“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Dilarə Adilgilin Pərvinin yaradıcılığı barədə yazısı şeirləri təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
DİLARƏ ADİLGİL
“VƏZİYYƏT AZƏRBAYCANCADIR”
Belə başlayım... Bəlkə, belə? Yox, belə.
“Bütün qadın yazıçılar bir-birinə bənzəyir. Amma (burada 3 nöqtənin də yeri var...) hərəsinin ədəbiyyata öz yanaşması var”. Bu, bir paralel aparmaq deyil. Sadəcə, dünyaca məşhur sitata bir alternativ, parodiya cəhdidir. Tarix boyu qadın yazıçılar, ən çox elə həmin Avropanın mərkəzində... olmazın diskriminasiyalara məruz qalıblar. Qadınları ciddi ədəbiyyata yaxın qoymur, uşaq ədəbiyyatı və tərcüməçilik fəaliyyəti ilə məşğul olmağı tövsiyə edirdilər. Lakin onlar maneələrə təslim olmurdular. Fizik-lirik Sofya Kovalevskaya, kar-kor-lal Helen Adams Keller, öz ciddi əsərlərini məcbur kişi adı altında tanıdan, ölümlərindən sonra qəbul edilən daha neçə-neçə qadın yazar...
Bu gün vəziyyət hər sahədə olduğu kimi, ədəbiyyatda da başqa şəkil alıb. Daha qadınlar cəmiyyətin diktələrinə tabe olmur, ədəbiyyatda nəinki sıxışdırılmır, əksinə, kitablarının satışına, aldığı nüfuzlu mükafatlara görə liderlik də edirlər. Elə C.K.Roulinq və onun 500 milyon nüsxə ilə satılmış, gətirdiyi qazanca görə tarixdə 4-cü yerə çıxmış “Harry Potter” seriyasını göstərmək kifayətdir.
Həmin tendensiya bizdə də keçərlidir. Şərqi Avropa ilə Qərbi Asiyanın sərhədində yerləşməyimizdən başlamış, milliliyi qorumaqla multikultural və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sahib olmağımızla yanaşı, gender bərabərliyinin təmin edilməsində də nəticələr göz qabağındadır. Zamanla ədəbiyyata yeni-yeni qadın yazarlar gəlir, modernizmin, postmodernizmin kişi yazıçıların aşa bilmədiyi “elə dərinliklərinə baş vururdular ki,” bundan da qazanan ədəbiyyat olur.
Elə isə... Düma-atanın qanad açıb dünyanı gəzən “şerşe lya fam” ibarəsinə başqa don geyindirib o qadınlardan birini “axtaraq”... Yazıçı, dramaturq, esseist, publisist, jurnalist, köşə yazarı, layihələr müəllifi, tədqiqatçı, pedaqoq... Pərvin Nurəliyevanı. Elə Pərvinin gənc olmasına baxmayaraq, aldığı mükafatları ilə axtarışa versək, (məsələn, Gənclər üçün Prezident Mükafatı (29 yaşında) hədəfə daha tez çatmış olarıq. Ümumiyyətlə, onun gördüyü işlər, “yazdıqları yaşını qabaqlayır” (Akademik İsa Həbibbəyli).
Beləliklə...
Pərvin Nurəliyeva yaradıcılığa kiçik hekayələr, esselərlə başlamışdır. Yeni başlanğıclarla ədəbi aləmə atılan gənc yazıçının fəaliyyəti rəngarəng və məhsuldardır. Hekayələri rus, türk, latış, litva dillərinə tərcümə olunaraq müxtəlif xarici dərgilərdə yayımlanmışdır. Xalq yazıçısı Anarın yaradıcılığına həsr edilmiş “Anar dünyası” esselər kitabının müəllifidir. Professor Cahangir Məmmədli yazır: “Pərvin bu əsəri yalnız Anarın oxucuları üçün, Anar yaradıcılığına tam bələd olanlar üçün, öz aramızda qalsın, lap elə mənim üçün yazıb”. (Elə mənim üçün də! – D.A.) Onun “Anar yaradıcılığında zaman və insan” adlı dərs vəsaiti Xalq yazıçısının 85 illik yubileyinə müəllif ithafı, Anarşünaslığa böyük töhfədir. Kitabda yazıçının bioqrafiyası, ayrı-ayrı əsərlərinin vəhdət şəklində təhlili ilə həm sovet, həm müstəqillik dövrü Azərbaycan ədəbiyyatı tarixinin mənzərəsi canlanır. Pərvin nədən, kimdən yazırsa-yazsın, onun yaradıcılığının son ünvanı və baş qəhrəmanı Anardır! Çağdaş ədəbiyyatımızın yaşayan klassiki, sənətə gəldiyi gündən orijinal imic sərgiləyən, seçilən, sevilən, hər zaman üzdə, gözdə, sözdə olan Anar! Obyekt, düşüncə, maraq, təhlil – hansı tərəfdən baxılarsa... Hətta rus ədəbiyyatının gümüş dövründən danışanda da tərcümə Anardandır:
Uğultu kəsildi. Səhnəyə çıxdım
Yapışıb qapının çərçivəsindən.
Eşitmək istərəm aqibətimi
Kiminsə uzaqdan gələn səsindən (B.Pasternak).
Mətnin teatrallığı (şeirin adı “Hamlet”dirsə...), tərcümənin parlaqlığı ilə yanaşı, Pərvinin zövqlü seçimi də bir-birini tamamlayır və yerinə düşür. Yazıçı “Anar dünyası”nın “təkamül xəttini” izlədikcə tədqiqatın miqyası da genişlənir. Bu Anar – ümumbəşəridir, dünyəvidir, amma həm də heç olmayan kimi millidir! “Milli dəyərlərin tərənnümü” bölümü bu qənaəti ortaya qoyur. “Anar yaradıcılığında janr müxtəlifliyi” kitabı tədqiqatçı-yazıçının illərlə yorulmadan apardığı araşdırmalarının məcmusudur. Tənqidçi Vaqif Yusifli yazıçının nəsrindəki lirikanı ilk dəfə tədqiq obyektinə elə Pərvinin gətirdiyini vurğulayır, Anarın nəsrinin “öz səciyyəsi etibarilə fəlsəfi-psixoloji olduğu qədər də lirik” olduğunu qeyd edir.
Anarın şeir həvəsini, ara-sıra “uydurmağını” “Azarın da beləsi...” adlandıran Pərvin yazıçının “qeyri-adi lirik parçaları”na “müxtəlif yönlərdən” yanaşır: “Kədər, qüssə, tənhalıq, bir az özünə ironiya, azacıq zarafat, yüngülvari şikayət motivləri, üstü basdırılmış duyğular” və daha hansı bucaqlardan...
Əslində, bu şeirlər, yazıçının özünün təvazökarlıqla dediyi kimi, həvəs də, azar da deyil... Olub-bitənlərə reaksiya, bir münasibət, ovqat, pristup, tələbatdır. (Hətta bəzilərinə dua etmək də olar). Bəzən qəzəl, bəzən bayatı üstündə... Bəzən də:
Minarəli İstanbulda
Hər gün Bakı düşər yada.
Könül istər bu həsrətə
Kədərli bir nəğmə qoşa...
P.Nurəliyeva eləcə də, Anarın 12 kitabının redaktoru olmuşdur. (Anar da “borclu” qalmamışdır. Azərbaycan ədəbiyyatının “gəlmiş-keçmiş ən seçkin yazarlarından biri olan”, “hər adam haqqında qələm işlətməyən” Anar Pərvinin üç kitabına ön söz yazıb). Pərvin Ustadı barədə belə deyir: “Arzu edirəm ki, yazıçı çox yaşasın, çox yazsın, oxucularını hər zaman sevindirsin”. Pərvinin həmçinin Türkiyədə “Çağının önündə bir yazar: Anar” adlı kitabı da işıq üzü görüb. “Anarla söhbətlər” isə P.Nurəliyevanın yazıçının yaradıcılığını incələdiyi sayca altıncı kitabıdır. Ustadın 85 illiyi münasibətilə yazılmış “Yaşamaq zamanı – yazmaq zamanı” yubiley yazısı Pərvinin Anar yaradıcılığına duyduğu həssaslıq, təəssübkeşlik və pərəstişin bir parıltısıdır. Məqalədə Anarın, həqiqətən, bir qədər unudulmuş “O gecənin səhəri” hekayəsi xatırlanır. Doğrudan da, Anarın lirik hekayələrinin arxasında bir qədər görünməz qalıb. Mənimsə çox yaxşı yadımdadır. “Yağış kəsdi” adlı nazik bir kitabda oxumuşdum. Hekayə “yaşanacaq və yazılacaqların əsası, təməli” qoyulan 37-ci ilin qaranlıq gecəsi, işıqlı səhəri haqqındadır. Həm də o gecə dünyaya gələn uşaq haqqında! “Bu əsər müəllifin həyata, zamana, insana baxışının kodlarını gizlədir. Hər gecə bir evinin qapısı döyülən binanın sakinləri dövrün simvollarıdır” – deyir Pərvin. Bir də həyatın və yaradıcılığın bir-birinin davamı olmasının istisnasızlığıdır...
“Serpantin”də Rərvinin hekayələri və “Mən öləndə ağlama...” bir pərdəli monopyesi yer almışdır. Kitabın anonsunda deyildiyi kimi, burada nə “böyük” adamlar var, nə də dünyanın qlobal problemləri çözülür. Dünya ədəbiyyatında rast gəlinən başlıq olsa da, hər müəllifdə başqa məzmun, məna kəsb edir. Kiminin “Serpantin”i ilkin mənasına uyğundur, kiminin də fikri-zikri serpantin cızır. Sonra da... “təkidlə” deyildiyi kimi: Dəyər! “Çünki orda SƏN varsan!” Çünki “Pərvin qəhrəmanlarını, obrazlarını uzaq-uzaq əlçatmaz yerlərdən axtarıb tapmır. Onlar ətrafımızdadır, çoxları ilə gündəlik salamlaşır, hal-əhval tuturuq”, onlar bizim içimizdədir. Və Ustad Anarın dəqiq müşahidəsi ilə gənc yazıçının hekayələrində pis adam, mənfi obraz, demək olar ki, yoxdur... Pərvinin yazıçı istedadı ondadır ki, oxucunu yaşından asılı olmayaraq, oxuduğunun elə onun haqqında yazıldığına inandırır, qəhrəmanın yaşadığını yaşatmağı bacarır. Ya da həmin müvəffəqiyyətlə heç dəxli olmayan adamların həyatına daxil edib onların ağrı-acısına şərik edir.
Qar motivləri dünya ədəbiyyatında, elə özümüzdə də güclü ədəbi priyom, simvolika kimi geniş yayılmışdır. Hansı konteksdən baxılsa, mövzu həm müəllifin ruh halını, qəlbinin durumunu əks etdirir, həm də ideyaya sirli-sehrli hava verir. Pərvinin “Qar yağacaq” hekayəsinin bu “qarlı” siyahıya yaraşdığını düşünürəm. Özünə heç nədən problem yaradan qəhrəmana çörəkpulu dilənən balaca qız “dərs” verir... 50 qəpiklə, qar proqnozu ilə xoşbəxt olub mahnı oxuyan qızcığaz... “Sabah qar da yağsa, belə olacaq. Məhz onun üstünə soyuq yox, ilıq qar dənələri qonacaq. Hələ, bəlkə, o ilıq qardan isti Qar adamı da düzəldəcək...” Hekayənin sonunda yağacaq qarın soyuğu isindirir, “içini ümidlə doldurur”, işığı oxucunun gözlərini qamaşdırır. Anar da “Ön söz”ündə elə bu işığı deyir. Pərvinin qələminin ucundan süzülüb ətrafa yayılan həmin işığı. Bir də... gənc həmkarının hekayələrini K.Monenin “Duman və tüstüdəki mənzərə”ləri ilə müqayisə edir.
Pərvin Türkiyədə də çap edilir, oxunur, tanınır. “Piqmalion”, “Xalis xilas”, “Dəniz aptek”, “Ala qarğa”, “Kəfən pulu”, “Yollar yorğunu” və b. hekayələrinin toplandığı “Hava limanı” yazıçının qardaş ölkədə işıq üzü görən sayca beşinci kitabıdır. Yazıçı-tərcüməçi Enver Aykol onun yaradıcılığını “Azərbaycan ədəbiyyatında modern və lirik bir səs” adlandırmışdır.
Bir neçə kəlmə də yazıçının orijinal üslubu, ondan da orijinal təhkiyəsi, dili barədə. “Qəribədi, yağışın özündən qabaq səsi yağırdı”. Təsəvvür etməyə, eşitməyə çalışdım... “Çiyinləri çökdürən məsuliyyət...” isə elə bil “çiyinlərinin ətini yeyib” xalq deyiminin bədii tərcüməsidir...
“Vəziyyət ruscadır” qeyri-azərbaycanlının heç cür anlamayacağı, çox çalışılsa belə, mənasına varmayacağı koloritli ifadədir. Yerli “brendimiz”dir. “Qurban olum”, “İslam zəifdir” kimi… Adını oxuyub içini mərak etdim. Ciddi müəllif annotasiyası mündəricəni açsa da, adından bir ipucu vermirdi. Ta kitabı açıb içinə daxil olana qədər… Kitab XIX-XX əsr rus ədəbiyyatından seçmələr haqqında məqalələr toplusudur. Dünyanın xaos yaşadığı bir zamanda (əsər karantində yazılmışdı ha!) dünyanı dəyişdirəcək nəsnələrdən biri sayılan kitab yazıçını xilas edir, yaşamaq mübarizəsini ədəbiyyatın gücü ilə daha asan adlatmağa çalışır. Necə deyərlər, qadın oxumağa yeni bir şey tapmayanda onu oturub özü yazır…
Jurnalist Əflatun Amaşov yazır: “Esselər kamil oxucu üçündür. Sıravi oxucunun çəkəcəyi səbirsizlik indidən onun başı üzərindədir”. Doğru xəbərdarlıqdır. Tanış, mənim də yaşadığım duyğudur; birdən başa düşməzlər... Məsələn, Pərvin yazır: “yazdığın sənət deyilsə, ağaclar heyifdi”... Belə olanda aqillərdən birinin sözü yada düşür: “Başa düşməyən gedib axtarsın. Biz anlayanlar üçün yazırıq”.
Birinci bölmə “rus poeziyasının günəşi”nə həsr edilmişdir. Müəllifin iddiasına görə, “İstedadlı adam (Burada Puşkin – D.A.) zamanın bütün xoş və bəd sürprizlərini öz səviyyəsində qəbul edir, yaşayır”. Ardınca da əlavə edir: “Təxminən həftə səkkiz, mən doqquz, dünyada yeni xəstəliklər, epidemiyalar, pandemiyalar yaranır, Puşkin yaranmır...” Sonra Rərvin, inersiya ilə “Zəmanə adamı”na keçir. Rus nəsri yenilənib, dəyişib, inkişaf etdikcə “sürrealist əsərlər yazılır”, “Qoqoldan danışacam” deyir, “Burnun”dan... (Burada məzəli smaylik qoymaq istədim). Təbii ki, “Burun” povestindən…
Bu yerdə dayanmaq və “Vəziyyət...”in böyük əmək və zəhmət hesabına əmələ gəldiyini deməyə bir ehtiyac duydum. Əsər içində əsər, mövzudan doğan mövzu, obyekt və subyektlərin masştabı, vaxtaşırı tarixin, coğrafiyanın yerində müdaxiləsi, daha nələr, kimlər? “Görəsən, müəllif belə fundamental mövzunun əl-ayağını necə yığıb?” təəccübü də keçdi düşüncəmdən. “Rus ədəbiyyatının gələcəyi onun keçmişidir” qəddar deyimini xatırladan yazıçı həm də “daşları” yerinə qoyur. Pardon... Sözləri, məqsədi, mənanı, ideyanı. Səbəb və nəticəni.
“Vəziyyət ruscadır” bir baza, ensiklopedik vəsaitdir. Amma quru yox. Bədii, süslü-püslü, izahlı, səni “qızıl”dan “gümüş”ə aparan sehrli bir kitab. Bu arada “qızılı gümüşə dəyişmək də qanunauyğun görünür”müş.
Pərvin bir esseistdir. (yeri gəlmişkən, bizim ədəbiyyatda esseni bir janr kimi tanıdıb-sevdirən elə Anar olub). Yazıçı Rəşad Məcid müəllifin “Sevdim səni” kitabı haqqında söz deyərkən bu esselərin əvvəlkilərdən tam fərqli olduğunu, “şeirlərə esselərin yazılması” nümunəsinin ilk dəfə Pərvinin yaradıcılığında göründüyünü bildirir. Topludakı esselər oxucunu “ovqatdan ovqata” salır, çünki yazıçının ovqatının həm situativ, bəzən keyfli, bəzən də təlx məqamları ilə üst-üstə düşüb. “Ədəbi mühitimizdə hələ ki sevgi şeirlərindən ibarət bir antologiya” çap olunmadığını deyən akademik İsa Həbibbəyli toplunun bu istiqamətdə açdığı cığırı yüksək dəyərləndirir. Pərvin özü bu kitabı “525-ci qəzet”də apardığı “Yüz gözəl sevgi şeiri” müəllif layihəsinin yekunu kimi qiymətləndirib ona böyük uğur gətirdiyini deyir. 14 fevral – Sevgililər Günündə daha çox satıldığından isə məmnunluq duyur.
“Balerina” insan və sənət probleminə həsr olunmuşdur. Kinopovest kimi nəzərdə tutulsa da, dramaturq Əli Əmirli mətnin dramaturji aspektlərlə zəngin olduğunu nəzərə çatdırır. Pərvin şeir yazmasa da, (hələ ki...) poeziyanı nəsrinə gətirməklə uğurlu “ikisi birində” nəticəsini əldə edib. “Balerina”nın az qala hər cümləsi gözəl bir şeirdir” (Emin Piri).
“Qadın olmaq” kitabı tarixdə məhz qadınlıqları ilə iz qoyan bir-birindən fərqli on məşhur qadın ömrü, taleyi, sənəti, nüfuzu, psixologiyası, sevgi macəraları, qəribəlikləri, əzabları, ağrı-acıya alternativi haqqındadır. “Dahi ayaqyalın”la (Aysedora Dunkan) başlanan kitab Marina Vladi, Jorj Sand, Qreys Kelli, Frida Kalo... kimi “ulduzlar”ın təzadlı olduğu qədər maraqlı həyat və sevgi hekayələrini şəxsi interpretasiyasında təqdim edır. Nəzərlərin dikildiyi, diqqətlərin kəsildiyi 10 qadın, 10 tale... Dünyada (məşhur, ya qeyri-məşhur) belə qadınlar yüzlərlə, minlərlədir. Lakin Pərvinin seçimi belədir. Hər birindən də Onda nə isə var. Hər hansı bir uzlaşma, estetika, cilvə, intonasiya, ştrix, aksent, impuls, inqredient... Avtoqraf. Bu çələngin son yarpağı “Qəlblərin kraliçası”, dəb ikonası, dünyada ən çox fotosu çəkilən Uels şahzadəsi Dianadır. Ən uğurlu insan belə, nə qədər ki həyatdadır, yaşayır, ona bəxtəvərlik vermək olmaz. Həyatın nə gətirib, nə götürəcəyini heç kim bilmir. Əsərin bir ideyası da budur... Kitab vahid xətt üzərində qurulmasa da, esselər ayrı-ayrı adamlardan bəhs etsə də, hamısını bir əsas amil, ideya birləşdirir; Qadın olmaq. Azad qadın olmaq. Nümunə olmasalar da. Nümunə, ideal kimi təqdim olunmurlar da. Sadəcə, necə varsa. “Balzak yaşlı qadın”ın fokusunda, dünyagörüşündə, demokratik və mühafizəkarlığında göründükləri kimi. Böyük istedadları, görüşləri, fırtınaları, sevgiləri, yaşadıqları dramlar, melodramlar, sürüşkən reputasiyaları, skandalları ilə. “Qəhrəmanlarımın hərəsi bir cəhəti ilə MƏNİMdir. Amma yazdıqca bu qadınlara meydan oxumağım da, səhvlərini tapmağım da olub... Bu da, görünür, qadın xisləti, eqosudur”. Müəllif qadın olmağın bir çox gizlin məqamlarından danışır. Düstur, resept vermir, “moral” oxuyub ağıl öyrətmir, bir çoxları kimi özündə olmayandan danışmır... Sadəcə, arada... “Qadına məktub” yazıb onunla dərdləşir. Yazıçılığın, analığın təməli Qadınlıqdır – deyir. Bu Qadın yazanda nəfəs alıb-verir, gücünü gözəllikdən alır, düşündüklərini ifadə edəndə rahatlıq tapır, kitabları oxunanda xoşbəxt olur, “etirazını, üsyanlarını yazılarında edir”. (“Elina xatirinə”) Övladının gülüşü içini işıqla doldurur. Sevgi onun üçün güclü antioksidantdır, “məşhurluq”, ”zirvə” kimi anlayışları qorxulu sayır, özü haqqında işlədilməsindən xoşlanmır, narsisizmi isə heç “künc”dən çıxmağa qoymur. Özünü aldatmağa da meyilli deyil. Pərvini oxucu ilə ortaq məxrəcə gətirən də bunlardır...
Pərvinin hər gördüyündə gözəllik axtarmaq duyğusunu xüsusi qeyd etmək istəyirəm. Ekskursiya aparan qadının da görkəmindən xarizma umur. Necə deyərlər, ocaq daşı da gözəl gərək...
Pərvinin yaradıcılığı ilə yaxından tanış olandan sonra bədii publisistikasının sırf bədii əsərləri ilə bir dalğada olduğu qənaətinə gəldim. Özü, personası, şəxsiyyəti içində olan əsərlərini nəzərdə tuturam. Həmrəylik naminə deyim ki, bu tərəfdən baxanda Pərvin mənə daha yaxındır, həm oxucu, həm yazıçı kimi. Mənə də çox deyirlər: “Çıx əsərin içindən...” Pərvin “təəssürat adamı” kimi gəzdiyi şəhərləri, gördüyü muzeyləri əsərlərinə gətirir. “Avropa: 4 şəhər, 5 muzey”, “Yağmurlu şəhərdən imisti anılar...” səfərnamələri bu qəbildəndir. Bu səfər xatirələri, yol qeydləri yalnız adıkeçən ölkələrin gəzməli-görməli yerlərini anlatmır, həm də səyahətçinin özü haqqındadır. Özünü ifadə, yeni mədəniyyətlərin, duyğuların, dadların, qoxuların kəşfidir. “Xəngəlli, xaçapurili restoranın bu biri başında qlamur şirniyyat hazırlayırlar”. Bu yay Avropada yediyim, ya indiyəcən heç yemədiyim desertləri necə tərif edəcəyimi bilmirdim. Yəni dadı, sunumu mənim lüğət dilimin üstündə idi. Nəsə xüsusi bir söz işlətmək istəyirdim. Al, iştə! Qlamur! Halallığını istəyirəm, Pərvin. Əsl halallıq elə sözə düşür.
Tbilisidə “Müsyö Yordan” adında kafe olduğunu da Pərvindən eşidirik. Və bu kafenin əbədi qonağı da Mirzə Fətəlidir, daha doğrusu, onun masaların birində yazıb-pozan mum heykəli.
“Yollar... Yollar” gəzi yazısı bizi “Oralar”a yox, Bərdəyə, Ağcabədiyə, Göyçaya aparır. Həmidə xanım Cavanşirin ata evinə, Anarın ata evinə gedirik. Pərvinin bələdçiliyi ilə.
Pərvinə araşdırmaçı-publisit kimi yanaşsaq, (bu özəlliyi də bəlli fəaliyyətinin önəmli sahəsidir) bir çox diqqət çəkən məqalələrinin (və müsahibələrinin) sistemli olaraq dövrü mətbuatda yer aldığını görərik. Xüsusilə “525-ci qəzet”də. (Müsahibə janrına gətirdiyi yeniliklər ayrıca mövzudur. “Müsahibələrində özü görünmür, həmsöhbətinin arxasında gizlənir” ki, bu da peşəkarlıqla etikanın vəhdətindən irəli gəlir).
“525-ci qəzet”də ardıcıl yazmağım mənə çox kömək olur” deyir özü də. Xalq şairləri Rəsul Rza və Fikrət Qoca, Xalq yazıçısı Mövlud Süleymanlı, akademiklər İsa Həbibbəyli, Zemfira Səfərova, Avrasiya Yazarlar Birliyinin sədri, məzunu olduğu Azərbaycan Dövlət Pedaqoji Universitet, (adı “Şanel-5”-i yada salan) “525-ci qəzet” haqqında və b. yazıları baxış sayına görə sosial şəbəkələrdə, necə deyərlər, reytinqlidir.
“Yazmaq ötüb keçən zamanı saxlamaq üçündür” – deyir Pərvin... Əslində, nə zaman keçib ki onun üçün? Lakin gənclik onunla xoşbəxtdir ki, gələcəyi var. Yazının qəhrəmanının timsalında isə... akademik İsa Həbibbəylinin obrazlı təbiri yerinə düşür: “Elə Pərvinin özünün də “ardı var”…
“Ədəbiyyat və incəsənət”
(14.05.2026)


