
Super User
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
62-Cİ DƏRC
“Əlif atasını tapmışdı. Ona qarda irəliləməyə kömək etmək istəyirdi, amma atası razılıq vermirdi, deyirdi, qadınlara kömək et, məndən narahat olma.
Çay qurşaqdan yuxarı idi. Bu şaxtada suyu paltarlı keçmək – donub ölmək riskini göz altına almaq demək idi.
Bununla belə, heç kəs həya edib soyunmadı.”
Romanın təsirli epizodları izləyiciləri axıradək gərginlik içində saxladı.
Hava artıq qaralmışdı, Divanın Baş Hakimi üzünü müttəhim kürsüsündə vurnuxan Monte Melkonyana tutdu:
-Monte Melkonyan, şahid ifadələri və ekspert rəyləri ilə sizin cinayətininz tam olaraq sübut edilmişdir. Bu nümayiş olunan filmlər, dinlənilən musiqilər, yazılmış kitablar isə sizin cinayətininzi gələcək əsrlərə daşıyacaqlar. 1993-cü ilin 12 iyununda Azərbaycanın Mərzili ərazisində gedən döyüşlər zamanı siz azərbaycanlılar tərəfindən açılan güllə ilə qətlə yetirilmiş, Axirət dünyasının sakini olmusunuz. Bununla da Əsas dünyada tərətdiyiniz misilsiz cinayətlər cəzasız qalmışdır. Divan sizə Qeybedilmə cəzası kəsir. Belə ki, bu qədər cinayətin iştirakçısı olmuş şəxsin bizim bu Axirət dünyamızda da yaşaması yolverilməzdir. Divan qanunlarına görə ittiham olunan və cinayətləri tam sübut olunan şəxsə son söz demək ixtiyarı verilir. Buyurun, son sözünüzü söyləyin.
Monte Melkonyan sel kimi axan tərini sildi, icazə alıb hərbi buşlatını çıxararaq özünü bir qədər yelpiklədi, sonra ağır-ağır danışmağa başladı:
-Möhtərəm cənab Hakim, möhtərəm Divan iştirakçıları, şahidlər, zərərçəkənlər və tamaşaçılar, tarix boyu ermənilər yaşayan hər bir ərazidə analar öz balalarına müxtəlif laylalar oxuyublar. Sasunda analar “ruri-ruri”, Vanda “ayrur-ayrur”, Muşda “urur-urur”, Aknda “oror-oror”, bir başqasında “na-na”, digər birində “ey-ey” oxuyublar, dialektlər müxtəlif, mətnlər müxtəlif olub. Mən, qeyd edildiyi kimi, Amerika Birləşmiş Ştatlarında, Kaliforniyada dünyaya göz açmışam. Anam məni hər gecə yatırdanda, eləcə də istirahət günlərində günortalar dayə yanına aparmayıb özü yatırdanda, iki-üç yaşımın bu xatırələrini əsla unutmaram, mənə çox qədim tarixi olan bir laylay, oxşama oxuyardı. Çar-ana bunu əfsanəyə görə oğlu Günəşə oxuyarmış. Bunu guya, heç kəs eşidə bilməzmiş. İlk dəfə ölməkdə olan oğlunu xilas etmək istəyən bir ana hər halda eşidir. O, dəmir cam götürüb dirilik suyu axtarışına çıxıbmış, Günəşin hüdudlarına yetişəndə ana dirilik suyunu tapır, həmin dəm Çar-ananın Günəşə söylədiyi sehirli laylasını da eşidir. Gəlib dirilik suyunu içirdərək və hər gecə bu laylanı oxuyaraq ana öz övladını xilas edir. Mənim anam tam 6 yaşıma kimi bu laylanı mənə oxuyurdu, 6 yaşımda – onda ki, artıq məktəbə getmək yaşım idi, püxtələşmişdim, mənə həmin o əsrarəngiz laylanın mənşəyi ilə bağlı bir tarixçə danışdı. Bu tarixçəyə görə, həmin bu laylay öz əzəlini Qərbi Ermənistandan – Akndan götürüb. Etnoqraf Ovsep Canikyan onu qələmə alaraq, lentə köçürərək bugünümüzə qədər gətirib çıxarıb. Akna yol dərin bir dağ sıldırımından keçərmiş. Sonra da yolçunun qarşısında inanılmaz gözəlliyə malik bir təbiət lövhəsi açılarmış. Bibliya çayı sayılan Fəratın sahilində yerləşirdi Akn. Təbii daş pillələrlə çay sahilindən ora qalxırdın. Aknda Areq adlı rayon varmış. İlk dəfə laylay məhz orada oxunubmuş. Anam bu yerə çatanda kövrəldi, göz yaşlarını gizləyə bilməyərək hıçqırdı, dedi, bizim əcdadlara malik həmin torpaqlar indi bizdə deyil, türklərin işğalı altındadır. Bizdə yalnız vətənimizin rəmzi olan Akn laylası, bir də nisgil və kədər qalıb. Anam bunları dedı, ardınca da pıçıldadı ki, türk bizim düşmənimizdir. İllər öncə eynən bu cür sözləri anamın anası da anama söyləyibmiş. Harda ermənilər yaşayırsa, orada layladan sonra analar eyni tərzdə uşaqlarının qulağına pıçıldayırlar ki, türk sənin düşmənindir. Mən də bütün ermənilər kimi bu ruhda tərbiyə almışam, bu ruhda böyümüşəm. Bütün şüurlu həyatımı türklərlə mübarizəyə həsr etmişəm. Əgər dünyanın ən humanist haqq-ədalət müəyyənləşdiricisi olan Axirətin Divanı mənə cəza çəkirsə, mən nəkarəyəm, demək, günahkaram, bağışlana bilmərəm. Amma hər halda bir şey xahiş edəcəyəm. Necə ki, məni bu yola “milli maraqlar” adlı yazlmamış, şifahi ümumerməni kodeksi sürüklədi, məndən əvvəl də milyonlar bu yola sürüklənmişdi, məndən sonra da milyonlar bu yola sürüklənəcəklər. Xahiş edirəm, Axirət divanı Əsas dünyaya xəbər göndərsin, bu kodeks qadağan olunsun. Barı, bundan sonra mənim xalqım yalançı ideologiyanın, mif və əsatirlərin qurbanı olmasın. Mən dünən milli məsələdə ustad sandığım akademik Aqanbekyanın peşman olub burada necə ağladığına şahid oldum. Demək, bu yol düzgün yol deyilmiş. Tökdüyüm qanlara, kəsdiyim başlara görə Tanrı qarşısında üzr istəyirəm. Əvf olunmayacağımı bilsəm belə üzr istəyirəm.
Sürəkli alqışlar altında iki üzübağlı şəxs gəlib Monte Melkonyanı səhnənin arxasına apardı.
Bəzən şərəfsiz ömür sürmüş insana hansısa milli maraqlar naminə şərəfli ömür yarlıkı yapışdırır, onu milli qəhrəman səviyyəsinədək ucaldırlar. Amma tarix yalanı, saxtakarlığı əsla sevməz, gec-tez mütləq hər şey öz yerini alır. Şərəfsizlər tarixin zibilliklərinə gömülür, ruhları üfunət qoxusuna bürünmüş halda əzab çəkməli olur.
Divan bağlandı, Məhkəmənin daha bir günü arxada qaldı. İnsanlar yerlərindən əsla tərpənmək istəməsələr belə, yenə də durub gecələmək üçün evlərinə yollandılar. Sabah ertədən isə yenidən burada olacaqlar. Sabah ittiham olunan şəxs bugünkü kimi döyüşçü və terrorçu deyil, o yazardır, qələm əhlidir. Amma türkün düşmən olması ideologiyasının ən qatı tərəfdarıdır, qələmiylə qətllərə fərman vermiş birisidir. Döyüşçü qatildən fərqli olaraq ziyalı qatil həmişə daha çox maraq doğurur. Çünki ziyalılığın missiyası nədir? İnsanlığa bilik, elm, maarifçilik bəxş etsin, yaxşı əxlaq, gözəl davranış əxs eləsin. Ziyalı insanlığı qan tökməyə, baş kəsməyə çağırırsa, ultra millətçiliklə zəhərlənmiş kəlmələri ilə qanlar tökürsə, bu artıq öz yayından çıxmış oxun gözlənilən yox, tam gözlənilməz traektoriya cızması deməkdir.
Ona görə də, sabah Divanı qurulacaq şəxsin peşəsi anons ediləndə onu tanımayan Axirət əhli çox səbirsizləndi ki, sabah tez açılsın, bu şəxsin kimliyini bilsinlər, onun sifət cizgilərinə baxıb, nitqini dinləyib bu qədər qəddarlığının, vəhşiliyinin kökünü öyrənsinlər. Özü də, maraqlı olan o idi ki, bu şəxs Əsas dünyanın sakini idi, cinayəti sübut olunarsa, Divandan dərhal sonra qeybedilmə cəzası ilə bu şəxs hər iki dünyada yaşamaqdan məhrum oluna bilərdi.
16-CI PROSES
KİM KARDAŞYAN
Növbəti səhər açıldı, növbəti gün insanlar yuxudan duran kimi Baş Meydana axışmağa başladılar. Aylarla davam edən böyük proses yekunlaşmaq üzrəydi, son iki nəfər qalmışdı. Dünəndən anons etmişdilər ki, bu gün mühakimə edilən şəxs cinayətkar yazardır. Hamı da sənəti ilə fəaliyyəti kəskin təzad təşkil etdiyi üçün bu şəxsi canlı olaraq lənətləməyə səbirsizlənirdi. Amma növbəti şəkildən örpək salınanda qorxulu kişi obrazı əvəzinə gülümsər bir qadın obrazı göründü. Yerbəyerdən bu simanı tanıyıb “Aaaaaa, Kim Kardaşyan!” deyə səslənənlər də oldu, bəziləri “Bu ki yazar deyil, bu pornoaktrisadır”, “Tanıdım, “Ulduzlarla rəqs” realiti-şousunda iştirakçı olub” , - deyə Divanı qurulanı daha yaxından tanıdıqlarını da isbatladılar.
Hamı prosesin açılışını gözlədi ki məsələ tam aydınlaşsın, nəhayət, hakimlər səhnədə öz yerlərini tutdular, Baş Hakim müəmma pərdəsini aradan götürdü:
-Əziz Divan əhli, əziz tamaşaçılar, bu gün biz Andronik Ozanyandan sonra ən qatı canı hesab etdiyimiz bir şəxsi – yazar ola-ola insanları qan tökməyə, baş kəsməyə çağıran bir manyakı ittiham edəsi idik, sabah da sıradakı yeganə xanımı. Amma həmin xanım Divan heyətinə müraciət edərək öz prosesinin ertələnməsini xahiş etdi, buna səbəb kimi əsəblərinin tam tarıma çəkildiyini və daha bir gün gözləməsinin mümkünsüzlüyünü göstərdi. Hakimlər məşvərət edib belə qərara gəldik ki, bu mühakimə olunan şəxsin qadın olması nəzərə alınsın və xahişi təmin edilsin. Beləliklə, prosesin növbəti – sonuncudan əvvəlinci günü mühakimə edilən şəxsi – Amerika aktrisası, realiti-şou ulduzu, fotomodel Kim Kardaşyanın müttəhimlər kürsüsünə gətirilməsinin təmin olunmasını xahiş edirəm.
İnsan kütləsi mühafizəçilərin əhatəsində səhnəyə qaldırılan açıq-saçıq geyimli, bədən əzaları qabarıb çıxmış qadını görcək uğultu qopardı, bəziləri bu tanış simaya nifrətlə baxsalar belə, bəziləri hətta rəğbətlə, hətta sevgiylə tamaşa etdilər.
Qadın gəlib müttəhimlər kürsüsündə əyləşdi, o, kürsüdə əyləşəndə Baş Hakim yarızarafat, yarıgerçək sözlər söyləyib publikanı əyləndirdi:
-Əsas dünyadan gəlmiş 39 yaşlı Kim 3 gün sonra Los-Ancelesdə “Teen Choice Awards” mükafatlandırma mərasimində iştirak edəcəyini, bir həftə sonra Milanda defiledə çıxış edəcəyini, daha 10 gün sonra Bollivudda “Səhranın çiçəyi” filmində çəkilişlərə başlayacağını iddia edir, xəyalən həmin mərasimlərdədir, arxayındır ki, gedib iştirak edəcək, fərqinə varmır ki, Axirət dünyasının Divanından hələ heç kəs cəzalandırılmadan qurtulmayıb.
Kim özünü yelləyərək yerindən səsləndi:
-Bir şeyi unutdunuz, möhtərəm hakim, XXL dərgisinin üz qabığı üçün fotosessiyam var, gələn ayın əvvəli Londonda olmalıyam.
Tamaşaçılar gülüşdülər, Baş Hakim də gülümsəyərək nitqinə davam etdi:
-Bəli, Kim Əsas dünyaya qayıtmağa, gördüyünüz kimi çox iddialıdır.
Kim yenidən yerindən replika atdı:
-Mənim milyonlarla İnstagram və YouTube izləyicilərim yeni post və süjet gözləyirlər, əmindilər ki, bu post və süjet pozitiv olacaq.
Zalda yenə gülüşmə və alqış sədaları eşidildi.
Baş Hakim zalda sakitlik yaranandan sonra Kim Kardaşyana müraciət etdi:
-Xanım Kim Qardaşyan, millətlərarası münasibətlərdə və əxlaqa zidd məsələlərdə ittihamla gəlib Divana çıxmısınız, proses necə olacaq, nələr baş verəcək, necə yekunlaşacaq, düzü mən də bilmirəm, yəni öncəki günlərdə öncədən hansı hökmü çıxaracağıma təqsirləndirilənin dosyesi ilə tanış olan kimi qərar vermişdim. Amma indi, düzü, bir az tərəddüdüm var. Yeri gəlmişkən, fürsətdən istifadə edib sizə bir sual verim. 2009-cu ildə “Qeyri-real blokbaster” filmində yaratdığınız qadın roluna görə “Ən pis qadın rolu” kateqoriyasında “Qızıl moruq” mukafatına layıq görülmüsünüz. Bu bir təsadüfdür, yoxsa priyomdur?
Kim gülümsəyərək...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
Alfredo Makaronu Resepti - ÇOX LƏZZƏTLİDİR
Leyla Ümid, “Ədəbiyyat və incəsənət”
Bu gün evimə qonaq gələn yaxın rəfiqəm Məryəm üçün hansı yeməyi hazırlayıb servis edəcəyimi bilmirdim. Daha sonra ikimiz eyni anda qərar verdik ki, sevimli yeməyimiz olan makaronu birlikdə hazırlayaq. Lakin hər zamankı kimi sadə deyil, soslu və pendirli italyan mətbəxinə məxsus "Alfredo makaronu" hazırlamağı qərarlaşdırdıq.
•İnqridientlər:
400 qram qələm makaron
Toyuq filesi (istəyə uyğun olan miqdarı)
1 stəkan qaymaq
1/2 stəkan süd
Həm duru yağ, həm də bir az kərə yağı
Bir qədər parmesan pendiri (mozarella pendiri də istifadə edə bilərsiniz)
3 diş sarımsaq (hissələrə bölünməlidir, amma çox xırda olmaz)
Holland pendiri (bir az sousa, bir az da ən sonda üzərinə əlavə olunacaq)
Duz və istiot (zövqə görə)
•Hazırlanma qaydası:
1) Makaronu geniş bir qazanın içində suda qaynadın. Qaynayan suya duz və bir az sarıkök əlavə edin və makaronlar yumşalıb bişəndən sonra süzün.
2) Bir tavada hər iki yağı da qızdırın və sarımsağı əlavə edin. Həmən sonra hissələrə doğradığınız toyuq ətini tavaya əlavə edin. Qarışdıraraq sarımsağı qızarıncaya qədər 2-3 dəqiqə qovurun. Sonra sarımsaqları tavadan götürün.(yanmamalıdır, sadəcə dadı çıxmalıdır.) Toyuqlar ortabab qızardıqdan sonra tavanın altını söndürün.
3) Üzərinə qaymağı əlavə edin və qarışdıraraq ardıyca südü əlavə edin və qarışdıraraq pendirlərinizi əlavə edin. Pendirləri qarışığın içində tam əriyib uzanınca qarışdırırıq. Hazır olduqdan sonra altını söndürün və duz, istiot əlavə edin.
4) Süzdüyümüz makaronları sousumuz hazır olan tavaya əlavə edib yaxşıca qarışdırırq.
5) Ən sonda servis edərkən üstünə rəndələnmiş holland pendiri əlavə edirik.
Dadı çox əla olur! Bon apetite! Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Sara Nacidən “Kubisim” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sara Nacinin şeirlərini təqdim edir.
Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub. 1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib. O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.
KUBİSM
Pəncərə çərçivəsində qalmışam
Yel əsir
Gözüm hər an sönməkdən qorxan çıraqdır
Yel ulduzları qaraldıb
Yel uşaqları özü ilə aparıb
Bizim kişilərimiz isə geri qayıtmayırlar
Sanki
Xiyabanın qarşısında dayanan zavod
İşçilərin ruhlarını
Göy üzünə üfürür.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
“Sazlı-sözlü kələğayı” günləri qədim Şirvan diyarında
Könül, “Ədəbiyyat və incəsənət”
Bu tədbirlər o qədər ruhumu oxşadı ki, şəxsən mən kəlağayı taxmağa başladım. Bəli. Azərbaycanı dolaşan kəlağayı günləri isə bu dəfə qədim Şirvan torpağına güzar etmişdi…
Azərbaycan Respublikası Mədəniyyət Naziliyinin dəstəyi, Şamaxı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxı rayon Ə.Xaqani adına Mədəniyyət Mərkəzində “Sazlı-sözlü kələğayı günləri” adlı tədbir keçirildi. Söhbətim bu barədədir. Söhbətimə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kələğayi Muzeyinin direktoru, bu tədbirlərin təşkilatçısı Güllü Eldar Tomarlı işıq tutdu.
Tədbirdən öncə Kələğayılardan ibarət şərgiyə baxış keçirildi. Daha sonra tədbiri giriş sözü ilə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə açaraq, qonaqları salamladı və tədbirin mahiyyətindən danışdı. Daha sonra isə təşkilatçı şəxs, yəni Güllü Eldar Tomarlı çıxış etdi.
Güllü xanım qeyd etdi ki, 26 noyabr Azərbaycan Kələğayısı günüdür. Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü ildə Kələğayı UNESCO-nun qeyri maddi, mədəni irs üzrə reprezentativ siyahısına daxil olub və dünya birliyinə təqdim olunub, tanıdılıb.
“Sazlı-sözlü Kələğayı günləri” Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin tövhəsidir. Bu münasibətlə tədbirlərdə sərgilər təşkil edilir, ədəbi-bədii gecələr keçirilir. Bu tədbirlər böyük sevgi ilə qarşılanır. 1 noyabr tarixindən başlanan silsiləvi tədbir bu gün Şamaxıda keçirilir.
Daha sonra, söz Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşları Rəşad Əliyevə və Pərvin Eynalovaya verildi. Onlar öz çıxışlarında 26 noyabr Azərbaycan Kələğayısı gününün respublikamızın bütün bölgələrində keçirilməsini arzu etdilər. Tədbirdə şair, yazıçı, Prezident təqaüdçüsü Mətanət Ulu Şirvanlı, şair Vüsal Ağa, “Dövlət və qanun” qəzetinin redaktoru Yasəmən Möhübbətqızı, Məclisin üzvü Lilpar Qəzənfər çıxış etdilər.
Respublikanın Əməkdar mədəniyyət işçisi aşıq Ağamurad Şirvanlının rəhbərliyi ilə “İncə tellər” aşıqlar ansamblı, Elməddin Qocayevin rəhbərliyi altında “Nur” instrumental ansamblı, müğənnilər – Əfsanə Qurbanova, Faiq Mirzəyev və Elvin Abdullayev öz çıxışları ilə tamaşaçılara xoş ovqat bəxş etdilər.
Sonda xatirə şəkili çəkildi.
Bəli, 26 noyabr Azərbaycan kəlağayısı günüdür. Xanımlar, həmin gün gəlin hamımız kəlağayı bağlayaq!
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
POETİK QİRAƏTdə İbrahim İlyaslının “Yox”una söykənmiş adam”ı
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair İbrahim İlyaslı görüşür.
Sevgiyə layiq dostun yox,
Nifrətə layiq düşmənin.
Nə layiqsiz adamsan sən –
Bə sənin nəyin var, nəyin?!
Nə dərdindən ölənin var,
Nə öldürmək istəyənin.
Zalım adam, aciz adam,
Bə sənin nəyin var, nəyin?!
Matdım-matdım nə baxarsan,
Bu Yer sənin, bu Göy sənin.
Səninkilər sənin deyil,
Bə sənin nəyin var, nəyin?!
Nə haqqını tanıyırsan,
Nə nahaqdan yox köməyin.
Haqlı adam, haqsız adam,
Bə sənin nəyin var, nəyin?!
Nə ağ bayrağın yellənir,
Nə gəlir qanlı köynəyin.
Amalın yox, amacın yox,
Bə sənin nəyin var, nəyin?!
Yaşa dolmaq yaşamaqmı,
Yaşanıb tükənmiş adam?
Yaradandan utan barı,
“Yox”una söykənmiş adam!
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
“Artım” layihə məkanında “MONO” sərgisi davam edir
YARAT Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında multimedia rəssamı Maksim Tatarintsevin “MONO” adlı fərdi sərgisi davam edir. Və gerçəkdən sərgi, dövrünün əksi olaraq, yadlaşmış və absurd vəziyyətinə düşmüş insanın sürətlə dəyişən reallığı mənalandırması haqqındadır. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, YARAT-ın sərgiyə verdiyi təsvir bu cürdür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kuratoru Zəhra Məmmədova olan sərgi dekabrın 30-dək ziyarətçilər üçün açıq qalacaq.
Aydındır ki, insan həyatının qeyri-stabilliyi adiləşmiş bir hal alıb. Artan geosiyasi konfliktlər, habelə immiqrasiya və təbii fəlakətlər şəxsi kontekstdə dərin təsir göstərir. Eyni zamanda, süni intellekt texnologiyalarının sürətli inkişafı bu hadisələr ilə paralel addımlayır. Maksim Tatarintsev bu sərgi-layihə üçün, süni intellektdən istifadə edərək əsərlər yaradıb. Ekspozisiya rəssamın postimmiqrasiya dövrünün yaratdığı mənasızlıq və absurd hissi haqqında düşüncələri nəzərdən keçirməsini ehtiva edir və müəllifin hazırkı subyektiv reallığını vurğulayır.
Sərgi, bütövlükdə tamaşaçıya söylənilən şəxsi monoloq olsa da, ekspozisiya boyunca rəssam, süni intellektlə daimi dialoqdadır. Bu dialektikada süni intellekt bir növ həll yolu göstərən bələdçi rolunu oynayır və müəllifin absurd içində məna axtarışları, habelə sorğu-suallarını müşayiət edir. Süni intellekt müəllifin demək olar ki, bütün addımlarını diktə edir. Bu göstərişlərin çox halda irrasional olmasına baxmayaraq, rəssamın onlara əməl etməsi, kənar güclərin və vəziyyətlərin onun özünüdərkinə və həyatına necə təsir göstərdiyinə, hətta idarə etdiyinə işarə edir. Sərgidə rəssam tənqidi sual ortaya qoyur: "Özümüzdən asılı olmayan hadisələrə kortəbii təslim olaq, yoxsa mübarizə aparaq?"
Maksim Tatarintsev süni intellekt ilə qarşılıqlı əlaqə qurur və bu qarşılıqlı əlaqənin imkanlarını, həmçinin məhdudiyyətlərini nəzərdən keçirərək, süni intellektin sürətli inkişafının mümkün nəticələrini tədqiq edir. Beləliklə, sərgi etika və məsuliyyətlə bağlı suallar doğurur, realın qeyri-realdan, əslin saxtadan ayırmağın get-gedə müşkül olduğunu vurğulayır.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
BİRİ İKİSİNDƏ – Nizami Bayramlının şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbəNizami Bayramlınındır.
Nizami BAYRAMLI
MƏHKƏMƏ
Mən də insanam, möhtərəm hakim,
mən də insanam,
sizin məni təsəvvür etdiyiniz qədər yaradılmışam,
bəlkə də, elə qarşınızdakı, kağızda göstərilən cinayəti
etmək üçün doğulmuşam.
İndi sizə möhtərəm deyəcək qədər acizəm,
Acizliyimi sübut edəcək qədər çarəsiz…
bilmirəm ki, nədən başlayım…
atamın üç oğlu,
mənim isə cəmi üç günahım var.
Yəni mən atamın kiçik,
özümün böyük günahıyam,
oğurluğumu üzərimə götürüb,
doğruluğumu sübut edirəm deyə,
bu gün cəza kürsüsündəyəm.
Möhtərəm hakim,
dünya bir körpənin üzündəki təbəssüm boyda kədərdən ibarətdir,
kədər isə nələrdən ibarətdir, onu nə qanun,
nə də siz bilirsiz.
Cəza kürsüsündə olanlar, Tanrının belə sevindiklərinə kədərlənirlər!
Təəssüf hissi keçirmirəm, ona görə ki,
cinayətimin cəzasını özüm çəkirəm,
cəzam qədər cinayətim olmadığı üçün
təəssüf hissi keçirirəm, möhtərəm hakim!
Əgər sizin yerinizdə olsaydım,
susardım, hakim…
susardım…
TUT AĞACI
Yadımdadı uşaqlığım,
bir ağac vardı həyətimizdə
atamın nifrət etdiyi,
mənim kölgəsinə oynadığım,
anamın özünü asdığı,
qardaşımın baxıb ağladığı.
Kiminin qəzəbi,
kiminin sevinci,
kiminin ölümü,
kiminin göz yaşı idi bu ağac.
Atam sevgisini
mən oyuncağımı,
anam həyatını,
qardaşım anasını itirmişdi…
Bir gün evimiz o qədər soyuq idi ki,
atam o ağacı kəsib odun elədi.
Mən onda anladım,
atamın anamı unutmadığını.
O gün atam anamı
biryolluq qaytardı evimizə,
silib həyətimizin xatirəsindən.
YARIMFİNAL
Fikirli olarsan,
Gəlib ayağının yanından keçər başına dəyməyən daş.
Deyirəm ki, kaş Edison lampanın yerinə başqa bir şey icad eləyərdi.
Onun dövründəki insanların dərdi
İşıq deyildi.
Fikirli olarsan,
Sənə fikir verməzlər-əlifbanın sonuncu hərfi kimi yavaş səslənərsən.
Həvəslənərsən-dünyanın qurduğu oyunların tələsinə düşmək üçün.
Bir də görərsən ki, yarımfinaldasan.
Fikirli olarsan,
Fikrində olanların qurbanına çevrilərsən.
Sol çiynindəki mələklə başın söhbətə qarışar.
Sağ çiynindəki mələk danışar öz-özünə.
Qulağına səs gələr-kaş ki, toplananların yerini
dəyişəydim.
BU EVDƏ 10 NƏFƏR YAŞAYIRDI
Kəndimizin mərkəzində yerləşir bu ev.
Bir vaxt insanların,
İndi isə sükutun daha çox danışdığı otaqları var.
Saat əqrəbinin çıqqıltısının eşidilmədiyi,
Səs-küyün otel bilib yaşadığı bu evdə
10 nəfər yaşayırdı!
Əvvəl bir müəllimim gəlin köçdü,
Sonra bir müəllimim öldü bu evdə.
saatın əqrəbinə fürsət yaratmaq üçün
Dəridən-qabıqdan çıxdı bu evin adamları.
Pəncərələri belə tənhalıqdan bezib,
Bar-bar bağırır küləyə.
Adamsızlığın soyuqluğundan zəlzələni bəhanə edir,
Tir-tir əsir şüşələri.
Sobası üşüyür, qapısı darıxır,
Diqqət mərkəzindən nə qədər uzaqda olsa da,
Kəndimizin mərkəzində yerləşir bu ev.
Müəllimimin ölümündən dərs götürmüşdü özünə,
Kərpic-kərpic tikilmişdi,
Misra-misra sökülür.
MONİKA, PƏLƏNGİN BAŞINI ÇEVİR
Unutmaq fərziyədir, unudulmaq qorxudur,
Reallıq yaşamaqdır, istəməklə düzəlir.
Düşünmək ehtirası həqiqətdən yaranan
Ümid bataqlığıdır.
Dünya, günəşi söndür, yandır qaranlığını,
Görək kim tez unudur, görək kim kimi sevir…
Monika, pələngin başını çevir!
Gələn də bir daş atır, gedən də bir daş atır,
Otağın mənzərəsi səssizlikdən pozulur.
Yaşayanlar öldürür, öldürənlər yaşadır,
Kim yadına salar ki?
Ziyarətdən yetimdir, yüz ildir bir ölümdən
Tanrı da qoruyammır xaraba qalmış evi…
Monika, pələngin başını çevir!
Bizim həyatımızı iki yerə bölüblər,
Görünən tərəfində biri var, biri yoxdur.
Ömür başlamamışdan almalar çürüyüblər,
Nuş olsun yeyənlərə!
Tök daşı ətəyindən, çıxma daha quyudan,
Get, öldürmək istəsən, balaca şüşədədir.
Bəlkə, milyon nağıldan xilas edəsən divi…
Monika, pələngin başını çevir!
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
Sevdim onu cəsədim boyda qazılacaq qəbrim kimi... - FƏRİDƏ LƏMANIN 70 YAŞINA
Tahirə Ağamirzə, “Ədəbiyyat və incəsənət” üçün
Filologiya üzrə fəlsəfə doktoru, dilçi alim, Prezident mükafatçısı, AYB-nin və AJB-nin üzvü, şairə, publisist, 60-dan çox kitabın müəllifi, “Tərəqqi” medalı mükafatçısı Fəridə Ləman şərəflə yaşadığı ömrünü büsbütün Vətəni sevməyə həsr edib və onun ağrısını öz ağrısı, sevincini öz sevinc bilib və bilir.
Fəridə xanım Vətəni sevməkdən yorulmur. Hələ jurnalist kimi fəaliyyət göstərdiyi vaxtlarda vətənpərvərliyi ilə tanınan və sevilən şairə sonrakı illərdə də Azərbaycan poeziyasına əsrarəngiz şeir nümunələri bəxş edərək düşmənlə qələmi ilə döyüşüb, Vətən ətirli şeirləri ilə sevdirib gənclərimizə Vətəni. Canını Vətən yolunda qurban edərək şəhidlik məqamına ucalan oğullarımızı bir ana kimi bayatıları ilə oxşayıb, əzizləyib və onlarla qürur duyub.
Fəridə Ləmanın şeirinə onlarla musiqilər bəstələnib, kompozisiyalar həsr edilib. Onun yaradıcılığını dərindən izləyən və sevən ədəbiyyatımızın görkəmli nümayəndələri şairənin haqqında onlarla şeir yazıb. Fəridə Ləman həm jurnalis kimi, həm şairə kimi, həm də əsl Azərbaycan xanımı, ziyalısı kimi sevilir. Dosta sədaqəti, vəfası, mərdliyi ilə hər birimizin sevimlisinə çevrilib. Şairənin yaradıcılığı təkcə Azərbaycan poeziyası ilə bitmir. O, eyni zamanda ölkəmizdən kənarda da istedadlı şairə kimi tanınır və şeirləri oxucular tərəfindən dərin rəğbətlə qarşılanlr. Fəridə xanımı sevdirən həm də onun öz mövqeyidir, möhkəm əqidəsidir, dövlətə, dövlətçiliyə, torpağa sədaqətidir. Mənim üçün özəl və dəyərli olan, qapısını ürəklə açdığım Fəridə Ləmana 70 illik yubileyi ərəfəsində möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıram.
Və “Ədəbiyyat və incəsənət” oxucularına onun bir neçə şeirini ərməğan edirəm.
SEVDİYİM VƏTƏN
Mən səni Ana bətnində
Sevmişdim,
Sonra Anamın qucağında,
Böyütdüyü ocağında.
Sonra da Əlifbamda,
Ana dilimdə adını
Dilimə gətirəndə,
Səni ürəyimdə
Ümid kimi bitirəndə.
Böyüdükcə hər yerdə
Səni gördüm-
Atamın şah duruşunda,
Mərd sözündə,
Qartal gözündə.
Nənəmin noğullu əlində,
Babamın qurşaqlı belində.
Anamın şükranlı dilində.
Təbiətin dağlardan əsən
Çiçək qoxulu yelində,
Çayların çoşqun selində
Sevdim Vətəni !
Böyüdüm ev-ev,
Məhlə-məhlə.
Sonra bir məktəb boyda,
Kənd boyda.
Sevdiyim Azərbaycan boyda.
Sevgim də böyüdü
Sevgilim oldu Vətən,
Hər yerdə əlimdən tutan.
Yellənən bayrağımı gördüm,
O yelləndikcə
Obamın, oymağımın varlığını gördüm,
Dünyanın düşmənin başına
Dar olduğunu gördüm.
Vuruldum rənglərin ahənginə-
Mavisinə, yaşılına, alına
Arıların pətəkdə balına,
Lalənin qara xalına.
Üzü haqqa yola alan
Sufi yoluna...
...Gördüm, Vətən deyib
Nəğməylə axan
Güzgülü bulaqları,
Gördüm, bin-bərəkətli yaylaqları.
Göylərdən yağış, qar ələyən
Buludlu piyalələri.
Şəlalar gördüm –mirvari gülüşlü,
Qulac hörüklərini dağlardan atan,
Bu gözəlliklər içində
Sabahımızı gördüm sevincə batan
Bax belə sevdim Vətəni !
Qayalarda ağac tək, gül tək bitəni
Anadil quşutək öz sevdasıyla
Gecə-gündüz ötəni.
Belə sevdim Vətəni –
Ömür sürdüyüm ocaq boyda,
Böyüdüyüm qucaq boyda
İçimdə sevgisi ilə nur saçan,
Çıraq boyda.
Milyonların baxışından
İçimə axan işıq boyda,
Üzlərdəki təbəssüm, yaraşıq boyda.
Gördüm onu qalaq-qalaq
Sevda ilə yazılmış kitablarda,
Nəğməli dodaqlarda,
Barlı budaqlarda.
Bu sevdayla yol aldım
Çığırlara, izlərə,
Milyonlara, yüzlərə...
Qalxdım təpələrə,
Oradan qayalara
Qoca dağlara, almaz qaşlı zirvələrə.
Baxdım üzünə qan çəkmiş buludlara,
Uçurumlara, dərələrə,
Nələrə, ah, nələrə
Keçdi gözümdən qanlı tarix,
Şanlı tarix.
Sevdim onu,
Qanını torpağına halal edən
Şəhidim kimi,
Azadlığım, əhdim kimi...
Yazılan taleyim, bəxtim kimi.
Bir də cəsədim boyda
Qazılacaq qəbrim kimi......
Sevdim səni, VƏTƏN !
VAR OL, MİLLİ ORDUM, BAŞ KOMANDANIM
Hər gün qələbəmdən yazacağam mən,
Günəş tək göylərdən doğacağam mən,
Zülməti beşikdə boğacağam mən,
Var ol, Milli ordum, Baş Komandanım!
Daha dik tutacam başımı hər an,
Yaşımı siləcəm ,ey qarı düşmən.
Bax, necə peşmansan, it təki peşman,
Var ol, Milli ordum, Baş Komandanım!
Azadlıq xoşbəxtlik, həm də qürurdur,
Xoşbəxtlər xoşbəxti bu Ana yurddur.
Çünki övladların igiddir, mərddir ,
Var ol, Milli ordum, Baş Komandanım!
Torpağın köksündən çatlar silinir,
Xoş xəbər alınca Torpaq dirilir.
Hər yanda ehtişam, sevgi görünür,
Var ol, Milli ordum, Baş Komandanım!
Öpür bayrağımı mehlər, küləklər,
Zirvələr tac edib, gülür ürəklər.
Çin olub arzular, ümid, diləklər,
Var ol, Milli ordum, Baş Komandanım!
Fəridə duaçın gündə beş dəfə,
Vur nadan düşməni, götür hədəfə.
Güldən şərbət süzək min-min qədəhə,
Var ol, Milli ordum, Baş Komandanım!
SALAM, GÖZƏL ŞUŞAM
Allaha şükürlər olsun, artıq bayrağımız Şuşada dalğalanır
Salam, gözəl Şuşam, bayrağım gəldi,
Dalğası düşmənin bağrını dəldi.
Milli ordum birə min qisas aldı,
Salam, gözəl Şuşam, salamlar olsun!
İsa bulağından payla şərbəti,
Topla nəmərini, topla xələti.
Odlar ölkəmizin tinət, zinəti,
Salam, gözəl Şuşam, salamlar olsun!
Kəs Cıdır düzündə qoç qurbanını,
Gör indən sonra da xoş növrağını-
Taleyin üzünə gün doğmağını,
Salam, gözəl Şuşam, salamlar olsun!
Fəridənin gözü sevincdən çeşmə,
Köksünə, qəlbinə ah, kədər çəkmə.
Qalx ayaq üstünə, bir daha çökmə,
Salam, gözəl Şuşam, salamlar olsun!
ZƏFƏR BAYRAĞI
Bir zəfər bayrağı sancdı zirvəyə,
Mənim igidlərim, mənim ərlərim.
Çökdü qarşısında əli uzunlar,
Hələ qarşıdadır al zəfərlərim!
Qurbandı canımız Torpağımıza,
Hər qarış tutyadır, Ana Vətəndir.
Soylu atalardan igid doğular,
Aprel döyüşləri bir imtahandır!
Titrədi torpağın, göyün ürəyi,
Dağların qoynuna səs-səda düşdü.
Vüqarla baxırdı dərələr, düzlər,
Buludlar yalvarıb ayağa düşdü.
Nə şirin dadın var, TORPAĞIM, sənin,
Ana qucağısan,yad məskən salmaz.
Yuz illər nifrətim vardı nankora,
Ölüncə bu nifrət bir an azalmaz!
Atalar öyünüb qürurlanırdı,
Şərəf imzasını atdı ordumuz.
Qisas yanğısı ilə elə yanırdı,
Arzu, muradına çatdı ordumuz.
Sınaqdan ağ üzlə çıxdı bu Vətən,
Analar sevincdən yaşlar tökürdü.
Ordumuz Rəbbimdən bir güc almışdı,
Yağının başına daşlar tökürdü.
Vətən övladları - şəhid balalar,
Halal Torpağında rahat uyuyun.
Qəhrəman oğullar qisas alarlar,
Bitər nəhayət ki, bu haqsız oyun!
Nə qədər Vətən var, qoyduğun yol var,
Köçəcək dünyadan minlər, milyonlar.
Aprel bahar fəsli, bahar arzulu,
Sizinlə anılacaq o günlər, anlar!..
Min şeir, min dastan yazsam da yenə,
Qələmim gücsüzdür bu hünər üçün.
Nə deyim, nə yazım, özüm bilmirəm?!
Fəridə qurbandı igidlər üçün!.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
Bu gün Naxçıvan Teatrı Bakıda çıxış edəcək
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrı bu gün Bakıda “Edama məhkumun son günü” tamaşasını təqdim edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa Teatr Xadimləri İttifaqında nümayiş olunacaq.
Qeyd edək ki dahi fransız yazıçısı Viktor Hüqonun əsəri əsasında səhnələşdirilmiş tamaşa Naxçıvan Teatrının 140 illik yubileyi münasibətilə hazırlanıb.
Səhnə əsərinin quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı isə Səyyad Bayramovdur.
Naxçıvanlılar sizi tamaşaya baxmağa dəvət edirlər, əziz bakılılar.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)
Ən asan mənimsənilən uğur formulları –MARTA BEKİN FORMULU
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Hər bir uğur zirvəsinə çatmış insanın öz spesifik, özünəməxsus uğur yolu olur. Amma bu yolları qət etmə maneralarından ən aparıcı xüsusiyyətləri seçməklə ümumi, oxşar bir uğur formulu yaratmaq mümkündür.
Hər bir kəs uğur qazanmaq istəyir. Kim istəməz yaxşı işi, gözəl güzəranı, kifayət qədər varidatı, nümunəvi ailəsi olmasın? Bütün bunların kökündə də öz uğur hədəfini düzgün vura bilmək dayanır.
Bu gün dünyanın lider dövləti olan ABŞ-da böyük bir şirkətə işə düzəlmək üçün öz CV-ni təqdim edən kefi kök bir gənclə səfalət və fəlakət girdabında boğulan Somalidə bir tikə çörək üçün istənilən ağır zəhmətə qatlaşmağa razı olan ac-yalavac bir gənc arasında yerlə-göy qədər fərq vardır, düzdür. Bu fərqi ayrı dövlət quruluşları, ayrı iqtisadi vəziyyətlər, geosiyasi ənənə və digər faktorlar zəruri edir. Amma bu gənclərin hər biri uğura can atır, bax uğur hədəfini bacarıqla vurmaq istəyi bu gəncləri haradasa birləşdirir.
Uğurun formulu nədir? Bayaq verdiyimiz sualı bir qədər də araşdıraq.
İlk öncə düzgün olan hədəfi seçmək lazımdır. Sənin biliyinə, qabiliyyətinə, sosial vəziyyətinə, mövcud şəraitə, perspektivlərinə hesablanmış ən düzgün olan uğur hədəfini seçə bilmək başlıca şərtdir. Düzgün seçim, ona uyğun düzgün planlaşdırma, qətiyyətlə, inadla irəliləmə.
Mən indiyədək müxtəlif elmi mənbələrə müraciət edərkən bir neçə maraqlı uğur formulası ilə tanış olmuşam. Onlardan biri məşhur amerikalı psixoloq və kouç Marta Bekin formulasıdır. Bu formula rast gəldiyim ən bəsit, ən rahat, ən yaddaqalan formula olduğu üçün ilk olaraq oxucularıma onun barəsində danışmaq istəyirəm.
Marta Bek tövsiyə edir ki, uğur qazanmaq üçün özünüzü elə aparmalısınız ki, sanki sizə heç bir uğursuzluq təhlükəsi yoxdur. Bundan sonra isə sizi qarşıda üç addım gözləyir:
1. Birinci addım susmaqdır.
Nə? Susmaq? Bəli, bəli, məhz susmaq!
Şəxsi problemləriniz, gələcək plan və perspektivləriniz barədə heç vaxt dostlarınızla, digər yaxınlarınızla danışmayın. Bununla siz özünüzü həm başqalarının ziyanlı məsləhətlərindən sığortalayacaqsınız, həm də uğursuz insanların həyatlarının acı əhvalatlarını eşidib yolunuzdan sapınmayacaqsınız.
2. İkinci addım əzmlə çalışmaqdır.
Tənbəllik, qətiyyətsizlik sizə yad olmalıdır, arzularınız üçün gücünüzü tam səfərbər edib çalışmalısınız, dözümlü, qətiyyətli, əzmli olmalısınız. Hər gün məqsədə doğru kiçik olsa belə bir addım atmalısınız.
3. Üçüncü addım oynamaqdır.
Oynamaq? Uğur formulasından danışarkən hansı oynamaqdan söhbət gedə bilər?
Monoton, ağır iş istənilən insanı əvvəl-axır yorur. Yorğun halda işləmək isə həm kəmiyyətə, həm də keyfiyyətə mənfi təsil göstərir. Elə ki yorulduğunuzu hiss etdiniz, dərhal işdən ayrılıb fasilə edin və oynayın. Amma söhbət ənənəvi stolüstü oyunlardan, yaxud indi stixiya şəklini almış kompüter, mobil telefon oyunlarından getmir. Söhbət təxəyyül və düşüncə oyunundan gedir. Arzuladıqlarınızın hamısının xəyalınızda rəsmini çəkin. Özünüzə arzular kollajı düzəldin. Xəyalən arzularınıza qovuşun. Bu, sizə o qədər stimul verəcək, sizə o qədər enerji bəxş edəcək ki. Bax bu enerjini hiss edəndə isə yenidən öz uğurunuza doğru addımlamağa davam edin!
Marta Bekin uğur formulası cəmi bu üç addımdan ibarətdir və qeyd edim ki, məşhur psixoloq bu uğur formulasını öz şəxsi yaşantıları, keçdiyi uzun və təlatümlərlə dolu yola istinadən yazıb.
Və dərhal da bir insanın həyat təcrübəsindən yaranan fərdi uğur formulası nümunəsindən sonra sizə minlərlə insanın həyat təcrübəsindən yaranan kollektiv uğur formulu nümunəsi təqdim etmək istəyirəm. Çünki, əziz oxucu, biləsiniz ki, uğurlu insan olmaq, lider olmaq təlimlərinin hamısı, ümumən bütün motivasiya ədəbiyyatı ya bir nəfərin öz şəxsi həyat təcrübəsinə əsaslanan avtobioqrafik səciyyə daşıyır, ya da bir neçə nəfər barədə olan araşdırmalardan qaynaqlanır.
Sabah növbəti uğur formulunu təqdim edəcəm.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)