Sumqayıt Poeziya Evində hər kəs “Dilimiz varlığımızdır” söylədi Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Ana dili hər bir xalqın varlığının, kimliyinin və milli-mənəvi dəyərlərinin əsas sütunudur. Dil sadəcə ünsiyyət vasitəsi deyil. O, bir xalqın tarixi yaddaşı, mədəni xəzinəsi, düşüncə tərzi və mənəvi dünyasıdır. Hər bir millət öz keçmişini ana dilində yaşadır, bu gününü ana dilində ifadə edir və gələcəyini yenə həmin dilin işığında qurur. Dil varsa, millət var; dil zəifləyərsə, milli ruh da sarsılar.

 

Azərbaycan dili zənginliyi, ahəngi və ifadə imkanlarının genişliyi ilə seçilən dillərdəndir. Dahi mütəfəkkir və şair Məhəmməd Füzuli ana dilimizin poetik qüdrətini əsərlərində zirvəyə yüksəltmiş, sözün incə çalarlarını ustalıqla nümayiş etdirmişdir. Ana dilimizin dövlət dili kimi möhkəmlənməsi və inkişafı isə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi iradəsi nəticəsində Azərbaycan dili Konstitusiyada dövlət dili statusunu almış, qorunması və inkişafı istiqamətində ardıcıl addımlar atılmışdır. Bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dilimizin saflığının qorunması, zənginləşdirilməsi və beynəlxalq müstəvidə tanıdılması daim diqqət mərkəzində saxlanılır.

21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə Poeziya Evində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Əli Kərim adına Poeziya Kliubunun birgə təşkilatçılığı ilə “Dilimiz varlığımızdır” adlı dəyirmi masa təşkil edildi. Tədbirdə şəhərin tanınmış qələm adamları və ziyalıları iştirak etdilər.

Poeziya Evinin direktoru İbrahim İlyaslı qonaqları salamlayaraq ana dilinin milli-mənəvi həyatımızdakı rolundan danışdı. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, filologiya üzrə fəlsəfə doktoru, professor Avtandil Ağbaba, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev, 42 saylı məktəbin direktoru İlqar Həbibi, şairlər İlhamə Məhəmmədqızı, Hikmət Fərzəli, Elvin İntiqamoğlu, Elçin Nur, digər ziyalılardan Xürrəm Həsənov, Elnur Bayramov mövzu ətrafında çıxış edərək dəyərli fikirlər səsləndirdilər.

Çıxışlarda vurğulandı ki, ana dili hər bir xalqın milli kimliyinin əsas göstəricisidir. Azərbaycan xalqı üçün Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də tariximizin, ədəbiyyatımızın və mədəniyyətimizin daşıyıcısıdır. Bununla yanaşı, müasir dövrdə dilimizlə bağlı müəyyən problemlər də mövcuddur. Xarici sözlərdən həddən artıq istifadə, sosial şəbəkələrdə ədəbi dil normalarına əməl olunmaması, gənclər arasında yazı mədəniyyətinin zəifləməsi narahatlıq doğurur. Bəzən dilimizdə qarşılığı olduğu halda başqa dillərə üstünlük verilməsi ana dilimizin saflığına xələl gətirir.

Bu problemlərin aradan qaldırılması üçün bir sıra təkliflər də irəli sürüldü. Qeyd olundu ki, məktəblərdə və ali təhsil müəssisələrində nitq mədəniyyətinə daha çox diqqət yetirilməli, kütləvi informasiya vasitələrində ədəbi dil normalarına ciddi əməl olunmalıdır. Gənclər arasında ana dilinin düzgün istifadəsini təşviq edən maarifləndirici layihələr və müsabiqələr təşkil edilməli, hər bir vətəndaş gündəlik həyatında dilinə məsuliyyətlə yanaşmalıdır.

Tədbir bir daha göstərdi ki, dilə sevgi təkcə sözlə deyil, əməli fəaliyyətlə də ifadə olunmalıdır. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur. Çünki dilimiz bizim varlığımızdır. O, bizi bir xalq kimi birləşdirən ən möhkəm bağdır.

 

“Ədəbiyyat və incəsənət”

(23.02.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.