İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirilib.
Şəki Xan Sarayında təşkil olunan tədbirin əsas məqsədi muzeylərin cəmiyyət həyatındakı rolunu təbliğ etmək, milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamaqdır.
Beynəlxalq Muzeylər Günü çərçivəsində Şəki şəhərində fəaliyyət göstərən muzeylərə ekskursiyalar təşkil olunub. Ekskursiyalar zamanı ziyarətçilərə Şəkinin zəngin tarixi, mədəni irsi, qədim sənətkarlıq ənənələri və muzey eksponatları haqqında ətraflı məlumat verilib. Geniş sərgi zonası təşkil olunaraq müxtəlif istiqamətləri əhatə edən ekspozisiyalar nümayiş etdirilib.
Tədbirdə Şəki şəhərində fəaliyyət göstərən ev muzeyləri, Kəlağayı və Yurd Yaddaşı Muzeyinin də sərgiləri təqdim olunub. Sərgilərdə tanınmış şəxsiyyətlərin həyat və yaradıcılığını əks etdirən materiallar, şəxsi əşyalar və nadir eksponatlar nümayiş olunaraq ziyarətçilərin böyük marağına səbəb olub.
Eyni zamanda xalq tətbiqi sənəti nümunələri, əl işləri və dekorativ-tətbiqi sənət məhsulları sərgilənərək Azərbaycanın zəngin mədəni irsi geniş şəkildə təqdim edilib.
Tədbir çərçivəsində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən 3 nömrəli Uşaq musiqi məktəbi və M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən milli musiqi və muğam nümunələri təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(19.05.2026)


