“Ədəbiyyat və incəsənət” portalının Redaksiya poçtundan paylaşdığı növbəti bədii nümunə Oğuz Rayon Mərkəzi Kitabxanasının informasiya -resurs şöbəsinin müdiri Mehparə Bəkirovadandır. O, “Küləklə yarışanlar” adlı hekayəsini oxucularımıza təqdim edir.
Uzun illər öncə kəndimizdə bir qız vardı, at çapmaqda mahir idi. Hər kəs onun çevikliyi və cəsarəti haqqında danışırdı. Adı Kəmalə idi, amma hamı onu Kaman çağırırdı. Xasiyyəti də, hərəkətləri də elə kaman kimiydi. Oğlan işləri görməyi çox sevərdi. Özü də oğlansayağı geyinərdi, başında da həmişə kepkası olardı. Qara saçlarını toplayıb kepkanın altında gizlədərdi. Tez- yez anasının gözündən yayınıb atları əzizləyər, sonra isə qanadlanardı, atla birgə.
Bir gün yenə də kənddən bir atı müvəqqəti "oğurlayıb" qonşu kəndə getmişdi. Qayıdanda asfalt yolun kənarı ilə yavaş- yavaş gəlirdi. Asfaltın üzərində atın ahəngdar ayaq səsləri eşidilirdi. Nə isə, Kaman köhlənin tərkində sakitcə irəliləyir, yolboyu əkilmiş ağacların kölgəsi ilə yeridikcə atın yerişindən zövq alırdı.
Kəndlər arasındakı məsafə beş kilometrə yaxın olardı. Belə yerişlə yarım saata çatardı kəndə, günortaya az qalırdı, yazın son ayı idi.
Elə bu zaman Kamanın bərabərində bir ağ rəngdə “Jiquli” sürətini azaldaraq onunla yanaşı sürməyə başladı. Eyni zamanda maşının yan pəncərəsindən gənc bir oğlan gülümsəyərək möhkəmdən səsləndi:
- Nə deyirsən, sənin qara köhləninlə mənin ağ atım yarışa bilər?
Kaman əvvəlcə bu təklifə nə deyəcəyini bilmədi, sonra isə fikirləşmədən cavab verdi.
- Varam.
Gənc oğlan şərti kəsdi:
-Əgər uduzsan, kepkanı alacağam səndən. Udsan, nə istəsən, verəcəyəm. Gedək?
Kaman başını yellədi, bu şəhərli oğlanı yarışda udmaq bir kənd qızı üçün çətin deyildi.
Gəncin səsi sakitliyi pozdu:
— Getdik!
Qız bir anlıq duruxdu, sonra gülümsəyərək atını daha da sürətləndirdi. Həyəcanlı yarış başlayırdı...
Yol boyunca ara-sıra maşınlar keçir, siqnal verirdi. Bu isə yarışın ritmini pozur, hər iki yarışçı üçün əlavə çətinliklər yaradırdı. Yarışmaqla yanaşı, onlar həm də maşınların arasından çevik şəkildə keçməli idilər. Bu maneələr yarışı daha da həyəcanlı və təhlükəli edirdi.
Qara köhlən atın yüyənləri qızın əllərində idi. O, yüyənləri bir az da dartaraq atını sanki sözsüz danışırmış kimi hazırlayırdı. Atın burun pərələri genişlənmiş, ayaqları yeri döyəcləməyə başlamışdı. Qız irəli əyildi, gözlərini qarşıdakı yolun uzaqlığına zillədi. Qarşı tərəfdə isə maşınını paralel sürən gənc oğlan sükanı sıxaraq əzmlə irəliləyirdi.
Yoldakı havaya qalxan toz buludu onların sürətini göstərirdi. Qızın köhləni maşından geri qalmırdı, bəzən hətta onunla yanaşı, bəzən isə bir addım öndə gedirdi. Maşınların yaratdığı səs-küyə, aradakı enişli-yoxuşlu yolların çətinliyinə baxmayaraq, qız özünü itirmir, yarışın ritmini qoruyurdu. Hər kəsin gözü bu qeyri-adi yarışdaydı — bir tərəfdə texnikanın gücü, digər tərəfdə isə qızın cəsarəti və köhlənin vəfası.
Qızın dayısı — kəndin kolxoz sədri idi. Elə həmin vaxt rayon mərkəzindən kəndə qayıdırdı. UAZ markalı maşında irəliləyərkən yolun kənarında at çaparaq irəliləyən birini gördü. Qızın dik oturuşu, atı ustalıqla idarə etməsi, atla bir bədən kimi hərəkət etməsi dayısını heyran qoydu.
Sədr sürücüyə tərəf dönüb təəccüblə dedi:
— Pah, səni! Qızdakı cürətə bax! Gör necə çapır! Elə bil bu atla doğulub...
Maşında sükut yarandı. Dayı baxışlarını yoldan çəkmədən qürurla gülümsədi. Amma nə bu yarışın səbəbindən, nə də qızın nəyə nail olmaq istədiyindən xəbəri vardı...
Amma o bilmədi ki, həmin qız onun bacısı qızı idi — kepka geyinmiş, yel kimi əsən, yüngül və inadcıl...
Qız atın belində qürurla əyləşmişdi. Qara köhlən sanki onun hər fikrini anlayırdı, yüyənin hər toxunuşuna itaət edirdi. Yol boyunca toz qalxır, ayaqlar altında xırda çınqıllar səpələnirdi. Qarşı tərəfdən gələn maşınların səsi yarışın həyəcanını bir az da artırırdı.
Gənc oğlan isə maşın yolu ilə, iddialı və əmin addımlarla irəliləyirdi. Onun dəmir atı da pis deyildi, amma Kamanın köhləni qədər diri və çevik görünmürdü.
İki tərəf uzun bir müddət baş-başa gedirdilər. Yol bəzən daralır, bəzən genişlənirdi. Arada çala-çuxur düşürdü, amma Kaman atının belində sanki yolla bir bədən olmuşdu — nə sağa əyilirdi, nə sola, bir an belə dayanmırdı. Onun əynindəki köynək yellənir, kepkası da bir az yan əyilmişdi.
Yarışın həyəcanı zirvəyə çatmışdı. Qara köhlənin ayaqları yerə dəymədən uçurmuş kimi qaçırdı. Kamanın gözləri irəlidə idi, nəfəsi qaynar, ürəyi yerindən çıxacaqmış kimi döyünürdü.
Qız və oğlan sanki yolda küləklə yarışırdılar. Qara köhlən atın yüyənləri Kamanın əllərində idi, qız göyə baxmadan, yolun hər qarışını hiss edərək çapırdı.
Kamanın qara köhləni sanki qanad açmışdı — qız atı cilovlayır, küləklə birləşərək yol boyunca uçurdu. Oğlan isə maşını az qala sınaqdan keçirirdi, qazı sonuna qədər basmışdı. Hər ikisi kəndə gedən asfalt yolda, biri dördayaqlı, biri dörd təkərli yarışırdılar.
Elə bu zaman sürətin uçuşu, qızın başındakı kepkanı havalandırıb zərblə maşının ön şüşəsinə çırpdı. Oğlan diksindi. Bir anlıq gözləri yol əvəzinə göydə yellənən kepkaya ilişdi. Maşın az qala yolun kənarındakı ağaca dəyəcəkdi.
Kaman dayanmadan çapmağa davam etdi. Qazansın deyə yox, uduzmasın deyə də yox, sadəcə dayanmaq istəmədi. İçində elə bil nə isə sındı, ya da əksinə, möhkəmləndi. Uşaqlığından bu yana ilk dəfə bir şeydən könüllü imtina etdi, amma bu imtina içində qəribə bir qalibiyyət hissi doğurdu.
Amma oğlan özünü ələ aldı, sükanı düzəltdi və daha ehtiyatlı sürdü. Qız isə heç nə olmamış kimi yoluna davam edirdi. Kepkasız qalan qara saçları havada küləklə rəqs edirdi, gözləri isə hədəfə — kəndin girişindəki daş nişanəyə dikilmişdi.
Yolun sonuna yaxınlaşdılar. İkisi də nəfəs almadan son metrləri qət edirdi. Qız atı bir az da sürətləndirdi. Oğlan da əyləci buraxdı. Sonda, hər iki gənc eyni anda kəndin girişindəki nişanənin yanına çatdı. Amma maşın bir burun boyu öndə idi.
Qız atı saxladı. Oğlan maşını. Hər ikisi nəfəs-nəfəsə, toz-torpaq içində bir-birinə baxdı. Heç nə demədilər. Sanki nəticənin əhəmiyyəti yox olmuşdu.
Nəfəs dərirdilər. Sanki bu yarış təkcə sürət deyil, ruhların mübarizəsi idi. Qız atdan endi, oğlan maşından düşdü. Maşının önşüşəsində ilişib qalan kepka yavaşca yerə düşdü.
Oğlan əyilib onu götürdü, Kamana uzatdı. Qız başını yellədi:
— Lazım deyil. Onsuz daha sürətliyəm.
Uzaqdan bir "UAZ" maşını yaxınlaşırdı. Kolxoz sədri — Kamanın dayısı gözlərini qıymış, bu qəribə mənzərəni seyr edirdi. Maşını saxlatdırıb, pəncərədən baxdı. Tanıd bacısı qızını.
— Bu qız... bizim, axı... — dedi sürücüyə pıçıldayaraq. — Gör nə edir?! .
Bir anlıq susdular. Yolun ortasında toz içində dayanmış iki gənc, biri köhlənin yanında, biri təkərlərin.
Oğlan əlini uzatdı:
— Mən Elçin. Yarışı uduzsam da, səni tanıdığıma şadam.
Qız bir anlıq tərəddüd etdi, sonra gülümsədi. Əlini uzatdı: — Kaman. Mənimçün qalib olmaq önəmli deyildi. Sadəcə, küləklə yarışmaq istədim, - deyərək atın üzərinə qalxdı və kəndə doğru çaparaq gözdən itdi.
O isə qızın arxasınca baxaraq düşündü: “bəzən insan uduzmaqla böyüyür, bəzi qələbələr isə bir kepkadan belə yüngüldür.2
Qarşıda isə yalnız kənd yox, yeni bir macəra onları gözləyirdi. Bu təsadüfi yarış, iki gəncin həyat yolunda gözlənilməz bir dönüm nöqtəsinə çevrilirdi...
Hələ bu yarış haqqında çooox danışılacaqdı...
“Ədəbiyyat və incəsənət”
(20.05.2025)