YAĞIŞLI BİR GÜN İDİ - Hacıqabulda Varislə görüş keçirildi Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

Ölkənin tanınmış mədəniyyət və elm xadimlərinin bölgələrə gedişi həmişə bir bayram əhval-ruhiyyəsi yaradır. Belə səfərlər diqqətdən kənarda qalmadıqları üçün bölgə əhalisinə əlavə stimul verir.

 

4 iyun  2025-ci il tarixində Hacıqabul rayon İcra Hakimiyyəti və Mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Hacıqabul şəhərinin Heydər Əliyev Mərkəzində yazıçı, jurnalist, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, “Ədəbiyyat və incəsənət” portalının baş redaktoru Varislə görüş keçirildi.

 

Görüşdən öncə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Varisi qəbul etdi, söhbət əsnasında həm rayonda gedən quruculuq işlərindən, həm də çağdaş ədəbiyyatımızın bugünkü vəziyyətindən bəhs edildi. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə tanınmış yazıçı-jurnalistin bölgəyə gəlişini, əlbəttə ki, bölgə həyatında əsl hadisə hesab etmək olar. Bu, hər şeydən öncə Sevindik Hətəmovun rayon əhalisinin – xüsusən rayon gənclərinin mütaliə səviyyəsinin yüksəldilməsi,  asudə vaxtlarının təşkili, layiqli vətəndaş kimi formalaşmalarına təkan verilməsi kimi prioritetlərə necə həssas yanaşmasının bariz nümunəsidir.

Varisi bu səfərində portalın yazarı olaraq müşayiət edirdim və əslən Yardımlı rayonundan olduğum üçün çox vacib bir xatırlatma etdim. İllər öncə Sevindik Hətəmov mənim doğma rayonumun icra başçısı vəzifəsini daşımışdı və o, Yardımlının həmin o qızıl dövründə rayon üçün o qədər işlər görmüşdü ki, hələ də əhalimiz onu minnətdarlıqla xatırlayırlar.

 

Yaraşıqlı və səliqəli Heydər Əliyev Mərkəzində düzənlənən tədbirdə İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, mədəniyyət işçiləri, ümumtəhsil məktəblərin müəllim və şagirdləri iştirak edirdilər.

Görüşdə Varis öz həyatı, yaradıcılığı, kitabları haqqında ətraflı məlumat verdi, uğur karyerası barəsində söz açdı. Bu karyera isə əlbəttə ki, nailiyyətlərlə (BMT-nin patronajlığı altında keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə III LiFFt Festivallar Festivalının Qızıl mükafatı, UNESCO-nun Adam Mitskeviç medalı, Böyük Britaniya və Rusiya təsisatları tərəfindən müxtəlif illərdə İlin Yazıçısı fəxri titulu, Azərbaycan hökumətinin Qızıl Kəlmə ali ədəbiyyat mükafatı, Əməkdar Jurnalist fəxri adı və s.) zəngindir.

Daha sonra yazıçı ona verilən sualları cavablandırdı, tədbirə qatılanlarla fikir mübadiləsi apardı.

Hacıqabulda mütaliəyə maraq çox yüksəkdir, bunu tədbir iştirakçılarının oxuduqları kitabların rəngarəngliyi, çağdaş ədəbiyyatda gedən proseslər barədə bilgili olmaları əyani sübut edirdi. Varisin yaradıcılığına da kifayət qədər bələd idilər. Hətta ayrı-ayrı oxucular romanlardan abzaslarla sitatlar da gətirirdilər.

Sonda tədbir iştirakçılarına yazıçı Azərbaycan Ədəbiyyat Fondunun, “Yazıçı” nəşriyyatının nəşrlərini, eləcə də özünün son iki kitabını hədiyyə etdi.

Yeri gəlmişkən, tədbir günü Hacıqabulda güclü yağış yağırdı. Şəhəri çiçəklərin, otların və nəm torpağın ətri bürümüşdü. Bu gözəllikdə diqqətimi çəkən bir şey də küçələrin səliqə-səhmanı və təmizliyi oldu.

Əlbəttə, mədəniyyət ilk növbədə maddi və mənəvi təmizlikdən başlayır.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.