“Azərbaycan: dini tolerantlıq və birgəyaşayış nümunəsi!” mövzusunda tədbir keçirilib

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 Oğuz şəhəri “Cümə” məscidində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin, Oğuz Rayon İcra Hakimiyyətinin və QMİ-nin bölgə qazılığının birgə təşkilatçılığı ilə “Azərbaycan: dini tolerantlıq və birgəyaşayış nümunəsi!” mövzusunda tədbir keçirilib.

 

Tədbirdən öncə Vətənimizin azadlığı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsini yad etmək üçün Oğuz şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib.

Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşı Samir Salehov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ayaz Ağayev, QMİ-nin Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov, din xadimləri və dini icma üzvləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin və etnik qrupların nümayəndələri qarşılıqlı hörmət və birgəyaşayış şəraitində, bir ailənin üzvləri kimi yaşayıblar.

Vurğulanıb ki, müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda islamın mənəvi prinsipləri müstəsna rol oynayıb. Ölkəmizin əlverişli coğrafi mövqeyi və əhalisinin etnik müxtəlifliyi qədim dövrlərdən burada fərqli dinlərin mövcud olması üçün zəmin yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2026)

 

 

                                                             

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.