İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz MKS-nin Kərimli kənd kitabxanasının başlatdığı "Oğuz, qonağın var!" adlı ədəbi layihəsinə əsasən Oğuz rayon Kərimli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair, yazıçı, publisist, Müşfiq Malik Muğanlı ilə oxucuların görüşü təşkil edilib.
Tədbirdə layihənin rəhbəri Məmmədova Gülnarə çıxışında qeyd edib ki, Müşfiq Malik Muğanlı 9 kitabın müəllifidir. Azərbaycan ədəbiyyatında vətənpərvər ruhu ilə seçilən qələm sahiblərindən biri kimi tanınır.
Onun yaradıcılığında vətən sevgisi sadəcə mövzu deyil, daxili bir hiss, həyat fəlsəfəsi kimi təqdim olunur. Müşfiq Malik Muğanlının əsərlərində Azərbaycan torpağına bağlılıq, milli kimliyə hörmət, tarixə və şəhidlərə ehtiram, gənc nəslə vətən sevgisinin aşılanması kimi ideyalar əsas yer tutur.
Görüşdə kəndin ziyalıları, qazilər, məktəblilər və gənc oxucular iştirak edib.
Tədbirdə şairin şeirləri səsləndirilib, çıxış edənlər şairin yaradıcılığı haqqında və onları maraqlandıran sualları yazıçıya ünvanlayıblar.
Sonda Müşfiq Malik Muğanlı oxuculara öz kitablarını hədiyyə edib. Müəllifdən imza alınıb və xatirə şəkli çəkilib.
“Ədəbiyyat və incəsənət”
(08.05.2026)


