İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon Mədəniyyət Mərkəzində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının birgə təşkilatçılığı, Oğuz Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tərəfdaşlığı ilə Oğuz rayonunda “Aikido və Yapon Mədəniyyəti Günü” adlı tədbir keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, dövlət və ictimai qurumların nümayəndələri, idman ictimaiyyətinin üzvləri, məşqçilər, müəllimlər, valideynlər və gənclər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra aikidonun Yaponiyada, Azərbaycanda və Oğuz rayonunda inkişaf tarixini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin rəsmi hissəsində Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi və fiziki-mənəvi inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Bildirib ki, son illərdə regionlarda idmanın inkişafı, gənclərin müxtəlif idman növlərinə cəlb olunması və sağlam həyat tərzinin təşviqi istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Digər çıxış edənlər aikidonun yalnız döyüş sənəti deyil, həm də intizam, qarşılıqlı hörmət, özünənəzarət və daxili harmoniyanı təbliğ edən həyat fəlsəfəsi olduğu vurğulayıb. Qeyd edilib ki, bu idman növü gənclərin fiziki hazırlığı ilə yanaşı, onların mənəvi dəyərlər əsasında formalaşmasına da mühüm töhfə verir.
Tədbirin davamında aikido ustaları və idmançılar tərəfindən nümunəvi çıxışlar nümayiş etdirilib. İştirakçılar aikidonun texniki elementləri, müdafiə üsulları və əsas fəlsəfi prinsipləri ilə yaxından tanış olublar. Bununla yanaşı, Yapon mədəniyyətinin müxtəlif istiqamətlərini əks etdirən təqdimatlar təşkil olunub, iştirakçılara bu ölkənin zəngin mədəni irsi və ənənələri barədə ətraflı məlumat verilib.
Tədbirin keçirilməsində əsas məqsəd aikido döyüş sənətinin təbliği, Yapon mədəniyyətinin tanıdılması, gənclər arasında sağlam həyat tərzinin təşviqi, həmçinin dostluq və mədəni əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi olub.
Sonda iştirakçılar tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək təşkilatçılara təşəkkürlərini bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(11.06.2026)


