Oğuzda “Poeziyamızın günəşi – Səməd Vurğun” adlı tədbir keçirilib

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Poeziyamızın günəşi – Səməd Vurğun” adlı ədəbi-bədii gecə keçirilib.

 

Tədbirdə Oğuz rayonunun şair və yazarları, ziyalılar, kitabxana əməkdaşları və fəal oxucular, məktəblilər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də böyük şairin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər Səməd Vurğunun Azərbaycan ədəbiyyatındakı müstəsna xidmətlərindən, yaradıcılığının milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolundan bəhs ediblər.

Tədbir çərçivəsində şairin həyat və yaradıcılığını əks etdirən kitab və foto sərgisinə baxılıb. Daha sonra iştirakçılara Səməd Vurğunun zəngin ədəbi irsini əks etdirən ədəbi-bədii kompozisiya təqdim olunub, şairin vətənpərvərlik mövzusunda şeirləri səsləndirilib, sözlərinə yazılan musiqi nömrələri ifa edilib.

Tədbirin əsas məqsədinin gənc nəslə milli-mənəvi dəyərlərimizi aşılamaq, klassik ədəbi irsimizi təbliğ etmək və böyük söz ustadının yaradıcılığını geniş oxucu kütləsinə tanıtmaq olduğu vurğulanıb.

Sonda kitabxana fəaliyyətində fəal iştirak edən kitabxanaçılara və tədbirdə maraqlı çıxışları ilə fərqlənən fəal oxuculara Oğuz rayon MKS-nin rəhbərliyi tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2026)

 

 

 

                                                                          

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.