Çox maraqlı, həm də mübahisəli bir oykonim barədə Featured

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

  

Bu yazımızda Sizə çox maraqlı, həm də mübahisəli bir oykonim barədə söhbət açmaq istəyirik. Oykonmin adı Muxasdır. Muxas kəndi Oğuz rayonunun mərkəzindən (yəni Oğuz şəhərindən) 16 km qərbdə, Daşağıl çayının (Ulu çayın) sol sahilində, Oğuz-Şəki şose yolundan 3 km sağda, Baş Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Eyni adlı İnzibati Ərazi Vahidinin mərkəzidir.

 

Kəndin ərazisindəki məşhur Muxas qülləsi (IX əsr) və məscid binası buranın çox qədimdən yaşayış yeri olduğunu sübut edir. Kəndin adı da onun qədimliyindən xəbər verir.

“Muxas” toponiminin yaranması və mənası haqqında müxtəlif fikirlər və mülahizələr, müxtəlif fəlsəfi düşüncələr, nəzəriyyələr söylənmişdir. Hətta nə qədər qəribə olsa da, “Muxas” sözünün gürcücə “100 palıd” mə’nası verən “muxisasi” (“muxis” və “asi”); farsca “boyun əyməyən” mə’nası verən “moxasem”; ərəbcə “saf su” mə’nası verən “maxass” (“ma” və “xass”); ərəb-farsca “qədim dəyirman daşı” mə’nasını verən “nuhas” (“nuh” və “as”); azərbaycanca “muğal” və ya “muğan” söz və ifadələrindən formalaşdığı da nağıl olunur.

“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə isə (“Şərq-qərb, Bakı-2007, II cild, səh:120) qeyd olunur ki, “...Bəzi tədqiqatçılar Muxas oykoniminin udi mənşəli şəxs adı ilə əlaqələndirirlər. Türkdilli xalqların toponomiyasında “mux” çay adlarında çayın “az sulu”, “quru” olmasını bildirir; dağ adlarında isə “dar, keçilməz, açırımı olmayan, yarğanlı” mənalarını ifadə edir. –as/az toponimiyada bir çox çay adlarının sonluğunda işlənir”.

Açığı, biz Muxas toponimi barədə bu və ya digər qeydlərlə razılaşmırıq. Fikrimizcə, Muxas toponimi iki qədim türk etnoslarının (“muğ” və “as”) adlarının birləşməsi ilə yaranmışdır. Quruluşca mürəkkəb olub, etnotoponimdir.

Tarixi mənbələr də bu adda etnosların varlığını təsdiq edir. Vaxtı ilə Herоdot özünün “Tarix” əsərində göstərmişdir ki, “...muğlar Kaspi dənizinin cənub-qərbində yaşayan Midiya tayfalarından biridir”. Eramızdan əvvəl X-IX əsrlərdə Midiya şahlığı dövründə muğlar çox böyük nüfuza malik olmuş, ictimai- siyasi, dini hadisələrdə fəal iştirak etmişlər. “Muğ” sözünə “mux” şəklində Gültəkin və Tonyuquq abidələrində də təsadüf olunur.

Avestada da muğlar ən qədim qövm (nəsil) kimi öz təsdiqini tapır. Çox qədimdən inancları Tanrıçılıq olsa da, sonralar az qismi bu inancını saxlamış, bir çoxları məcburi və qeyri-məcburi atəşpərəstliyi, zərdüştliyi qəbul etmişlər. Tədqiqatçılar atəşpərəst muğların ayinlərinin, dini mərasimlərinin ilkin muğamın (musiqi janrı) əlamətlərini özündə əks etdirdiyini də bildirirlər.

Tarıxı sənədlərdə Şərqdə çox böyük, nüfuzlu bir dini təlimin banisi və "Avesta"nin müəllifi Zərdüştün özünün muğ tayfalarının nümayəndəsi olması, Urmiya və ya Zərdüşt şəhərlərinin birindən çıxdığı qeyd edilmişdir.

Sonralar Zərdüşt dinini yayanlar əsasən muğlar olublar. Muğlar "Avesta" kitabında olan ayinləri dünyada təbliğ etmiş və insanları tək Allahlığa ibadət etməyə çağırmışlar. Ona görə də çox vaxt onlara “muğlar - atəşpəstlərdir” deyirlər. “Azərbaycan dilinin izahlı lüğəti”ndə də (“Şərq-qərb”, Bakı-2006, III cild, səh:394) “muğ” sözü isim və tarixi termin kimi farsca “Zərdüşt dininə mənsub adam, atəşpərəst, məcusi (zərdüştlüyə və atəşə sitayiş edən insanlara verilən ad-İ.V.)” kimi izah olunur. Ə.Fərzəlinin qeydinə görə isə, “muğ” (“mux”) “od”, “alov” deməkdir.

Hazırda “muğ”ların adı “Muğan” toponimində və “Muğam” musiqi janrının adında, yer adlarında, şimal-qərb zonasında daha çox işlənən "muğal" (Qaxda bu adda kənd də var- "Qaxmuğal") sözündə, eləcə də haqqında bəhs etdiyimiz “Muxas” kəndinin adının birinci yarısında (ğ→x əvəzlənməsi nəzərə alınmaqla -İ.V.) və s. yaşamaqdadır. (https://anl.az/el/Kitab/2018/05/cd/Azf-302434.pdf)

İndi də “Muxas” oykoniminin ikinci yarısı (“as”) barədə. Faktlar göstərir ki, “as” (“az”) da yer üzündə, o cümlədən Azərbaycanda geniş yayılmış etnoslardan (xalqlardan) birinin adıdır. Ümumiyyətlə, müxtəlif türk xalqlarının boy-soy (tayfa-nəsil) bölgüsü kimi diqqəti çəkən və tərkibində as//az komponentini yaşadan etnonimlər çoxdur. Təkcə Asiya, Qafqaz, Azov, Azərbaycan, Astara, Araz kimi qitə, ölkə, şəhər, çay və dəniz adlarındakı “as//az” sözü sübut edir ki, aslar vaxtilə dünyanın qüdrətli xalqlarından olmuşlar. Fikrimizcə, “as” (“az”) sözü güclü, qüdrətli, nəhəng deməkdir. Elə indi də öz aramızda güclü insanlara bəzən "as" demirikmi?!

Azərbaycan adının yaranmasında da bu komponentin iştirakı istisna olunmur. (https://www.anl.az/el/q/qarabag_1/q-9.htm)

Ölkəmizin adının özündə “az”ın olması, həmçinin Vətənimizdə, eləcə də Qərbi və Cənubi Azərbaycan ərazilərində “muğ//mux”la və “as//az”-la başlayan və bitən xeyli toponimin varlığı da həmin etnos və ya tayfaların qədimdən bu regionlarda mövcudluğunu sübut edir, qədim türk tayfalarının bölgədəki izlərini əks etdirir.

Azərbaycanın şimalında da atəşpərəstliyin mövcud olmasına inamsız yanaşanlara isə muğlarla bağlı bu bölgədəki toponimləri (xüsusən “Muğan” toponimini) təkrar xatırladır, soruruq ki, burada indi də oda, atəşə ehtiram göstərilməsinin və odun-ocağın müqəddəs tutulmasının, ona and içilməsinin, ziyarət və qəbiristanlıqlarda od yandırmağın və s. kökü hardan gəlir, izləri hara aparır? Bir də Herodot onu da yazıb ki, Qafqaz dağları arasındakı düzlərdə "müqa" (bəlkə də "muğ") adlı tayfa yaşayırmış.

Görkəmli toponimist V.A.Nikonov “Muğan” yer adını atəşpərəst mənalı muq (“muğ/mux”) sözü ilə əlaqələndirərək göstərirdi ki, atəşpərəstlik dini bir zamanlar Azərbaycanda geniş yayıldığından belə izahat tamamilə mümkündür. Məşhur akademik Ə.Dəmirçizadə də Muğan sözünün “muğ” tayfa (qəbilə) adından yarandığını bildirirdi. B.Budaqov və Q.Qeybullayev də bu fikirlə razılaşırlar. ”O zaman Azərbaycan torpağında minlərlə od yanırdı. İstər möhtəşəm məbədlərdə, istərsə də sadə adamların səcdəgahlarında səndəl və şümşad ağaclarının ətirlərini ətrafa yayaraq “müqəddəs od” alovlanırdı. Bir çox səyyah və alimlər, o cümlədən XVIII əsrdə İngiltərənin görkəmli ictimai xadimi, səyyah və publisist olmuş Conas Hanuey (1744) Bakı ətrafında tikilmiş müxtəlif tipli qədim od məbədlərinin tam komplekslərinin mövcudluğu haqqında yazırdı” (“Atəşgah məbədi” Dövlət atrix-memarlıq qoruğu). Necə olur; atəşpərəst muğlar buralara gəlir, onlarla oykonimin yaranmasına səbəb olurlar, burda ibadət edirlər, amma atəşpərəstliyi gətirmirlər!? Qədim dövrlərdə zərdüştilərin-atəşpərəstlərin Suraxanı atəşgahını ziyarət etmələri barədə faktlar da heç nə demirmi? Buranı ancaq hindlilər ziyarət etmirdi, axı. 1970-80-cı illərdə mən özüm bunun şahidi olmuşam.

Tarixi mənbələr göstərir ki, hələ qədimdə Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilib. Bir də nə isə iddia etmək hələ sübut etmək deyil.

Ona görə də ürəklə deyə bilərik ki, Muxas etnotoponimi də muğ(mux) və as(az) etnoslarının adını yaşadır. Yəni onların adlarının birləşməsi ilə yaranıb. Mənası isə “müqəddəs, güclü od və atəş – atəşpərəst(lər)” deməkdir.

 

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.