
Super User
Bu gün Edit Piaf, sabah Löpe de Veqa
Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrı (bədii rəhbər Rusiyanın Xalq artisti, “Qızıl maska” mükafatı laureatı Yefim Zvenyatski) iyulun 1-dən Bakıda qastroldadır. Qastrol iyulun 9-dək davam edəcək.
Səfər “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk Vilayəti Hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.
Primorsk Akademik Vilayət Dram Teatrı da bu il yubileyini, 90 yaşını qeyd edir. Uzaq Şərqdə, Sakit okeanın sahilində klassik rus psixoloji teatrı ənənələrini qoruyub saxlayan qocaman akademik teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində repertuarından seçmə 6 tamaşa göstərəcək.
Qastrol M.Bulqakovun məşhur romanı əsasında iki il əvvəl, teatrın 88-ci mövsümündə səhnəyə qoyulmuş “Master və Marqarita” tamaşası ilə (1-2 iyul) başlayıb.
İyulun 4-də Vladivostok teatrı yəhudi yazıçısı Şolom-Aleyxemin əsərləri əsasında hazırlanmış və 20 ildir repertuarda olan “Anma duası”nı, iyulun 5-də isə A.Çexovun “İvanov” komediyasını (28 ildir repertuardadır) nümayiş etdirib.
Dünən və bu gün - 6-7 iyulda əfsanəvi fransız müğənni Edit Piafın həyatından bəhs edən “Edit və onun şeytanları” musiqili-mistik melodramı, sabah isə ispan dramaturqu Lopa de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” komediyası Akademik Rus Dram Teatrının səhnəsində Bakı tamaşaçılarına təqdim olunacaq.
Primorsk Akademik Vilayət Dram Teatrının Bakı qastrolu rus yazıçısı V. Pikulun “Kreyserlər” tarixi romanı əsasında tamaşa ilə başa çatacaq.
Qeyd edək ki, “Edit və onun şeytanları” və “Kreyserlər” teatrın eksklüziv tamaşalarıdır, üstəlik, ilk dəfə Vladivostok teatrında səhnələşdirilən “Kreyserlər” Rusiya Federasiyası Hökumətinin mükafatına layiq görülüb.
“Master və Marqarita”, “Anma duası” və “Kreyserlər” tamaşalarında teatrın bütün truppası məşğuldur. Ümumilikdə Bakı qastroluna teatrın texniki işçiləri və Uzaq Şərq İncəsənət İnstitutunun tələbələri də daxil olmaqla 100 nəfərdən çox heyət gəlib. Həmçinin bir neçə konteyner dekorasiya, geyim və avadanlıqlar gətirilib.
Primorsk Akademik Vilayət Dram Teatrının yaydığı məlumata görə, bu, yaradıcı kollektivin ən irimiqyaslı qastrol səfəridir.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Bu gün Beynəlxalq “Sofar Sounds” musiqi hərəkatı İçərişəhərdə tüğyan edəcək
Dünyanın 400-dən çox şəhərində fəaliyyət göstərən “Sofar Sounds” musiqi hərəkatının bu gün İçərişəhərdə növbəti açıq hava konserti olacaq.
2016-cı ildən bəri Azərbaycanda keçirilən bu konsertlərin əsas məqsədi istedadlı gənc ifaçılara dəstək olaraq, onları dinləyicilərlə səmimi mühitdə görüşdürməkdir.
Qeyd edək ki, beynəlxalq səviyyədə baş tutan konsertlərdə bu günədək gənclər tərəfindən sevilən Ed Sheeran, Billie Eilish, Hozier, Türkiyənin məşhur simaları Mor və Ötesi qrupu, Kalben, Deniz Tekin, Ufuk Baydemir dinləyicilərin qarşısına çıxıb.
“Sofar Sounds Baku” sosial təşəbbüs olaraq həyata keçirilir və ölkəmizdə indiyədək tanınmış simalar - Rasim Müzəffərli, Şəhriyar İmanov, Cavan Zeynallı, Promete, Dihaj, Elvina, Vedad, Rapluvi The Half, Ahmedovsky Trio, DədəBaba, Darvish Band, AynaBand qrupu, Orxan Zeynallı, Ceyhun Səmədov kimi sevilən musiqiçilər, eləcə də istedadlı gənc ifaçılar burada çıxış edib.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Nehrəmdən Bakıya uzanan ömür yolu...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onun haqqında söhbətimə hazırda BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, bir zamanlar onun qrup rəhbəri olan, professor Cahangir Məmmədlinin sözləri ilə başlamaq istəyirəm. Professor söyləyir;- “O vaxt rəhbəri olduğum 3796-cı qrupun tələbələrini nəinki unutmamışam, hətta həmin tələbələrlə bu gün də sədaqətli dostluq əlaqələrim var. Sən demə, onların qəribə taleləri varmış. Elə bil qrupdakı tələbələrin hamısını Allah öz sevgisilə yaratmışdı: Alı Mustafayev, İradə Tuncay, İlqar Həsənov, Mirzə Əsgərov, İntiqam Abışov, Füzuli Mustafayev, Sadiq Məsiyev, Xudayət Həsənli, Cümşüd İsgəndər, Züleyxa Nadir, Rauf Ağayev, Qərənfil Xəlilova, Nərminə Əlixanbəyova, Araz Qurbanov, Rafiq Nəbiyev və İradə İmranqızı- ömrünü jurnalistikaya bağlamış əsl qələm sahibləridir. Tale elə gətirib ki, barəsində məlumat topladığınız adamın ömür yolu, karyera inkişafı həmişə gözümün qabağında olub. İndi də hər gün eyni iş yerində - Jurnalistika fakültəsində görüşürük. O, bu nöqtəyə qədər çox böyük bir ömür yolu keçib: o yolun çox maraqlı nöqtələrindən biri, hələ tələbəykən onun SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilməsidir, o biri isə Jurnalistika fakültəsində oxuduğu beş il ərzində əlli üç imtahan verməsi və əlli bir “əla”, iki “yaxşı” qiymət almasıdır. O, universiteti bitirən kimi çox sevdiyi jurnalistika peşəsinin məsuliyyətli sahəsində fəaliyyətə başlayıb. Əvvəlcə Naxçıvan Dövlət Televiziyasında, sonra Naxçıvanda nüfuzlu “Şərq Qapısı” qəzetində, daha sonra “Xalq qəzeti”ndə məsul vəzifələrdə işləyib, “Azad Azərbaycan” qəzetinin Baş redaktoru, eyni adlı radionun məsul redaktoru olub. Bir müddət də Azərbaycan Respublikası Ali Məhkəməsinin mətbuat xidmətinə rəhbərlik edib.”
Elədir, düz tapdınız, söhbət BDU-nun professoru, filologiya üzrə elmlər doktoru Allahverdi Məmmədlidən gedir. O, 1956-cı ildə, ilin ən uzun gündüzü olan gündən beş gün sonra Babək rayonunun Nehrəm kəndində, rəhmətlik Məhərrəm kişinin ailəsində dünyaya gəlib. Orta məktəbi ata-baba yurdunda başa vurandan sonra Bakıya üz tutub. BDU-nun Jurnalistika fakültəsində ali təhsilə yiyələnib. Ötən müddət ərzində qəzet, radio və televiziyada bir sıra vəzifələrdə çalışıb. 2004-cü ildə "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru olub. 2015-ci ildə isə "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda dissertasiya müdafiə edərək, filologiya üzrə elmlər doktoru alimlik dərəcəsinə yiyələnib. Hazırda BDU-nun Jurnalistika fakültəsində çalışır. 2017-ci ilin may ayından fakültənin Televiziya və radio jurnalistikası kafedrasının müdiridir. Bir dərs vəsaitinin və bir neçə kitabın müəllifidir. 2016-cı ildə “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layiq görülüb...
Deyir ki;- “Televiziya və radio sahəsində çalışan jurnalistlərin əksəriyyəti dil normalarını pozaraq çox ciddi nöqsanlara yol verirlər. Bunun əsas səbəbi, sözsüz ki, həmin sahədə çalışan jurnalistlərin təhsil bazalarının sırf jurnalist ixtisası olmamasıdır. Həmçinin onların böyük əksəriyyəti ədəbiyyat və jurnalist ixtisası ilə sıx əlaqəsi olmayan insanlardır. Jurnalistika sahəsində çalışanların bir çoxu həkimdir, bir qismi iqtisadçıdır və başqa ixtisas sahibləri də var. Hər bir dilin öz qayda-qanunu mövcuddur. Gərək dillə məşğul olan mütəxəssis bu qayda-qanuna əməl eləsin. Bizim jurnalistlər çox zaman buna əməl etmirlər. Onlara efir verildikdə özlərini çox sərbəst aparırlar. Əlbəttə, səhnədə özlərini sərbəst aparmalıdırlar və bu sərbəstlik təbiidir. Çox vaxt həmin sərbəstlikdən irəli gələn səbəblərə görə, dilin normaları kobudcasına pozulur. Həmin jurnalistlər çox zaman jarqon ifadələr işlədirlər. Əslində, belə ifadələr tamaşaçıya heç nə vermir. Əksinə, tamaşaçının dilə olan münasibətini, zövqünü və marağını korlayır. Nəticədə tamaşaçıda olan dil haqqındakı bilik və təsəvvürlər yoxa çıxır. Dil xalqın varlığıdır. Dil televiziya və radio məkanında elə qorunmalıdır ki, o, estetik baxımdan gözəl olsun. Həm də bu dil vasitəsilə kütləni öz arxanca aparmalısan. Bununla yanaşı, kütlənin zövqünü, səviyyəsini yüksəldərsən. Kütlə o vaxt sənə inanıb etibar edir ki, sən dildən gözəl istifadə edirsən və ifadələri yerində işlədirsən. Əlbəttə, istifadə etməyəndə müəyyən nöqsanlar yaranır. Bizim televiziyada kifayət qədər belə faktlar var.”
Allahverdi müəllim doğru deyir, bu gün bizim televiziyalarda aparıcılar akademik dildə deyil, xalqa daha yaxın tərzdə danışmağa üstünlük verirlər. Sanki küçədə söhbət edirlərmiş kimi dilin qayda-qanunlarına riayət etmirlər. Bəlkə də təbii haldır. Öz aramızdır, bu kimi problemlər bütün dünya televiziyalarında da var, rəsmi dil tədricən arxa plana keçir və mürəkkəblikdən sadəliyə doğru dəyişir. Mən buna ABŞ televiziyalarında da şahidi olmuşam. Axı dünya dəyişir və dəyişdikcə bütün qaydaları da dəyişdirir…
“Bilirsiz ki, jurnalistika daim yenilənir. Jurnalistikada durğunluq yoxdur. Əgər durğunluq varsa, deməli, jurnalistikanın özü də yoxdur. Jurnalistika hər gün, hər saat yenilənir. Biz daima nəsə öyrənirik. Kafedranın müəllimlər qarşısında öz tələbləri var. Hər bir müəllim tədris etdiyi fənn üzrə dərs vəsaitləri hazırlamalıdır. Mütləq proqramlar hazırlanmalı və hər il yenilənməlidir. Dərs deyən müəllimlərin çoxu kitab müəllifidir. Həmçinin müxtəlif təşkilatlarla da əlaqələrimiz var və birlikdə kitablar nəşr edirik. Biz müəllimlərin bilik səviyyəsinin artırılması üçün onları xarici seminar və konfranslara göndəririk. Orta Asiya, Rusiya və Türkiyə kimi ölkələrin universitetlərinin Jurnalistika fakültələri ilə sıx əlaqə qurmağa çalışırıq. Burada tələbə və müəllimlərin mübadiləsini nəzərdə tuturuq. Bizim fakültədə jurnalistlərin etik davranışı və normaları ilə bağlı xüsusi bir fənn tədris olunur. Jurnalistlər təkcə efirdə yox, ictimai həyatda da nümunə olmalıdırlar. Bu normalardan danışarkən öncə nəzərə almalıyıq ki, biz vətəndaş yetişdiririk. Hətta sizə deyim ki, tələbəni qiymətləndirərkən onların biliyi ilə yanaşı, mədəniyyəti, tərbiyəsi, dünyagörüşü kimi amilləri də nəzərə alıram. Təkcə bilik nəzərə alınsa, birtərəfli olur. Xüsusilə teleməkanda jurnalist, geyimindən üzünün ifadəsinə qədər tamaşaçıya nəsə çatdırır. Bunlara əməl olunmasa, tamaşaçıda narazılıq yaranır. Etik mədəniyyət vacib olan amildir. Hər kəs televiziyadan öyrənir. Televiziya tərbiyə və maarifləndirmə vasitəsidir. Tamaşaçı çalışır ki, teleməkanda gördüklərini öz həyatında tətbiq etsin.”- söyləyir.
Nə isə, çox dərinə gedib vaxtınızı almaq istəmirəm. Söhbətimin sonunda yenə də professor Cahangir Məmmədliyə istinad etmək istəyirəm. O, deyir:- “Allahverdi Məmmədli, həqiqətən də, harda olur-olsun, ətrafındakıların hörmətini, məhəbbətini qazanan adamdır. Onun bu xarizmatik xarakteri ailədən, Nehrəmdəki orta məktəbdən gəlib, universitetin Jurnalistika fakültəsində zühur edib, onun iş yerində tam formalaşıbdır. Mən Allahverdinin orta məktəb müəllimi olmuş Məsumə xanım Əliyevanın onun haqqında haçansa yazdığı bir təbrik məktubunu həyacansız oxuya bilmədim. Məsumə xanım yazır: “Sən yeddinci sinifdə oxuyanda mən sizə “Fermada” adlı inşa yazdırdım. Sənin yazın bütün uşaqların yazılarından seçilirdi. Mən o vaxt: sənin yazından jurnalist qoxusu gəlir- dedim. Sənin gələcəkdə yerin universitetin jurnalistika fakültəsidir. Mənimlə razılaşdın. Axırda da jurnalist, hələ üstəlik alim də oldun...”
Bu günlərdə Allahverdi müəllimin növbəti ad günü oldu. Nə az, nə çox- 67 yaşı tamam oldu. Ona möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram.
Çox yaşayın, professor!
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Qah qohumları
“Ədəbiyyat və incəsənət” portalında bu dəfə dodaqqaçırma funksiyasını Hüseyn Rafiyevdən gələn bu lətifə daşıyacaq:
Qadın ərinin qarası ilə deyinir:
- Sənə ərə gəlməkdənsə, şeytana ərə getsəydim daha yaxşı olardı.
Kişi eşidib deyir:
-Qan qohumlarının evlənməsinə qanun yol vermir….
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Bu gün Oleq Lundstrem adına Caz Orkestri çıxış edəcək
Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri davam edir. Bakı Yay Caz Günlərinin açılışında Heydər Əliyev Mərkəzinin Auditorium zalında Türkiyənin məşhur gitaraçısı Önder Focan Meltem Ege qrupu Bakı Kamera Orkestrinin müşayiəti ilə çıxış edib.
Daha sonra pianoçu Elçin Şirinov və kvartetinin konserti olub. 4 il ərzində İsrailin tanınmış “Avişai Kohen trio”sunda çalışaraq dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edən Elçin Şirinov israilli musiqiçilərlə doğma şəhərində çılğın və şıltaq caz ritmlərini səsləndirib.
Növbəti gündə Heydər Əliyev Mərkəzində məşhur caz pianoçu Alfredo Rodrigez (Kuba-ABŞ) triosu ilə çıxış edib. Qremmi mükafatı nominantı, məşhur caz pianoçu Alfredo Rodrigez (Kuba-ABŞ) triosu ilə dünya turnesi çərçivəsində cazsevərlər qarşısına çıxıb.
Artıq 5-ci dəfədir ki, təşkil edilən festivalın konsertləri qapalı məkanlarla yanaşı, açıq havada da təqdim edilir. Əvvəlki illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı olduqca zəngindir.
Belə ki, iyulun 5-də pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edib. Elə həmin gün Azərbaycan cazının banisi olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin tələbələri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı bəxş ediblər.
Caz bayramının yekun akkordunu isə bu gün - iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq.
Park ərazisindəki konsertlərə giriş sərbəstdir.
Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Çingiz xan hansı səbəbə BMT tərəfindən “1000 ilin adamı” elan edilib?
“Ədəbiyyat və incəsənət” portalı tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərovun olduqca maraqlı yazısını təqdim edir
Fateh Çingiz xan 3 səbəbə görə BMT tərəfindən “1000 ilin adamı” elan edilib. Səbəblər bunlardır:
1) 1206-cı ildə yeni dövlət yaradan kimi Çingiz xan “Yasa” qanunlar məcmuəsi hazırlatdı ki, bunu ilk Konstitusiya adlandırmaq olar. Avropada ilk rəsmi Konstitusiya 1529-cu ildə - “Yasa”dan 323 il sonra Böyük Litva Knyazlığında meydana çıxıb; (Türklər Konstitusiyaya Ana Yasa deyirlər, mənşəcə bu Yasadan söhbət gedir - red.)
2) 1215-ci ildə Çingiz xan tərəfindən Xarəzm imperiyası ilə yaxın qonşuluq və diplomatik münasibətlər zəminində, sərhədlərin toxunulmazlığı haqqında müqavilə bağlandı. Lakin bir qədər sonra xanın Xarəzmə göndərdiyi döyüşçülər sonuncular tərəfindən cəsusluqda ittiham olundu və onların çoxu öldürüldü. Bu isə Çingiz xanın Orta Asiyaya yürüşünə səbəb oldu.
Avropada bu tip müqavilələr 1648-ci ildən sonra meydana çıxmışdır. Bu da Çingiz xanın “mədəni Avropa”nı 400 ildən artıq qabaqladığını göstərir;
3)Dünyada ilk Biosfer qoruq Çingiz xan tərəfindən yaradılıb. “Xoriq
qazar” (Qadağan olunmuş torpaq) adlandırılan ərazidə ov etmək,
canlıları tutmaq, ağacları qırmaq, heyvan otarmaq və s. qadağan olunurdu. Müqayisə üçün deyək ki, ilk rəsmi Biosfer sənəd Amerikada 1974-cü ildə-Çingiz xanın ölümündən təxminən 750 il sonra meydana çıxıb.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Güneydən səslər: Əkbər İsmayilidən “Sevəcəm yenə”
“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq.
Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu gün Əkbər İsmayili (Qalan) öz şeirləri ilə hüzurunuzdadır.
O, bu dəfə “Sevəcəm yenə” söyləyəcək.
YAZMADINKİ!..
Sahildə,
İki dalğanın ömrü qədər
Qum dəftərinə
Yazsaydın kaşkı
Adımı;
Ömür boyu
Ürəyimə döydürməyə
Bəhanə kimi yetərdi
Sənin adini.
Yazmadınkı!..
SEVƏCƏM YENƏ
Sevəcəm yenə
Yalançı baxışların
Anlasam belə!
Səni
Hər zaman
Sevəcəm yenə...
ŞİMDİ GÖRÜŞƏK
Dolubdur ürəyim, qaçmaq istirəm,
Könlümün gizlərin açmaq istirəm,
Rozalar telinə saçmaq istirəm,
Yarına dözəməm, şimdi görüşək.
Qoyma bu sevgimiz acıyla dolsun,
Çiçək tək açılıb qoyma ki, solsun,
Qoyma kötü yellər əl atıb yolsun,
Qaçırt dodaqlarn bir də görüşək.
Qoy yenə ilişsin könül-könülə,
Alışan eşqimiz qoyma sönülə,
Qoyma ki, sağ yollar sola dönülə,
Bəri gəl barışıb bir də öpüşək.
Ədəbiyyat və incəsənət”
(07.07.2023)
“Öz-özünü aldatmaqdan daha çətin heç nə yoxdur” – Lüdviq Vitgenşteyn
“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Lüdviq Vitgenşteynin aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.
Allaha inanmaq – həyatın mənası olduğunu anlamaq deməkdir... Allaha inanmaq o deməkdir ki, həyatın anlamı var.
***
Nəyə isə inanan kəs nədən buna inandığı sualına cavab vermək məcburiyyətində deyil.
***
Əsl mömin olan kəs üçün faciəvi heç nə yoxdur.
***
Yeganə fəlsəfə professoruyam ki, Aristoteldən heç vaxt bircə kəlmə belə oxumamışam.
***
İnsan tez-tez sözün sehrinə düşür. Məsələn, “bilmək” sözünün...
***
Öz-özünü aldatmaqdan daha çətin heç nə yoxdur.
***
Məntiqdə təsadüfi heç nə yoxdur.
***
Xoşbəxt bir insan qorxmamalıdır. Ölüm qarşısında belə...
***
İnan! Bundan ziyan gəlməz.
***
Bilmirəm niyə burdayıq, amma əyləncə üçün olmadığına əminəm.
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)
Həm əla qiymətlər qazan, həm böyük məbləğ!
Bəzi gənclərimiz o qədər layiqli ömür sürür, elə inamla hədəfə doğru gəlirlərsə, onları mütləq hamıya örnək kimi göstərmək lazım olur. Onlardan biri - Azərbaycan Universitetləri üzrə 2023-cü ilin ən yaxşı tələbələrindən biri - Arzu Alxanova!
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Universitetləri sosial media səhifəsinə istinadən xəbər verir ki, Arzu Alxanova Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsini 99,17 balla bitirib. Özü də tədrisi ingilis dilində alıb.
Arzu BMU-ya yüksək 611 balla daxil olmuşdu.
Bəziləri anlamaq istəmir ki, yaxşı oxumaq, əla qiymətlər almaq gələcəyinə qoyduğun ən böyük kapitaldır. Və bu kapital hətta elə tədris dövründə də ikiqat gəlirə çevrilə bilər.
Arzu Alxanova ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub. Həm də illik 55.000 ABŞ dolları məbləğində tam təqaüdlə.
Təbrik edirik! Qürur duyuruq!
Və hamıya örnək gətiririk!
“Ədəbiyyat və incəsənət”
(07.06.2023)
Tarixdə ilk dəfə robot orkestrə dirijorluq edib
Günün ən çox oxunan mədəniyyət xəbəri: Ölmədik, bu günü də gördük, Cənubi Koreyanın Seul şəhərində keçirilən konsertdə orkestri EveR-6 adlı android robot idarə edib.
“Ədəbiyyat və incəsənət” Weekly-yə istinadən xəbər verir ki, Koreya Qabaqcıl Elm və Texnologiyalar İnstitutu tərəfindən hazırlanmış insanabənzər android robotun Koreya Milli Teatrında orkestrə dirijorluq etməsi dünya mədəniyyəti tarixinə ilk belə hadisə kimi düşüb. Bəli, yavaş-yavaş “bir azdan mədəniyyəti də süni intellektlər yaradacaq” fikri özünü doğrultmağa başlayır.
Qeyd edək ki, robot dirijor maneralarını gözəl mənimsəyib. Onun çıxışdan əvvəl tamaşaçılara baş əyərək, konsertdə dirijor kimi dəqiqliklə çıxışı böyük maraq doğurub və alqışlarla qarşılanıb.
Konservatorlar yəqin ki, bu xəbəri oxuduqdan sonra belə deyəcəklər: Allah, sən saxla!
“Ədəbiyyat və incəsənət”
(07.07.2023)