Alpay Azərin «Professor və məşuqəsi» hekayəsi haqqında bir neçə cümlə
Nizami Bayramlı, “Ədəbiyyat və incəsənət” üçün
Danılmaz faktdır ki, hekayənin ilk cümləsi mətnin taleyini həll edən prosesdir. Rüstəm Kamalın dediyi kimi, bir reprika, bir baxış, bir detal müəllifə təkan verməlidir. Eynən bu mətndəki başlanğıc kimi – «Bunları güllələmək lazımdı» – sanki cümlə divarın o tərəfində deyilib, amma hamı eşidir. Buna baxmayaraq, mətnin dili yerli və keçmiş sovet intellektuallığının sərhədində ilişib qalır. “Bunları güllələmək lazımdır” cümləsi arxaik bir təhqir forması kimi seçilir və postironiya çalarları daşısa da, artıq çağdaş ədəbiyyatda belə açılışlar oxucunu tələyə salmaq yerinə, uzaqlaşdırır. Bu, ədəbi olaraq təhrik edici deyil – sadəcə, sovetvari müəllimi şəxsiyyətpərəst olaraq yenidən yaratmaqdır.
Burda “güllələmək” sözü və zarafatın sərtliyi nəinki akademik ortamın daşlaşmış üslubunu göstərir, həm də emosional keçmişi olan insanların bu günü necə qana saldığını hiss etdirir. Hekayədəki obrazlar Mixelson da, İvleva da sanki bilik yükündən yox, içlərinin dağından danışır. Alim görünürlər, amma içləri paslı qırıntılarla doludur.
Zahid isə düz ortadadı. Çoxbilmişlərin içində bir nəfəs, bir başqa dilin sahibi. Təkcə azərbaycanlı deyil, təkbaşınalığın da adamı. Mixi yazı ilə transliterasiyanın arasındakı fərqi bilsə də, insanlar arasındakı fərqi o qədər anlaya bilməyəcək qədər çəkingəndi. Tələbədi, amma həm də şahiddi. Bir təhqirin, bir tarixin, bir pozğunluğun şahidi.
Mixelsonun acıqlı olması intellektual prinsip deyil – bu, qisasın digər adıdı. Arvadının azərbaycanlı ilə qaçması Mixelsonun elmi mühakimələrini çirkaba bulaşdırıb. Qarabağ söhbəti də burdan doğur. Bütün dialoqların alt qatında bu emosional məğlubiyyət yatır. Zahid təkcə siyasi suallara cavab vermir, həm də Mixelsonun alçalmış kişi qürurunun yerini doldurur. Düz cavab versə də, səhv yerdədi. Onun ağlı, bilgisi heç kimin vecinə deyil. Əsas məsələ onun kim olduğu, haradan gəldiyi, nəyi təmsil etdiyi.
Vika isə qəribə bir keçiddir. Nə mələkdi, nə günahkar. İntellekti ilə gözəlliyi, soyuqluğu ilə sirri arasında qalıb. Onun Mixelsonla münasibəti bir oyundu, amma oyun təkcə Vikanın oynadığı deyil. Burda Mixelson da oyunçudur, Zahid də öz bilmədən lövhəyə qoyulmuş fiqur kimi yerini alır. Maraqlısı budur ki, Mixelson Vikanı yatağına yox, evinə çağırır. Həmin o ev – güc yeridir, nəvaziş deyil. Zahid bu xahişi çatdıranda utanmır, çünki diplom işinin ayağı ordan keçir. Burda etik dəyər yox, strateji zərurət işə düşür.
Çeçen Həmzətin Vikaya “az oxu, dəli olarsan” deməsi isə əsərin bütün sistemini tərsinə çevirir. Burda Həmzət gerçəkliyi deyir. O, başa düşmür, amma hiss edir: bu qədər bilgi insanı parçalayar. Vikanın gözəlliyi ilə bilik arasında qaldığını görür və xəbərdarlıq edir. Əslində, bu xəbərdarlıq həm Vikaya, həm Zahidə, həm də oxucuya ünvanlanıb – çox şey bilmək, çox şeyi görmək adamı xarab edir.
Hekayənin ən aktual qatlarından biri gender dinamikası və akademik seksuallıq məsələsidir. Vikanın timsalında biz həm akademik qadının, həm də istismara uğrayan intellektualın obrazını görürük. Amma bu obrazın içində ciddi bir çatışmazlıq var: Vika nəticədə yalnız iki kişinin – Mixelson və Zahidin – arzu və narahatlıqları arasında əriyir. Müasir ədəbiyyat artıq qadın obrazlarının bu cür vasitələşdirilməsini sual altına alır. Onun iç dialoqu yoxdur, qərarlarını niyə verdiyini tam bilmirik, öz agentliyi yoxdur. Zahid Vikanı Mixelsonun yatağına yönləndirəndə, bu epizod gərginlik doğursa da, etik müzakirə açmır. Müəllif burda məsuliyyət hissini tamaşaçılıq instinkti ilə əvəz edir.
Metatekstual final – yəni Viktoriya Malışevanın məqaləsini oxuyan Zahidin sarkazmı – postmodern bir jest kimi nəzərdə tutulub, amma çox köhnəlmiş görünür. “Xüsusi” sözünü dırnağa almaq 90-cı illərin satirasına uyğun bir reaksiya ola bilərdi, amma bu gün həmin ironiyanı oxucu artıq banal sayır. Çünki Zahid hələ də keçmiş travmanın içindədir və bu travma ilə məsafə qura bilmir. Halbuki çağdaş ədəbiyyatın intellektual qəhrəmanları travma ilə məsafəli ironiya deyil, fərdi və siyasi transformasiyalar vasitəsilə qarşılaşırlar.
Hekayədəki kontekst – Rusiya Elmlər Akademiyası, Qarabağ münaqişəsi, bir şəxsə qarşı sistemli şəkildə psixoloji təzyiq göstərilməsi, etnik diskriminasiya və şəxsiyyətin parçalanması – güclü komponentlərdir. Amma müəllif bu kontekstləri yeni cəsarətli ədəbi quruluşa çevirə bilmir. Süjetin əsas məsafəsi yenə də “O mənə zülm etdi, mən haqlı idim, amma yenə də uduzdum” kimi bir xəttin üzərində hərəkət edir. Bu isə təkcə qəhrəmanın deyil, müəllifin də zamanla uzlaşa bilmədiyini göstərə bilər.
Sonda hekayə klassik quruluşlu, güclü dialoqlara və yaxşı işlənmiş süjet strukturuna sahib olsa da, çağdaş ədəbiyyatın əsas meyarları – etik problematikaların mürəkkəbliyi, mədəni klişelərin dekonstruksiyası, gender və güc münasibətlərinə dair yeni baxış – baxımından çatışmazlıqlar daşıyır. Müəllif texniki olaraq ustadır, lakin intellektual cəsarət məsələsində risk almır. Əsər bu baxımdan "estetik təhlükəsizlik zonası"nda yazılıb – oxunur, təəssürat yaradır, amma silkələmir. Və yeni dünyanın ədəbiyyatı artıq silkələyici olmağı tələb edir.
Əsərin axırında Zahid diplomunu müdafiə edir, vətəndaşlıq alır, dərs deyir. Amma nə dəyişir? Heç nə. Vika başqa kişiyə ərə gedir, Mixelson akademiyada qalır, ön söz yazır, Zahid o “xüsusi” sözün altından dırnaqla gülümsəyir. Bu sonluq xoşbəxtlik deyil. Bu, razılaşmadır. Yəni, “bəli, hər şey belə oldu. Mən də belə biri oldum.”
Əsərin bütün çəkisi bir sualda yatır: burda haqlı olmaq nə verir sənə? Bilikli olmaq, dürüst olmaq, qürurlu olmaq – bunlar bu sistemdə səni xilas eləmir. Amma səni bir az içində saxlayır. Zahid axı heç nə demir, sadəcə bir sözü dırnaqlayır. Bu, susmağın içində bağırmaq kimidi. Çox şeyi deyir, heç nə demədən.
Son olaraq bir neçə cümlə də əlavə edərdim ki, mətndə Şərq və Qərb – arasında gərginlik əsas ideya kimi qurulur və bu ziddiyyət fərdi hekayələr vasitəsilə təqdim olunur. Əli və Ninoda olduğu kimi, Alpay Azərin hekayəsində də mədəniyyətlərarası münasibət milli kimliklə toqquşur və bu qarşıdurma sevgi üzərində sınanır. Hər iki əsərdə rus imperiya düşüncəsi – birində incə ironiyayla, digərində sərt satira ilə – tənqid edilir. Və nəhayət, intellektual kişi qəhrəmanın qərbli qadınla münasibəti fonunda, qəhrəmanlar öz milli kimliklərini müdafiə edərkən daxili parçalanma yaşayır. Bu, postkolonial ədəbiyyatın tanınmış strukturudur: sevgi, güc və kimlik dilemması.
“Ədəbiyyat və incəsənət”
(08.08.2025)