Bütöv Azərbaycan amalından güc alan poeziya – ƏDƏBİ TƏNQİD Featured

Təranə Turan Rəhimli, filologiya elmləri doktoru, dosent. “Ədəbiyyat və incəsənət” üçün

 

Balaş Azəroğlu deyəndə, ilk olaraq Güney Azərbaycanda yaşayan qan qardaşlarımızın azadlıq mübarizəsi və 21 Azər hərəkatı yada düşür. Milli azadlıq mücadiləsini boğmaq istəyən, o tay-bu taylı Vətənin nəfəsini tıxayan qanlı əlləri qoparıb atmaq yolunda hər cür təzyiqə mərdliklə sinə gərən azadlıq mücahidlərindən biri idi Balaş Azəroğlu.

 

Yaradıcılığı boyu bütöv Azərbaycan amalına sadiq qalan, qələminə sarılıb mübarizəsini davam etdirən şair millətinin səsini bütün dünyaya duyurmaq istəyirdi. “Elə oğul istəyir vətən...” adlı şeirindəki kimi:

 

İndi elə oğul istəyir vətən

düşmənlərin başına 

alov töksün dilindən!

Qalxıb Savalan dağına

bir millətin dərdini 

bütöv Şərqə bağırsın,

Qoy qoca Şərq eşitsin

dili bağlı,  

qolu bağlı,

Sinəsi çarpaz dağlıların 

səsini!  

 

Təsadüfi deyil ki, Balaş Azəroğlunun bu şeiri 1960-cı ildə dərc olunandan dərhal sonra Xalq yazıçısı və böyük tənqidçi Mehdi Hüseyn “Şair Azəroğluya açıq məktub” ünvanlı məqalə yazmış, siyasi lirikanın gözəl örnəyi olan bu əsərin doğurduğu sevinci ədəbi ictimaiyyətlə bölüşmüşdü. Mehdi Hüseyn bu şeirdə “sərrast atəşə bərabər tutula biləcək iti və kəsərli parçalar”ın təsirindən doğan həyəcanla yazırdı: “Mən sənin əsərini oxuyanda həm sevinir, həm də qəzəblənirdim, sevinirdim ona görə ki, sən xalqımızın ən görkəmli şairlərindən biri kimi Səməd Vurğun ənənələrinə sadiq qalaraq mənə Vurğunun səsini və nəfəsini xatırladırsan, aktual-siyasi məsələləri həqiqi şeir dili ilə yazmağı bacarırsan; qəzəblənirdim ona görə ki, sənin odlu misralarını oxuduqca başı min bəla çəkmiş Azərbaycan xalqının qəddar düşmənləri ilə sanki bir daha üz-üzə dururam”.   

Balaş Azəroğlu poeziyası sərhədlərlə, tikanlı məftillərlə Güney və Quzey Azərbaycanı ayıranların bir milləti bütövlük amalından, milli ruhundan, mənəvi dəyərlərindən ayıra, qopara bilmədiklərinin isbatıdır. O, bütöv Azərbaycanın şairidir. Şairin yaradıcılığını azərbaycançılıq kontekstində nəzərdən keçirəndə bu əzəmətli poeziyanın başdan-başa milli düşüncə həmrəyliyinin, bütövlüyün, milli təəssübkeşlik və vətənpərvərliyin tərənnümünə həsr olunduğunu müşahidə edirik. Şair SSRİ-nin mövcudluğu, həmin dövrün siyasi gerçəklikləri və sovet ideologiyasının hakim olduğu dövrdə milli birlik, milli bütövlük ideyasını şeirlərinin mərkəzi mövzusuna çevirmişdi. Tənqidçilərin Güney mövzusu kimi təhlil etdiyi, siyasi lirika örnəkləri kimi dəyərləndirdiyi bu şeirlərdə böyük bir millət sevgisi, milli tarixi kimliyə, yüzilliklərdən gələn dəyərlərə, əzəmətli keçmişə, dünənə sahib çıxmaq ideyası son dərəcə qüvvətli səslənir. Həsrət, nisgil qoxulu bu şeirlərdə həm də vətəndaşlıq qürurundan güc alan cəsur bir azadlıq çağırışı var. “Susmaq mənə ağır gəlir” deyən sənətkarın bu çağırışını əks etdirən bir çox misralar bədii təsir gücü ilə oxucunu dərindən düşündürür, onun ruhuna sirayət edir:

 

Səadət vətəndədir, məncə, 

Torpağı, göyü, 

suyu, sərvəti azad vətəndə!

Oğlu, qızı, 

dili, sənəti azad vətəndə.  

 

Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakıda anadan olmuş, orta təhsilini burada almış, ədəbiyyat müəllimi Cəfər Rəmzinin təsirilə qəlbində ədəbiyyat sevgisi cücərmişdi. Valideynləri İran təbəəsi olduqlarından 1938-ci ildə ailəcə Güney Azərbaycanın Ərdəbil şəhərinə sürgün edilərkən bu ədəbiyyat sevgisini də qəlbində götürüb aparan gəncin həyatında yeni bir yol başlamışdı. Bu yol onu fars ibtidai məktəbindən milli azadlıq hərəkatı mücahidliyinə, 21 Azər hərəkatına qədər aparıb çıxarmışdı. İran Xalq Partiyasının üzvü, “Azərbaycan zidd faşist cəmiyyəti”nin Ərdəbil vilayəti şöbəsinin sədri, həmin cəmiyyətin orqanı “Yumruq” qəzetinin redaktoru, Azərbaycan Demokratik Firqəsi Ərdəbil vilayət komitəsinin şöbə müdiri, “Cövdət” qəzetinin redaktoru, “Şairlər məclisi”nin Ərdəbil şöbəsinin rəhbəri, Təbrizdə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini, “Yazıçılar və Şairlər Cəmiyyəti”nin idarə heyətinin üzvü kimi səmərəli siyasi, ədəbi və jurnalistik fəaliyyəti illərində (1941-1946) Balaş Azəroğlu bütün gücü ilə bütöv Azərbaycan amalının gerçəkləşməsi məramına xidmət edib. Güney Azərbaycanda milli mübarizənin öndəri Səttarxana həsr etdiyi şeiri ilə müsabiqə qalibi və mükafatçısı olduğu vaxtdan başlayaraq azadlıq mübarizəsini tərənnüm edən poeziyası ilə ədəbi mühitin diqqətini öz üzərində toplayıb.

“Dnepr” (1937) adlı ilk mətbu şeirini hələ Bakıda ikən yazsa da, həqiqi sənət yolu, qələmini bir ömürlük savaşa – milli mübarizəyə həsr edəcəyi yol Ərdəbildən başlamış, ilk şeir kitabları Ərdəbildə və Təbrizdə nəşr olunmuşdu. Keşməkeşli ömür isə qarşıdaydı. İranın getdikcə mürəkkəbləşən siyasi həyatı, milli azadlıq hərəkatı mücahidləri və milli hökümət tərəfdarlarına amansız divan tutulması, Seyid Cəfər Pişəvəri başda olmaqla Azərbaycan Milli hökümətinin qurucularının böyük işgəncələrə məruz qalması, sonu görünməyən siyasi təzyiqlər onun mənsub olduğu Abizadələr ailəsini də yenidən öz el-obasından ayrılmaq məcburiyyəti qarşısında qoyur. Ailə Bakıya qayıdır. Beləliklə, Balaş Azəroğlunun Azərbaycan Dövlət Universitetindən başlayan təhsil yolu onu müxtəlif məsul vəzifələrdə elmimizi, ədəbiyyatımızı layiqincə təmsil etməsinə qədər gətirib çıxarır.

Həyatının, yaradıcılığının, fəaliyyətinin zirvəsində isə həmişə Güney mövzusu yer alır. Güney Azərbaycan Yazıçıları Cəmiyyətinin sədri kimi fəaliyyəti, Güneyli şair Məhəmməd Əmani yaradıclığından namizədlik dissertasiyası müdafiə etməsi, Saib Təbrizi yaradıcılığını doktorluq dissertasiyası mövzusu kimi seçməsi də bu faktı bir daha təsdiqləyir. O, “Azərbaycan” qəzetinin redaksiyasında ədəbi-bədii şöbənin müdiri və məsul redaktoru işlədiyi illərdə ədəbi-publisistik yazılarında Güney mövzusu xüsusi aktuallıq qazanır. 

Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Orta yüzillər ədəbiyyatı” şöbəsinin baş elmi işçisi işlədiyi vaxtlar Güney şairlərinə son dərəcə təəssübkeş münasibətlə yanaşır, onların ədəbi irsinin öyrənilməsi, əsərlərinin fars dilindən Azərbaycan dilinə tərcüməsi, kitablarının tərtibi işinə böyük əmək sərf edir. Məhəmməd Hüseyn Şəhriyarın farsca şeirlərinin tərcüməsi, “Məhəmməd Əmani” adlı monoqrafiyası, bir çox Güneyli klassik şairin, eləcə də Saib Təbrizinin “Seçilmiş əsərləri”nin (Bakı, Yazıçı, 1980) tərtibi, qəzəl, qəsidə, təkbeytlərinin fars dilindən tərcüməsi, ön söz, çıxarış və şərhlərinin yazılması bu əməyin nəticəsidir. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı üzrə baş müşaviri kimi xidmətləri də öz ədəbi amalına həyatının sonunadək sadiq qalmağın örnəyidir.

Güneyli şairlər içərisində məhz Balaş Azəroğlunun Azərbaycanın həm Güneyində, həm də Quzeyində böyük nüfuz qazanmasını şərtləndirən amillər vardı. Tənqidçi Məsud Əlioğlunun yazdığı kimi, “Azəroğlu, İran Azərbaycan poeziyasının yeni mərhələsində – şeirin müasirlik hissi ilə get-gedə qüvvətləndiyi, mühüm hadisələri əks etdirməyə qabil olduğu əlamətdar bir vaxtda şair kimi məşhur olmuşdur. Onun qələmə aldığı mövzular, toxunduğu və canlandırdığı həyat həqiqətləri, Səttarxan, Xiyabani və Pişəvəri kimi mərd mübarizlərin, xalq hərəkatı qəhrəmanlarının döyüş əzmini, vətənpərvərlik ideallarını və şəxsi-ictimai fədakarlığını əks etdirən müasir İran Azərbaycan şeirinin ən yaxşı, qabaqcıl ənənələrinin davamı kimi diqqəti cəlb edir”.  

Azərbaycanın həm quzeyində, həm də Güneyində yaşayıb yaratdığı üçün Balaş Azəroğlunun ədəbi yenilikləri Güney şeirinə gətirmək imkanları vardı. Əruzdan başqa vəzn tanımayan, xalq şeiri vəzni olan hecaya belə xor baxan Təbriz şairlərinin sərbəst vəzni qəbul etməsində şairin önəmli rolu olub. Yeni fars şeirinin banisi Nima Yuşicin və Xalq şairi Rəsul Rzanın Balaş Azəroğlunun yenilik axtarışlarına təsiri onunla nəticələnib ki, o, Güney Azərbaycan şeirinə sərbəst vəzni gətirməklə yanaşı, bu poeziyada hecanın mövqeyini də möhkəmlədib. Xalq yazıçısı Anarın “O taylı-bu taylı şeirimizin ağsaqqalı” məqaləsində müşahidə etdiyi kimi, “onun bu tarixi xidməti Güney Azərbaycan ədəbiyyatına yeni bir ab-hava gətirməklə bərabər, ümumazərbaycan şeirində də mühüm və parlaq bir səhifədir”. 

89 illik bir ömrün Güney harayını, bütöv Azərbaycan sevgisini Balaş Azəroğlunun bütün şeirlərində görmək mümkündür. Ərdəbildə, Təbrizdəykən Bakının həsrətini çəkən şair Bakıda yaşadığı illərdə də Güney Azərbaycanın nisgilinə dözə bilmirdi. Ömrünün ahıl yaşlarında yazdığı şeirlərdə Təbriz arzusunu dua kimi dilə gətirirdi. 2001-ci ildə qələmə adığı “Ulu Tanrım” adlı şeirində Tanrıya üz tutub dualarında “Qismət ola, bir də görəm Təbrizi” deyir. “Təbriz yuxuma gəlir”, “Mən istəyən zaman ola”, “Nigarançılıq”, “Niyə qoydun gəldin?!”, “Şeyx Səfi küçəsi” kimi şeirlərində bu nisgil daha qabarıq görünür. Xudafərinə həsr etdiyi “Vüsal körpüsü” şeirində də Vətənlə bağlı ən müqəddəs arzusunu dilə gətirir: 

 

Bir körpü olmaq istəyirəm,

Hicran daşlarından hörsünlər onu,

Daha hicran olmasın,

Kəsməsin insanların yolunu.

Adı “vüsal körpüsü” olsun.

İnsanlar keçsin üstündən

Vətəndən Vətənə.

Gəlib çatmamış ömrümün sonu

Kaş o körpüdən keçmək

Qismət ola bir gün mənə...

 

Onun “sevgilim” ünvanlı, ömür-gün yoldaşı Mədinə Gülgünə yazdığı şeirlərdən də Təbriz, Ərdəbil qoxusu gəlir. Şair Mədinə xanımı adi həyat yoldaşı yox, Təbrizlə bağlı ən ülvi xatirələrin şəriki, milli azadlıq yolunda qoşa addımladığı məslək yoldaşı, qələm, fikir, amal dostu kimi yüksək dəyərləndirir. “Unuda bilmirəm” şeirində Mədinə Gülgünün vəfatından doğan acı kədəri, tənhalığı ifadə edərkən bu duyğuları daha qabarıq görürük.

Dönüb çiyninin üstündən gəldiyi yollara baxanda nə qədər təlatümlü illər yaşadığını görən şair buna əsla peşman olmur, çünki bu həyəcanların hamısı vətənlə bağlıdır, insana şərəf verən, baş ucalığı gətirən təlatümlərdir. “Ömrüm mənim” şeirində yazdığı kimi: 

 

Keşməkeşdə keçdi gəncliyim, 

Təəssüf etmirəm yenə.

O illəri yenidən qaytarsalar mənə

İnan, beləcə yaşayaram

Başı uca, üzü ağ.

Ömrün payızına qədəm qoyub

Tökülsəm də yarpaq-yarpaq,

Qəm yemə sevgilim.

Bir də ki, nə qəm,

Mən ki, gəncliyimi itirməmişəm.

Hələ qışa da çox var...

Nə üçün yaşadığını duyan

Ömrün payızın, qışın da

Üzü ağ yaşayar. 

 

“Ana Vətən” adlı şeirinin ovqatı da belədir. “Hər şey isidə bilməz, Həyatı bahar kimi, insanı Vətən kimi!” deyən şairin hər bir şeirində vətən var, azadlıq arzusu var. “Qızıl balıq” adlı şeirində hovuza atılan böyük bir qızıl balığın sıçrayıb özünü hovuzdan kənara atmasını belə şair azadlıq üsyanı kimi görüb mənalandırır:

 

– Ey insan, vurma əllərini!

Toxunma!  

Onu dalğası adam boyu qalxan 

dənizə aparmayacaqsan əgər!

Əl vurma nahaq!

Sənin beş addımlıq hovuzunda 

o qalmayacaq.

...Əl vurma!

O balığa ey insan!

Əl vurma, əgər onu 

azadlığa çıxartmayacaqsan!

 

Balaş Azəroğlu vətənin hər iki tayında azadlıq mübarizəsinin şəhid qanları bahasına başa gəldiyini öz gözləriylə görüb, həmin üsyanların bilavasitə iştirakçısı və ya şahidi olub. “Azadlığa qəsd olundu” şeirində şair iki fərqli zamanda – 1946-cı ilin 12 dekabrında Təbrizdə axıdılan qanı və 1990-cı ildə Bakıda 20 yanvar faciəsini xatırladır. Hər iki milli faciədə “qar üstündə qırmızı laləyə bənzəyən” insan qanını Balaş Azəroğlu “azadlığın qanı” hesab edir, istiqlal yolunun bu qanın içindən keçdiyini vurğulayır:

 

Əvvəl Təbrizdə qəsd oldu azadlığa,

Sonra Bakıda.

Fəqət ölmədi azadlıq,

Güneydə batan günəş

Quzeydə doğuldu.

Azadlıq ilahi nemətdir,

İstər gülləyə tut, istər dardan as,

Onu boğmaq olmaz,

Öldürmək olmaz.

 

Şeirlərindən birində şairi bal arısına bənzədən Balaş Azəroğlu şairlərin fikri, arzunu, sözə çevirib misra-misra düzdüyü şeirin çalarlarını yaratdığı ovqata görə belə fərqləndirir: 

 

Şeir var, qulaq asanda yatırsan,

Şeir var ayağa qaldırır yatanları.

 

Bu misra onun bütövlükdə yaradıcılıq yolunu, poeziyasının başlıca məramını ifadə edir. Balaş Azəroğlu poeziyası Vətənin azadlıq mübarizəsi üçün milləti ayağa qalxmağa səsləyən Vətən fədaisinin, Ərk qalası kimi əzəmətli İnsanın bir ömürlük üsyanıdır. Bu üsyanda saç ağardan şairin vətənləşən həyat xronikasında bütöv Azərbaycan görünür.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.