Qürbətin “qərib bənövşəsi” –AYBƏNİZ FAZİL Featured

 

Yusif Rza (yev), Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tədqiqatçı. “Ədəbiyyat və incəsənət” üçün

 

Vətən deyə-deyə solub, saralıb,

Vətən həsrətiylə yaralı könlüm!

De, nədən gözündə dünya qaralıb,

Qohumdan, tanışdan aralı könlüm,

Vətən hısrətiylə yaralı könlüm!

 

Bu kövrək misralar taleyin hökmü ilə ata yurdu doğma Zaqataladan ayrı düşüb Moskva şəhərində yaşaylb-yaradan istedadlı şairə xanım Aybəniz Fazilin (Aybəniz Allahverdiyevanın) "Yaralı könlüm" şeirindəndir.

O Aybəniz Fazil ki, uzaq qərib ellərdə xalqımızın bədii-estetik fikrini, poetik düşüncələrini, istiqlal arzularını, vətən sevgisini, xoşbəxt gələcəyə inamlarını öz elmi-publisistik və bədii əsərlərində böyük sənətkarlıqla ifadə edən, Azərbaycan mühacir ədəbiyyatının  M.Ə.Rəsulzadə, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Almas İldırım, Qurban Səid, Gültəkin, Ümmülbanu, Ceyhun bəy Hacıbəyli, Turxan Gənceyi, Nuridə Atəşi, Azər Əlibəyli və başqa görkəmli və tanınmış nümayəndələrinin yaradıcılıq ənənələrini çağdaş günümüzdə qərib və nisgilli bir ovqatla, lakin şərəflə, poetik ustalıqla davam etdirən şairlərimizdən biridir.

Özünü "Qərib Bənövşə" adlandıran Aybəniz xanımın şeirləri sosial şəbəkədən diqqətimi cəlb etdi. Daha çox heca vəznində yazılmış bu şeirlər -- qoşma, gəraylı, müxəmməs, bayatı və dördlüklər facebook-da cövlan edən çoxsaylı "şairlərin" şeirlərindən öz oynaqlığı, oxunaqlığı, ahəngdarlığı, poetik şirinliyi, bədii siqləti və texniki kamilliyi ilə seçilir:

 

Söylə, kim sevərdi səni mən qədər,

Arı pətəyində balım, hardasan?

Duydunmu, sən mənsiz yaşadın hədər,

Lalə yanağımda xalım, hardasan?

("Hardasan?")

 

Ömrüm keçdi, tellərimdə dən oldun,

Sən qədrimi bilsən də, bilməsən də.

Gözlərimdə duman oldun, çən oldun,

Göz yaşımı silsən də, silməsən də.

... Səndən ötrü hara desən gələrəm,

Məndən ötrü gəlsən də, gəlməsən də.

 ("Gəlsən də, gəlməsən də")

 

Poetik ifadə tərzinin, bədii üslubunun bənzərsizliyi, gözəlliyi ilə fərqlənən Aybəniz Fazil şeirlərində iki mövzu: Vətən həsrəti və nakam məhəbbət qoşa qırmızı xətt təşkil edir. 

 

Bircə dəfə gül desəydi, gülərdim,

Ürəyimdən qəm-kədəri silərdim,

Dərd deməyə dağ döşünə gələrdim,

Anlayardı, yar bildiyim bənövşə. ("Bənövşə")

 

Bu şeirdə iki nisgil, iki sevgi, iki həsrət, iki könül yanğısı çulğalaşıb. Taleyin məşum qisməti ilə Moskva şəhərinə gələn, burada məskunlaşmağa məcbur olan, yaşayıb- yaradan şairə yazır: “Yad torpaqda ölsəm, məzarımın üstə göyərin, şehinizi üstümə tökün, məni tənha qoymayın, mənim gözəl bənövşələrim. Sizi bir daha qarşınızda diz çöküb öpürəm, mənim kimi qərib gözəllərim."

Şairə düşünürdü ki, bu bənövşələr də onun kimi qəribdir, Zaqataladan gəlib burada bitiblər.

Aybəniz Fazilin Vətənə övlad məhəbbətindən, yurd sevgisindən, doğma el-oba həsrətindən də yaranmış çoxlu şeirləri var. 

 

Səadət axtarıb gəzirdin harda,

Aybəniz, tapdınmı bu yad diyarda?

Kaş ki, Vətənimdə, soyuq məzarda,

Bir yol kənarında daş olub gedim. ("Gedim")

 

Şairə xanımın "O balaca qız mənəm", "Bənövşə","Düşmüşəm","Həsrət qatarı", "Ata","Çək, rəssam,çək","Dostuma məktub", "A Dağlar","Susma, ey Vətən oğlu","Vətənə gəl" və s. şeirlərində doğulduğu Zaqatalanın laləli çəmənlikləri, uca dağları, məğrur palıd ağacı, şirin dilli bülbülü, Ata ocağı böyük bir həsrətlə, sevgi ilə xatırlanır, təsvir və tərənnüm olunur:

 

Yellər eldən verdi soraq,

Dedi, gözəl, Vətənə gəl!

Xatirələr qalaq-qalaq,

Dedi, ünün yetənə gəl,

Qayıt, gözəl, Vətənə gəl!

 ("Vətənə gəl")

 

Aybəniz Fazilin məhəbbət mövzulu şeirlərində böyük bir eşq ilə sevən qızın könül çırpıntıları, nakam sevgidən doğan hicran, həsrət nidaları, vəfaya, sədaqətə, ilqara, qayıdışa çağırış sədaları eşidilir:

 

Axır ki, gətirdin məni dilə sən,

Axı, səndən başqa kimim var mənim?

Ölərəm, boylansan yad bir gülə sən,

Axı, səndən başqa kimim var mənim?

 ("Sevgi etirafl")

 

Şairənin sevgi şeirlərində bir təəssüf hissi də duyulmaqdadır:

 

Bilseydim ki, vəfan bu imiş sənin,

Ötən gəncliyimi yelə verməzdim.

Məni kövrəltməzdi heç zaman qəmin,

Gözümü kor edib selə verməzdim. 

("Verməzdim")

 

Aybəniz xanım öz eşqini yetim uşağa bənzədir:

 

Süzüb meşələrdən zümzümə ilə,

Çaylara qarışan bulaqdır eşqim.

Atasız-anasız bir yetim kimi,

Çöhrəsi gülməyən uşaqdır eşqim.

 ("Eşqim")

 

Aybəniz Fazilin "Gözlə məni gələcəyəm", "Payız, nə tez gəldin, yayım gəlməmiş","Bilmədim","Qurban olum","Niyə sevdirdin özünə məni?","Sənindi" və s. şeirlərinin hər biri qürbətdə yaranmış bir sevgi dastanıdır.

Çox istərdim ki, "Qərib bənövşəm, hardasan?" haraylayan Aybəniz xanımın hər iki nisgilinə son qoyulaydı. Axtardığı bənövşə onun könül mülkündə bitəydi. Əminəm ki, Aybəniz Fazilin Bakı şəhərində nəşr ediləcək "Qərib bənövşə” kitabı Azərbaycan mühacirət ədəbiyyatına dəyərli bir töhfə olacaq və oxucular tərəfindən sevilə-sevilə oxunacaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.