III Kəlağayı Festivalı Sumqayıtda keçirildi Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan III Kəlağayı Festivalı Sumqayıt şəhərində, Heydər Əliyev adına parkda böyük maraq və coşqu ilə keçirildi.

 

Festival Sumqayıt şəhər İcra Hakimiyyəti, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi, Kəlağayı Ev Muzeyi və “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırıldı.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı çıxışında vurğuladı ki, artıq ənənəyə çevrilmiş Kəlağayı Festivalı milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd etdi ki, kəlağayı Azərbaycan qadınının zərifliyini, mənəvi zənginliyini və milli kimliyini özündə əks etdirən nadir mədəni irs nümunələrindən biridir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin humanitar məsələlər şöbəsinin müdiri Fərman Kazımov çıxışında bildirdi ki, kəlağayı Azərbaycan xalqının zəngin tarixini, adət-ənənələrini və milli dəyərlərini yaşadan mənəvi sərvətlərimizdəndir. O vurğuladı ki, bu qədim sənət nümunəsinin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Fərman Kazımov, həmçinin, kəlağayı sənətinin təbliğinin Azərbaycanın milli-mədəni irsinin beynəlxalq müstəvidə tanıdılmasında mühüm rol oynadığını diqqətə çatdırdı.

Festivalda Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Qələndərli, Prezident təqaüdçüsü, Əmək Qəhrəmanı Tərlan Musayeva, şairlər Cığatel İsaqızı, Lalə İsmayıl, Elmira Mahalqızı, Leyla Camal, eləcə də aşıqlar Anar Laçınlı, Rəvanə Lerikli və Avdı Musayev çıxış edərək şeirləri, musiqi nömrələri və saz havaları ilə tədbirə xüsusi rəng qatdılar.

Şəhid anası Maisə Səbuhi çıxışında belə tədbirlərin milli ruhun, vətənpərvərlik duyğularının və mədəni dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. O qeyd etdi ki, kəlağayı Azərbaycan qadınının səbrini, ləyaqətini və mənəvi gücünü simvolizə edən müqəddəs dəyərlərimizdəndir. Şəhid anası vurğuladı ki, Vətən uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsi daim uca tutulmalı, onların şərəfli həyat yolu və qəhrəmanlığı gənc nəslə örnək kimi təqdim edilməlidir. Çıxışının sonunda o, festival iştirakçılarını 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək, uşaqlara göstərilən diqqət və qayğıya görə təşkilatçılara minnətdarlığını ifadə etdi.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən festivalda uşaqlara xüsusi diqqət göstərildi. Tədbir çərçivəsində onlara kitablar hədiyyə olundu, mütaliəyə marağın artırılması, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda yetişmələri ilə bağlı xoş arzular səsləndirildi.

Festival çərçivəsində maraqlı və əlamətdar təqdimatlar da baş tutdu. Yazıçı Almaz Bəyazid Ərgünəş yaşı bir əsrdən artıq olan noxudu kəlağayını, Regional Əməkdaşlıq və Sosial İnkişaf İctimai Birliyinin sədri Bahar Məmmədova isə nənəsinə məxsus saçaqlı zərxara şalını etibarlı tarixi-mədəni nümunə kimi Kəlağayı Ev Muzeyinin rəhbəri Güllü Eldar Tomarlıya təqdim etdilər.

Festival iştirakçıları kəlağayı sənətini əks etdirən zəngin eksponatlar və nadir nümunələrlə tanış oldular. Azərbaycanın qədim el sənətinin incəliklərini özündə yaşadan bu eksponatlar tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən və artıq ənənəvi xarakter alan Kəlağayı Festivalı Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsi olan kəlağayı sənətinin qorunmasına, təbliğinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Festival bir daha nümayiş etdirdi ki, milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən bu cür layihələr mühüm ictimai-mədəni əhəmiyyət daşıyır və cəmiyyətin milli kimlik şüurunun möhkəmləndirilməsində xüsusi rol oynayır.

 

“Ədəbiyyat və incəsənət”

(03.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.