Beyləqanda müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub

Rəqsanə Babayeva,

"Ədəbiyyat və İncəsənət" portalının Beyləqan-İmişli təmsilçisi,

 

Martın 18-də Beyləqan rayonunda müqəddəs Ramazan ayı münasibətilə 400 nəfərlik iftar süfrəsi təşkil olunub.

 

Mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar, din xadimləri, ictimaiyyət nümayəndələri və aztəminatlı ailələr iştirak edib.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İftar süfrəsində şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ölkəmizdə əmin-amanlığın, sabitliyin və firavanlığın davamlı olması üçün dualar edilib. Din xadimləri tərəfindən müqəddəs Ramazan ayının fəzilətlərinə uyğun olaraq xeyir-dualar səsləndirilib.

Tədbir boyu cəmiyyətimizdə birlik və həmrəyliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasının önəmi xüsusi vurğulanıb. Açılan süfrələr ətrafında iştirakçılar səmimi, mehriban və yüksək mənəvi ab-havada iftar ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(19.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.