ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Nərgiz İsmayılova ilə blits-müsahibə 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

-Nərgiz xanım, xoş gördük. 

 

-Xoş gördük. 

 

-Siz həm elm xadimi, həm yazar, həm naşirsiniz. Ədəbiyyatda son zamanlar gedən proseslərə necə baxırsınız?

 

-Son zamanlar ədəbiyyatımızda ən maraqlı əsərləri yaşlı nəslin nümayəndələri yaradır. Gənclərin yaratdıqlarını çox bəyənmirəm. Çünki əksər gənclərimiz yenə yaşlı nəsli yamsılayır, onların bir növ, prototipləri  imicini yaradırlar. Bu isə tamamilə gözə girmək, təsdiqlənmək yanğısıdır. Məncə, bu bizə lazım deyil. Bu körpüdən keçməyənlərə,  gerçək ədəbiyyat aşiqlərinə salam olsun.

 

-Azərbaycan ədəbiyyatının dünyaya inteqrasiyası məsələsi sizi qane edirmi?

 

-Məncə, Azərbaycan ədəbiyyatında kifyət qədər yazarın əsəri tərcümə olunaraq dünyaya təqdim olunub. Bu gün ədəbiyyatımızda qəribə bir struktur formalaşıb. AYB-nin üzvü olan yazarlar belə iki yerə bölünüb. Azad və asılı yazarlar. Azad yazarlar öz hesabına, asılı yazarlar isə xüsusi dəstəklər hesabına dünyaya çıxış əldə edir. Asılı yazarlar daha çox təbliğ olunsa da, daha çox azad yazarlar sevilir, oxunur. Azad yazar dediyim isə heç bir şəkildə bilinən “azad” anlayışı ilə əlaqəli deyil. Yəni burdakı azad anlayışı ruhsallığı, qüruru özündə əks etdirir. Və əsas olaraq dünya standartlarına uyğunluğu.

 

-Bu gün gənc nəsillə, yaşlı nəsil arasında münaqişə var, bunu necə dəyərləndirirsiniz?

 

-Bu, məncə, şirin münaqişədir. Bu gün gəncik və getdikcə bizlər də yaşlı nəsil olmaq yolunda irəliləyirik. Bu kimi məsələlər hər bir xalqın ədəbiyyatında mövcuddur. Əsas odur ki, sonda birləşirik. Bizim xalqımız böyüyə hörmət  etməyi bacarır. Böyüklərimiz isə barışmaq, bağışlamaq hissinə malikdirlər. Bu əladır.

 

-“Yarasa” yayınlarının rəhbərisiniz, hansı kitabları tərcümə edib mühitə təqdim edəcəksiniz?

 

-Bütün yasaq, ekzotik, erotik, dəyərli əsərləri, əsil ədəbiyyat incilərini... Bu yolda artıq ilk addımları atmışıq. Maraqla da qarşılanıb. 

 

-Sizcə sevgi nədir?

 

-Mən artıq heç özüm də bilmirəm sevgi nədir. Pozitiv notlarla səsləşən hər şey sevgidir. Ancaq eşq tamam ayrı fəlsəfədir. Di gəl, bunların hər ikisi məhvə məhkumdur. Mənim həyatımda tutqu və ağıl əsas meyarlardır.

 

-Təşəkkür edirik müsahibə üçün.

 

-Siz sağ olun. Ədəbiyyat sahəsində göstərdiyiniz eleqant fəaliyyətə görə portalınıza təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Bazar ertəsi, 13 Noyabr 2023 13:30

“Azərbaycanı tanı" - QIZ QALASI

 

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

https://youtube.com/watch?v=0xeuEOyQVDA&si=9B2Ni0R8exr6Uh2m

 

Oxuyarkən dinləyə biləcəyiniz, ruhunuzu oxşayacaq ən gözəl mahnı bu idi fikrimcə. Xoş mütaliələr

 

Bir ölkəni tanımaq üçün onun incəsənətini, mədəniyyətini tanımalısan. Tarix boyu minlərlə dövlət yaranıb, inkişaf edib və bir qismi də süqut edib. Bəs biz onları hardan bilirik? Abidələrdən. 

 

Bir Azərbaycanlı olaraq, xüsusən də, bir Qarabağlı olaraq bütün şəhərlər doğmadır mənə. Amma bəlkə xatirələrimin çoxluğundandır, bəlkə səmalara ucalan binaların göstərdiyi mənzərələrə olan sevgimdən. Digər şəhərlərdən daha fərqlidir Bakı mənim üçün. Bakı... Azərbaycanın göz bəbəyi, incisi... Bəs sənin incin kimdir? Mənə görə elə məhz Qız qalasıdır.

Əsrlərin izlərini, qanını, ruhunu öz divarlarına həkk etmiş Qız qalası... Tarixini, haqqındakı əfsanələri az-çox hamımız eşitmiş olarıq. Amma mən bir az da xatırlatmaq, daha geniş məlumatlandırmaq istədim:

Qız qalası - uca qüllə şəkilli bu möhtəşəm, bənzərsiz abidənin hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Bu, qala haqqında qısa elmi məlumat. Bəs bunun tarixi və bədii tərəfi? Növbə Azərbaycanı, onun incisini tanımaqdadır.

Qalanın divarları üzərindəki minlərlə kitabədən birində ərəb dilində bu sözlər yazılmışdır: "Davudun oğlu Məsudun qülləsi". Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu desələr də, bu cür lakonik məzmunlu kitabələrdə adətən memarların adının qeyd edildiyini bilirik. "Davudun oğlu Məsud"un Qız qalasını inşa edən memar olduğu söyləntiləri daha güclü bir iddiadır. 

Bu qalanın hansı dövrdə tikildiyinin özü də müəmmadır. Sırf bu kitabəyə görə Xll əsrdə tikildiyini deyənlər də var, Vll əsrə aid əfsanələr və rəvayətlər danışan da, hətta Şumerlər dövrünə aid edən də. 

Qız qalasının tarixini bir az da adının etimologiyasıyla əlaqələndirsək, qarşımıza çox sayda əfsanə və rəvayət çıxacaqdır. Rəvayətlərdən biri bizi Atəşpərəstlik dövrünə aparır. Atəşin qızının öz canını fəda etməsi, daha sonra onunla birgə sönən günəş olduqca maraq çəkən miflər və hadisələrdir. Halbuki, bu fəda ediş elə də asan olmamışdı, çünki atəşin mələyi, qoruyucusu düşməninə, başı üzərinə and içdiyi Sasani şahına vurulmuşdu... Sondaysa həm sevgilisini dövlətinə, həm də özünü sevgisinə qurban verərək ölümlə üzləşir. Elə qala da onun şərəfinə Qız qalası, bəzi mənbələrdə isə Güzə Qalası olaraq adlandırılır. Hətta bir deyimə görə, Güzə qalası işıq və od Tanrısının da evi olur, qız buna görə o müqəddəs qalanın divarlarına xalqını qoruyacağına and içir. Və bir sevgi daha qurban olur torpaq davasına... 

Bir digər əfsanədəysə vəfasız məşuq və ölüncə sevən aşiq var. Gənc oğlan sevdiyi qızla gecələr gizlincə bu qalanın yanında görüşərmiş, lakin bir gün onun o qədər də gözəl olmadığına diqqət yetirir. Sevgisi soyuyan oğlan evinə qayıdarkən fikir düşüncədən Xəzərin sularında boğulur. Bundan xəbərsiz aşiq də sevgilisinin ölümünü duyan zaman bu qaladan atılaraq  intahar edir...

Hər iki əfsanə də olduqca maraq doğurur. Maraq doğurmasının bir digər səbəbi, bu qala hər hansı hadisələrə görə kiminsə şərəfinə tikilmir. Sadəcə, o, aşiq xanımların şərəfinə adlandırılır. Bəs nə vaxt tikilib? Naməlum.

Döyüşçü bir xalq olan Azərbaycan xalqıyıq biz. Bunu nəzərə alaraq düşünmək olar ki, hər hansı bir dövrdə müdafiə məqsədli tikilmiş ola biləcək bu qala sonralar sevgilərin qatilinə dönüşüb. Elə müasir dövrdə də azmı intahar etdi aşiqlər burada?

Nə səbəbə tikilmiş olur olsun. Qız qalası daim mənim üçün səbəbini bilməsəm də fərqli, doğma bir yer tutacaq. Ümidim odur ki, əsrlər də keçsə bu qala daim yerində qalacaq, gələcək nəsillərə ən dəyərli miraslarımızdan olacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

Tanınmış Güney Azərbaycan yazıçısı, “Güneydən gələn səslər” rubrikasında keçmişdə hekayəsi nəşr olunan Ruqiyyə Kəbirinin “Mürr ağacının kəhrəba gözləri” adlı romanının Farsca tərcüməsi “Mehrqan Ədəbi Ödülünün” 21-22-ci dövründə, ana dilindən Farscaya tərcümə olunan 25 əsər arasında birinci yeri qazandı. 

 

Hörmətli yazıçımız Ruqiyyə xanım Kəbirinin bu münasibətlə təbrik edib ona daha da yaradıcılıq uğurları arzulayırırq.

Ruqiyyə Kəbirinin həmən ödül tədbiri üçün yazdığı danışıq mətnini hörmətli oxuculara təqdim edirik:

“Sözümə başlamamışdan öncə mərhum Daryuş Mehrcuyi və həyat yoldaşı Vəhidə Məhəmmədifərin qətlə yetirilməsi və Qəzzə-İsrail savaşında sivil insanların öldürülməsi ilə bağlı dərin təəssüfümü bildirirəm, Azərbaycan diyarından, Zeynəb Paşa, Pərvin Etisami, Mərziyyə Üskülü və adları hər hansı bir tarixi sənəddə qeyd olmayan cəsarətli qadınların diyarından “Mehrqan” ədəbi ödülünün əməkdaşlarına və zalda hazır olan şəxslərə salamlar və sevgilərimi sunuram. 

Sözümə yaşam mənşəyi olan qadın adı ilə başlayıram. Bu yaşam mənşəyinin davamı, ən azı ədəbiyyat ərsəsində zehni hasarları dağıdıb, azadlıq deyilən mənaya çatır. Qadın yaşam mənşəyidirsə, ana dili bu yaşamın güvənli evidir. Hanna Arendt demişkən: “Ana dilinin yerini tutacaq heç bir şey yoxdur.” Azınlıq ədəbiyyatı yazıçısı olaraq, ana dili ilə qalib dilin arasındakı boşluğu doldurmaq mümkün deyil desəm, mübaliğə etməmişəm. Ana dilləri qalib dil olan şəxslər üçün bəlkə dediyim söz anlaşılmaz ola bilər, ancaq qalib dilin ədəbiyyat və başqa elmlər üzərindəki sültəsi sona çatmasa, məşhur güney Azərbaycan yazıçısı Rza Bərahəninin bəhs etdiyi sağalmaz yara nəsildən-nəsilə davam edəcək deyə düşünürəm. Artırmalıyam ki, azınlıq ədəbiyyat dediyimdə, qəsd etdiyim şey İrandakı fərqli dilləri danışanların nüfus sayısı deyil, bütün ərsələrdə qalib dilin müsəllət olduğu halda, etnikaların yaratdığı ədəbiyyatdır.

Ana dilindən Farscaya çevrilən əsərlərə ödül vermək, “Mehrqan Ədəbi Ödül” təşkilatçılarının İranda çox dilliliyə və mədəni plüralizmə dəyər verdiklərinin göstərgəsi olduğuna görə təqdirə layiqdir. Ancaq bunun azınlıq ədəbiyyatı üçün yetərli olmadığını düşünürəm və “Mehran Ədəbi Ödülü” təşkilatçılarından bir addım daha irəli atmaqlarını və azınlıq ədəbiyyatı əsərlərini orijinal dildə qiymətləndirmələrini tələb edirəm. Sonunda romanı Azərbaycan Türkcəsindən Farscaya tərcümə edən mərhum Həmzə Fərahəti və əsəri çap edib, jüri heyətinin əlinə çatdıran “Nişanə” nəşriyyatının müdiri hörmətli Səmii xanıma minnətdarlığımı bildirərək, “Mehrqan ədəbi ödülü” əməkdaşları və jüri heyətinə sayğılarımı sonuram.

Dil və mədəniyyət ayrı seçkiliyin sona çatması ümidi ilə”.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Bazar ertəsi, 13 Noyabr 2023 15:30

Qarşınıza məqsəd qoyun!

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Bütün uğur formullarını sıxıb şirəsini çıxarsaq, təxminən belə bir nəticə əldə edə bilərik:

Uğur formulu=arzulamaq – qarşıya məqsəd qoymaq – planlaşdırmaq – hazırlaşmaq – fəaliyyətə başlamaq – nəticə əldə etmək.

Sadəcə arzulamaq, istəmək və buna can atmaq lazımdır, həyat həmişə şans verəcək! Bu şans gecikə bilər, amma heç nə əsas vermir ki, arzularından geri çəkiləsən. Uğurlu olmaq – xoşbəxt olmaq deməkdir. Xoşbəxtliksə qəlbin elə bir halıdır ki, həyatın harmoniyasından tam ləzzət almağı mümkün edir.

Öncə ARZULAMAQ barədə danışdıq:

1.     Arzulamaq

«Öz arzularınızdan bərk tutun. Onları buraxmayın!» Məşhur Amerika psixoloqu və psixoterapevti Marden Orison bu sözləri nahaq yerə deməyib ki.

Bütün böyük hədəflər, bütün nailiyyətlər ilk öncə arzu şəklində olur. Əgər siz daha yaxşı yaşamaq istəyirsinizsə, ilk öncə anlamalısınız ki, siz konkret nə istəyirsiniz. Həmin o yaxşı həyatı öncə arzularda yaratmalısınız. Əgər arzulamağı uşaq məşğuliyyəti hesab edən varsa, o, kökündən yanlışlığa yol verir. İnsan həmişə arzulamağı bacarmalıdır. Kim bunu bacarmırsa, dərhal bu qabiliyyəti özünə qaytarmağa çalışmalıdır. Biz öz istəklərimizin reallaşmasını arzulamalıyıq, arzuladıqca özümüzü daha yaxşı tanımalı, nəyə qadir olduğumuzu daha yaxşı saf-çürük etməli, ürəyimizin səsini daha yaxşı dinləməliyik.

Uğur qazanmağın əsas sirri – öz həyatın üçün bütün məsuliyyəti öz üzərinə götürməyindir, onu idarə edə bilməyindir. Hər bir insan öz həyatının ağası ola bilmir, bu faktdır. Bəziləri ona görə işə gedir, ona görə yemək yeyir, ona görə televizora baxır, ona görə qəzet oxuyur, ona görə internetə girir, ona görə dost-tanışla ünsiyyətə girirlər ki, buna sadəcə adət ediblər. Onların monoton, şablon həyatlarında hər gün hər şey sadəcə təkrarlanır. Belələri arzulamaqdan məhrum olan insanlardır. Onların yekcins ömür kitablarında heç vaxt nə zavyazka, nə razvyazka, nə də kulminasiyaya rast gəlinməyəcək.

Arzulara gen-bol imkan verin ki, yaransınlar, böyüsünlər, şaxələnsinlər. Özünüzə tək gözəl güzəran, var-dövlət, yaxşı iş, son dəb avtomobil, yaraşıqlı villa kimi maddiyyat arzulamayın, özünüzə yaxşı dostlar, böyük incəsənət uğurları, elmi kəşflər, idman qələbələri, karyera nailiyyətləri, kəsəsi, zirvələr arzulayın. Unutmayın, uğur yolunun startı arzulamaqdan keçir.

 

Bu gün qarşıya məqsəd qoymaq barədə danışacağıq.

2.Qarşıya məqsəd qoymaq

İnsan öncə bir şeyi arzulayırsa, sonrakı addımda həmin şeyi əldə etməyi də mütləq qarşısına məqsəd qoymalıdır. Məqsədə çevrilməyən arzu elə arzu olaraq da qalır. Arzu palitrası çox rəngarəng olan insanlar var ki, onlar  bu arzuların heç birinin ardınca getmirlər, öz arzularını məqsədə çevirmirlər. Ucqar dağ kəndində yamacda qoyun-quzu otaran savadsız bir çobanın prezident olmaq arzusu ola bilər, amma bu, heç bir reallıqla uzlaşmayan bir xülyadır, onu məqsədə çevirmək belə mümkünsüzdür. Məqsədə yalnız insanın potensialı ilə uzlaşan, kənar mühitlə ziddiyyət təşkil etməyən arzular çevrilə bilir.

Məqsəd – bir neçə variant içində seçdiyiniz ən vacib olanıdır. Abstrakt və konkret məqsədlər var. Çalışın həmişə konkret məqsədlər qoyasınız. Pozitiv və neqativ məqsədlər var. Çalışın, həmişə nəyi əldə etmək istəyirsinizsə onu məqsəd qoyun, yəni özünüzü həmişə pozitiv məqsədlərə ayırın. Nədən qurtulmaq istəyirsinizsə, bu cür neqativ məqsədlər sizin əsas məqsədiniz olmasın heç vaxt.

Heç vaxt sizə xeyir gətirməklə kimlərəsə ziyan verəcək məqsədlər də seçməyin özünüzə.

Bütün məqsədlər bir-biri ilə bağlı, eyniistiqamətli olmalıdır. Onlar heç vaxt həyatınızın əsas məqsədi ilə konfliktdə olmamalıdır.

Bütün məqsədlərinizi əhəmiyyət dərəcəsinə uyğun sıralayıb özünüz üçün ən əsas məqsədi seçin.

Məqsədlərinizi zamanla uzlaşdırıb «qısa zamanda həll olunacaq» və «uzun zamanda həll olunacaq»lara bölün. Əsas məqsədiniz isə daha çox zaman tələb edən strateji məqsəd olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

 

Bazar ertəsi, 13 Noyabr 2023 12:30

BİRİ İKİSİNDƏ – Habil Rzanurun şeirləri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə -  Habil Rzanurundur

 

 

 ***

 

 

Nə varsa, yaddan çıxır,
Unudulur nə varsa.
Bircə yaşamaq qalır,
O da bəhanə varsa.
Yalandan əsən külək,
Yalandan yağan yağış.
Yalandan gələn bulud
Çəkilir qarış-qarış.
Ömrün olan-qalanı
Alnından axır gedir.
Yalandan sevənlər də
Doğrudan çıxır gedir.
Görürsənmi yalandır,
Budur daha nə varsa.
Bircə yaşamaq qalır,
O da bəhanə varsa…


***

 

Köçəsən dağlara, dağ quca səni.
Təzəkdən yarımçıq hasarın ola.
Səndəki “dağ”ı da verəsən dağa,
Nə dərdin, nədə ki azarın ola.

Bir daxman ola kaş, damsa da, olar,
Daxmanın yanında dumduru bulaq.
Beş altı qoyunun, bir kəhər atın,
Deyəsən dağlara, di gəl dost olaq!

Sübh tezdən gedəsən otlağa tərəf,
Nə zəngin adamsan, qoyun, quzun var.
Axşam da qayıdıb görəsən, Allah,
Daxmanda bir oğlun, üç də qızın var.

Bir könlün açıla, saf-saf güləsən,
Balaca qızına dil çıxarasan.
Sonra uşaqların anası üçün
Cibindən gizlicə gül çıxarasan.

O anda ilk görüş yadına düşə:
Ürkərdin bir fərə kəklik səsinə.
İlk o gün soyuqdan üşüməmişdin,
İlk o gün isindin qız nəfəsinə.

Nə əcəb günlərdi, bu günə çatmaz,
Bu gün də sabahçün elə nağıldı.
Birdən səksənəsən uşaq səsinə,
Ay Allah, ortancıl qızın yıxıldı.

Eləcə ağlayar, ürəyin yanar,
Ax... bunlar nağılsız çətin susacaq.
Yatın, gül balalar, yuxunuz şirin,
Atanız sizə bir şeir yazacaq!..

 

 ***

 

İflic adamın göz yaşları qədər kimsəsizəm,
Nə əllər kömək edir,
Nə də çiyinlər..
Payız axşamüstüsü
Yorğun ağacların qorxulu yuxusu kimiyəm.
Ölmək – yaşayanlara qalib gəlməkdir – deyir içimdəki qoca.
Sultan Süleymanın Mustafa peşmançılığı var ruhumda.
Hərdən insanları o qədər çox sevirəm ki, insan olduqlarını unuduram.
Hərdən də…
Gözəl sevməsən, sevdiyinin gözəl olmasının heç bir mənası yoxdur, deyirəm!
Tək qalmaq istəyirəm...
Yolunu azan poçtalyon göyərçin narahatlığı
Bu gün ovum qanlıdır: ovçu rahatlıqı
Mən nə olmaq istəyirəm?

Tək qalmaq istəyirəm...

  

***

 

Səni tapşırıram oktyabrın
Bu dəcəl, küləkli yağışlarına.
Qorxma, ayrılmarıq, səni qıymaram..
Anamın ahına, qarğışlarına.
Sən ey ovucları ətir qoxan qız,
Sən ey barmaqları misralı əcəl,
Sən ey üz-gözümün qırışlarına..
…İlişib yıxılan nazəndə gözəl...,

Cızar ovuclarım yanaqlarını,
Çəhrayı öpüşlər yolundan çıxıb…
...azarlar çəhrayı dodaqlarında.
Sevgi şeirlərim atılıb-düşər,
sallanar, yellənər qulaqlarında.

Misal gətirərəm Musa Yaqubun
günah şeirindən, günah yuyaram.
Neyləyim həyatdı ay Çiyninəmim
“Bir günah sənindir, bir günah mənim”

Nə mən bəxtiyaram,
Nə sən bəxtəvər.
Nə mən günahsızam,
Nə sən günahsız.
Sən ey barmaqları misralı əcəl...
Sən ey ovucları ətir qoxan qız…

 

 ***

 

Tapınasan aynalara,
Özündən bir yol keçəsən.
Necəsən deyən olmaya...
Əriyəsən damla-damla, gözündən bir yol keçəsən.
Alnına gözün sataşar
Alnının tən ortasında,
Tanrı yazı masasında, dərdləri unudub gedib.
Misra-misra hönkürərsən,
Sətir-sətir dərd çəkərsən.
Yavaş-yavaş bu dünyayla öz aranda
Qırış-qırış sədd çəkərsən.
Dən-dən olar qaşın, basin,
Xatirələr çiçəkləyər.
Gözlərinin qarşısında uşaqlığın iməkləyər,
Özün boyda dağ olarsan, çəkməyə ahın tapılmaz.
Bir qohum, yaxın tapılmaz,
Qucaq-qucaq soyuyarsan,
Ocaq-ocaq soyuyarsan.
Paslanar bütün cəftələr, bağlanar bütün qapılar.
Birdə baxıb görərsən ki...
Nə bacın var, nə qardaşın.
Nə getməyə yol tapılar, nə də ki
Bir yol yoldaşın...

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Bazar ertəsi, 13 Noyabr 2023 12:15

Filarmoniyanın noyabr repertuarına bələdçilik

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Zövqlü musiqiyə harda qulaq asmaq olar? Əlbəttə ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında. 

Və Filarmoniya noyabr ayı üçün olduqca maraqlı tədbirlər planı hazırlayıb.

 

Noyabrın 7-də “Zəfər” musiqi və teatr festivalı çərçivəsində konsert keçirildi. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında konsert maraqla qarşılandı. 

Noyabrın 10-da Azərbaycan SSR xalq artisti, violonçel ifaçısı Sabir Əliyevin 95 illiyinə həsr olunmuş konsert baş tutdu, yenə də Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin təqdimatında.

Noyabrın 11-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Bəstəkarlar İttifaqının tədbiri keçirildi, bu dəfə keyfiyyətli musiqinin ünvanı Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri oldu.

Bəs qarşıda bizləri nələr gözləyir? Buyurun, tanış olun:

 

16 noyabr- Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində konsert. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

17 noyabr- Xalq artisti, bəstəkar Eldar Mansurov yaradıcılıq gecəsi. (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

20 noyabr- YAP Səbail rayon təşkilatının 30 illiyinə həsr olunmuş tədbir. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

22 noyabr- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunmuş tədbir. (ADMİU-nun tələbə xalq çalğı alətləri orkestr)

24 noyabr- Bəstəkar İlyas Mirzəyevin 60 illik yubileyinə həsr olunmuş konsert. (Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

25 noyabr- II Braziliya Klassik Musiqi Festivalı. (Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)

27 noyabr- Opera Art Dinarə Əliyeva IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş konsert.

28 noyabr- “Könül” ansamblının konserti.

29 noyabr- Macarıstan səfirliyinin tədbiri. (Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)

30 noyabr- Bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlərin yaradıcılıq gecəsi. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

 

Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”

 

“Qandan keçir, candan keçir,

Qələbəyə gedən yollar...”

 

Bu ifadəni eşidən zaman hələ kiçik idim. Ürəyimdə, köksümdə vətənpərvərlik toxumlarının yeni cücərdiyi vaxtlardan söz açıram. Qeyd etdiyim ifadəni eşidən zaman düşüncələr dənizinin sahilində gəzdiyim də yadımdadır. “Qələbə qazanmağa nə var ki?”, “İndiyə qədər neçə müsabiqədə zəfər çalmışam, nə qanım gedib, nə canım” deyə düşünürdüm. Daha sonra anladım ki, səhv düşünürəm, bəzən mübarizədə, hünər meydanında tökülən bir damcı qan belə torpağa düşüb sonunda qələbə olan cığırlar aça bilər. Bunu dərk edəndə təbiət ilıq nəfəsini yurduma üfürən zamanlar-aprel ayının əvvəlləri idi.

Qəhrəman xalqım da ürəyində heç vaxt tükənməyən vətən eşqi yenidən alovlandığı zaman minlərlə kilometrlik bir yolda ilk addımını 2016-cı ilin məhz bu ayında atmışdı. Yol uzaq olsa da, bu yoldakı dağlar, dərələr millətin əzmkarlığı ilə qarşılaşdırıldığı zaman bir ovuc torpaqdan başqa heç nə deyildi. Aprel döyüşləri zamanı istər ön, istərsə də arxa cəbhənin göstərdiyi şücaət qürurverici idi. Düşmənə aman verməyən əsgərlərimiz üçün Azərbaycanın hər bölgəsindən göndərilən sovqatların, dəstək məktublarının dəyəri ölçülməyəcək qədər çox idi. Məbədlər başına tac olan hilalımızın-Azərbaycan bayrağının Lələtəpə yüksəkliyində dalğalandığını görəndə, zəfər qazanmağın verdiyi qürur hissini doya-doya yaşayanda Azərbaycan xalqı öz gücünü bir daha anladı.

 “El bir olsa, dağ oynadar yerindən” deyiblər. Qarşımızda dağların yumağa döndüyü digər tarix 2020-ci il idi. Tovuz döyüşlərindən başlayaraq “Bütün yollar Qarabağa aparır!” fikrini özünə şüar edib 30 ildə qurulmuş mifi 44 günə dağıdan ordumuzun öz gücünü dünyaya bəyan etməsində uğurlu siyasətin də rolu danılmazdır. Cənab Ali Baş Komandan İlham Əliyevin “Valday” Diskussiya Klubunun illik plenar iclasında Ermənistanın Baş Naziri Nikol Paşinyanın sözlərinə tutarlı cavab verdikdən sonra işlətdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” fikri bizim təkcə hərb sahəsində yox, həm də söz müharibəsində nə qədər güclü olduğumuzu ortaya çıxardı.

Zaman ötdü, günlər bir-birini əvəz etdi, 2020-ci ilin sentyabr ayı ölkəmizə qədəm qoydu. Lakin bu sentyabr digərləri kimi deyildi. Bu sentyabrda başqa bir ruh var idi, sanki dili olsaydı, “Məni daha xüsusi qarşılayın!” deyərdi. Axı bu sentyabr minlərlə kilometrlik yolun qalan hissəsini tamamlamağımızda bizə təkan verəcəkdi!

İkinci Qarabağ Müharibəsi zamanı məni riqqətə gətirən ən əsas məqamlardan biri ön cəbhədə yağıların dəhşətə gəlməsinə səbəb olan ordumuzla bərabər arxa cəbhədə vuruşan sivil xalqın əlindən gələni əsirgəməməsi idi. İnformasiya müharibəsində əl-ələ verib apardığımız təbliğatlar, Qarabağ həqiqətlərini dürüst, olduğu kimi çatdırmağa çalışmağımız, bu millətin hər bir nümayəndəsinin yorulmadan verdiyi dəstək, əsgərlərə göndərilən sovqatlar, jurnalistlərin cəbhə ilə bağlı hər bir xəbəri yerindəcə və vaxt itirmədən çatdırmağa çalışması, xaricdə yaşayan həmvətənlilərimizin yaşadıqları ölkələrdən verdikləri dəstək mesajları, həmin yerlərdə keçirdikləri aksiyalar və bunun kimi yüzlərlə, hətta minlərlə dəstək xarakterli jestlər təqdirəlayiq idi.

Bunu etmək bizim borcumuz idi. Həmin zamanlar arxa cəbhənin döyüşçüləri də Ana Vətənə olan borcunu bu cür ödəyirdi. Axı bu bizim boynumuza qoyulan ən müqəddəs haqq idi. Çünki biz vətəndaşıq. Belə yerdə ölməz sənətkar Bəxtiyar Vahabzadənin “Vətəndaş” şeirində qələmə aldığı bu misraları xatırlamaq yerinə düşərdi:

 

     Vətəndaş! Nə gözəl səslənir bu söz,

     Yəni-bir iqlimdə böyümüşük biz.

     Səni də, məni də böyüdən Vətən,

     Sənə də anadır, mənə də ana.

     Sən də cavabdehsən, mən də hər zaman,

     Vahid anamızın xoşbaxtlığına!

 

 Bu müharibədə qazanılan qələbənin bizə 3000-dən artıq igid Azərbaycan vətəndaşının qanı, canı bahasına başa gəldiyini dərk edəndə yazımın əvvəlində qeyd etdiyim ifadənin mənasını daha yaxşı anlayıram. Həqiqətən də qələbəyə aparan yol bu zəfər uğrunda özünü fəda eləmiş qazilərimizin qanı, şəhidlərimizin canından keçirmiş.

Mənim vətənim bu dünyada hər şeyin ən yaxşısına layiq olan, uğrunda göz qırpmadan ölümə gediləsi, hər qarışı öpüləsi bir məkandır. Çünki bu ölkənin, bu millətin yetişdirdiyi qızlar da oğulları qədər vətənin müqəddəsliyini anlayır, paklığını qoruyub saxlamağa çalışır. Öz peşəsinin ən böyük fədailərindən olan Qarabağ şəhidi Salatın Əsgərova, məsumiyyət simvolu məktəbli Larisa, körpə Zəhra, sevgisi uğrunda canından keçən Fərizə, üç min şəhid Azərbaycan oğlunun bir şəhid bacısı Arəstə və onların timsalında bu vətənə sonsuz sevgi bəsləyib şəhid olan qadınlar Vətənimizin azadlıq simvoludur. Onlar parlaq Azərbaycan səmalarında üçrəngli bayrağın ətrafında dövrə vuran sülh göyərçinləridir. Bu qadınlar Əhməd Cavadın “Səsli qızı” Sara qədər mübariz, əzmkar insanlardır.

 Xalqımızın yenilməzlik qalasını inşa edən şəhidlərimizi gördükcə anlayıram ki, bu millətin belini yerə vurmaq asan iş deyil. Bunu başa düşmək üçün xalqımızın otuz ildə apardığı mübarizəyə nəzər yetirmək kifayətdir.

Bu gün xalqımız XX əsrin sonlarından bəri nisgilini ürəyində hiss etdiyi o müqəddəs Qarabağ torpağına köç edir, orada yeni həyat qurur. Bu gün bayrağımız Şuşada, Xankəndidə, ən əsası qəlbimizdə sağalmaz yara olan Xocalıda dalğalanır. Artıq Şuşada Xarıbülbül daha gözəl yetişir, millətimiz daha şücaətli, Vətənimiz daha əzəmətli, birliyimiz sarsılmazdır!

Geri dönüb bu mübarizəyə baxanda minlərlə kilometrlik yolun başlanğıcındakı ilk ayaq izlərini aydın görmək olur. Həqiqətən də minlərlə kilometrlik yol da kiçik bir addımla başlayır.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

 

IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir. 

 

Konfransda çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov Ulu Öndərin milli-mənəvi dəyərlərimizin inkişafında, onun qorunmasında misilsiz xidmətlərindən danışıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Milli Məclisin deputatı, professor Anar İsgəndərov, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu çıxış ediblər.

Həmçinin konfrans çərçivəsində təqdimatı keçirilən “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının əhəmiyyəti vurğulanıb, tədqiqatçılar üçün ilham mənbəyi olacağı qeyd edilib. Biblioqrafiyanın bütövlükdə Azərbaycanda Heydər Əliyevşünaslığının bütün elmi əsərlərini özündə toplayan kitab olduğu diqqətə çatdırılıb. Onun, eyni zamanda, bütövlükdə Azərbaycanın biblioqrafiyası olduğu bildirilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Bazar ertəsi, 13 Noyabr 2023 11:30

Bu gün Ümumdünya Yaxşılıqetmə Günüdür

 

Kənan Məmmədli, “Ədəbiyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

13 noyabr. Beynəlxalq gözdən əlillər günü

1745-ci ilin 13 noyabrında Fransada tanınmış pedaqoq Valentin Qayui doğulub. O, Parisdə və Peterburqda korlar üçün bir neçə məktəb yaradıb. Məhz həmin tarix də görmə məhdudiyyətləri olan insanların günü kimi götürülüb. Qayui relyefli şrift yaradaraq görməyənlərin əllərini toxundurmaqla oxumalarını təmin edib. Ta ki 1829-cu ildə Lui Braylın relyefli altınöqtəlik şriftinin kəşfinə qədər görmə məhdudiyyətli insanlar Qayuinin dərslikləri ilə elm alıblar.

Hazırda dünyada təxminən 124 milyondan çox gözdən əlil yaşayır. Azərbaycanda gözdən əlillərin ictimai birliyi 1929-cu ildən, Gözdən Əlillər Cəmiyyəti isə 2002-ci ildən fəaliyyət göstərir. Bu gün gözdən əlil insanlar diqqət mərkəzində duracaqlar, onlara qayğı və nəvaziş göstəriləcək. Gözdən əlil olmaq bir tale işidir, bir fiziki qüsurdur. Vay o hala ki, insan gözləri görə-görə kor ola. Bax bu əsl faciədir.

 

13 noyabr. Ümumdünya Yaxşılıqetmə Günü

Nə gözəl bir gün. Xüsusən indiki bu qəddar durumda, mənəvi gözəlliklər deqradasiyaya uğradığı bir zamanda, yaxşılıq edənlər qırmızı kitaba salınanda belə bir günün təqvimə salınması necə də gözəldir. Nə olar, bu gün hər bir kəs yaxşılıq eləsin, imkanı nəyə çatırsa həmin civarda imkansıza əl tutsun. Yaxşılıq tək maddiyyat deyil ki. Darda olana məsləhətiylə, təskinliyi ilə kömək eləmək də yaxşılıqdır. Bəzən bir məsləhət bir küp qızılın edə bilmədiyini edə bilir.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

 

 

 

 

Nəsiman Yaqublu yazır

 

Bir neçə gün öncə böyük iftixarla Bayraq Gününü qeyd etdik. “Ədəbiyyat və incəsənət” portalı Xalq Cumhuriyyəti dövrünün ən tanınmış tədqiqatçısı olan Nəsiman Yaqublunun üçrəngli bayrağımız barədə bilmədiyimiz məlumatları diqqətimizə çatdırır. 

 

Yüz ilə yaxın bir müddətdir ki, Üçrəngli dövlət bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinə çevrilib. Mövcudluğunun 18 ayı dövründə (1918-ci ilin 9 noyabrı) ən istəkli bir varlıq kimi sevilib, əzizlənib, adına və hüsnünə şeirlər yazılıb, mahnılar bəstələnib. Sovetlər Birliyindəki mövcud rejim üçrəngli bayrağımızın başımız üzərindən asılmasını və hətta təsvirini belə qadağan etsə də, onu ürəklərində yaşadan insanlar istiqlal şairimiz Əhməd Cavadın bu sözlərini təkrarlayırdı:

 

Çoxdandır ayrı  düşdüm

Üç boyalı bayraqdan.

A dostlar, mən yoruldum,

Bu gizli ağlamaqdan.

 

Bəs xalqımızın başı üzərində yüz il əvvəl dalğalanmış və bu gün də mövcud olan bayrağımızın yaranma tarixindən, onun mənasından, ağ ayparanın və səkkiz guşənin nə olduğundan, hansı ideyalardan qaynaqlandığından yetərincə məlumatlıyıqmı? 

1918-ci ilin 28 Mayında tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu Cümhuriyyət özündən əvvəlki 113 dövlətdən ideoloji əsaslarına görə tam fərqlənirdi. Belə ki, ilk dəfə idi ki, bütün müsəlman və türk dünyasında milli kültür ənənələrinə, demokratik prinsiplərə söykənən Avropa sistemində bir dövlət qurulurdu. Azər-baycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə “Milli Azərbaycan Hərəkatının xarakteri” adlı məqaləsində yazırdı: “Milli ideoloji mənşəyi etibarı ilə Azərbaycan hərəkatı Şərqdəki milli qurtuluş ideyaları ilə Qərbdə demokratiya cərəyanlarını özündə birləşdirən bir hərəkatdır”.

 M.Ə.Rəsulzadə belə bir hərəkatdan yaranan dövlətin isə məhz “Cümhuriyyət” olacağını hələ 1917-ci ildə “Açıq söz” qəzetində (1917-ci il, N 426, 17-30 mart) eyni adlı məqalədə “Cümhuriyyətdən-Cümhuriyyətə fərq var” deyərək yazırdı: “Məhkum sinif və millət gözü ilə baxıldıqda işıqlı (kübar) istibdad-qarasından, məşrutiyyət-işıqlı istibdaddan, cümhuriyyət-məşrutiyyətdən, cümhuriyyəti-ənam da (Xalq Cümhuriyyəti də) cümhuriyyəti-xasdan (imtiyazlı Cümhuriyyətdən) daha faydalı və daha müvafiq məqamdır... Var olsun Cümhuriyyəti-ənam! (yəni Xalq Cümhuriyyəti )”.

 M.Ə.Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərarda yazılırdı: “Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”.

Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsinin bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi. Qeyd edim ki, 1844-cü ilə qədər Osmanlı Türkiyəsinin (Osman Qazinin oğlu Orxan Qazi dövründən başlayaraq) bayrağı səkkiz guşəli olub. Bəzi mənbələrdə isə bayrağın qırmızı rəngini osmanlıların Səlcuq türklərindən götürdüyü bildirilir. 1844-cü ildə Osmanlı Türkiyəsi qırmızı bayraqda beşguşəli ulduz formasını qəbul edib.

 

İlk bayrağımız haqqında verilən qərar da (yəni eynən Osmanlı Türkiyəsində olduğu kimi) bir çox səbəblərlə izah edilir. Biz  bununla türk xal¬qı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığımızı sübut edirdik. Azərbaycanın xilasını da qardaş Türkiyənin köməyində görürdük. Təsadüfi deyildi ki, 1918-ci ilin iyunun 4-də ilk siyasi, diplomatik və hərbi müqaviləni də  məhz Osmanlı Türkiyəsi ilə bağlamışdıq. Bundan əvvəl mövcud olan Zaqafqaziya Seymində  fəaliyyət göstərən  Azərbaycan nümayəndələri də (onların sayı 40-dan çox idi) siyasi istiqamətin Türkiyə olacağını müəyyənləşdirmişdilər.

 

Eyni zamanda, Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın ətrafındakı “ilhaqçı”lar qrupu da “biz müstəqil dövlət yox, məhz Türkiyəyə birləşmək istəyirik” – deyərək, ciddi təbliğat aparırdı. Hətta o zaman Nuru Paşanın təkidi ilə Milli Şura fəaliyyətini dayandırmış, Tiflisdə yaradılan 1-ci Hökumət Kabinəsi buraxılmış, Gəncədə Nuru Paşanın istəyincə 2-ci hökumət kabinəsi formalaşmışdı. Qırmızı rəngli bayrağımız haqqında olan qərar da məhz həmin gərgin məqamlarda – ikinci hökumət kabinəsi formalaşandan  dörd gün sonra verilmişdi.

 

1918-ci ilin noyabrın 9-da isə üçrəngli dövlət bayrağımız haqqında qərar qəbul edildi: “Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: 

 

Eşidildi: Nazirlər Şurası Sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.

 

Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı rəng - müasirliyi, yaşıl  rəng - islam ideologiyasını ifadə edir.

 

Bəs bu dəyərləri özündə birləşdirən “türkləşmək, islamlaşmaq, avropalaşmaq (firəngləşmək)” üçlük düsturunu böyük bir şüara çevirən ilk dəfə kim olub? 

 

Qeyd edək ki, bütün türk milləti üçün böyük bir ideala və məqsədə çevrilən bu üçlük şüarının banisi türk dünyasının böyük mütəfəkkiri,  Rusiya və Türkiyə universitetlərində təhsil almış,  əslən Azərbaycandan olan Əli bəy Hüseynzadədir. 1907-ci ilin iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat” (xeyir,fayda mənasındadır) jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.Əlavə edim ki, Ə.Hüseynzadənin 1905-ci ilin iyunun 7-dən Bakıda fəaliyyətə başalyan “Həyat” qəzetində də yuxarıdakı fikirlərə başqa formalarda rast gəlmək mümkündür.Onun bu haqdakı fikirləri ilə bağlı   ilk bilgiləri “Açıq Söz” qəzetində  M.Ə.Rəsulzadə yazmışdır.

 

Bəs Ə. Hüseynzadə tərəfindən əsası qoyulan, Z.Göyalp tərəfindən in¬kişaf etdirilən “türkləşmək, islamlaşmaq, avropalaşmaq” şüarı Azər¬baycanın dövlət bayrağında niyə bir qədər fərqli olaraq öz əksini tapıb? Yəni dövlət bayrağımızda rənglər bu ardıcıllıqla verilib: göy, qırmızı, yaşıl. Göründüyü kimi, klassik şüardan fərqli olaraq, islamçılıq ikinci yerdən üçüncü yerə, müasirlik isə üçüncü yerdən ikinci yerə keçirilib. Bəs belə dəyişikliyin səbəbi nədir və kim bunu hansı məqsədlə edib?

 

1915-ci ilin oktyabrın 2-də Bakıda nəşrə başlayan “Açıq söz” qəzetinin ilk sayında baş redaktor M.Ə.Rəsulzadənin “Tutacağımız yol” adlı baş məqaləsi çap edilmişdi. Həmin məqalədə M. Ə. Rəsulzadə vaxtilə Ə. Hüseynzadənin əsasını qoyduğu məşhur üçlük düsturunu belə təqdim edirdi: “Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir: Dil, Din və Zaman... Dilcə - biz türküz, türklük milliyyətimizdir... Dincə - müsəlmanız. Hər bir din inananları arasında məxsusi bir mədəniyyət vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir... Zamanca da – biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz... Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu tələb ediyor – mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, islamlaşmaq və müasirləşmək”. 

 

Qeyd edildiyi kimi, M. Ə. Rəsulzadə  1915-ci ildə sonradan dövlət bayrağımızda öz əksini tapacaq fikirləri sıralamış və hələ o zaman Ə. Hüseynzadənin üçlük düsturunda dəyişiklik edərək, ciddi əsaslandıraraq  müasirliyi  önə  çəkmişdi.

 

 M.Ə.Rəsulzadə 1916-cı ilin oktyabr ayında  yenə “Açıq söz” qəzetində çap edilən “Getdiyimiz yol” adlı baş məqalədə müasirləşməyə üstünlük verərək yazırdı: “Müasirləşmək – budur bütün millətləri sülh və nicat yoluna çıxaran böyük vasitə! Müasirləşməyən, yəni zaman və əsrindəki maddi və mənəvi vasiteyi-mədəniyyə ilə silahlanmayan bir toplum gərək qan və dilcə birləşmiş milliyyət və ya din, ruh və vicdanca tanışmış beynəlmiləliyyət olsun – mümkün deyil...”.

 

M.Ə.Rəsulzadənin müasirləşməyə verdiyi bu önəm sonradan müasir tipli bir Azərbaycan cəmiyyətinin qurulmasına da  təsirini göstərdi. 1918-ci ilin noyabrında Mudros müqaviləsi şərtlərinə uyğun olaraq, Osmanlı Türkiyəsi öz qoşunlarını Azərbaycandan çəkmək məcburiyyətində qaldı. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən “Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımıram” deyərək, Azərbaycan istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamağa  artıq səbəb qalmamışdı. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə üçrəngli bayrağın yaradılması haqqında M. Ə. Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə M. Ə. Rəsulzadənin “Açıq söz” qəzetindəki məqaləsindən, yəni müasirləşmənin önə çəkilməsindən götürüldü. 

 

Həmin üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-də Bakıda Dəniz Vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində göyə qaldırıldı. O zaman dövlət himnimiz olmadığından böyük bəstəkar Ü.Hacıbəylinin təklifi ilə onun “Leyli və Məcnun” əsərində Nofəlin səhnəyə gəlişində səsləndirilən coşdurucu musiqinin (“Heyratı” üstündə) çalınması qəbul edilir ( Ü.Hacıbəyli indi səsləndirilən dövlət himnimizi sonradan bəstələyib). Qeyd edim ki, türklər 1453-cü ildə Konstantinopolu (İstanbulu) fəth edərkən  bu musiqiyə oxşar bir marşla düşmən üzərinə hücum etmişdilər.

 

1918-ci ildə Bakıya gələn ingilislər üçrəngli bayrağımızın rəsmi olaraq dalğalandırılmasına o qədər razılıq vermirdilər. Onlara təsir edən, bu fikri dərinləşdirən isə Bakıda yaşayan ermənilər və ruslar idi. “Müsavat” Partiyasının qurucularından olan M.Ə.Rəsulzadə öz xatirələrində yazırdı ki, ingilislər yalnız həftənin 1-ci və 4-cü günləri, yəni iclas keçiriləndə icazə verirdilər ki, Parlament binası üzərində milli bayrağımız dalğalansın, iclas bitən kimi bayrağımızın endirilməsini  tələb edirdilər.

 1918-ci ilin 7 dekabrında Parlamentin açılış mərasimində M.Ə.Rəsulzadə bu sözləri söylədi: “Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dalğalanacaqdır). Bir daha qaldırılmış bayraq bir daha enməyəcəkdir!”.

Böyük mütəfəkkir Ü.Hacıbəyli “Azərbaycan” qəzetində (1918-ci il, 9 dekabr) M.Ə.Rəsulzadənin bu çıxışını belə təsvir edirdi: “Məhəmməd Əmin milli ittitahəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə - bu bayraq endirilməz! – dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən, təəssüratı-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.

 

Qeyd edim ki, dövlət bayrağımızdakı  səkkiz guşə ilə bağlı da müxtəlif izahlar vardır. Bir izahda  bildirilir: Ay (qəməri) təqvimi islam ölkələrində geniş istifadə olunurdu. Ay təqvimində tarixdə “Türk dövrü” kimi qalmış bir təqvim yaradılmışdır. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı olan Zilhəccəsinə 30-cu gün əlavə edilirdi.

 

Beləliklə, “Türk dövrü” kimi tanınan bu təqvim dəqiqliyinə görə fərqlənirdi. Sonralar “Türk dövrü” təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizlik dövrün axırıncı dövründəki 7-ci il zamanı Zilhiccəni 29 sutka saxlamaqla dəqiqliyi bir sutkaya qaldırmış və təqvimdən XVI əsrdən Türkiyədə istifadə etmişlər.

 

Çox güman ki, əsası Osman Qazi tərəfindən qoyulmuş Türk İmperatorluğunun bayrağındakı ay hilalı yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir.

 

Bəzi izahlarda isə səkkiz guşəli ulduz “Od Yurdu”nun səkkiz hərflə yazılışına işarədir. Böyük yazıçı C.Cabbarlı yazırdı: “Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu”.

 

Bayrağımızdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr  tikilmişdi. Bu abidələrin əksəriyyəti göy rəngdə olmuşdu. Bu baxımdan göy rəng həm də simvolik məna daşımışdır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların  zəfər  yürüşlərini  əks  etdirir.

 

Bayrağımızdakı yaşıl rəng islam dininə mənsubluğumuzu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını vermişdir.

 

Milli bayrağımızdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş vermişdi. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olmuşdu. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə.Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maarifinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!”.

 

Milli bayrağımızda  qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olmuşdu. Türklər 1453-cü ildə Konstantinopolu aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan başqa xalqlara keçmişdir (Bax: M. Əliyev. “Qobustan”jurnalı, 1989, N 3).Lakin əlavə edək ki, aypara həm də humanizm, xeyirxahlıq rəmzi kimi də qəbul edilmişdir.

 

Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Ulduz təsvirlərinin yaranması astronomiya elmi ilə bağlıdır. Şumerlərdə, Babil mədəniyyət sistemində də bu təsvirlərə rast gəlmək mümkündür. Qeyd edim ki, türkdilli və müsəlman xalqların bayrağında bu təsvirlər müxtəlif formalarda mövcuddur: Pakistanda- yaşıl parçada aypara - 5 guşəli ulduz, türkmənlərdə göy-ağ parçada aypara - 5 guşəli ulduz, Malayziyada - ayparanın qarşısında çox guşəli ulduz və s.

 

Böyük yazıçı C.Cabbarlı şeirlərinin birində yazırdı:

 

Bu ay, ulduz boyaların qurultayı nə demək,

Bizcə belə söyləmək.

Bu göy boya - göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı.

Yaşıl boya- islamlığın sarsılmayan  imanı,

Ürəklərə dolmalı.

Bu al boya- azadlığın, təcəddüdün  fərmanı,

Mədəniyyət bulmalı.

 

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.

 

Azərbaycan 1920-ci ildə işğal edildikdən sonra başda M. Ə. Rəsulzadə olmaqla dəyərli insanlarımız bu bayrağı Türkiyə və Avropa ölkələrində mühacirətdə qorudular, yaşatdılar. 

 

Qeyd edim ki, Sovetlər Birliyi dövründə üçrəngli dövlət bayrağımız 1957-ci ildə XX qurultayda “şəxsiyyətə pərəstiş” məsələsi qoyulduqdan sonra  üç azərbaycanlı vətəndaşımız (adları Cahid, Çingiz, digəri isə Nazim olub) tərəfindən bir saatdan çox “Qız Qalası” üzərində dalğalandırıldı. Həmin şəxsləri isə (onların sayı ümumilikdə 15-ə qədər olub) sonradan  12-13 ilə qədər həbsə məhkum etdilər.

 

1988-ci ildən başlanan Azərbaycan Xalq Hərəkatı dövründə yenidən üçrəngli bayrağımız meydanlarda dalğalandı. 

 

DÖVLƏT RƏMZLƏRİNİN BƏRPASI

 

1. Bayraq. 1988-ci ildə  Azadlıq hərəkatı başladıqda Üçrəngli bayraq yenidən xalqımızın başı üzərində dalğalandı. 1990-cı ilin noyabrın 29-da “Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verildi və 1991-ci ilin fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiqləndi. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə hazırlandı. Dövlət bayrağı haqqında məsələ Azərbaycan Respublikası Konstitusiyasında təsdiq edildi. Konstitusiyanın 23-cü maddəsinin 2-ci bəndində göstərilir: “Azərbaycan Res¬pub¬likasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir”.

 

2. Gerb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlan¬mış gerb layihəsi rəssam R.Məmmədov tərəfindən təkmilləşdirilmişdir. 1993-cü ilin 19 yanvar tarixli Konstitusiya qanunu ilə Dövlət gerbimizin rəngli və ağ-qara təsviri, fevralın 23-də isə Əsasnaməsi təsdiq edildi.

 

3. Himn. Müəllifləri Ü.Hacıbəyli və Əhməd Cavad olan Dövlət Himnimiz Azərbaycan Milli Məclisinin 1992-ci il 27 may tarixli qərarı ilə qəbul edilib. 1993-cü ilin mayın 2-də Dövlət Himni haqqında Əsasnamə təsdiq olunub. Himnimiz bəstəkar A.Əzimov tərəfindən böyük xor və orkestr üçün oranjeman edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.