İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Oğuz Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Oğuz rayonunda “Gənc Sənətkarlar Festivalı” keçirilmişdir.
Festivalda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, YAP Oğuz rayon təşkilatının, Şəki Regional Turizm İdarəsinin rəhbərləri və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak etmişdir.
Festival Azərbaycan Respublikasının dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların istedadlarının dəstəklənməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək dövlət gənclər siyasətinin əsas istiqamətlərindən birinin gənclərin hərtərəfli inkişafına şərait yaradılması olduğunu vurğulamış, yaradıcı və istedadlı gənclərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Daha sonra Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov çıxış edərək gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiqliyini, onların müasir yaradıcılıq qabiliyyətlərini və cəmiyyətin inkişafındakı rolunu xüsusi qeyd etmişlər.
Festival iştirakşıları gənc istedadların əl işləri ilə yaxından tanış olmuşlar. Tədbir çərçivəsində əl işlərinin sərgisi və satış yarmarkası, canlı ustad dərsləri, bədii proqramlar, musiqi nömrələri, şeir təqdimatları və açıq mikrofon proqramı təşkil olunmuşdur.
Nümayiş olunan müxtəlif sənət nümunələri gənclərimizin zəngin yaradıcılıq potensialını, milli-mənəvi dəyərlərimizə bağlılığını və müasir sənətə marağını bir daha nümayiş etdirmişdir.
Tədbirin sonunda qeyd olunmuşdur ki, istedadlı gənclərin inkişafına yönəlmiş layihə və təşəbbüslər gələcəkdə də davam etdiriləcəkdir.
“Ədəbiyyat və incəsənət”
(15.05.2026)


