bu şəkildə davam etsə, hərgünkü dərslərini bu cür qavrayıb yadında saxlasa, dərslər mürəkkəbləşdikcə çox da çətinlik çəkməyəcək, narahat olmayın.
- Hə, inşallah, qızım, inşallah.
- Həcər xala, olar sizdən bir söz soruşum?
- Əlbəttə, qızım, buyur.
- Bayaq Fuadla məsələ həll edəndə çox qəribə bir şey oldu, – deyib hadisəni Həcər xalaya danışdım.
- Çox təccübləndim açığı, mən buna bir ad verə bilmədim. Siz Mirzəni yaxından tanıyırsınız, bəlkə siz bilərsiniz, sizcə, Mirzə bunu necə bildi?
- Ehh, qızım, – deyə köks ötürərək sözə başlayan Həcər xala mənə Mirzə haqqında bu günə qədər bilmədiyim elə şeylər danışdı ki, duyduğum təəssüf hissini sözlərlə ifadə etmək çətindir.
***
- Mən Səməd kişi ilə evlənəndə Mirzənin 13-14 yaşı vardı. Yaşının az olmasına baxmayaraq, çox anlayışlı, ağıllı və məqsədli bir uşaq idi. Bu xarakterinə görə Səməd onu çox sevərdi. Həmişə də fəxrlə deyərdi ki, onun adını mən qoymuşam, Mirzə savadlı adam deməkdir. Deyərdi, mən əminəm ki, o, çox böyük adam olacaq, futbola böyük bir sevgi və marağı olsa da, bununla yanaşı, dərsləri də çox yaxşıdır. Sabirin 3 yaşı olanda Mirzə artıq orta məktəbin son sinfində oxuyan, yaraşıqlı, yeniyetmə bir oğlan olmuşdu. Ali məktəbə hazırlaşırdı, sevdiyi bir qız da var idi hətta.
Həcər xala yenidən köks ötürüb çətinliklə sözlərinə davam etdi.
-Yay ayları idi, orta məktəbi yenicə bitirmiş, ailələr arasında söz də kəsilmişdi, imtahan nəticələrini gözləyir, nişanlanıb birlikdə ali təhsil almaq xəyalları qururdular.
Kənddə toy idi o gün, qohum olan ailələrdən biri bizim kənddən, digər ailə isə qonşu kənddən idi. Gecə qonşu kənddən gələn cavan oğlanlarla bizim kəndin cavanları arasında bir dava düşər. O ki var içib, sərxoş olub özlərindən çıxan gənclərin sözləri bir-birinin boğazından keçməyəndə başlayarlar yumruqlarını işə salmağa. Mirzəylə birlikdə bir neçə yoldaşı daha vəziyyəti belə görəndə savaşan tərəfləri ayırıb, sakitləşdirməyə çalışarkən, gicgahından dəyən yumruq zərbəsiylə yerə yıxılan Mirzənin başı zərblə daşa dəyir və o, oradaca huşunu itirir.
Gözləri dolmuş Həcər xala göz yaşlarını saxlaya bilməyib ağlamağa başladı.
-Sonrası da məlum məsələdir, bir neçə dələduzun boş və mənasız, axmaq mübahisəsinə görə, o gecə günəş kimi parlaq bir gələcəyi olan, qızıl kimi qiymətli bir gəncin həyatı, xəyalları, arzuları məhv oldu.
Yaylığı ilə göz yaşlarını silib bir az toxdadıqdan sonra Həcər xala sözünə davam elədi.
-Ehh, qızım, hələ o yazıq qızcığaz. Mirzə yıxılıb başından zədə aldığı gün onun da dünyası başına yıxıldı. Bir gecənin içində bütün arzuları, birlikdə universitetə qəbul olmaq xəyalları puç oldu. Mirzə bəlkə o gün ölmədi, amma, inan ki, ilk zamanlar onu belə görmək ölümdən də betər idi. Bir müddət sonra imtahan nəticələri çıxdı, qismətə, bax, ikisi də eyni univerisitetin eyni ixtisasına qəbul olmuşdular. Qohum-qonşu, dost-tanış yığışıb dərs ili başlayana qədər bir təhər yazıq qızı dilə tutub gedib oxumağa razı sala bildilər. O da gedib təhsil almaq, hər gün Mirzəni bu vəziyyətdə görməkdən daha asan olar hər halda, deyə düşünüb çıxıb getdi. Təhsilini bitirəndən sonra da təyinatını başqa yerə aldırıb bir də kəndə qayıtmadı. Bir neçə il sonra da evləndi, yazıq balam dilinə, bir dəfə olsun içki dəyməyən uşaq sanki qızın toy günü olduğunu hiss edib o gecə içib sərxoş olmuş, səhərə kimi sayıqlamışdı. Hələ o gün anasını gördüm qızın, deyir, oğlunun adını Mirzə qoyub.
Eşitdiklərimin təsirindən donub qalmış nə deyəcəyimi bilmirdim. Birdən: "Qoooool, qoool", – deyə uşaqların şən səsi bütün məhləni götürdü. Qalxıb eyvana çıxdıq.
Mirzə hər şeydən xəbərsiz vurduğu qolun sevincini yaşayırdı.
“Ədəbiyyat və incəsənət”
(28.07.2023)