Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib

 

Rəqsanə Babayeva,

“Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

 

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 103 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Beyləqan Peşə məktəbinin müəllimləri, tələbələri, Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivi, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Ardınca Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən, Azərbaycan oftalmologiya elminin, səhiyyəsinin inkişafında göstərdiyi xidmətlərdən, yüksək insani keyfiyyətlərindən və nümunəvi həkim-ziyalı obrazından, gənc həkimlər üçün örnək məktəb olmasından, onun peşəkar yanaşması ilə yanaşı, insanlara olan yüksək diqqət və qayğısından bəhs ediblər.

Qeyd olunub ki, akademik Zərifə xanım Əliyevanın parlaq xatirəsi və zəngin elmi irsi daim yaşayacaq, gələcək nəsillərə elmə, insana və Vətənə xidmət nümunəsi olaraq yol göstərəcəkdir.

Sonda qiraətçi-şair Lalə xanım Hacıyevanın və Elnur Qarabağlının təqdimatında Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.