İmişlidə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tədbir keçirilib

“Rəqsanə Babayeva,

Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qurulan şəhər, qurulan gələcək” adlı rəsm sərgisi və konsert proqramı təşkil olunub.

 

İmişli rayon Mədəniyyət Mərkəzinin qarşısındakı parkda keçirilən tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mirzə Quliyev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov, mədəniyyət işçiləri, rayon sakinləri, eləcə də incəsənət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə İmişli Dövlət Rəsm Qalereyasının fondunda qorunan əsərlərlə, İmişli şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagirdlərinin əl işləri, eləcə də həvəskar rəssamların nümayiş etdirilən yaradıcılıq nümunələri ilə tanış olublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mirzə Quliyev və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır, 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə yenidənqurma və bərpa prosesinə başlanılıb və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Tədbirin bədii hissəsində İmişli şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin ifasında səsləndirilən vətənpərvərlik ruhlu mahnılar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, keçirilən tədbirin əsas məqsədi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən quruculuq proseslərinin təbliği, gənc nəslin estetik zövqünün formalaşdırılması və incəsənətə marağın artırılması olub.

 

“Ədəbiyyat və incəsənət”

(04.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.