Turan Etibaroğlu,
Sumqayıt Dövlət Dram Teatrının mətbuat katibi. “Ədəbiyyat və incəsənət”
Sumqayıt Dövlət Dram Teatrı 10 Mart - Milli Teatr Gününü yeni səhnə əsərinin premyerası ilə qeyd edib. Tanınmış tatar dramaturqu Taufiq Minullinin “Ərmağanlı Əlməndər” əsəri əsasında hazırlanmış “Sonuncu qonaq” tamaşası ilk dəfə tamaşaçılara təqdim olunub.
Tamaşanın quruluşçu rejissoru Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Xalq artisti və Prezident təqaüdçüsü Valeh Kərimov, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Gülcahan Yusifova, rejissor köməkçisi Ləman Məmmədli, rəqslərin quruluşçusu isə Kamil Ağazadədir.
Səhnədə Əməkdar artistlər Fəranə Musayeva və İlahə Səfərova, eləcə də aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Şəms Abdullayeva, Füzuli Qərənizadə, Elay Xasiyev və Aynur Hümmətova çıxış ediblər.
Milli Teatr Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştiraklarına görə teatrın bir qrup əməkdaşına Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub. Eyni zamanda, teatrın bir neçə əməkdaşı Sumqayıt Dövlət Dram Teatrının direktoru Samir Şəfiyev tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Bayram gününün xüsusi anlarından biri isə teatrın sevilən aktyoru, Əməkdar artist Rauf Ataşkişiyevin Teatr Xadimləri İttifaqı tərəfindən “Qızıl dərviş” mükafatına layiq görülməsi olub. Bu uğur tamaşaçılar və teatrsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Beləliklə, Sumqayıt Dövlət Dram Teatrı 10 Mart - Milli Teatr Gününü həm səhnə yenilikləri, həm də teatrın yaradıcı heyətinin uğurlarını qeyd etməklə xüsusi əhəmiyyətli və yadda qalan bir gündə qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(11.03.2026)


