
Super User
Günün fotosu: Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu Forum keçirdi
Günün fotosu: Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu Forum keçirdi
Almaniyanın Münhen şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 2-ci Forumu keçirilib.
Forumda tanınmış şair, SÖZ layihəsinin rəhbəri Nigar Həsənzadə də iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
İlham Əliyev: "Separatçılar silahı yerə qoyduğu halda antiterror tədbirləri dayandırılacaq"
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib. Amerikalı diplomat yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Vaşinqton tərəfindən dəstəkləndiyini bildirib.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
Türk xalqları mədəniyyəti - Çığatay ədəbiyyatı
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Cığatay ədəbiyyatının formalaşması
Türküstanda XIV əsrdən XIX əsrə kimi davam edən ədəbiyyata Cığatay ədəbiyyatı deyilib. Bu adın vərilməsinin səbəbi Çingizin ölümündən sonra yaratdığı imperiyanın Cığatay, Elxanlı, Qızıl Orda olmaqla üç yerə parçalanması nəticəsində Cığatay Xanın hakim olduğu torpaqlarda istifadə olunan yazı dilinə "Cığatayca" şəklində ad verilməsiylə bağlıdır. Cığatay Türkcəsi və Cığatay ədəbiyyatı terminlərini də ilk dəfə Armin Vambary 1867-ci ildə çap etdirdiyi əsərində işlədib, o vaxtdan bəri də bu ad davam etdirilib.
Özbək ədəbiyyatı Cığatayca olan ilkin məhsullarını XV və XVI əsrlərdə verib. Bu çağdakı ədəbiyyatın ən önəmli nümayəndələri də Uluğ Bayin saray şairi Səkkaki, Heydər Xarəzmi, Lütfi, Əlişir Nəvaidir. Əlişir Nəvai, klassik Özbək ədəbiyyatının ən böyük şairi olmaqla yanaşı Türk ədəbiyyatı və mədəniyyətinin ən görkəmli nümayəndəsidir.
Əlişir Nəvainin həyatı/ Türk dilində ilk “Xəmsə”
Cığatay ədəbiyyatının Nəvai dövründə türk dili xüsusi inkişaf mərhələsi keçib. Türk dili elə bir zirvəyəcən tərəqqi etdi ki, islam dünyasının üç böyük dilindən birinə çevrildi. Böyük mütəfəkkir və şair, dövlət xadimi Əlişir Nəvai (əsl adı Nizaməddin Mir Əlişir) özbək ədəbiyyatı tarixinin ən görkəmli nümayəndəsidir. Nəvai hələ 10-12 yaşlarından gözəl şeirlər yazıb. 1464-1465-ci illərdə xəttatlar Nəvainin ilk divanını şeirlər toplusunu hazırlayıb. Bu fakt özü təsdiq edir ki, Nəvai artıq gənc yaşlarından lirik şair kimi tanınırdı.
Tədqiqatçıların qeydinə görə, Nəvai 15 yaşında lirik şeirləri ilə qəlbləri ovsunlamış, şeirsənət adamlarının diqqətini qazanıbmış. Nəvai yaradıcılığının o dövrü idi ki, o, artıq “Xəmsə” kimi dahiyanə toplunun müəllifi kimi şöhrətlənmişdi. O, məhz “Xəmsə”si ilə sübut etdi ki, türk ədəbi dilinin gücü dünya səviyyəli əsərlər yaratmağa qadirdir.
Nəvai dostu, şair-filosof Əbdürrəhman Caminin məsləhəti ilə dahi Nizaminin “Xəmsə”sinə cığatay-türk dilində “cavab” yazdı. Beləliklə, Şərq ədəbiyyatında ilk dəfə türk dilindә “Xәmsә” yaradıldı.
Onun yaradıcılığının zirvəsi, sözsüz ki, “Xәmsә” dir. Bu əsərlərdə Nəvai dövrünün ictimai məsələlərindən bəhs edib. “Xәmsә”yә daxil olan “Möminlәrin heyrәti”, “Fәrhad vә Şirin”, “Leyli vә Mәcnun”, “Yeddi sәyyarә”, “Sәddi-İsgәndәr” poemalarında şair insanpərvərlik ideyalarını daha dolğun şəkildə əks etdirib. Şairin “Xəmsə”si yalnız özbək ədəbiyyatında deyil, bütün türkdilli xalqların ədəbiyyatında ana dilində ilk “Xəmsə” kimi qiymətlidir.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib, müraciətdə deyilir:
“Əziz həmvətənlər!
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 2020-ci ildə qısa zamanda üçrəngli bayrağımızı 30 il işğal altında qalan ərazilərimizdə dalğalandırması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda qürur və fərəh hissi oyandırdı.
Həmin dövrdə uşaqdan-böyüyə hər bir həmvətənimiz dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı ədalətli mübarizəsində Azərbaycan dövlətinə müxtəlif platformalarda dəstək nümayiş etdirdi. Hər bir soydaşımız, həmvətənimiz dövlətimizin, ordumuzun yanında oldu. 44 gün ərzində torpaqlarımızın azad olunması üçün gecə-gündüz əlindən gələni etdi.
Məlumdur ki, keçən dövr ərzində acı məğlubiyyətləri ilə barışa bilməyən terrorçu və işğalçı Ermənistan dövləti mənfur məqsədlərinə nail olmaq üçün bütün insanlığa zidd addımlarla, mülki şəxsləri qəsdən hədəfə almaqla minalama siyasətini həyata keçirir. Azərbaycanın dövlət sərhədləri çərçivəsində erməni silahlı birləşmələrinin həyata keçirdiyi mina terroru nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının həlak olması bunun bariz nümunəsidir. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis işləri ilə təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdur.
19 sentyabr 2023-cü il tarixində Azərbaycanın müzəffər Ordusu üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlayıb.
Həyata keçirilən antiterror tədbirlərinin böyük narahatlıq keçirən və çıxılmaz vəziyyətə düşən Ermənistan hökumətinin və onun maliyyələşdirdiyi separatçı rejimin Azərbaycan ərazisində, erməni diasporunun isə xarici ölkələrdə həmvətənlərimizə qarşı terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirəcəyi də istisna edilmir. Belə ki, uzun illər dünyanın müxtəlif nöqtələrində qanlı aksiyalar həyata keçirən ASALA terror təşkilatı düşmənin tapşırığı ilə istənilən vaxt, istənilən yerdə qanlı təxribat törədə bilər. Xüsusilə son dövrlər erməni diasporunun aqressivləşdiyini nəzərə alsaq, onların daha çox məskunlaşdığı və Ermənistanın havadarları qismində çıxış edən dövlətlərdə yaşayan soydaşlarımızı təxribatlara uymamağa və ehtiyatlı olmağa səsləyirik.
Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sizi bir daha son dərəcədə ehtiyatlı olmağa, şübhəli hallar müşahidə etdiyiniz təqdirdə, yaşadığınız ölkənin hüquq-mühafizə orqanlarına, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki müvafiq qurumlarına və Dövlət Komitəsinə müraciət etməyinizi tövsiyə edir”.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
Qələmimizdən od püskürəcək - ESSE
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Suyunu içib çörəyini yediyimiz torpaqlar bizlərə Allahın əmanətidir. Əmanəti qoruya bilmiriksə, deməli, ona xəyanət etmiş sayılmırıqmı?
Bizlər bu torpağın insanlarıyıq, əyrisiylə, düzüylə bizlər yaşayırıq bu torpaqlarda. Ona görə də müharibə insanları bir-birinə bağlayır. Çətin anlar bizi birləşdirir və bizlərin necə güclü olduğunu bizə göstərmuş olur. İtkilər olub, olacaq. Qanadı qırılanlara, evi dağılanlara bizlər sahib çıxmalıyıq. Yoxsa bizim bizdən başqa kimimiz var ki?
Müharibəyə qarşıyıq, buna görə də hər zaman döyüşə hazır olmalıyıq.
Bəlkə də bunlar da yetmir, dəstək olmalıyıq. Ən zəiflərimizə belə silah tutmağı öyrətməliyik. Bizlər o vətənin oğullarıyıq ki, Nigarları Koroğlunun yanında at belində döyüşüblər. Təbii ki, bu o demək deyil ki, qadınları qabağa verib onların döyüşməyinə göz yummalıyıq. Dişi qurdun dişlərindən də qorxmaq lazımdır. Bizim qadınlar dişi qurddur. Bəlkə də bir aslan. Hansı ki, aslanın erkəyi dişisi olmaz deyiblər.
Bizlər son qanına kimi döyüşən millətin övladlarıyıq. Bu yolda əsgərlərimiz cəbhədə döyüşərkən, qələm adamlarımızın da qələmindən od püskürəcək. Qələmimiz beyinləri deşəcək. Bizim silahlardan bəlkə də qəlpələr saçmayacaq. Lakin qərənfillər açacaq. Hər şəhid ailəsinə yazdığımız bir qərənfil, bəlkə onların acılarını dindirmədi, ancaq gələcək nəsillər bu yazdıqlarımızı oxuduqca başa düşəcək ki, cəbhədəki əsgərlərimiz qarda, çovğunda hansı əziyyətlərdən keçib, hansı zülümləri yaşayaraq ayaqda dim-dik durmağı bacarıb. Bizim yazdıqlarımız sadəcə bir qərənfil olub şəhid təsəllisi olmayacaq. Həm də bir toxum olacaq, yeni beyinlər üçün bir fidan olacaq. Hansı ki, o fidan böyüdükcə bizim fikirlərimizi formalaşdıracaq. Ədəbiyyat müəllimim olan Habil Yaşarın bir sözü var idi, "Sağlam bədəndə sağlam ruh olar deyiblər. Mən isə deyirəm ki, sağlam ruhda sağlam bədən olar"! Həqiqətən də belədir, əgər sənin ruhun sağlamdırsa, sonadək ayaqda dim-dik durmaq gücünü özündə tapacaqsan. Və son olaraq yazdıqlarımız bir güc olacaq. Hansı ki, ən çətin anlarda onu oxuyan əsgərlərimiz belə bu misraları xatırlayıb son nəfəsinədək bu torpaqları qoruyacaq!
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
“Bu son bahar” - Xalq artisti Azər Zeynalovun solo konserti olacaq
Oktyabrın 20-də Heydər Əliyev Sarayında Xalq artisti, professor Azər Zeynalovun "Bir son bahar" adlı solo konserti olacaq.
Gecədə sənətçi öz könül oxşayan ifaları ilə musiqisevərlərin qarşısına çıxacaq.
Qeyd edək ki, "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. A.Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Ramiz Mirişlinin "Vətən harayı”, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. Həmçinin öz ifası ilə xeyli sayda xarici dövlətlərin böyük konsert salonlarında dəfələrlə çıxışlar edib. O, opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlara da layiq görülüb. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Vokal" kafedrasının müdiri, 2015-ci ildən isə "Musiqili teatr aktyoru" kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olub. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Onun 2012-ci ildə çap olunan "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.
Konsertə olan biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
23-CÜ DƏRC
Baş Hakim çıxışını bitirən diktora minnətdarlıq bildirib sözə başladı:
-Dünən biz “erməni genosidi” məfhumunun yaranmasının saxtalığını Arutyun Şaxrikyanın – türk təbəəsi olaraq türklərə qan uddurmaqla dövləti əks vasitələrə əl atmağa rəvac verməyə məcbur edən hiyləgər ideoloqun timsalında sübut etdik. Türklərin ermənilərdən aldıqları zərbələrin miqyasını qismən açmış olduq. Ona görə də təpədən-dırnağa antitürk olan, Osmanlıda erməni qiyamlarının ideoloqu sayılan Mkrtıç Xrimyanın bugünkü prosesində “Böyük Ermənistan” xülyasından zərər çəkmiş Osmanlı İmperiyası ilə yanaşı ikinci böyük imperiya olan Rusiya İmperiyasını əsas proses mövzusu edəcəyik. Beləliklə, sözü ekspertlərimizə təqdim edirəm.
Ekspertlərdən biri dərhal kürsüyə çıxıb birnəfəsə əlindəki kağızı oxumağa başladı:
-Divan ən ciddi və ən mötəbər tarixi mənbələrdən tam olaraq 18-ci əsrdən etibarən Çar Rusiyası tərəfindən ermənilərin Cənubi Qafqaza köçürülməsi faktlarını dərindən araşdırıb bir daha təsdiqləmişdir. Çar Rusiyası, əlbəttə ki, bunu erməni xalqına simpatiyası olması səbəbindən etməmişdir, buna səbəb Çarizmin müstəmləkəçilik siyasətinin mahiyyəti idi ki, bu mahiyyətdə də yerli aborogen xalq olan müsəlman türkləri sıxışdırmaq üçün ora xristianların yerləşdirilməsi özül təşkil edirdi. Rusların erməni faktorundan istifadəsi ermənilərin milli maraqlarını realizə etməsi üçün əsl plasdarm yaratmışdı, təsadüfi deyil ki, ermənilər rusların Rusiya-İran və Rusiya-Türkiyə müharibələrindən sonra əldə etdikləri torpaqlarda Ermənistan dövləti yaratmağa müvəffəq olmuşdular. Ermənilərdən alət kimi istifadə edən Çar hakimiyyəti, təbii ki, öz imperiya maraqlarını, “velikorus” maraqlarını ermənilərin “Böyük Ermənistan” maraqlarından daim üstün tutmuşlar, bununla belə, erməni təpkisi, xəyanəti ilə də daim üz-üzə qalmışlar.
Yüz illər Türkiyənin himayəsi altında yaşasalar da ermənilər onları ruslara satmış, arxalarından zərbə vurmuşlar. Lazımi məqamda erməniləri alət kimi ortaya atan ruslar bax bu həqiqəti heç vaxt unutmurdular, necə ki, bir məsəldə deyilir, başqasını sənə satan səni də digər başqasına satar. Bu səbəbdən də, ruslar ermənilərə inanmırdılar.
Bu məqamda erməni müttəhimlərinin sözçülərindən biri oxunan mətni təxribat adlandıraraq erməni-rus dostluğuna kölgə salmaq aktı hesab etdiyini bildirdi. Bu zaman ona tanış olması üçün ermənilərin antirust fəaliyyəti barədə 454 səhifəlik material ötürüldü, o da materialla tanışlığa başlayıb prosesə mane olmaqdan əl götürdü.
Hazırkı məqamda mətni oxuyan ekspert həbəş idi, çox simvolik alınmışdı, hər bir irqdən, hər bir dindən olan insanlar erməni cinayətlərindən söz açırdılar, bu cinayətlərin ümumbəşəri anlam daşımasını sübut edirdilər.
-Ermənilərin ruslara qarşı ilk terror aktı 1866-cı ilin 4 aprelinə təsadüf edir. Həmin gün inqilabçı-terrorşu Dmitriy Qaragözov (İrandan Qarabağa köçürülən erməniydi) Rusiya İmperatoru 2-ci Aleksandra sui-qəsd etmişdir. Buna görə Qaragözöv tutularaq dar ağaçından asılmışdır.
19-cu əsrin son rübündə erməni separatizmi və terroru daha geniş vüsət almış, erməni kilsələri silah-sursat anbarlarına çevrilmişlər. Bu dövrdə erməni siyasətinin ruslara yönəli daha bir üzü açılmışdır, belə ki, özləri rusların hesabına Cənubi Qafqazda məskunlaşmış bu xalq rusların Qarsdakı ruslaşma siyasətinin əleyhinə çıxmışdır. 70-ci illərdən başlayaraq Rusiya Qarsda və Cənubi Qafqazda kütləvi şəkildə rusları, xüsusən duxabor və molokan təriqəti nümayəndələrini yerləşdirməyə başlamışdı, ermənilər isə buna mane olmağa çalışırdılar. Fransa və İngiltərə ilə separat danışıqlara gedib onların hesabına “Böyük Ermənistan” yaratmaq xülyasına düşən ermənilər “Rusların Qafqazda yerləşdirilməsi üçün böş torpaqlar yoxdur” şüarı ilə çıxış etməkdəydilər.
Baş Hakim söz aldı:
-Möhtərəm Divan heyəti, möhtərəm tamaşaçılar. Prosesin bu yerində siz erməni millətçiliyinin öz məkrli siyasətini yerinə yetirmək üçün həyata keçirdiyi növbəti bir alçaq metod barədə xəbər tutub dəhşətə gələcəksiniz. Torpaq iddiası – bir xalqı zorla öz məskunlaşdığı torpaqdan çıxarıb onun torpaqlarını zəbt etmək üçün erməni xalqı nələrə əl atmayıb, Tanrım. Qanınızı donduracaq bu hadisəni ermənilər rusların başına gətirib. Mən sizə onu deyim ki, bir vaxtlar ermənilər, ruslar, biz estonlar – hamımız bir dövlətin – SSRİ-nin vətəndaşları olmuşuq. Mən təsəvvür etmirəm, bir bayraq altında on beş qardaş xalq dönəmində bax indi burada səsləndirilən fakt ortaya çıxsaydı nələr baş verərdi. Ruslar bunu ermənilərə məncə əsla bağışlamazdılar. Mən sözü şahidlərdən birinə - Xrimyanın müasiri olmuş Rusiyanın tanınmış tədqiqatçısı və jurnalisti Vasiliy Veliçkoya vermək istəyirəm, buyursun.
Səhnəyə buruq bığları ilə yarımsaqqalı ziyalı görkəminə xüsusi rəng qatan bir şəxs çıxdı, o, Divan heyəti və tamaşaçılarla salamlaşıb sözə başladı:
-Katolikos Xrimyan əleyhinə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində səs ucaldan rus ziyalılarından biri də mən olmuşam. Bu adamın rus xalqını əzib keçib əzintilər üzərində müstəqil Ermənistan yaratmaq ideyalarının zərəri barədə ən müxtəlif tribunalarda çıxışlar etmiş, yazılar yazmışam.
Azacıq susub özünü təqdim etdi:
-Tanış olaq, Vasiliy Lvoviç Veliçko – rus şairi, publisisti, ictimai xadimi. İşıqlı dünyada 1860-cı ildən ta ki 1904-cü ilədək – cəmi 44 il ömür sürə bilmişəm. Ən böyük mükafatım 1894-cü ildə Çardan aldığım Qriboyedov mükafatı olub, ən dəyərli işim isə yazdığım “Qafqaz. Rus işi və tayfalararası məsələ” kitabı olub. Mənim həyatımın Qafqaz dönəmi 1897-ci ildə başlayıb, onda Tiflisdə yaşayır, “Qafqaz” qəzetinə redaktorluq edirdim. Bu dönəmdə hörmətli Qafqaz canişini Qolitsin erməni siyasətinin iç üzünü açmış, bax bu Xrimyanın başçılıq etdiyi erməni kilsəsinin terror yuvası olmasını, hətta silah-sursat anbarına çevrilməsinin üstünü açmışdı, mən də qəzetimdə erməni millətini rus milləti üçün ziyanlı millət kimi təsvir edirdim, gürcü və azərbaycanlıları sədaqətli millət kimi göstərməklə ermənilərin xislətini tam açırdım. Bu Xirimyan dinin rəhbər xadimi olsa belə dinin ümumi prinsiplərinə zidd çıxır, xristianları müsəlmanlar əleyhinə qaldırırdı. Tiflisdə mən İslam dini ilə yaxından tanış olmuş, bu dinin bütün gözəlliklərindən agah olmuş, bu dinə xidmət edən yerli aborogen xalqın saflığını öz gözümlə görmüşdüm. Hətta məsələ də qaldırmışdım ki, Rusiya İmperiyasında ruslardan sonra müsəlmanlar ən böyük topludurlar, niyə onların səmavi “Quran” kitabı indiyədək rus dilinə çevrilməyib?
Veliçko maraqla dinlənildiyini görüb davam etdi:
-Mənim “Qafqaz” qəzetindəki antierməni məqalələrim məşhur İlya Çavçavadzenin redaktoru olduğu “İveriya” qəzetində də təkrarən dərc edilirdi. Mənim erməniləri parazit xalq kimi qələmə verməyim özümə çoxlu düşmən qazandırmışdı. Nə gizlədim, səhvim də vardı, mən erməniləri özlərinə rifah qazanmaq üçün digər xalqların zəli kimi qanını soymaq taktikası ilə yəhudilərə bənzədirdim, amma bu bənzətmədə yanılırdım, gözəl bir xalqı ermənilərə tay etmək qəbahət idi. Yaxud, Tiflis universitetində Çarizm qeyri millətlərdən olanları vəzifəcə irəli çəkmək, onların pedaqoji fəaliyyətinə yaşıl işıq yandırmaq barədə qərar verəndə mən bunun əleyhinə çıxmış, gürcü və azərbaycanlılarla yanaşı ermənilərin də mənsəb sahibi olacaqlarından hiddətlənmişdim. Ona görə də Tiflisdə ermənilərin məni düşmən elan etməkləri ilə yanaşı, yəhudi və gürcülərin də əleyhimə formalaşmasına rəvac vermişdim. Təəssüf ki, məni şovinist elan edib fəaliyyətimin 3-cü ilində geriyə - Rusiyaya çağırdılar. Mən o vaxt dediyim fikri yenə də təkrarlayıram: Ermənilər şər qüvvədir! Bu şər qüvvənin törətdikləri ilə tanış olmaq üçün yazılarıma diqqət etməyiniz məsləhətdir.
Veliçko alqış sədaları altında çıxışını bitirib yerinə oturanda diktor onun əsərindən parça oxumağa başladı:
- Vladimir Veliçko Yelizavetpol quberniyasının (Yelizavetpol –hazırda Azərbaycanın Gəncə şəhəridir) Tərtər kəndində “mədəni” ermənilərin satana qəddarlığı ilə ruslara qarşı törətdikləri faciədən ürək ağrısı ilə belə yazmışdı: “Tərtərdə bir neçə rus ailəsi əsassız olaraq çölə atılmışdır. Payız və qış sərt keçmiş, yazda isə iki bədbəxtçilik birdən gəlmişdir: malyariya, bir də erməni intriqaları. Özləri bura sonradan köçürülən ermənilər təlimat almışlar ki, rusları kənddən çıxarsınlar. Bundan ötrü çox alçaq bir üsul seçilmişdir: Rusların su işdiyi çayı peyinlə, zir-zibillə çirkləndirmiş, ruslar bulaqdan istifadə etmək istəyəndə isə xəncərli ermənilər onları geri qaytarmışlar. Məcburən çirkli sudan istifadə etməli olan rusların bədənləri yara bağlamış, əksəriyyəti də zəhərlənib ölmüşlər. Hətta bunu görən uyezd rəisi belə qorxudan susmuşdu. Elə ki, “insanların naməlum səbəbdən ölmələri” barədəki olay barədə Qubernator xəbər tutmuşdur, dərhal Tərtərə erməni həkim göndərmişdi, o da ruslara dərman vermək, tibbi yardım göstərmək əvəzinə “rus itlər, rədd olun buradan gedin, ya da hamınız gəbərəcəksiniz” ultimatumu vermişdir. Həmin vaxt kəndin əhalisinin üçdə ikisi ölmüş, qalanı isə qaçıb getmişdır”.
Mətn bitəndə hamı təəccüb və dəhşət içində bir-birinə baxdı, bayaq Baş Hakim toxunan hadisəydi bu, hamını şoka salmışdı.
Baş Hakim üzünü Xrimyana tutdu:
-Ey bir xalqın müqəddəs atası, Tərtər barbarlığının ssenarisi də Tiflisdəki erməni katolikosluğunda hazırlanıb, din pərdəsi altında bu cür rəzilliyi həyata keçirməkdən heçmi utanmamısınız?
Xrimyan vecsiz-vecsiz sinəsindəki xaçı oynatmaqla Baç Hakimə heç bir reaksiya vermədi. Belədə Baş Hakim ekspertlərdən ittiham qaynaqlarını oxumağın davamını xahiş etdi.
Səhnəyə növbəti ekspert çıxdı, bu dəfə Asiyadan gəlmiş, qıyıq gözlərindən dərhal ya çinli, ya koreyalı, ya da yapon olduğu sezilən ekspert (o yapon idi) əlindəki kağızları bir qədər saf-çürük etdikdən sonra oxumağa başladı:
-Göründüyü kimi, 19-cu əsrdə Cənubi Qafqaz regionuna ruslar tərəfindən köçürülən ermənilər təkcə yerli aborogen müsəlmanlara qarşı deyil, eyni zamanda rusların özlərinə də qənim kəsilmişdilər. 1897-ci ildə Qafqaz canişinliyinin baş rəisi vəzifəsinə Q. Qolitsin təyin olunmuşdur, bununla da Eçmiadzin katolikosluğuna və erməni siyası təşkilatlarına rusların münasibəti kökündən dəyişilmişdir. Qolitsin belə bir məntiqi nəticəyə gəlmişdir ki, erməni siyası partiyaları, erməni kilsəsi və erməni məktəbləri terror yuvasıdır. Və o, bu barədə imperatora yazılı fikir bildirmişdir. Nəticədə 1903-cü il iyunun 12-də imperator erməni kilsəsinin varidatının Rusiya İmperiyasının Torpaqçılıq və dövlət əmlakı nazirliyinə verilməsi barədə qanun imzalamışdır. Bu qanunun imzalanması erməni kilsələri tərəfindən maliyyələşən erməni partiyalarına böyük zərbə vurulması demək idi, odur ki, qanun erməni partiyalarının bütün ermənilərin katolikosu Mkrtıç Xrimyan başda olmaqla müdhiş bir qərar çıxarmasına rəvac vermişdir: onlar çar məmurlarına qarşı terror aktları həyata keçirilməsi qərarını vermişlər. Ermənilər arasında antirus əhval-ruhiyyə də apogey nöqtəyə çatmışdır.
Erməni vəkillərindən biri bu deyilənləri cinayət yox, bir xalqın öz dininin taptanmasına reaksiyası kimi qəbul edilməsini xahiş etdi, təbii ki, bu xahişi Divan heyətindən qabaq öz kəskin etriazları ilə publika rədd etdi.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
“CinemaPlus” kinoteatrlar şəbəkəsində Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” tragikomediyası nümayiş olunacaq
Bu gün “Ganjlik Mall” ticarət mərkəzində yerləşən "CinemaPlus” kinoteatrında tanınmış rejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev və "Həyat, deyəsən, gözəldir” filminin aktyorlarının iştirakı ilə qala gecəsi keçirilməlidir.
Sentyabrın 21-dən “CinemaPlus” kinoteatrlar şəbəkəsində tamaşaçılar Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” tragikomediyasına Azərbaycan dilində baxa biləcəklər.
Ekran əsəri Azərbaycanın Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib.
Film beynəlxalq miqyasda ilk dəfə 2022-ci il noyabrın 4-də “Korkut Ata” türk dünyası kinofestivalında nümayiş olunub, burada Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı rejissoru” nominasiyasında mükafata layiq görülüb.
“Həyat, deyəsən, gözəldir” filmi Azərbaycan torpaqlarının 30 illik erməni işğalı dövrü və Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsindən bəhs edir. Süjetin mərkəzində Azərbaycan Ordusunun əks-hücumundan sonra vəlvələyə düşən erməni əsgərlərinin arasında olan və əsir düşən iki erməni qardaşdır. Onların sonrakı taleyi tragikomediya janrında təqdim olunub və bu ekran əsərinin leytmotivini təşkil edir.
Filmin ssenari müəllifi Vaqif Mustafayevdir. Baş rollarda Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Qiorqi Çeliya, Aftandil Maxaradze, Sevinc Əliyeva, Anaida Rostovskaya və digərləri çəkilib.
Filmin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakı və Abşeron yarımadasında aparılıb.
Biletləri www.cinemaplus.az saytında, “Ganjlik Mall” kinoteatrının kassalarında və “CinemaPlus” mobil tətbiq vasitəsilə əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
Şahbaz Xuduoğlu: “Bu ilin ən uğurlu layihələrindən biri “90 dəqiqə” layihəsidir”-MÜSAHİBƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Növbəti müsahibimiz naşir, tərcüməçi, yazar, “Qanun” nəşriyyatının direktoru, həmçinin Elmar Hüseynov fondunun həmtəsisçisi və “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğludur. Onunla həmsöhbət olduğumuz müddətdə kitablarla bağlı bəzi nüanslara toxunduq.
-Şahbaz bəy, “Qanun” nəşriyyatında oxucular üçün ən son hansı yeni əsərlər çap olunub?
-Əslində, “Qanun” nəşriyyatında hər gün yeni bir kitab çap olunur, amma bu ilin ən uğurlu layihələrindən biri “90 dəqiqə” layihəsidir. Bu, məsələn, "Sokratla 90 dəqiqə", "Platonla 90 dəqiqə", bütün fikir dühaları ilə belə 90 dəqiqə kitablarıdır. Mən fikirləşirəm ki, bunlar bizim üçün çox vacib kitablardır və onları nəşr etmişik, davam edirik onların nəşrinə. Sonra, təhsil üzrə ən böyük alim, pedaqoq hesab olunan Ken Robinsonun məktəb təhsili ilə bağlı bir neçə kitabını nəşr etmişik, məncə, onlar da çox faydalıdır. Yəni, digər kitablar da var, dediyim kimi, hər gün biz yeni kitab nəşr edirik. Qanun.az saytına baxanda da bunu asanlıqla görmək mümkündür.
-Bir naşir olaraq nəşr edəcəyiniz əsərləri hansı xüsusiyyətlərinə əsasən seçirsiniz ?
-Mən ilk növbədə kitabları araşdırıram, onlar haqqında məlumat alıram. O kitablardan bəzilərini oxuyuram, bəzilərini tam, bəzilərindən bir parça oxuyuram və yaxud da rəylər oxuyuram və qət edəndə ki, bunu Azərbaycan dilinə çevirmək lazımdır, o zaman onu çeviriyə ötürürəm və Azərbaycan dilinə çevrilir. Mən bilirəm ki, deyək ki, özünüinkişaf, biznes kitabları mütləq bizə lazımdır. Detektivlər çox oxunur, sanballı romanlar lazımdır, onları nəşr edirik, yəni çalışıram ki, Azərbaycan oxucularının tələbatını da nəzərə alım kitab seçərkən.
-Günümüzdə oxucular daha çox hansı mövzulu əsərlərə maraq göstərirlər?
-Daha çox detektivlər, özünüinkişaf kitabları, bir də ki, əlbəttə, dramlar oxunur. Paulo Koelyo, Mark Levi, Sesilya Ahern, Sarah Dio, Xalid Hüseyni, Elif Şafak - bu yazarların romanları illərdir çox oxunmaqda davam edir.
-Oxucuların kitablara olan marağı sizi nə dərəcədə qane edir?
-Əslində, köhnə ilə müqayisədə əlbəttə ki, tamamilə mümkündür demək ki, indi kitaba maraq xeyli artıb. Və bu maraq dayanmadan artmaqda davam edir. Məsələn, əminəm ki, gələn il bu ildən daha yaxşı olacaq. Necə ki, bu il köhnə ildən daha yaxşı idi. Yəni ilbəil oxucuların sayı azalmır, əksinə artır.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
İtaliya saytları dahi bəstəkar Üzeyir Hacıbəylidən yazıb
İtaliyanın kütləvi informasiya vasitələrində Azərbaycan professional musiqi sənətinin və milli opera məktəbinin banisi Üzeyir Hacıbəyli haqqında məqalələr dərc olunub.
AzərTAC xəbər verir ki, “Agenzia Nova” informasiya agentliyində və “Kmetro0” portalında yayımlanan yazılarda sentyabrın 18-nin Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar gün olduğu bildirilir. Qeyd olunur ki, dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəyli məhz 1885-ci il sentyabrın 18-də Qarabağda, hazırda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada anadan olub. Şərq və Qərb musiqisinin özünəməxsus və cəsarətli sintezi sayəsində Üzeyir Hacıbəyli milli musiqi mədəniyyətinə yenilik gətirib, onu daim yeniləyib və müasir zövqə uyğunlaşdırıb. O, təkcə Azərbaycanda deyil, Şərqdə opera janrının banisi olub və İslam dünyasında ilk müsəlman operasını yaradıb, Azərbaycan Dövlət Konservatoriyasını təsis edib. Üzeyir Hacıbəyli 1918-ci ildə Azərbaycanın Dövlət Himnini bəstələyib, sovet dövründə Azərbaycan SSR-in yeni himninin sözlərini və musiqisini yazıb.
Yazılarda, həmçinin diqqətə çatdırılır ki, 1995-ci ildən etibarən hər il Azərbaycanda Üzeyir Hacıbəylinin anadan olduğu gün – 18 sentyabr Milli Musiqi Günü kimi qeyd edilir. 2009-cu ildən isə sentyabr ayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, eləcə də müxtəlif tədbirlər və mərasimlər keçirilir. On gün ərzində müxtəlif şəhərlərdə keçirilən festivalda müxtəlif ölkələrdən musiqiçilərin iştirakı ilə konsertlər, ustad dərsləri və konfranslar təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)