“İblisin övladları” – ANAR ƏHMƏDOVUN HEKAYƏSİ Featured

“Ədəbiyyat və incəsənət” portalı DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru, mayor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Anar Əhmədovun “İblisin övladları” adlı hekayəsini diqqətinizə çatdırır.

 

 

Giriş

Ayaz vahiməli bir səslə qışqıraraq yuxudan oyandı. Dərhal yerindən qalxıb divanda oturdu. Kondisionerin işləməsinə baxmayaraq, bədəni qan-tərin içində idi. Gördüyü dəhşətli yuxunun təsiri hələ də keçməmişdi.   

 

Səssiz və qaranlıq evdə ondan başqa kimsə yox idi. Yay tətili olsa da, işlərinin gərginliyi səbəbindən özü gedə bilməmiş, ailəsini istirahət üçün rayona göndərmişdi. Beləcə, paytaxtın bu tənha gecəsində tək qalmışdı.

Bir qədər özünə gələndən sonra telefonunu götürüb, ekranındakı saata baxdı. Gecə saat 03:30-u göstərirdi. Telefonunda xəbərlərə baxa-baxa necə yuxuya getdiyini belə xatırlamırdı. Tam ayılsa da, hələ də o vahiməli yuxunun təsirindən çıxa bilmirdi. Belə hallarda adətən yuxusunu suya danışardı. Amma bu dəfə nədənsə divandan qalxıb, lampanı yandırdı və yazı masasının arxasına keçdi. Gördüyü yuxu sanki ibrətamiz bir hekayənin mövzusu idi. Yazacağı hekayənin adını düşündü və ağlına gələn ifadə ürəyincə oldu - “İblisin övladları”. Bu sadəcə ad deyildi, bir xəbərdarlıq idi…

Ayaz uzun illərdir ki, dövlət qurumlarından birində mətbuat katibi vəzifəsində çalışırdı. Dünyada və ölkədə baş verən ictimai-siyasi hadisələri izləmək artıq onun üçün işə deyil, həyat tərzinə çevrilmişdi. Harada olur-olsun, istər işdə, istər evdə, istərsə də yolda xəbər saytlarını mütləq gözdən keçirirdi. 

Son zamanlar Ayaz xəbər saytlarını izləyərkən, neqativ məlumatlara daha çox rast gəlirdi. Əvvəllər bu cür xəbərlərin hər birini oxusa da, indi onların çoxluğu artıq onu təəccübləndirmirdi. Hər şey adiləşmişdi - müharibələr, terror, ölüm-itim. Ona görə də yalnız başlıqlarla kifayətlənirdi: “Rusiya “Xəncər” və “İsgəndər”lərlə Ukraynanı vurdu”, “Ukrayna Rusiyanın itkilərini açıqladı”, “Husilər İsrail hava limanına raket zərbəsi endirdi”, “İsrail qırıcıları Qəzzanı bombalayıb”, “Türkiyədə terror aktı törədilib” və s. Başlıqları gözdən keçirib, dərin bir ah çəkdi: 

- Ax, yenə müharibə, yenə qan, yenə ölüm-itim... Görəsən, bu dünyada bir gün həqiqi sülh olacaqmı?

Sonra ölkə gündəmini gözdən keçirdi: “Narkotik satan kuryerlər saxlanıldı”, “Sərxoş sürücü iki nəfərin ölümünə səbəb oldu”, “Məşhur kafedə əxlaqsızlıq yuvası aşkarlanıb”, “26 yaşlı gənc narkotikdən dünyasını dəyişdi”, “Gənclərdə artan təhlükə: telefonda qumar asılılığı”, “Qısqanclıq zəminində dostunu qətlə yetirdi”, “Sərxoş şəxslərin mübahisəsi ölümlə bitdi”, “Qanunsuz fəaliyyət göstərən kazino aşkar edilib” və sairə...

Bəli, Ayaz bu cür xəbərlərə artıq tez-tez rast gəlirdi. Hər dəfə eyni təəssüflə başını bulayır, öz-özünə düşünürdü:

- Görəsən hara gedir bu cəmiyyət? Gəncləri uçuruma aparan nədir axı?

Bu düşüncələrlə divanda arxaya yaylanıb gözlərini yumdu və özü də bilmədən yuxuya daldı…

Yuxusunda “gözəgörünməz” bir varlıq kimi İblis ailəsinin çağırılmamış qonağına çevrilmişdi. Onlar Ayazın orada olduğunu bilmədən aralarındakı bütün sirləri dilə gətirirdilər. Ayaz nəfəsini belə içində tutaraq hər sözə diqqətlə qulaq asmışdı. Lakin sonda nəsə hiss edən İblis qəfil çevrilib onun üzərinə hücum çəkmiş, o da vahimə içində qışqıraraq yuxudan ayılmışdı…

 

I. İblisin dünyası

 

İblis və sevimli arvadı Şeytanə sonsuz qaranlıqda oturmuşdular. Onlar zaman-zaman insanların qəlbinə səpdikləri, şovinist və yırtıcı niyyətlərlə suvarılmış kin-küdurət toxumlarından boy atmış “bəhrələrdən” - son dərəcə amansız, qəddar, dağıdıcı müharibələrdən, soyqırımlardan və saysız-hesabsız qətllərdən ləzzət alır, qəhqəhə çəkir, öz mənfur xislətləri ilə fəxr edirdilər. Axı necə fəxr etməsinlər ki? Zaman keçdikcə və elm, texnologiya inkişaf etdikcə, onlar tərəfindən yolundan azdırılmış Adəm övladları artıq İblisin öz şəninə daha dağıdıcı, daha amansız və bütöv bəşəriyyəti yox edə biləcək bombalar, kütləvi qırğın silahları istehsal etməyə başlamışdılar. “Şeytanlaşmış” və artıq böyük gücə çevrilmiş bu insanlar elə bir səviyyəyə çatmışdılar ki, öz mənfur əməlləri ilə İblis ailəsini belə kölgədə qoymuş, hətta onların işlərini xeyli asanlaşdırmışdılar…

İndi İblis və Şeytanə ancaq onlar üçün daha asan, bir növ, əyləncəyə çevrilmiş “işlərlə” - dövlətin “kiçik modeli” hesab olunan ailələri dağıdıb məhv etməklə məşğul idilər. Bu iki varlıq bəşər övladının inkişafına uyğun, insanların ruhunu yandırmaq üçün övladlar belə böyütmüşdülər. Bəşəriyyətin ən zəif nöqtələrini tapmaq və onları öz planlarına uyğun şəkildə məhv etmək üçün.

Bu övladlar adi uşaqlar deyildilər. Onlar İblisin qəzəbi və Şeytanənin kin-küdurətinin canlı təcəssümü idilər. Qəribəsi bu idi ki, onların adlarını belə insanlar özləri qoymuşdular. “Məsləklərinə” uyğun olaraq - Narkoman, Alkoqol, Qumarbaz və Şəhvət.

Hər biri insanların ailə dəyərlərini dağıtmaq, onları mənəvi uçuruma sürükləmək üçün “tərbiyə olunmuşdu”. İnsanlar bu adlara nifrətlə yanaşdıqları halda, İblis və Şeytanə isə əksinə, bu adları çox bəyənmiş, hətta yetişdirdikləri övladları ilə qürur duyurdular.

O an İblis ağır-ağır ayağa qalxdı. Qaranlıq titrədi. O, təkəbbürlü baxışlarını övladlarının üzərinə dikdi və gur səslə dedi:

- Gedin dağıdın, yoldan çıxardın və sındırın. İnsanların ruhlarını mənim kimi qaranlığa batırın.

Beləliklə, İblisin övladları insan dünyasına göndərildi, hər biri öz missiyasını yerinə yetirmək üçün. Onların adı qorxu, onların izi isə dağıntı idi…

 

II. Ailə tablosu

 

İblis yalnız bir şeyi sevirdi - öz ailəsini. Çünki onun kimi mənfur, qaranlıq xislətli ailəsi bəşəriyyətin bağrına sağalmaz yaralar açır, Adəm övladının ərşə qalxan ah-naləsi ilə İblisə zövq, ruhuna qəribə bir dinclik bəxş edirdi. Yalnız bu zaman onun içindəki zülmət sakitləşirdi.

Şeytanə - İblisin sevimli arvadı. Bu ifritənin sonsuz nifrəti, tükənməz kin-küdurəti və saymaqla bitməyən mənfur əməlləri vardı. Elə buna görə də İblis onu altı min altı yüz altmış altı cin “gözəlinin” arasından seçib özünə həyat yoldaşı etmişdi. Bəli, Şeytanə İblisin ən yaxın “silahdaşı”, qaranlıq məsləhətçisi olmaqla, insan ruhunu zəhərləməkdə mütəxəssis sayılırdı. Onun adı insanların dünyasında saysız-hesabsız fəlakətlərlə, ailələrin dağılması, dostluqların və sevginin bitməsi ilə qoşa çəkilirdi. Yalan danışmaq, inam və etibarı sarsıtmaq, tamahkarlıq, paxıllıq, fitnə-fəsad yaymaq, abırsızlıq, həyasızlıq və yada düşüb-düşməyən neçə-neçə iyrənclik bu “xanımın” amalı idi. Həyatda baş verən bütün iyrənc hadisələrin arxa fonunda əgər diqqətlə baxılsa, mütləq Şeytanənin qaranlıq kölgəsi görünərdi.

Narkoman - ailənin ən səssiz, amma ən qəddar üzvü idi. Sanki daim yuxu halında yaşayırdı. Göz qapaqları ağır, nəfəsi tüstü ilə dolu, baxışları isə boşluqda donmuşdu. Onun varlığı qaranlıq bir duman kimi evlərə çökər, heç nə demədən orada olan hər şeyi boğmağa başlayardı. Narkoman təkcə bədənləri yox, ruhları da zəhərləyərdi. O, insan iradəsini uyuşduran bir yırtıcı idi - görünməz, amma hər şeyə nüfuz edən. Girdiyi ailələrdə əvvəlcə gülüş yoxa çıxar, sonra sevgi sönərdi. O, ölümlə həyat arasında boğulanların pıçıltısında yaşamağı sevərdi.

Alkoqol - bu ailənin ən cəsarətli və ikiüzlü üzvü idi. O, dost kimi yaxınlaşar, dərdlərə “səbrli dinləyici” kimi qulaq asar, sonra isə zərbə vuran qatillərdən betər zərbə endirərdi. Onun şüşə içində gizlənən gülümsər siması çoxlarını aldadırdı. İnsanlar onunla dərdini unutmaq istəyərdi, amma Alkoqol heç nəyi unutdurmazdı. Əksinə, ağrıların köklərini daha da dərinə basdırar, sonra da oradan qaranlıq çiçəklər bitirərdi. Onun səsi təkcə içki şüşəsində yox, ailə mübahisələrində, dağılan süfrələrdə, uşaqların qorxu dolu baxışlarında da eşidilirdi. O, “bir qədəhlə nə olar ki?” - deyə başlayan cümlələrin sonundakı qiyamət idi.

Qumarbaz - ailənin ən “oyunbaz”, lakin ən məkirli üzvü. Daim gülümsər, əlləri vəd dolu, baxışları isə cazibədar idi. Onun danışığında bir sehr vardı - hər şeyin daha yaxşı olacağına dair saxta ümid. Lakin o, heç vaxt udmazdı və həmişə uduzdurardı. Onun girdiyi ailələrdə atalar evlərini, analar övladlarını, gənclər gələcəklərini masanın üstündə bir kartlıq ümidə qurban verərdi. Qumarbaz hər dəfə uduzduran qələbələrlə geri dönərdi. Onun varlığı zərərin özü idi - gecikmiş peşmanlıq, dağılmış sərvət və təklənmiş insan taleləri.

Şəhvət - İblisin ən cazibədar övladı. Gözəlliyi ilə aldadıb, rüsvayçılığı ilə məhv edən. Onun varlığı yalnız bədəni satan qadını yox, həm də hər şeyi - şərəfi, sevgini, etibarı, ailə sədaqətini pula, ehtirasa, ya da sadəcə marağa dəyişən hər kəsi simvolizə edirdi. O, şəhvətin adıyla gəlir, xəyanətin izi ilə gedərdi. Şəhvətin qoxusu bir dəfə evə girdimi, oranı uzun müddət tərk etməzdi. Onun varlığı münasibətlərin içinə salınmış çürük toxum kimi idi - əvvəlcə görünməz, sonra isə bütün ağacı içdən-içə məhv edərdi. Şəhvət sadəcə ad deyil, həyat tərzi idi. Bu tərzə bürünən hər kəs bir gün ya başqasını yıxar, ya da özü yıxılardı.

 

III. Səssiz qonaq - Narkoman

 

Gecəydi. Pəncərənin o tayında yağan yağış damlalardan çox, göz yaşı kimi görünürdü. Doğma və əziz ailə öz evində idi - ata, ana və on beş yaşlı oğulları Murad. Sakit bir axşam yeməyindən sonra hər kəs öz otağına çəkilmişdi. Amma Muradın otağında bir “nəfər” də vardı. Səssiz, görünməz, amma orada - nəfəsinin içində, göz qapaqlarının altında və ona olduqca yaxın...

Narkoman - ailənin yeni qonağı çoxdan bura gəlmişdi. Amma bu axşam, ilk dəfə olaraq, Murad onun varlığını hiss etdi. Əvvəlcə sadəcə baş ağrısı ilə, sonra bir az sıxıntı, bir az darıxma, səbəbsiz bir boşluq. Sanki həyat anlamsızlaşmışdı. Sanki hər şeyin rəngi solmuşdu. Sanki içində dərin bir boşluq vardı və bu boşluğa ancaq bir şey töküləndə yüngülləşə bilərdi - amma nə?

O an telefonuna bir bildiriş gəldi. Dostu Emil yazmışdı:

“Səndə də sıxıntı var? Bu axşam bir az rahatlanmaq istəyirsənsə, gəl, bir şey tapmışam...”.

Bəli, hələ yeddinci sinifdə oxuyarkən Murada ilk dəfə siqareti də elə ən yaxın “dostu” Emil “məsləhət” görmüşdü.

Emilin ailəsi səkkiz il öncə bu məhəlləyə köçmüş, Muradgilin yaşadığı binadan mənzil almışdılar. O zamanlar Emil sakit, mehriban, dərslərinə ciddi yanaşan bir uşaq idi. Həmişə bir az utanar, müəllimlərlə hörmətlə danışar, nənəsinin əlindən tutub məktəbə gedərdi. Amma üç il əvvəl bir qəzada valideynləri və kiçik bacısı həlak olanda, Emilin həyatı bir anda tərsinə döndü. Elə bil o gün evin qapısından təkcə cənazələr yox, bir uşaq təbəssümü, bir gəncliyin ümidləri də çıxıb getmişdi.

Emil əvvəlcə dərslərə gecikməyə başladı. Sonra dostları ilə mübahisələr, əsəbi davranışlar artdı. Bəzən heç məktəbə gəlməzdi. Gözlərinin dibi qaralır, baxışlarında yersiz bir boşluq dolaşırdı. Sinif rəhbəri bu dəyişiklikləri başa düşməyə çalışırdı. Onun acısını anlayırdı və hər dəfə sadəcə nəsihət verməklə kifayətlənirdi: “Zamanla düzələr... Uşaqdı, keçər...”.

Amma zaman keçdi, Emil düzəlmədi. Əksinə, daha da sərtləşdi və bir gün sinifdə, onu düz yola dəvət edən müəllimi açıq-aşkar söyüb təhqir etdi. Həm də sinif yoldaşlarının gözü qarşısında. Bu, son damla oldu və intizamsız şagird kimi məktəbdən xaric edildi.

Murad isə o gündən etibarən dostunun daha bir tərəfini tanımağa başladı. Bu, artıq tanıdığı Emil deyildi. Bu, bir başqa varlığın daşıyıcısı idi...

Murad gözlərini yumdu. Başının içində qaranlıq bir pıçıltı dolaşırdı. O səsə bənzəmirdi, amma düşüncəyə oxşayırdı - zəhərli, çəkici, sakit və ölümcül.

“Heç nə olmaz... sadəcə bir dəfə... nə var ki bunda?”

Bu pıçıltı Narkomanın səsi idi. O artıq oğlanın içində idi. İlk nəfəsini almışdı.

Murad paltosunu tələsik geyindi. Çantasına heç nə qoymadan evdən çıxdı. Qapını sakit örtdü ki, atası ilə anası duymasın. Hava soyuq idi, amma o, istini içində hiss edirdi - yox, bu isti deyildi, bu yanğı idi. O, özü də bilmədən harasa can atırdı. Sadəcə bir “cəhd”, bir “macəra”, bir “rahatlanmaq”.

Emillə bir binanın zirzəmisində görüşdülər. Ora nə oyunxana idi, nə də dost evi - ora tənəzzülün, uçurumun ilk addımı olan bir məkandı. Murad gülürdü, çünki hələ heç nə baş verməmişdi. Hələlik.

Emil ona kiçik bir paket uzatdı. Qəhvəyi selofanın içində, burulmuş kağızda bir şey vardı. Murad bir an tərəddüd etdi. Amma o tərəddüd uzun çəkmədi. Narkoman artıq onun çiynində əyləşmişdi. Onun düşüncələrinə pıçıldayırdı:

“Sadəcə bir dəfə. Özünü pis hiss edirsənsə, bu sənə kömək edəcək. Hamı belə başlayır…”.

Murad kağızı açdı. Səhəri heç xatırlamayacaqdı…

Sonrakı günlərdə Muradın baxışları dəyişdi. Gözləri qırmızı, hərəkətləri yavaş, danışığı qısa oldu. Ana əvvəl yorğun olduğunu düşündü. Sonra məktəbdən zəng gəldi - Murad dərsləri buraxırdı. Ata əsəbiləşdi, intizamlı olması üçün “kişi sözü” ilə məsələni çözmək istədi.

Ancaq Murad artıq tək deyildi. İçində bir sükut vardı - ağır, uyuşdurulmuş, nəfəs alan bir sükut. Ana daha çox dua etməyə, ata daha çox qışqırmağa başladı. Amma heç biri bilmirdi: artıq ailəyə Narkoman girmişdi. Onlar üç nəfər deyildilər, dörd idilər.

Muradın otağından qəribə qoxular gəlirdi. Gözlərinin altında qara kölgələr yaranırdı. Anası bir dəfə çantasını yoxladı və içində alışqan, əzik kağız, və tanımadığı bir əşya tapdı. Əlini ağzına tutub, için-için ağlamağa başladı. Anladı, hiss etdi. Lakin o an artıq gec idi.

Narkoman artıq otaqda idi. Muradın nəfəsində, paltarında, bədənində və ruhunda…

Axşamlar daha uzun gəlməyə başlamışdı. Otaqların işıqları yanırdı, amma evdə işıq yox idi. Murad artıq danışmırdı, sadəcə susurdu. Otağına girəndə gözləri qorxunc dərəcədə boş görünürdü, sanki bir ruh bu bədənə aid deyildi artıq.

Ana hər səhər sobaya çay qoyur, amma Muradın fincanı toxunulmamış qalırdı. O, bir dəfə oğlunun otağına yemək aparanda, yatağın kənarında bükülmüş bir kağız gördü. Açmadı. Daha oxumurdu, daha soruşmurdu, daha nəyəsə qarışmırdı. Çünki artıq bilirdi. İçindən bir səs deyirdi:

“O artıq sənin oğlun deyil. O, indi başqasınındır…”.

Ata isə hələ də inadkarcasına mübarizə aparırdı. Qapını döyüb qışqırırdı:

- Oğlum, çıx bu otaqdan! Nə edirsən orada?!

Bir dəfə Murad səssizcə qapını açıb, atasının gözlərinin içinə baxdı. Lakin bu baxışda bir damla sevgi, bir zərrə günahkarlıq yox idi. Sadəcə boşluq. Sadəcə susqun nifrət. Sonra qapını yavaşca bağladı. Ata ilk dəfə idi ki, ağladı. İlk dəfə idi ki, səsini yüksəltmədi. Çünki artıq başa düşmüşdü - bu sükut, qışqırıqdan da bərk idi.

Evi qəribə bir abu-hava bürümüşdü. Süfrədə üç boşqab qoyulurdu, amma yalnız iki nəfər otururdu. Bıçaqla çörək kəsiləndə səs divara çırpılan vicdan kimi qayıdırdı. Ananın barmaqları titrəyirdi. Ata tavanın küncünə baxırdı. Muradın otağından gələn qoxu artıq bütün evə yayılmışdı. Bu təkcə tütün yox, tənəzzülün, ümidin çürümüş qoxusu idi.

Və bir gün...

Ana səssizcə Muradın otağına girdi. Murad yerdə uzanmışdı. Nəfəsi vardı, amma sanki yox idi. Dodaqları qurumuş, barmaqları titrək, alnı soyuq idi. Ananın içindən bir qışqırıq qopdu - illərin susqunluğundan yoğrulmuş bir nalə:

- Murad!... Balaaaaam...!

Ata o səsi eşidib içəri cumdu. Otaqdakı qoxu bu dəfə ölümdən xəbər verirdi. Əşyalar da susurdu. Divar da.

Təcili yardım gəldi. Həkimlər müalicəyə başladı. Həyatla ölüm arasında nazik bir ip çəkilmişdi. O ipin üstündə bir yeniyetmə çabalayırdı.

Ancaq ailə artıq əvvəlki deyildi. Çünki İblisin övladı öz işini görmüşdü. Narkoman bir ailənin belini qırmış, sevgini parçalamış, ruhlara möhür vurmuşdu…

Muradın nəfəsi zəif, bədəni soyuq, dodaqları titrək idi. Amma onun ruhu artıq zərbə almışdı. Ürəyinin içindəki gənclik odu sönməyə yaxın idi. Gözlərinin içindəki parlaqlıq yox olmuşdu. Ana həkimlərin dediklərini eşidəndə diz çökdü:

- Əgər geciksəydiniz… bir neçə dəqiqə belə…

Otaq bir müddət səssiz qaldı. Lakin bu səssizlikdən kənarda - gözə görünməyənlər aləmində başqa səslər yüksəlirdi.

Narkoman qaranlıqdan ayrılıb, yuxarı qalxırdı. O, sevinirdi. Addımları ləng, lakin əmin idi. Qəfil yoxa çıxan bir tüstü zolağı kimi evin pəncərəsindən havaya qalxdı və görünməz bir cığırla geri - qaranlığa, ata evinə yönəldi.

 

IV. Hesabat

 

Sonsuz zülmətin içində İblis taxtında oturmuşdu. Barmaqlarını bir-birinə birləşdirmiş, gözlərini yumub səbrlə gözləyirdi. Şeytanə isə güzgü qarşısında öz qaranlıq simasını cilalayır, qəhqəhə ilə gülürdü. Birdən uzaqdan ayaq səsləri eşidildi. Qaranlıq dalğalandı.

Narkoman öz kölgəsindən ibarət paltarla salona daxil oldu. İblis gözlərini açdı, Şeytanə gülümsədi. Hər şey plan üzrə gedirdi.

- Gəldin? – deyə İblis soruşdu. - Hesabatını ver.

Narkoman baş əydi. Səsi dumanlı, amma sabit idi:

- Tapşırıq yerinə yetirildi. Gənc bir bədənə yol tapdım. Adı Murad. Onun ruhunda çatlar yaratdım. Gözündə həyat yoxdu artıq. Ana ilə ata bir-birinə düşmən oldu. Evin içində sevgini boğdum, ümidləri zəhərlədim. O, artıq bizdən biridir - ya tam mənimsənəcək, ya da ömrü boyu yarımcan qalacaq.

Şeytanə razılıqla başını yellədi.

- Əla. Ana artıq özünü günahlandırır. Ata isə susmağa başlayıb. Hər şey doğrudur.

İblis ayağa qalxdı. Ətrafdakı zülmət silkələndi. Səsi divarları yandırdı:

- Bu yalnız başlanğıcdır. Sən öz payını götürdün. Növbəti ailə hazırdır. İndi növbə qardaşındadır - Alkoqol.

Narkoman geri çəkildi. Amma içində böyük bir qürur vardı. O, bir ailəni yıxmış, bir ruhu sındırmışdı. Bu, onun üçün sadəcə başlanğıc idi…

 

V. Qədəhin içindəki iblis - Alkoqol

 

Həyat öz axarı ilə davam edirdi. Muradın faciəsi kimi, başqa evlərdə də pıçıltılarla başlayan, qışqırıqlarla bitən dramlar yaşanırdı. Amma bu dəfə hədəfdə başqa bir ailə vardı - Nicatın ailəsi.

Nicat otuz iki yaşlarında idi. İki övladı, bir gözəl xanımı, bir də görünməyən dərdi vardı. İllərlə qurduğu biznes pandemiyada dağılmış, borclar həddindən çox artmış, dostlar uzaqlaşmış, ailənin təməli sarsılmışdı.

İlk vaxtlar özü ilə danışırdı:

“Bu günlər də keçər… Hər şey düzələr…”.

Sonra bu cümləyə bir cümlə əlavə olundu:

“Bir qədəhlə nə olar ki?...”.

İlk içki - səssiz idi. Sanki vicdan da ona “hə, bu qədər də olar” demişdi. Amma ikinci içkidə qaranlıq başladı.

Nicat başını stolun üstünə qoyub, öz-özünə pıçıldayanda Alkoqol artıq otaqda idi. Onu görmək olmurdu, amma hər udumda nəfəsi Nicatın boğazından içəri süzülürdü. O, təkcə içkidə deyil - tənhalıqda, özünə yazığı gəlməkdə, “kaş ki” ilə başlayan cümlələrdə yaşayırdı.

Arvadı Aybəniz əvvəlcə başa düşməyə çalışdı. Soruşdu, səbəb axtardı. “Sən əvvəl belə deyildin” dedi. Amma artıq gec idi. Alkoqol çoxdan onların süfrəsində əyləşmişdi - təkcə şüşədə yox, Nicatın davranışlarında, sözlərinin tonunda, gözlərindəki dəyişiklikdə.

Günlər keçdi…

Nicat artıq gecələr evə sərxoş gəlirdi. Uşaqlar qapının cırıltısından gizlənəcək yer axtarırdılar. Səhərlər sakit, axşamlar isə qışqırıq dolu olurdu. Əvvəlcə sözlər dəyişdi, sonra rəftar, sonra isə zərbələr başladı.

Bir axşam, Aybənizin üzündə ilk dəfə əl izi qaldı. Uşaqlar qışqırmadı - artıq öyrəşmişdilər. Həmin gecə Alkoqol qaranlıq bir guşədə oturub, zövqlə Nicatın halına baxırdı. İblisin övladı iş başındaydı.

Növbəti gün Nicat peşman oldu. Hər zaman olduğu kimi:

“Bağışla, nə etdiyimi bilmirdim…”.

Amma bilirdi. Bilirdi, amma artıq içindəki Alkoqol onu susdurmuşdu. Hər dəfə “bu son olacaq” deyirdi. Lakin son olmurdu. Çünki hər “son”un arxasında bir daha böyük başlanğıc dayanırdı - məhv olmaq üçün başlanğıc.

Alkoqol artıq sadəcə içki deyildi - o, bir evin divarlarını çürüdən nəm kimi idi. Görünməzdi, amma hər yerə yayılmışdı. Nicatın ağlında, dilində, hərəkətlərində... Sanki bir vaxtlar güclü olan adam yavaş-yavaş öz içində çökür, yıxıldıqca da onu alqışlayan tək varlıq elə Alkoqolun özü idi.

Bir gün yaxın qohumlarından biri Nicatı ailəliklə oğlunun toy məclisinə dəvət etdi. Aybəniz əvvəl tərəddüd etsə də, uşaqların xətrinə razılaşdı. Nicat, Aybəniz və böyük oğulları Nihadla birlikdə toya yollandılar.

Məclis başladıqdan bir müddət sonra, Nicatın illər əvvəlki dostlarından olan Səməd onu öz stollarına çağırdı. Aybənizin narazı baxışlarına baxmayaraq, Nicat “bir-iki dəqiqəyə qayıdıram” deyib, onların yanına keçdi.

Elə həmin an İblisin oğlu Alkoqol qonaqların arasında görünmədən dolaşırdı. O, Səmədə yaxınlaşıb, astadan qulağına pıçıldadı:

- Bəlkə, bu axşam Nicatı yaxşıca əyləndirək? Ona bu gecəni unudulmaz edək.

Səməd ağlına batan bu fikirləri bir zarafat kimi qəbul edib, şərab şüşəsini doldurdu. Bir qədəh, sonra bir daha… və bir daha… İçki artdıqca, Nicatın dili açılır, rəftarı dəyişir, gözü dönürdü.

Nəhayət, musiqi səsləri yüksəldi, dostları rəqsə qalxdı. Amma Nicat özünü saxlaya bilmədi. Rəqs meydanına çıxıb, əvvəlcə oynadı, sonra isə özünü səhnədə itirdi. Ayı kimi donbalaq aşmağa, meymun kimi hoppanıb-düşməyə, top kimi yerdə diyirlənməyə başladı. Gənclər ona baxıb qəhqəhə ilə gülür, telefonlarını çıxarıb çəkirdilər. Yaşlılar isə bir zamanlar şəhərdə biznesmen kimi hörmətlə anılan, adının sonluğuna xitabən “müəllim”, “bəy” deyə müraciət olunan bu adamı qınayır, başlarını bulayıb, üzlərini çevirirdilər.

Aybənizin üzü qızarmışdı. Nihad utanıb başını aşağı salmışdı. Qohum-əqrəbanın içində bu mənzərə ailəni pərt etmişdi. Aybəniz həyat yoldaşına baxdı. Qarşısındakı adam nə ər, nə də ata idi - o, yalnız içkinin köləsinə çevrilmiş bir bədən idi. 

Alkoqol Nicatın səhnədə sürünən halına baxıb qımıldanır, məmnunluqla gülümsəyirdi. Amma İblis və Şeytanə üçün əsas tamaşa bu deyildi. Onlar Aybənizin yanağında alışan utancdan, Nihadın başını aşağı salmasından, qohumların pıçıltılarından həzz alırdılar. Çünki əsl zərbə içkidən yox, göz önündəki rüsvayçılıqdan gəlirdi.    

O gün Aybəniz uşaqları da götürüb anasının evinə getdi. Sükut düşdü. Ev boşaldı. Alkoqol güzgü qarşısında gülümsəyərək pıçıldadı:

- Təklik, peşmanlıq və təkrar… Sən artıq mənimsən, Nicat.

Eyni anda qaranlıq bir məkanın dərinliyində, İblis yenə taxtında idi. Alkaqol içəri daxil oldu. İblis gözlərini yumdu:

- Hesabat ver.

Alkoqol gülümsədi, səsi şüşə kimi cingildəyirdi:

- Bir ailəni dağıtdım. Qadının göz yaşlarını, uşaqların qorxusunu, kişinin peşmanlığını şərabla qatıb içirdim. Artıq o, heç vaxt tam sağalmayacaq. Onun vicdanı içki şüşəsinin dibində boğulub.

Şeytanə başını tərpətdi:

- Qadın artıq sevgidən deyil, qorxudan susur. Uşaqlar ata sözünü eşidəndə ağlamağa başlayır. Əla iş.

İblis razılıqla gülümsədi:

- İndi sıra qardaşında - Qumarbaz!

 

VI. Qələbə və uduzma

 

Cavid gənc idi. Hələ iyirmi yaşı vardı. Qəbul imtahanında yüksək bal toplayıb universitetə daxil olmuşdu. Anası fəhləlik edirdi, atası onu uşaq yaşlarında atıb getmişdi. Cavid oxuyurdu, çalışırdı, amma eyni zamanda - daha çox, daha tez, daha parlaq bir gələcək istəyirdi.

Dostları onu bir gün internet klubuna apardılar. Orada sadə bir oyun oynadılar - əvvəlcə əyləncə xatirinə. Sonra o oyunlar real pulla oynanmağa başladı. Bir gün Cavid ilk dəfə uddu.

Həmin axşam Cavid heç nə yemədi, heç kimlə danışmadı - yalnız öz-özünə təkrar edirdi: “Bu, şans deyil. Bu, bacarıqdır”.

Caviddə yeni bir “dost” peyda olmuşdu. Onun adını heç vaxt demirdi, amma o daim yanında idi. Baxışlarında bir təkəbbür, ovucunda isə pul ehtirası vardı. O dostun adı Qumarbaz idi.

Qumarbaz səssiz idi. Sanki Cavidin içində oturmuşdu. Hər məğlubiyyətdən sonra ona pıçıldayırdı: “Daha çox pul qoy… İndi çıxma… Uduzduğun hər şey geri qayıdacaq”.

Cavid artıq dərslərə getmirdi. Telefonunu tez-tez satıb geri alırdı. Anasının qızıl sırğalarını bir dəfə “gizlicə” götürdü. O gecə heç nə uduzmadı. Amma nə isə itdi - vicdanı.

Qumarbaz məmnun idi. Onun işi cəlb etmək deyildi - aldatmaq, asılılıq yaratmaq və uduzdurmaq idi. Bunu Cavidlə mükəmməl bacarırdı. Hər dəfə oğlan “son dəfə oynayıram” deyirdi, amma hər dəfə masaya oturanda bir “yeni başlanğıc” olurdu.

Bir axşam Cavid bütün pulunu itirdi. Sonra dostlarından borc aldı. Onu da uduzdu. Evə qayıdanda anası ona bir stəkan çay süzdü. Cavid susdu. O gecə evdə sükutun içinə “boşluq” qarışdı…

Zaman ötdükcə Qumarbazın səsi daha cəsarətli, daha inandırıcı gəlməyə başlamışdı. Artıq təkcə oyuna deyil, həyata da onun pıçıltıları ilə yanaşırdı. O, Cavidə təkcə uduzmağı deyil, aldatmağı da öyrətmişdi. Əvvəlcə yalnız oyun aparatlarını aldatmaq istədi. Sonra insanları. Sonra özü-özünü.

Bir gün qonşularından borc istədi. Sadə, təmiz, səmimi bir dillə:

- Anam xəstədir… dava-dərmana ehtiyac var.

Qonşu qadın acıyaraq verdi. Cavid o pula toxunmadı. Dediyi vaxtından bir gün tez qaytardı. Cavid qadının gözlərində minnətdarlıq yox, inam gördü. Bu, ona pulla oynamaqdan daha şirin gəldi. O inamı və güvəni silaha çevirdi.

Bir neçə həftə sonra həmin qadından yenidən borc istədi - bu dəfə daha çox. Qadın tərəddüdsüz verdi. Amma bu dəfə pul oyunlara getdi. Bu dəfə geri qayıtmadı.

Cavid artıq qohumlardan da borc alırdı. Biri-birini tanımayan adamlardan, tanışlardan, müəllimlərdən, anasının adından da istifadə edərək. Onun gözləri içində sönməkdə olan bir insanın kölgəsi vardı, amma kənardan baxana sadəcə “təəssüf doğuran bir gənc” kimi görünürdü.

Lakin yalanın ömrü qısadır. Bir səhər qapı döyüldü. Əvvəlcə bir nəfər. Sonra daha biri. Sonra iki nəfər birlikdə. Sonda hamısı bir anda. Hamısının da dilində eyni sözlər: “Pulumu ver!”.

Anası eşitdi və anladı. Qadının gözləri doldu, dodaqları titrədi, amma heç nə demədi. Sadəcə Cavidə baxdı. Uzun, ağrılı, sonsuz bir baxış.

Həmin an Cavid qumarı uduzmadı. O, öz anasını uduzdu. Onun gözlərindəki son ümidi, son güvəni...

Yaşadıqları evin mövcud bazar qiyməti artıq o borcların hamısına bərabər idi. Satılsaydı, borc qurtarardı. Amma sonra? Kirayəni necə ödəyəcəkdilər? Kommunalı necə verəcəkdilər? İsti bir çörəyi, çayı haradan tapacaqdılar?

Cavid öz-özünə dedi: “Yox bunu edə bilmərəm. Anamı evsiz-eşiksiz qoya bilmərəm. Bu ailə üçün sadəcə ölüm deməkdir…”. 

Sonra isə fikirli halda gözlərini bir nöqtəyə zilləyib, pıçıltı ilə: “Ölüm? Bəlkə…”.

Ətrafa baxdı. Əlləri əsdi. Sakitcə divara söykəndi. Gözləri tavana zilləndi. Və… Gözləri anasının paltar asdığı ipə sataşdı. Gözlərini yumdu. Beyni qaranlıq fikirlərlə doldu. Sanki içindəki Qumarbaz fısıldadı: “Hər şeyə son qoya bilərsən. Elə bu gün. Elə indi. Ən azı anana daha yük olmayacaqsan…”.

Qumarbaz pəncərənin kənarında dayanıb, Cavidə baxırdı. Onun baxışlarında təəssüf yox idi - zövq vardı. İnsan gələcəyini bir kartlıq ümidə dəyişmişdi. Bu, Qumarbaz üçün qələbə idi…

Qaranlıq yenə silkələndi. Qumarbaz İblisin qarşısında baş əydi.

- Mən də hazıram, ata. Sənin verdiyin oyunu bir gəncə oynatdım. Onu azdırdım. Qəlbinə düşdüm. Əvvəlcə maraq oyatdım, sonra ehtiras... Daha sonra ehtiyac. Yalan danışdırdım. Anasını ağlatdım. Gələcəyini satdı, inamını uduzdu. Evini satmaq həddinə gətirdim. Onu ipə baxan bir adam etdim. Cavid hazırdır. Bir addım qalır. Hələlik sağdır, amma artıq yaşamır.

İblis yerindən qalxmadan başını tərpətdi:

- Əla. Nəhayət, bəşəriyyətin son sipərinə çatırıq. İndi bacınız Şəhvət yola çıxır.

Şeytanə yüngülcə qəhqəhə çəkdi:

- O, hamısından daha incə işləyir. Ən məsum görünüb, ən dərin yaraları açar…

 

VII. Susqun xəyanət

 

Gülbahar müəllimə idi. Tanınmış liseydə dərs deyirdi, iki övladı və nüfuzlu bir həyat yoldaşı vardı - Fəqan. Elə ailələrdən biri idilər ki, kənardan baxanda hər şey “mükəmməl” görünürdü: şəhərin mərkəzində lüks ev, gülərüz övladlar, sosial şəbəkədə məşhur restoran, istirahət və əyləncə mərkəzlərində çəkilən şəkillər, “xoşbəxtik” pozaları…

Amma bu sakitliyin arxasında boşluq gizlənmişdi.

Fəqan son vaxtlar gec gəlməyə başlamışdı. Telefonuna şifrə qoymuş, qadınına olan diqqətini itirmişdi. Gülbahar əvvəlcə görməməzlikdən gəldi. “İşi çoxdur” deyə özünü inandırdı. Sonra güzgüdə özünə baxıb, “bəlkə mən dəyişmişəm?” deyə düşündü.

Amma günlərin birində təsadüfən - bəli, sadəcə təsadüfən, Fəqanın telefonunda bir mesaj gördü. Mesajda bir qadın yazmışdı:

“Dünənki gecə üçün təşəkkürlər... Səninlə olmaq həyatdır”.

Nömrə Gülbahara tanış gəldi. Baxdı… və ürəyi sinəsində çırpınmağa başladı.

- Yox! Bu ola bilməz... Bu... bu... Şəlalənin nömrəsidir! Aman Allah!

Sözlər boğazında düyünləndi. Qolları keyidi, dizlərinin taqəti kəsildi. Əllərini saçlarına salıb hönkürtü ilə yerə çökdü. Amma o ağlamadı. Ağlamaq yox, yanmaq istəyirdi. Və içindəki alov qəfil partladı. Mətbəxə keçib, əl atdığı ilk qabı divara çırpdı. Ardınca boşqab, stəkan, kasalar... Çınqıltı... qırılan şüşələrin səsi... içində qırılanların səsinin əks-sədası kimi.

“Mənim bacı dediyim qadınla?!”, - deyə qışqırdı. - Ay alçaq! Ay şərəfsiz!

Elə bu vaxt Fəqan içəri girdi. Səsə gəlmişdi. Qapıdan girən kimi yerə səpələnmiş şüşələri, mətbəxin dağılmış halını və gözlərindən alov yağan Gülbaharı gördü.

- Nə olub sənə, dəli olmusan?

Gülbahar qırıq bir qabı əlində sıxaraq ona tərəf çevrildi. Gözləri qan çanağına dönmüşdü.

 - Nə olub? Mənə nə olduğunu özün yaxşı bilirsən! - deyə bağırdı. - Şəlalə ilə?! Mənim bacı bildiyim qadınla?!

Fəqan çaşqınlıqla geri çəkildi və asta səslə: “Nə danışırsan sən?”.

Gülbahar telefonunu ona tulladı: “Oxu! Oxu, gör nə danışıram!”.

Fəqan mesajı oxuyanda sanki dili tutuldu. Donub qaldı. Söz tapa bilmədi.

- Bu... bu bir səhvdir... Mən…

“Səhv?!” - deyə Gülbahar çığırdı. - Bu səhv deyil, xəyanətdir! Məni yox, bütöv bir ailəni pis günə qoydun sən! Qardaş dediyin Davudun üzünə necə baxacaqsan? Hələ, Davudun sənə “əmi can” - deyib, qaçaraq gəlib boynuna sarılan o gül balalarının necə?  

Fəqan bir neçə söz mızıldansa da, artıq gec idi. Gülbahar nə səbr buraxmışdı, nə də güvən.

Get! Çıx evimdən! Unutma! Bu evə bir daha “ərinəm” deyib girə bilməzsən!

Fəqan üzünü tutub otaqdan çıxdı. Arxasında isə qırılmış şüşələrin içində yanan bir qadın qaldı... Həmin an İblisin sevimli övladı Şəhvət otağa daxil oldu. Gülbaharın sarsılmış üzünü görüb yaxınlaşdı və astadan pıçıldadı:

- Sən də intiqamını al, Gülbahar. Fəqandan mütləq intiqamını al. Qoy hər kəsin içində rüsvay olsun. Ağzını açıb, kişi kimi danışmağa dili olmasın. Sənin kimi qoy onun da canı yansın. Elə ən yaxın dostu Davud ilə onu aldat…

Davud Fəqanın ən yaxın dostu idi. Elə bir yaxınlıq ki, illərlə çiyin-çiyinə durmuş, acılı-şirinli günləri birlikdə yaşamış, ailəvi bağları daha da möhkəmləndirmişdilər.

Davudun həyat yoldaşı Şəlalə ilə Gülbahar isə sadəcə dost deyildilər - bacı kimi idilər. Əslində, Gülbaharın heç vaxt öz bacısı olmamışdı. Amma Şəlalə vardı. Onunla gülüb ağlamış, sirr paylaşmış, bir-birinin evində çay süzüb qonaq qarşılamaqdan zövq almışdılar. Bayramlarda, ad günlərində, ailəvi gəzintilərdə, pikniklərdə elə bir-birilərinə qaynayıb qarışmışdılar ki, onları ayırmaq mümkün deyildi. Elə Davudun da xətrini ən əziz qardaşı kimi çox istəyirdi.

Uşaqları da bir-biriləri ilə çox mehriban idilər - elə doğma bacı-qardaş kimi böyüyürdülər. Onların birgə oyunlarında, çığır-bağırtılı sevinclərində iki ailənin iç-içə yaşadığı görünürdü. Hər şey bu qədər səmimi və təmiz idi.

Gülbahar üçün ən ağır olanı da məhz bu idi: təhlükə yad birindən gəlməmişdi. O, evini yıxan qadına arxasını çevirməmiş, onu içəri özü dəvət etmişdi…

Davud isə xarici şirkətlərlə işlədiyindən tez-tez ezamiyyətlərə gedərdi. Belə zamanlarda ailəsinə lazım olan ehtiyacları almağı, uşaqlara göz-qulaq olmağı, hətta bir-iki gündəlik xırda işləri də çox zaman dostu Fəqana etibar edərdi.

Həmin o dəhşətli gecə... Fəqanın bacı dediyi Şəlalə ilə bir otaqda olduğu gecə, məhz Davudun ölkədən uzunmüddətli ezamiyyətdə olduğu vaxt idi...

Etibar dağılmışdı. Dostluq, ailə, qardaşlıq, bacılıq - hamısı çürüyüb tökülmüşdü.

Gülbahar artıq yalnız xəyanətin deyil, həm də rüsvayçılığın, alçaldılmanın, içindən məhv edilməyin nə olduğunu yaşayırdı.          

Şəhvət gizlicə gülümsədi. Gözləri parıldayırdı, sanki içindəki zəhərli sevinci gizlədə bilmirdi:

- Əgər ömür-gün yoldaşı, övladlarının anası Gülbahar da Fəqanı aldatsa… Ona Davudla xəyanət etsə… bu, mənim üçün ikiqat qələbə olacaq, - deyə düşündü.

Amma Gülbaharın namuslu və vicdanlı qəlbi, bu planı sanki bir daş kimi divara çırpdı. Bir anlıq içindən keçdi bu fikir. Hə, keçdi… Amma iz buraxmadı. Gələn kimi də donduruldu. Sanki qəlbi bir anda buz bağladı. Üsyan qığılcımı içində alışdı. Nəfəsi soyudu, canından üşütmə keçdi. Tükləri biz-biz oldu.

Qəzəblə öz-özünə pıçıldadı - yox, hayqırdı:

- Lənət şeytana! Mən belə olmayacağam! Mən namusumu, şəxsiyyətimi, qadınlığımı itirməyəcəyəm! Belə bir şey əsla ola bilməz!

Şəhvət anası Şeytanənin ona keçdiyi dərsləri yadına saldı: “Gördün ki, “A” planın pozuldu, dərhal “B” planını işə sal!”. Şəhvət qəzəbini içində boğub, yenidən astaca və daha sərt pıçıldadı:

- Elə isə Davuda zəng et. Ona hər şeyi anlat. Qoy Şəlalənin də yuvası səninki kimi dağılsın, məhv olsun…

Gülbahar sanki hipnoz altına düşmüş kimi əlini titrəyə-titrəyə telefonuna uzatdı. Davudun adını tapdı. Bir toxunuş bəs edərdi. Bir cümlə və bütün həqiqətlər paramparça olacaqdı. Amma... barmağı ekrana toxunmadan dayandı. Gözləri dumanlandı. Anidən keçmişdən bir səhnə gözlərinin önündə canlandı.

Davud xəstəxana çarpayısında uzanmışdı. Sol tərəfini hiss etmirdi. Həkimlərin səsi otaqda əks-səda verirdi:

- Təcili stent! Əgər bu dəfə də ürəyi tab gətirməsə…

O, bir dəfə infarkt keçirmişdi. Nəfəsi daralır, üzündə ölümə bənzər bir solğunluq dolaşırdı. Ailəsi başında göz yaşı tökürdü. Gülbahar da oradaydı… Onda Davudun gözlərində yalnız bir qorxu vardı - ailəsini itirmək qorxusu. Çünki özü yox, ailəsi üçün yaşayırdı.

Bir müddət sonra daha ağır bir əməliyyat - açıq ürək əməliyyatı keçirmişdi. Bıçaq altından sağ çıxmış, amma o gündən sonra sanki incə bir şüşə üzərində yeriyirmiş kimi olmuşdu. Onu incitmək üçün bir acı söz bəs edərdi. Bir xəyanət xəbəri isə... qətiyyən yox…

Gülbaharın barmaqları dondu. Telefon əlindən yerə düşdü. Otaqda dərin bir sükut yarandı. Daxilində bir tufan qopdu… və o tufanla birlikdə göz yaşları yanaqlarından süzüldü.

- Yox… yox… mən bunu Davud qardaşa deyə bilmərəm… - deyə hönkürdü. - O bu yükü çəkə bilməz… Ürəyi partlayar… Özümü ömür boyu bağışlamaram. Axı o ailəsini dəli kimi sevir… övladlarının nəfəsi ilə nəfəs alır…

İyrənc planlarının məhvi sanki Şəhvətin abırsız üzünə vurulmuş dəhşətli bir sillə oldu. O qədər bərk, o qədər qəti oldu ki, sanki qaranlığı parçaladı. Bu dəhşətliı sillənin səsi olmasa da, ağrısı vardı. Bu ağrını ilk hiss edən İblis və Şeytanə oldu…

Qaranlıqda bir alov yandı. Şəhvət süzgün addımlarla İblisin qarşısında dayandı. Qəhqəhə səsləri onu qarşılayırdı. Şeytanə məmnun idi.

- Necə keçdi?

Şəhvət gülümsədi. Baxışları oynaq, səsi zərif idi:

- Mən heç kimi öldürmədim. Heç kimi vurdurmadım. Heç bir səs salmadım. Amma bir qadını özünə inamsız, bir kişini xəyanətkar, iki uşağı isə yaralı etdim. Ailə artıq yoxdur - amma heç kim haradan dağıldığını bilmir.

İblis yerindən qalxdı. Gözləri alışıb yanırdı:              

- Ən gözəl işi sən gördün, qızım. Sakit dağıtmaq - qışqırmadan öldürmək - əsl iblislik, əsl şeytanlıq budur! O ki qaldı ikiqat qələbə çala bilməməyinə, bundan qətiyyən üzülmə. Qadınların hamısı heç də Gülbahar kimi deyildir. Bu hələ başlanğıcdır. Növbəti səfərlərində ikiqat qələbələrin də olacaq, həm də çox! - deyə İblis ucadan qəhqəhə çəkib güldü. 

Həmin gecə İblis və Şeytanə - dörd övladının gördüyü işlərə baxaraq bir daha qürurla pıçıldadılar: “Bəşəriyyət artıq bizim övladlarımızla tərbiyə olunur…”.

 

Sonluq

 

... O gecədən sonra Ayaz artıq əvvəlki adam deyildi.

O, yuxusunu unuda bilmədi. Əksinə, həmin gecədən sonra sanki o yuxu təkcə gecələr deyil, gündüzlər də onunla birgə gəzir, xəbər başlıqları arasında gizlənir, küçədə gənclərin davranışlarında, virtual aləmdəki aqressiyada, insan münasibətlərindəki soyuqluqda yenidən canlanırdı.

Bəzən özünə sual verirdi: “Görəsən, bu bir yuxu idimi? Yoxsa bir xəbərdarlıq? Ya da gələcəyin pıçıltısı?”.

Ayaz yazmağa başladı. Gördüyü və hiss etdiyi hər şeyi. Yalnız yazmaqla təsəlli tapırdı. Kağızda həqiqətlə yalan, yuxu ilə reallıq arasında sərhədlər yox olurdu.

“İblisin övladları” adlı hekayəsi hazır idi. Bəlkə də oxuyanlar sadəcə bir fantaziya kimi qəbul edəcəkdilər. Amma Ayaz bilirdi - bu yazdıqları bir xəyaldan daha artıq idi. Bu, bir cəmiyyətin içindən keçən qaranlığın səsi, gələcəyin xəbərçisi, vicdanın son çırpınışları idi.

O, hekayəsinin son sətirlərində bu sözləri yazdı:

“Əgər susmağa davam etsək, İblisin övladları artıq yuxularımıza deyil, evlərimizə, övladlarımıza, cəmiyyətin damarlarına kök salacaq. O zaman isə ayılmaq üçün sadəcə bir qışqırıq kifayət etməyəcək...”.

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.