ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə, 13 Oktyabr 2023 11:45

Uşaqlar ölməsin!

Adilə Nəzər yazır

 

“Ədəbiyyat və incəsənət” portalı “Ziyalı mövqeyi” rubrikasında şair, ədəbiyyatşünas, Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin Yaxın Şərqdə alovlanan müharibə ocağı ilə bağlı qeydlərini diqqətinizə çatdırır. 

 

Fələstin-İsrail müharibəsində Azərbaycanda da hər iki tərəfi dəstəkləyənlər var. 

İsraili dost hesab edənlərin əsaslandıqları arqument var - Qarabağ savaşında Fələstinin Ermənistanı dəstəkləməsi. 

Bəli, bu əsas və ciddi səbəbdir. Amma son döyüşdə (1 günlük) bu da bəlli oldu ki, İsrail Azərbaycana satdığı raketlərin eynisini Ermənistana da satıbmış. Bu da belə... 

Türkiyədə əksəriyyət Fələstini dəstəkləyir, din qardaşlığına görə. Əslində isə cənab Ərdoğan başda olmaqla sağçıların Fələstini dəstəkləməsinin səbəbi Qüdsü qorumaqdır. Yəni Qüdsün müsəlman ölkənin tərəfində qalması istəyidir. (Biz necə deyirdik, Şuşaya kim nəzarət edirsə Qarabağ onundur.)

Çünki Qüds gedərsə Mədinə, Mədinə gedərsə Məkkə, Məkkə gedərsə Kəbə gedər. Müsəlmanların əsas məbədi Kəbə, Məhəmməd peyğəmbərin məzarı və  s. hamısı gedər. O zaman İslam dininin sütunu çökər ki, bu olmazsa olmazdır... 

(Buna İsrailin gücünün yetməyəcəyini düşünürəm. Hazırda qazanan tərəf isə rəsmi Tehrandır.)

Mənim və mənim kimi sıradan vətəndaşların hansı ölkəni dəstəkləməsinin heç bir fərqi yoxdur. Olsaydı əgər, şəxsən mən ikisinin barışmağını çox istərdim. Müharibələrə yox deyək! 

İnsanlar ölməsin, uşaqlar ölməsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Azərbaycan Milli Xalça Muzeyində Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin “Naxışlarda motivlərin gözəlliyi” adlı sərgisi açılıb.

 

Muzeydən verilən məlumata görə, Türk dünyasının simvolu – xalça” mövzusunda II Türk Dünyası Muzeyləri Görüşü çərçivəsində keçirilən sərgidə Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin etnoqrafik kolleksiyasından 40-dan artıq eksponat nümayiş olunur. Bunlara qazax xalqının zəngin mədəniyyətini, dünyagörüşünü, yaşadıqları köçəri həyat tərzinin minilliklər boyu formalaşdırdığı özünəməxsus ənənələri əks etdirən xovlu və xovsuz xalçalar, xalça və keçə məmulatları, geyim və zərgərlik nümunələri, toxuculuq alətləri, məişət əşyaları, atın bəzədilməsi üçün ləvazimatlar aiddir.

Bədii və tarixi baxımdan yüksək dəyərə malik, fakturası, gözəlliyi, ornamentlərinin zənginliyi ilə fərqlənən kiçik ölçülü “kilem” – ənənəvi qazax xalçaları və xalça məmulatları sərgidə xüsusi yer tutur.

Sərgidə qazax mədəniyyətinin özünəməxsusluğunu əks etdirən, estetik baxımdan zövqlə işlənən, interyerə xüsusi ahəngdarlıq verən eksponatlar alaçıqda olduğu kimi yerləşdirilib. Ona görə ekspozisiyanı ziyarət edən qonaqlar qazax xalqına məxsus ənənəvi yaşayış yeri olan alaçığın ab-havasını duyurlar.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Sevilən şair, Cəlilabadda yaşayıb yaradan Əlizadə Nurinin yeni kitabı işıq üzü görüb. “Sənə yağış dərirəm” adlanan kitab “Adiloğlu” nəşriyyatında ərsəyə gəlib, 224 səhifədən ibarətdir.

1000 tirajla çıxan kitabın redaktoru şair  Əbülfət Mədətoğludur. 

 

“Ədəbiyyat və incəsənət” portalı Əlizadə Nuri ilə telefon əlaqəsi yaradaraq ondan yeni kitabı barədə bilgilər almışdır. 

Əlizadə Nuri söyləmişdir: 

-“Sənə yağış dərirəm” sayca onuncu kitabımdır, ən son şeirlərim bir araya gəlib. Çox sevincliyəm. Amma onu da deyim ki, yeni kitabım məni çox yordu, işi ağır oldu.

 

Əminik ki, kitab poeziyasevərlər üçün əsl hədiyyə olacaq!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Dərviş Təbrizlinin şeirlərini təqdim etməkdədir. 

 

Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı işıq üzü görübdür. 10 kitabdan artıq roman kitabını Azərbaycan  əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə Təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının yazarı və baş yazarıdır.

Bu gün şairin “Yağış altda” şeirini təqdim edirik.

 

 

YAĞIŞ ALTDA

 

Mən könlümü bir gün sənə satdım yağış altda,

Sandım ki, yatan baxtı oyatdım yağış altda.

 

Ağzımda susan dil səni görcək işə düşdü,

Ağzım dolu bir dəfə söz atdım yağış altda.

 

Güldün mənə, bir kəlmə danışcaq geri döndün,

Saldım üzümə azca yubaltdım yağış altda.

 

Gəzdik təpədən-dırnağa ıslandıq o axşam,

Sən hey sözü kəsdin, mən uzaltdım yağış altda.

 

Addımlarılan təbrizi başdan-başa ölçdük,

Öpdüm səni atdıqca hər addım yağış altda.

 

Addım başı könlüm qəzəl istərdi gözündən,

Bilməm ki, nələr onda yaratdım yağış altda?

 

Düşdü araya ayrılıq, əl-əldən üzüldü,

Səndən ürək axirdə qopartdım yağış altda.

 

Minlərcə qəzəl lal qalıb ağzımda o gündən,

Sənsiz bu gün ağzım dolu yatdım yağış altda.

 

Dərviş, o yalan sevgini bir buxçaya yığdım,

Getdim görüşən yerdə boşaltdım yağış altda.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Cümə, 13 Oktyabr 2023 09:00

Artıq zaman yetişib...- ESSE

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir vaxt sənin üçün tamamən yad, özgə olan küçələr indi doğmalıqdan həsrət sarmaşıqları bağlayıb sanki, eynən yad, özgə insanların zaman ötəndən sonra doğmalaşıb vida üçün hazır olan əlvida saran qucaq qolları kimi...

 

Hər küçənin, döngənin bir xatirəsi və yanından ötərkən sənə səslənməsi içindəki məsumluğu və boş divarın künclərinə, qapısına, pəncərələrinə döyəcləyən həssas bir meh qədər amansız və sarı simləri tərpədəcək qədər ürkəkdir...

 

Öz dünyamda boğulanda və düşüncələrimin 4 divara sığmazlığını anlayanda külək, yarpağın ağaca vida deməsi anındakı uçuşundakı səssizlik, narın yağış, zərif zəif işıqlar və ümidverici sözlər köməyimə çatırdı sanki...

 

Sətirlərdə belə sözlər səhnəyə kim çıxsın deyə təlaşda idilər hər zaman, tamaşaçılar onları maraqla gözlədikləri üçün rol oynamaq naminə və ya yola vermək adına bər bəzəkli sözləri təki inciməsinlər, narazı qalmasınlar deyə gözə soxurdular...

 

Nələrisə nələrdəsə bəzən zirvədə buraxmaq lazımdı, sənə ümid işığı kimi görünən bir şeyin əslində projektor işığı ilə canlandırıldığını görmək hündürmərtəbəli binadan sənin indicə intihar etməni səbirsizliklə  gözləyən insanların dillərindən çıxan yalançı təsəllilərini eşitmək qədər acizanədir...

 

Cismimlə, hisslərimlə rəqs etməyə kimsəni tapmayanda, ya da tapılanın əslində o olmadığını anlayıb uzaqlaşanda, bax o zaman sətirlər məni rəqsə dəvət edirdi...

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində ərsəyə gətirilmiş “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitabın təqdimatı keçirilib.

 

İB-nin yaydığı məlumata görə, təqdimat mərasimində universitetin filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova aşıq sənətinin və bu sənətə bağlı olan instrumental ifaçılığın inkişafında mühüm rol oynayan sazbəndlik sənətinə və sazbəndlərə həsr olunmuş bu kitabı sazbəndliyin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən çox mühüm və vacib bir layihə kimi dəyərləndirib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxışında qeyd edib ki, indiyədək sazbəndliklə bağlı nəinki ayrıca kitab, heç bir məqalə də yazılmayıb: “Bu barədə elmi monoqrafiya bir yana dursun, mənzərəni təqdim edən albom səviyyəli tanışlıq kitabı da hazırlanmayıb. Sözügedən istiqamətə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun ayrıca diqqət yetirmək cəhdini bu mənada xüsusi vurğulamaq və qədirşünaslıq duyğusu ilə dəyərləndirmək lazımdır.

Araşdırma səciyyəsi daşıyan və böyük zəhmət bahasına başa gələn bu əsərdə sazbəndliyin tarixi köklərinə diqqət yetirilməklə bərabər, sazın quruluşu, onun müxtəlif hissələri barədə məlumat çatdırılır, ayrı-ayrı sazbənd emalatxanalarındakı istehsal prosesi maraqlı tərzdə təqdim olunur”.

Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, filologiya elmləri namizədi, dosent Qüdrət Umudov və digər çıxış edənlərdə kitabın aşıq sənətinin araşdırıcıları, bütövlükdə folklorşünaslar üçün qiymətli mənbəyə çevriləcəyinə inamlarını ifadə ediblər.

Sonda layihənin həyata keçirilməsinin məqsəd və vəzifələrindən danışan “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, kitab iki hissədən ibarətdir. Birinci hissədə mədəniyyətimizin çox mühüm qollarından biri, xalqımızın qədim və ölməz sənəti kimi 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş aşıq sənətinin ayrılmaz tərkib hissəsi olan sazbəndlik bir sənət sahəsi kimi diqqət önünə gətirilir, onun incəlikləri araşdırılır. İkinci hissə isə sazbəndlərə həsr olunub və burada ayrı-ayrı sazbəndlər haqqında qısa tanıtım məlumatı verilir.

Tədbirdə, eyni zamanda, ADPU-nun filologiya fakültəsinin tələbələri sənətlə bağlı şeirlər səsələndiriblər, aşıq İmran Göyçəli isə balabançı Ələkbər Ələkbərovun müşayiəti ilə bir neçə aşıq havası ifa edib.

Xatırladaq ki, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun müəllifi olduğu bu kitabın elmi redaktoru ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli və ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədlidir.

Kitabdan folklor və musiqi araşdırıcıları, ölkəmizin müvafiq ali məktəblərində aşıq sənəti üzrə təhsil alan bakalavr və magistrlər, tədqiqatçılar istifadə edə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

 

 

“Cümə günü Əbülfətqızının 10 sualı ilə" rubrikasının budəfəki qonağı gülərüzlü xanım- AYB-nin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasında " Qadınlarla iş üzrə” şöbəsinin müdiri, Müstəqil.az saytının redaktoru, 4 kitabı Azərbaycanda,  1 kitabı Türkiyədə, 1 kitabı Güney Azərbaycanda,  bir kitabı da Almaniyada işıq üzü  görən yaradıcı Aysel Xanlarqızıdır.

 

1) Aysel xanım, "Qadın  kimdir?"- sualına tərif  verilsəydi, sizin cümləniz necə olardı? 

 

-QADIN...

Otaqda yığılan köynəklər kimi,

Ütüləyib geyər ümidlərini.

İtirər yataqda bəzən yerini,

Gecə kürəyindən ağrıyar, Qadın.

 

Qurban verər dərdli doğrularını,

Dəyişməz yarasın sarğılarını.

Alar sevdiyinin ağrılarını,

Gizlicə gözündən oğrayar, Qadın.

 

Yuxusun analıq hissiylə bölər,

İllər saçlarının qarasın silər.

Ən son əl uzadar süfrəyə belə,

Övladı doyarsa, bir doyar Qadın.

 

Tapdansa, hüququ əyər içini,

Olmaz istəyinin azad seçimi.

Körpə arzuları bir alma kimi,

Bölüb dilimləyər, hey soyar Qadın.

 

Qovurub içini yeyər dərdləri,

Solar yaddaşında keçmişin yeri.

Üzündən, gözündən yağan kədəri,

Mətbəxdə soğan tək doğrayar Qadın.

 

Ruhdakı təkliyin toplanmaz cəmi,

Olmaz həsrətinin, içilməz dəmi.

Qaynayıb dağılan duyğular kimi,

Çaydanın gözündən ağlayar Qadın...

-bu sualınızı illər öncə yazdığım bu şeirlə cavablayıram .

 

2) Bir qatar göndərirəm bir biletin ardınca,

Boğuluram içimdə, olanları dadınca...

Sonuncu sərnişintək çıxıram qollarından,

Yığıb çamadanlara nəyim varsa, qadınca,

Səni bağışlayıram...Səni bağışlayıram.. ( Aysel Xanlarqızı)

Aysel xanım nəyi istəsə də bağışlaya bilməz?

 

-Əslində bağışlamaq mənəvi rahatlıqdır. Amma bu o demək deyildir ki, bağışladıqdan sonra hər şey əvvəlki kimi olur... Xeyr. Bağışlanmağı çətin olanları həyatımın, qəlbimin uzaq bir nöqtəsinə göndərirəm...

Ona görə də şeirimdə dediyim kimi -

Sonuncu sərnişintək çıxaram qollarından...

Səni bağışlayaram...

 

3) Əqrəbə bal ilə yedirtsən, şəkər,

Yenə də məhsulu olacaq zəhər (Nizami Gəncəvi)

Aysel xanım zəhər uzadan əli "kəsibmi", yoxsa, zəhəri alıb əvəzinə bal verib?

 

-Pislik etməyi heç bacarmıram... Bal yedirib zəhər qarşılığı görüncə də yenə özümü qınayıram... “Bir az insanları tanı” deyirəm.

 

4) Aysel xanım, 

"Darıxan şeirlər" yenə darıxırmı, yoxsa, sözləri sinəsinə sıxıb dərdi ovudur?

 

- Aysel də, şeirləri də hər zaman darıxır ... Həssas duyğuları  kövrək hisslərlə ilmələdikcə kədər də sözlərin sinəsində ovunaraq misralara sığınır.

 

5) Çingiz Aytmatov söyləyib ki: "İki insan bir-biri ilə tam bir uyğunluq içində yaşarsa, danışmadan da, qısa sözlərlə də anlaya bilərlər bir-birilərin."

 Bəs, nəinki, qısa cümlələrlə, hətta "qışqırtıya bürünmüş uzunboylu" cümlələrlə qonşularının da diqqətini çəkən ailələrə Aysel xanım hansı tövsiyəni verərdi? 

 

- Sırf ailə qurmaq xətrinə, evlənmək xətrinə ailə qurmağa kimsə çalışmasın. Çünki ailə bir dövlətdir, bu dövlətin siyasi, iqtisadi, maddi, mənəvi problemlərini də ancaq uğurlu, ağıllı dövlət başçıları həll edə bilər.

Qoruyub saxlaya bilməyəcəyiniz heç bir şey üçün tələsməyin, deyərdim. Əgər bu səhvi etmisinizsə, ikiniz də bir-birinizə güzəşt edə bilmirsinizsə, yol yaxınkən bir çarə tapın. Ya səbirlə davam, ya da tamam anlamında...

 

6) İslanıb ayağı yenə şəhərin,

Göylərin səhəngi yerə dağılıb.

Gecəni narahat keçirib Allah,

Səmada bir qara bulud boğulub...( Aysel Xanlarqızı)

 

Aysel xanım, göylərin səhəngi tez-tez dağılarkən ürək də boşalırmı?

 

-"Ürək yorulanda gözdən tər axar" -deyirlər ...

Göz yaşı bəzən rahatladır ...

Göylərin səhəngi də yerə dağılanda buludlar sakitləşdikcə təbiət susuzluğunu yatırır.

 

7) F. Dostoyevskinin “Utancaq qız" əsərindəki o məzlum qızın həyatını yaşamamaq üçün qızlara nə söyləyərdiniz?

 

-Tale çox vaxt insanın öz əlində olur, ömür ağ vərəqdir, qələmi alıb bəzi yerləri silib yenidən yazmaq üçün heç vaxt gec deyil...

Önəmli olan yazmaq bacarığının olmasıdır...

Mübarizədən və sınaqlardan əsla yorulmasınlar.

 

8)  Tutub ilham pərisini,

Diz üstə çökdürürəm.

Sətirlərin qarşısına,

Heca-heca eşq səpirəm.

Duyğuları günəş-günəş

doldururam qələmə... ( Aysel Xanlarqızı)

 

Dəyərli Yaradıcımız, ilham pərisi Sizi gecə saatlarında oyatsa, necə qarşılanır?  "Sən Allah, qoy yatım, yorğunam", yoxsa, "hanı telefonum( qələmim) "- eşidərək sevinir?

 

- İlham pərisi gecə saatlarında məni oyadanda əlindən tutub yanımda oturdur, onunla dərdləşir və sakitləşdirməyə çalışıram ... Tərki- dünya olaraq söz-söz dolub boşalan ruhu şeir-şeir rahatlaşdırmağa çalışıram . 

 

9) "Qadınsız cəmiyyət çürük bir ağac kimidir " -demiş Cəfər Cabbarlı.

Aysel xanım, həm ana, həm yaradıcı, həm də digər fəaliyyətləri zamanı yorularkən, gücünü necə bərpa edir?

 

-Təbiidir ki, qadının cəmiyyətdə rolu ikiqat artıq olur. İş yerinin məsuliyyəti ilə bərabər, övlad tərbiyə edir, ailə qayğılarının bir çox ağırlığını da  öz üstünə götürür. Yaradıcı qadınlarda isə bu üç qatlı olur...

Yorularkən, yorğunluğumu qələmim, yaradıcılığım, sevdiklərim və həyatdakı ən uğurlu yaradıcılığım olan iki övladım, onların uğurları çıxarır. Onlar xoşbəxt olanda və uğur qazananda isə özümü daha çox xoşbəxt hiss edirəm. 

 

10) Deyim var ki: "Bir qadına vurulduğunuz zaman həyəcanlanmayın, bir yerdə oturun, dərin nəfəs alın və qatilinizlə tanış olmağın kefinə baxın." 

Aysel xanım, belə çıxır ki, biz qadınlar qatilik? Bu deyimə fikriniz necədir?

 

-Məncə, insan özü özünün həm qatilidir, həm də xilaskarı...

Hələ ki, dünyanın ən zərif varlığı olan qadından bir kişi istərsə qatil, şeytan, istərsə də qurtarıcı, mələk yarada bilər... Bir kişi öz qadınına həm ata, həm dost, həm sevgili, həm oğul, həm də ömür-gün yoldaşı olmağı bacarmalıdır.

 

-Aysel xanım, rubrikamızın qonağı olduğunuz üçün Sizə minnətdarıq. Dəyərli zamanınızdan sevə-sevə pay aldıq, halal edin. Sonda ən çox hansı sualımızı bəyəndiyinizi bilmək istərdik.

 

-Diqqətiniz üçün, dəyəriniz üçün sizə minnətdaram, əziz Ülviyyə xanım. Ürəyiniz, ruhunuz bütün əməlləriniz də gözəldir. Təşəkkür edirəm!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Cümə, 13 Oktyabr 2023 10:15

Döyüşçü şairlərlə görüş olacaq

Oktyabrın 15-də “Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Zəfərin 44 günü” adı altında həyata keçirilən silsilə tədbirlər çərçivəsində döyüşçü şairlərlə "Mən Vətənəm" adlı görüş təşkil olunacaqdır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair-publisist İntiqam Yaşarın moderatorluğu ilə baş tutacaq görüşdə Vətən müharibəsində iştirak etmiş istedadlı gənc şairlərimiz Həsən Kür, Nicat Fərman və Emin Pirinin yaradıcılığı ilə yaxından tanış olmaq, müharibə xatirələrini və şeirlərini dinləmək, fikir mübadiləsi aparmaq, həmçinin düşündürücü suallara cavab tapmaq mümkün olacaq. 

Tədbirdə fəal iştirak edən gənclərə imzalı kitablar təqdim ediləcəkdir.

Tədbir “Misra Book Cafe”də keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Əziz oxucular. Dünya ədəbiyyatı bələdçiliyində bu gün sizlərə postmodern  hekayə janrının bir şedevrini təqdim edəcəm. Söhbət Andy Weir-in “Yumurta" hekayəsindən gedir. 

Əminəm ki, onu çox bəyənəcəksiniz. 

 

 

 

Sən öləndə maşınınla evinə gedirdin.

Maşın qəzası idi: fərqli qəza deyildi, amma nəticə ölümcül oldu. Arxanda həyat yoldaşını və iki uşağını qoydun. Ağrısız ölüm idi. Təcili Yardımdakılar səni xilas etmək üçün əllərindən gələni etdilər, ama yararı olmadı. Vücudun çox zərər görmüşdü və yaxşı ki, ölmüsən deyə bilərəm.

Bax orda qarşılaşdıq.

“Mənə nə oldu?" deyə soruşdun. "Hardayam?"

"Öldün" deyə ciddi cavab verdim. Sözü uzatmağın mənası yox idi.

"Bir.. bir yük maşını vardı və yoldan çıxmışdı.."

"Hə".

"Yəni... yəni öldüm?"

"Hə. Amma kədərlənmə, hər kəs ölür necəsə."

Ətrafına baxdın. Tam bir heçlik. Sadəcə sən və mən. "Bura haradı?" deyə soruşdun. "Bura ölümdən sonrasıdır?"

"Elə də demək olar."

"Həyat yoldaşım... Uşaqlarım..."

"Niyə dedin bunu?"

"Yaxşı olacaqlar?"

"Bax bu, eşitməyi xoşladığım bir şeydi. Ölürsən, amma tək maraqlandığın ailəndi. Bu, yaxşı baxış bucağıdır."

Heyranlıqla mənə baxdın. Sənin gözündə Tanrıya bənzəmirdim, hər hansı biri kimi qəbul edirdin məni. Ya da qadın. Tanrıdan daha çox dil müəllimi.

"Narahat olma", dedim. "Yaxşı olacaqlar. Uşaqların səni həmişə xoş təəssüratlarla xatırlayacaq. Sənə mənfi hislər duymağa zamanları olmadı. Həyat yoldaşın isə.. Xaricdən matəmdə olacaq, amma gizlidən gizliyə rahatlayacaq. Düzünü desəm, evliliyin məhv olmağa başlamışdı. Səni məmnun edəcəksə, rahatladığı üçün peşmanlıq duyacaq."

"Ha.." dedin. "Yaxşı, bəs indi nə olacaq? Cənnətə ya da cəhənnəmə gedirəm?"

"Heç biri." dedim. "Yenidən doğulacaqsan."

"Ha, demək hindlilər haqlı çıxdı."

"Bütün dinlər, özlərincə haqlıdılar." dedim. "Gəl mənimlə gəzişək."

Boşluqda yeriməyə başlayanda yanımca məni təqib etməyə başladın. 

"Hara gedirik?"

"Xüsusi bir yerə getmirik.", dedim. "Gəzişəndə söhbət etmək daha maraqlı olur."

"Onda nə anlamı var?" deyə soruşdun. " Təkrar doğulacamsa, ağappaq bir səhifə kimi olacaq, hə? Körpə kimi. Yəni bütün təcrübələrim və bu həyatımda etdiklərimin heç biri anlam daşımır daha."

"Heç elə deyil!" deyə iradımı gördün. "Bütün geçmiş həyatlarının və təcrübələrinin məlumatlarını daşıyırsan. Bunları xatırlamırsan sadəcə."

Gəzişərkən dayanıb səni çiyinlərindən tutdum. "Ruhun inana biləcəyindən çox daha möhtəşəm, gözəl və böyükdü. İnsan zehni, əslində malik olduğunun çox kiçik bir qismini daşıya bilir. Bu, isti ya da soyuq olduğunu bilmək üçün barmağını bir stəkan suya salmaq kimidi. Özündən kiçik bir qisimlə suyu təcrübədən keçirib barmağını geri çəkəndə o təcrübənin bütününə sahib olursan.

Son 48 ilini bir insanın bədənində keçirdin. Özünü inkişaf etdirib o sonsuz şüurunu hələki qavraya bilməmisən. Orada yetərincə qala biləndə hər şeyi xatırlamağa başlayardın. Amma həyatlar arasında keçid edəndə bunu etməyin bir anlamı yoxdu.

"Yaxşı neçə dəfə təkrar-təkrar həyata gəlmişəm?"

"Çox.. inan mənə yetərincə çox. Və hər biri o birindən çox fərqli olan həyatlar. Bu dəfə Çində, miladdan sonra 540-cı ildə doğulan kəndli bir qız olacaqsan."

"Bir saniyə, nə?!" deyə çox təəccübləndin. "Məni zamanda geri göndərirsən?!"

"Deyəsən, elə çıxır, hə. Zaman, bildiyin kimi, sadəcə sənin kainatında var. Mənim gəldiyim yerdə işlər fərqlidi."

"Sənin gəldiyin yer?" soruşdun.

"Əlbəttə", dedim. "Mən də bir yerdən gəlirəm. Başqa bir yerdən. Və mənim kimi başqaları da var. Oranın necə olduğunu bilmək istəyəcəksən, bilirəm, amma açığı danışsam da anlamazsan."

"Ha," dedin, bir az da xəyal qırıqlığına düşərək. "Bir saniyə. Əgər zaman içində başqa başqa yerlərdə reankarnasiya oluramsa, bir nöqtədə özüm-özümlə rastlaşa bilərəm."

"Əlbəttə. tez-tez olur bu. Amma iki həyat da sadəcə öz ömürlərindən xəbərdar olduqları üçün fərqinə varmırsan."

"Onda bütün bunlara nə gərək var?"

"Ciddən?" deyə soruşdum."Ciddən? Məndən həyatın mənasını soruşursan? Bu bir az bəysayağı sual olmadı ki?"

"Məncə ağla yatan sualdı."

Gözlərinin içinə baxdım. "Həyatın anlamı, bu kainatı yaratmağımın tək səbəbi, sənin yetkinləşməndı."

"İnsanlığı nəzərdə tutursan? Yetkinləşməyimizi istəyirsən?"

"Yox, ancaq sən. Bütün kainatı sənin üçün yaratdım. Hər həyatla bərabər böyüyür, yetkinləşir və daha böyük bir zəka olursan."

"Ancaq mən? Bəs digərləri?"

"Başqa heç kim yoxdu. ", dedim. "Bu kainatda sadəcə sən və mən varıq."

Mənə boş baxışlarla baxdın. "Amma dünyadakı milyardlarla insan..."

"Hamsı sənsən. Başqa bədənlərdəki sən."

"Dayan. Hər kəs mənəm?"

Kürəyinə bir təbrik vuruşu ilə, "Bax indi daşlar yerinə oturur", dedim.

"Bütün zamanlarda yaşamış insanların hamsı mənəm?"

"Və yaşayacaq olanlar, hə."

"Abraham Lincoln mənəm?"

"Onu öldürən John Wilkes Booth da sənsən", deyə əlavə etdim.

Dəhşət içində, "Hitlerəm?" dedin.

"Və öldürdüyü milyonlarsan."

"İsayam?"

"Və onu təqib edən hər kəs."

Səssizliyə büründün.

"Nə vaxt birisinə haqsızlıq etsən", dedim, "özünə etmiş olursan. Etdiyin bütün yaxşılıqları da özünə edirsən. Yaşanmış və yaşanacaq bütün xoşbəxt və bədbəxt anlar sənin tərəfindən yaşanacaq."

Düşüncələrə daldın.

"Niyə?" deyə soruşdun. "Bunları niyə edəsən ki?"

"Çünki bir gün sən də mənim kimi olacaqsan. Çünki bu sənsən. Sən mənimkimilərdənsən. Sən mənim körpəmsən."

İnanmayaraq, "Nə?!" dedin. "mənim bir Tanrı olduğumu deyirsən?"

"Yox. Hələki yox. Sən çağasan. Hələ böyüyürsən. Bütün zamanlardakı insanların hamsının həyatını yaşayandan sonra Tanrı olaraq doğulacaq qədər böyümüş olacaqsan."

"Yəni.. Bütün kainat," dedin. "sadəcə..."

"Yumurta," deyə tamamladım. "Yeni həyatına başlamanın vaxtı gəldi."

Və səni yoluna göndərdim.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Cümə, 13 Oktyabr 2023 12:30

Gözəllik 10-dursa, bunun necəsi dondur?

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Hələ də geyiminə görə insanları mühakimə edənlər var: “Filankəslərin qızı dar geyindi, filankəslərin oğlu şortik geyindi. Aaaa ona bax, cırıq şalvar geyinib. Qız uşağısan, saçların niyə belə qısadı. Əəə kişi olar adam, qulağına o nə dəmirdi taxmısan"…

 

Təəssüff ki, cəmiyyətin böyük kütləsi bu düşüncədədir. Qatı tənqidlər, təhqirvari ifadələr, nələr-nələr. Anlaya bilmirəm,  həqiqətən, sivilizasiyalar bu qədər inkişaf edərkən düşüncələr necə belə qıt qalır. Razıyam, insanlar haqqında ilk düşüncələr geyim üslublarına əsasən formalaşır, amma nəyə lazımdır bu qatı tənqid? Hələ bir də, dəyişilməmiş ifadələr var. “Papaq kişinin qeyrətidir".

Həqiqətən başımızı soyuqdan, küləkdən, yağışdan, günəşdən qorumaq üçün olan papaq qeyrətdir? Ona qalsa, papaq taxıb nəvəsi yaşındakı qıza mundar baxan əclaflar da adlarını kişi qoyurlar. Elə deyil, o cümlə, belədir: “Kişinin qeyrəti onun ailəsi və daxilində olan nəfsidir". Nəfsi çirkli olan niqaba bürünmüş qadına belə kəm gözlə baxa bilər.

Geyim mövzusuna toxunmuşamsa bu mözvunun başqa hissələrinə də toxunmaq istərdim, məsələn, geyimi qınaq obyektinə çevirənlərdən əlavə, həqiqətən geyimini bilməyən insanlar var. Onlar ictimai obyektlərdə, cəmiyyətin sıx olduğu 7dən 70ə hər kəsin görə biləcəyi sosial mediada, yerli və xarici televiziya verilişlərində, varla yox arası geyinənlər, özlərini sözün əsl mənasında "reklam" edənlərdir.

Amma qəbullanmaq lazımdır, bir insanı geyimnən qarşılayıb düşüncəsi, əməlləri, davranışlarına görə yola salırlar. 

Zövqləri yox, çirklənmiş psixologiyaları dəyişdirin.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.