Poeziya Evində Beynəlxalq Mədəniyyət Günü qeyd olunub

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəhər Mədəniyyət Evi və Poeziya klubunun birgə təşkilatçılığı ilə Poeziya Evində Beynəlxalq Mədəniyyət Gününə həsr olunmuş “Mədəniyyətimizin işığında” adlı musiqili-bədii gecə keçirilib.

 

Tədbiri “Veteranlar” xalq xorunun dirijoru Turanə Vəliyeva açaraq iştirakçıları salamlayıb, Beynəlxalq Mədəniyyət Gününün əhəmiyyəti, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Gecə çərçivəsində mədəniyyət işçilərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Bayram proqramı zəngin musiqi və bədii çıxışlarla yadda qalıb. Tədbirdə “Veteranlar” xalq xoru, “Şəms” instrumental ansamblının solisti Kərim Rəhmanov, müğənnilər Kamilə Ağasiyeva, Kamil Ağazadə, Zaur Yusifli, həmçinin Novxanı Sənətkarlıq klubunun “Xəzər ulduzları” rəqs kollektivi çıxış ediblər. Bədii qiraətçilər Sevgi Məmmədli və Damla Babanlı tərəfindən səsləndirilən şeirlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Gecədə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı yazıçı Almaz Ərgünəş Bəyazid, Prezident mükafatçısı şair Esmira Günəş, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, şair-publisist, “Sumqayıt” qəzetinin əməkdaşı, “Zərdabi” mükafatı laureatı İlhamə Məhəmmədqızı çıxış edərək milli mədəniyyətimizin inkişafı, qədim adət-ənənələrimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə mədəniyyət işçiləri, kitabxanaçılar, həmçinin Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri iştirak ediblər. Ə.Vahid adına kitabxana filialının əməkdaşları tərəfindən mədəniyyət və incəsənətimizi əks etdirən kitab sərgisi təşkil olunub. Eyni zamanda, rəssamlıq kursunun üzvləri (rəhbər Aytac Həsənova) milli-mənəvi dəyərlərimizi əks etdirən rəsm əsərlərini təqdim ediblər.

Tədbirin yüksək səviyyədə təşkilində Şəhər Mədəniyyət Evinin direktoru Elnarə Rəşidovanın və bədii rəhbər Kəmalə Aslanovanın xüsusi əməyi və təşkilatçılıq bacarığı mühüm rol oynayıb. Onların təşəbbüsü və koordinasiyası nəticəsində gecə zəngin proqramı, rəngarəng çıxışları və yüksək təşkilatçılığı ilə iştirakçılarda xoş təəssürat yaradıb.

Sonda rəssamlıq kursunun üzvlərinə Şəhər Mədəniyyət Evinin tədbirlərində fəal iştirak etdiklərinə görə “Fəxri fərman”lar təqdim olunub.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi milli mədəniyyətimizin təbliği, gənc nəslin estetik zövqünün formalaşdırılması və mədəni irsimizin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.