Vahid Əziz, Xalq Şairi
“Ədəbiyyat və incəsənət”
Aysel Fikrət, böyük dostum, gözəl şairimiz, bir neçə kitabımın redaktoru olmuş Fikrət Sadığın qızı. Şeirlərinin əsas dəyəri orasındadır ki, tapdığın obrazı axıra kimi izləyir, inkişaf etdirir, apara bilir. Poeziya üçün son dərəcə vacib olan xüsusiyyəti, əksər şairlər öz yaradıcılıqlarında bərqərar edə bilmirlər. “Yarım nağıl” adlı şeirinə heyran oldum. Buna görə də şeiri tam verirəm:
Yarım nağıl
Övladı idik iki mələyin,
Qardaşlarım,
Məlikməmməd,
Məlikəhməd,
Məlikcümsüd, bir də mən.
Böyüdük!
Saçlarından, kəndir düzəltdi anam,
Atam gözlərindən yol çəkdi,
Yola düşdük.
Anam arxamızca su atdı,
Su üstünə qayıtdı,
Biz də qayıtdıq.
Üzümüzü yolda qoyub qayıtdıq,
Məlikməmməd qardaşımı,
Dumanda, sisdə qoyub qayıtdıq.
İntizarlı gözümüzlə,
Alınmayan arzumuzla.
Bilmədik nə fəsil idi,
Ay göydə qapqara susqun.
Qardaşlarım məndən küskün,
Mən qardaşlarımdan küskün.
Qınadıq anam atdığı suyunu,
Atam çəkdiyi yolunu.
Qardaşlarım məni,
Mən yolları, quyuları.
Bir-birimizə baxmaz olduq,
Anamıza heç baxmadıq,
Onun dərdi insan oldu.
Evimizdə həmişə yad qonaq kimi,
Məlikməmməd cığal oldu.
Şuluq qatdı oyunlara,
Nə qoydu ki, nağıl quraq,
Nə də ki, dönək nağıla.
Qanadı qırıq mələklər,
Bu yarım nağıla yandı.
Yer də, göy də ah elədi,
Göydə almalar qaraldı...
Bu şeirdə Fikrət Sadıq ailəsi bütün parlaqlığı ilə verilib. Başqa heç nə etmə, qələmi al əlinə, ssenari yaz və yarı xoşbəxt, yarı uğursuz taleyi olan bir ailə haqqında ola biləcək bir filmin ssenarisini yaz.
“Zümzümə” şeirini, gerçəkdən, zümzümə etmədən oxumaq olmur. Əslində, bu, taleyin başına nələr gətirə biləcəyindən xəbərdar olan bir qızcığazın zümzüməsidir. Vücudda inamdan gələn bir isti, həm də ki, bu ümidə şübhəylə boylanan insanın yaşadığı üşütmə. Oxuyun, isinin və üşütmədən yayınmağa çalışın!
Görəsən dünyanın nə günahı var –
Havası vəfasız, suyu vəfasız.
Ömürdən keçən gün sönür birbəbir,
Hər ili, hər günü, anı vəfasız.
Vəfasızlığın səbəbini bilmədən və bu vəfasızlığın yaşamasına dünyanı günahsız sayan Aysel Fikrət satiraltı olaraq insanı təsirləndirir. Onun adını çəkmədən dünyanın bu hala düşməsində insanı təqsirli bilir və bu barədə haqlıdır. Görün nə deyir bu qəribə düşünən şairə:
Küçədən deyinə-deyinə keçir,
Vəfasız adamlar, yalan adamlar.
Özgələr dərdinə çıraqtək yanıb,
Doğmaya yad qalan yalan adamlar.
Mənə belə gəlir ki, Aysel Fikrətin “doğma”- dediyi elə dünyanın özüdür! İnsana ən doğma olan onu həyata gətirənlərdir. Bu baxımdan hər bir kəsin ən doğması elə dünyanın özüdür.
Aysel Fikrət – “mən atamın yazmadığı şeirdim”
adlı gözəl bir əsərində yazır:
Budaqlara sığışmayan acıyam,
Mən yaşaya bilmədimsə – qəm yemə.
Bacım yoxdur, həsrətlərə bacıyam,
“Balam təkdir” – deyib qüssə eləmə.
Anaya müraciətdi bu: Fikrət Sadıq kimi böyük ürəkli, qeyri-adi yumor hissinə malik olan bir insanın həyat yoldaşına, nar kimi bir oğlunu itirmiş, ürəyi qəhərlə dolu bir anaya müraciətdi bu şeir. Çox təbiidir. Həmin o “Yağış nağılında” uşaqlarının arxasınca atmaq istədiyi suyu öz üstünə dağıdan anaya müraciətdir. Mən xoşa gəlmək üçün söyləmədim bu yazının əvvəlində dediyim pafoslu sözləri. Çox dərindir bu xanımın şeirlərindəki məntiq. Ana o suyu qəsdən öz üstünə dağıdıb, demək istəyir şairə. Hansı ana istəyər ki, övladları özündən aralıda olsunlar. Ananın dili “get” desə də, ürəyi “qal” deyər. Ayseldə natamam fikirli şeir çox azdır. Demək olar ki, bütün şeirlərində poeziyada mütləq olan bir “qırmızı” məntiq xətti var. Pərakəndəlikdən uzaqdır onun fikirləri. “Bənövşə” şeirindəki zəriflik adamı heyran edir.
Sən gözünü yum, bənövşə,
Donsan da xəbərin olmaz.
Ömür keçir boş, bənövşə,
Solsan da xəbərin olmaz.
Ayselin bənövşəsi bir körpə uşaq kimidir. Onu dilə tutmaq olur, onunla dərdi bölüşmək olur. Onun bənövşəsi canlıdır!
Sən də məni çox sevirsən,
Yuxuda da çox gülürsən,
Mənim sonuncu dərdimsən –
Çəksəm də xəbərin olmaz.
Qollarım yanıma düşdü. Bundan gözəl nə deyəsən, necə deyəsən?!
“Gedək” şeirini oxuyanda gənclik illərimdə yazdığım misralar yadıma düşdü.
Sonra sənə dərd olaram,
Bəlkə, bəri-başdan ölüm.
Çox doğma gəldi mənə Aysel Fikrətin “Gedək” şeirindəki sonuncu bənd:
Axı səndən gedən nədir?
Nə gedir, sevgidən gedir.
Gec-tez hamı çıxıb gedir,
Təkcə biz indidən gedək.
Aysel Fikrətin mənə təqdim etdiyi bu samballı kitabın əlyazmaları haqda çox şey yaza bilərdim. Amma, hər şeyi buraxaq oxucuların və zamanın ixtiyarına.
Yox, Aysel xanım, getmə. Müdrik Azərbaycan Poeziyasında hələ çox yaz yarat!
“Ədəbiyyat və incəsənət”
(31.03.2026)


