“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İsti yay günlərində kitab təqdimatları bir ayrı zövq gətirir. Xüsusən, əgər bu kitablar maraq doğuran kitablardırsa, sanki qızmar havaya bir sərinlik ələnir.
İçərişəhərdə yerləşən Mir Cəlalın ev muzeyində Ədibin Evi Ədəbiyyata Dəstək Fondu yazıçı Varisin “Gecə reysinə bilet” kitabına təqdimat mərasimi keçirdi - “Gecə reysinə bilet” hazırda dünyada ən çox tələb olunan non-fikşn janrında yazılıbdır.
Bu məkanda keçirilən hər bir tədbir yüksək təşkilatçılığı və hədsiz maraq doğurması ilə fərqlənir, bu dəfə də belə oldu. Görkəmli ədib Mir Cəlalın dünyaca məşhur “Bir gəncin manifesti” romanını bir vaxtlar məhz bu evdə yazması isə burada təqdimatı keçirilən kitab və müəllif üçün əlbəttə ki, böyük məsuliyyət hissi doğururdu.
Ədibin Evinin icraçı direktoru Şəfəq Mehrəliyeva tədbiri açaraq kitab və kitabçılıq, ən çox oxunan kitab janrları, ümumən günümüzdə ədəbiyyatın rolu barədə ümumi məlumat verdikdən sonra təqdim olunan kitabın janrı, məğzi və mesajları barədə danışdı, daha sonra sözü müəllifə verdi. Yazıçı Varis romanın yazılma səbəbləri, qeyri-adilikləri və ilk uğurları barədə söz açdı.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, əməkdar jurnalist Nadejda İsmayılova, Bakı Dövlət Universitetinin professoru Təhsin Mütəllimov, Mərmərə Universitetinin müəllimi, ədəbiyyatşünas Mehdi Gəncəli əsərin qəhrəmanı olan böyük tarixi şəxsiyyət - XX əsr SSRİ-nin və Azərbaycanın görkəmli dövlət xadimi Musa Əliyevdən bəhs etdilər, onun ədəbiyyatda yaradılmış ilk bədii obrazının uğurundan söz açdılar.
Qeyd edək ki, Varisin “Gecə reysinə bilet” romanı 2024-cü ilin dekabrında Moskvada “İSP” nəşriyyatında 5000 tirajla işıq üzü görüb. “Müasirlər və klassiklər” adlanan nüfuzlu vintaj seriyadan nəşr edilən roman dərhal böyük ajiotaj yaradıb, tezliklə də təkrar nəşrə gedib.
Romana Rusiyanın tanınmış ədəbiyyat xadimləri yüksək qiymət verməkdədirlər. Maksim Burdin Nəşriyyat Evinin kreativ direktoru Yelena Burdinanın fikirləri bu cəhətdən səciyyəvidir: “Əsərlə tanış oldum. İncədir. Valehedicidir. Dərindir”.
Təsadüfi deyil ki, roman 2025-ci il Moskva Ədəbiyyat Mükafatı-biennalesinin şort listinə daxil edilib.
Rəyçisi Beynəlxalq Slavyan Maarifçiliyi Kiril-Mefodiy Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Momontov olan kitab bu günlərdə Bakıda, “Yazıçı” nəşriyyatında Azərbaycan dilində işıq üzü görüb.
Əlavə olaraq, romanın fəsilləri Moskvada “Rossiyskiy kolokol” və Bakıda “Literaturnıy Azerbaycan” dərgilərində dərc edilib.
“Gecə reysinə bilet” romanı həyatın dibinə düşmüş Nazim adlı bir gəncə sonradan örnək olan və onun xilasına çevrilən bir ömür yolundan – Musa Əliyevin həyat və fəaliyyətindən bəhs edir. Bu fəaliyyətdə həm Azərbaycanda neft daşları epopeyasının banisi olmaq, ilk dəfə respublikanın zəngin faydalı qazıntı yataqlarının xəritəsini hazırlamaq, Səməd Vurğun və Mirzə İbrahimov kimi şöhrətli yazarları Stalin repressiyasından xilas etmək, həm İkinci Dünya müharibəsində Moskvanın müdafiəsinin, neft üzrə kadrların yetişməsinin əsas fiqurlarından birinə çevrilməklə faşizm üzərində Qələbəyə misilsiz töhfələr vermək, həm Əlcəzairdə Saxara neft yataqlarını kəşf etməklə Əlcəzair xalqına rifah, sərvət bəxş etmək və daha nələr, daha nələr dayanır. Həqiqətən, milyonların örnək götürəcəyi bir ömür yoludur Musa Əliyevin ömür yolu.
Kitabda Musa Əliyevin Mir Cəlal Paşayevlə sonradan qohumluğa çevrilən dostluğu barədə də söz açılır.
Son çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev xalqına və dövlətinə xidmət etmiş görkəmli şəxsiyyətlərin haqqını verməyin, onları təbliğ edərək gənc nəslin tanımasına şərait yaratmağın vacibliyini vurğuladı, mənəvi dəyərlər zənginliyinin bir insanın formalaşmasında rolundan bəhs etdi.
Tədbir iştirakçıları arasında Mir Cəlalın qızı, Bakı Dövlət Universitetinin professoru Ədibə Paşayeva, Mir Cəlalın və Musa Əliyevin nəvələri Cəmilə Paşayeva, “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarə heyətinin sədri Rüfət Mahmud, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, “Qazax-Xeyriyyə” İctimai Birliyi sədrinin müavini Puşkin Əhmədov, yazarlar Aqşin Yenisey, Sənani Quliyev, İntiqam Yaşar və digərləri də var idi.
Tədbiri Azərbaycan Milli Konservatoriyasının tələbə və müəllimlərinin musiqi nömrələri bir qədər də zənginləşdirdi.
Sonda müəllif tədbir iştirakçıları üçün kitabını imzaladı, xatirə fotoları çəkildi.
Tədbirdən sonra məkana sükut çökdü. Amma müvəqqəti. Ədibin Evi Ədəbiyyata Dəstək Fondu əlbəttə ki, tezliklə növbəti tədbirini keçirəcək, Mir Cəlal ocağının qonaq-qarası heç vaxt əskik olmayacaq.
“Ədəbiyyat və incəsənət”
(07.07.2026)


