İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində adı çəkilən qurumun və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşkilatçılığı ilə Xalq yazıçısı, AYB-nin katibi Çingiz Abdullayevlə oxucuların görüşü keçirilib. Tədbirdə şəhər ziyalıları, gənc yazarlar, tələbələr və ədəbiyyatsevərlər iştirak ediblər.
Görüş zamanı yazıçının yaradıcılığı, Azərbaycan və dünya ədəbiyyatındakı yeri, detektiv janrının xüsusiyyətləri barədə geniş söhbət aparılıb. Çingiz Abdullayev oxucuların suallarını cavablandırıb, yaradıcılıq planlarından danışıb və gənclərə mütaliənin əhəmiyyətini tövsiyə edib.
Tədbirdə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Əməkdar müəllim Ofelya Babayeva, yazıçı Hümbət Həsənoğlu, şair İbrahim İlyaslı və başqaları çıxış edərək yazıçının Azərbaycan ədəbiyyatının tanıdılmasında mühüm rol oynadığını qeyd edib, belə görüşlərin gənclərin ədəbiyyata marağının artırılmasına xidmət etdiyini bildiriblər.
Məlumat üçün bildirək ki, Çingiz Abdullayev 1959-cu ildə Bakı şəhərində anadan olub. Hüquq təhsili alan yazıçı uzun illər hüquq-mühafizə orqanlarında çalışıb. O, əsasən siyasi-detektiv janrında qələmə aldığı əsərlərlə geniş oxucu auditoriyasının rəğbətini qazanıb. Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunub və dünyanın müxtəlif ölkələrində nəşr edilib. Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrə görə ona “Xalq yazıçısı” fəxri adı verilib.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib və müəllif kitablarını oxucular üçün imzalayıb.
“Ədəbiyyat və incəsənət”
(14.05.2026)


