İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
AYB Lənkəran Bölməsi və Lənkəran Mərkəzləşdirilmiş Kitabxana sisteminin birgə təşkilatçılığı ilə kitabxananın akt zalında Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış qələm sahibi Salman Məmmədoğlunun 75 illik yubileyi və yeni nəşr olunmuş "Ötən ömrün bir günü" adlı kitabının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Qafar Cəfərli Salman Məmmədoğlunun həyat və yaradıcılığı haqqında məlumat verib, qısa zaman kəsiyində onun nəşr olunan kitabları barədə danışdı. Vaxtının və sözünün qədrini bilən, ədəbi cameədə fəallığı ilə seçilən şair, yazıçı, publisist olduğunu bildirib, yubileyi münasibətilə təbrik edərək AYB Lənkəran Bölməsinin Fəxri Fərmanını ona təqdim etdi.
Sonra sabiq mədəniyyət işçisi Cəfər Fətullayevin Salman Məmmədoğlu haqqında çəkdiyi filmdən fraqmentlər nümayiş olundu. Filmdə yubilyarın doğulub boya-başa çatdığı doğma Boladi kəndinin və rayonun tanınmış ziyalılarının şair haqqında fikirləri dinlənilib, şeirləri səsləndirildi.
Sonra yazıçı Səyavuş Süleymanlı Salman Məmmədoğlunun yaradıcılığı haqqında ətraflı çıxış edib, onun təkcə şair yox, həm də gözəl nasir olduğunu bildirdi. "Seyid və Fatimə" romanı barədə məlumat verib qələm dostunu təbrik etdi. Daha sonra söz digər iştikçılara verildi. Kitabxananın əməkdaşı Günay Əsədova, Boladi kənd 1 saylı tam orta məktəbin direktoru Seyran Məmmədov, şair, jurnalist Xudaverdi Cavadov, Boladi kənd kitabxanasının müdiri Könül İsmayılova, AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad, Lənkəran Dövlət Diyarşünaslıq Muzeyinin direktoru Leyla Məcidova, İcra Hakimiyyətinin Boladi kəndi üzrə İcra nümayəndəsi Nizami Hüseynov, Azərbaycan Jurnalistlər Birliyinin Lənkəran Bölməsinin sədri Şəfahət Şəfi, Əməkdar məşqçi, şair Əlizadə Əsədov, Boladi kənd Folklor Klubunun müdiri Əfiqə Qafarova, yubilyarın kürəkəni və qızı Ənsar və Çimnaz Rəcəbovlar çıxış edərək Salman müəllimin həyat və yaradıcılığının müxtəlif məqamlarına toxundular, onun gözəl şair, məhsuldar yazıçı və publisist olduğundan, müəllimlik fəaliyyətindən, gözəl ailə başçısı, valideyn, yaxşı dost, yoldaş olduğundan söz açdılar. Onu təbrik edib, cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzuladılar. Yazıçı-publisist Şəfahət Şəfi AJB-nin Fəxri Fərmanını ona təqdim etdi. Çıxışlar arası Cəfər Fətullayev və onun şagirdlərin ifasında yubilyarın şeirləri səsləndi.
Sonda söz Salman Məmmədoğluna verildi. Salman Məmmədoğlu tədbirin təşkilatçılarına, iştirak edənlərə və çıxış edib onun haqqında xoş söz söyləyənlərə dərin təşəkkürünü bildirib, yeni qələmə aldığı şeirlərindən oxudu. Tədbiri Q.Cəfərli yekunlaşdırdı. Tədbir xatirə şəkilləri çəkilməklə başa çatdı...
“Ədəbiyyat və incəsənət”
(05.11.2025)


