Şəhla Rəvanın yubileyi və ədəbi yaradıcılıq məclisi Featured

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, «Həməşəra» mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi

 

Cəlilabad şəhərinin Heydər Əliyev adına Seyrəngahında yerləşən "Göl Ailəvi Restoranı"nda "Həməşəra" Mətbu Orqanının təşkilatçılığı ilə Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvanın 65 illik yubileyi və ədəbi yaradıcılıq məclisi yüksək səviyyədə təşkil edildi.

 

Tədbir vətən uğrunda canını qurban vermiş əziz şəhidlərimizin və eləcə də Azərbaycan və Cəlilabad ədəbi mühitinin dünyasını dəyişmiş bütün qələm sahiblərinin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başladı, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tanınmış ziyalı pedaqoq və peşəkar bədii qiraətçi Adıgözəl Nuriyevin aparıcılığı ilə keçən gözəl və ədəbi-mənəvi tədbirdə rayonun sayılıb-seçilən ziyalıları, tanınmış elm, ədəbiyyat, jurnalistika və mədəniyyət adamları, Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndələri və xüsusilə də qələm tutan incə əllərdən ibarət xanım şair və yazarları iştirak etdilər.

Tədbirdə çıxış edən Cəlilabad rayonunun aydınları və tanınmış ziyalılarından: Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Xudayar Sultanlı, "Əmək zərbəçisi" və "Əmək veteranı" Hacı Paşa Rüstəmov, tanınmış pedaqoq Dadaş Bayramov, rayonun elit-ziyalı xanımları və pedaqoqlarından olan Xatirə xanım Quliyeva, Yeni Azərbaycan Partiyası, Cəlilabad rayon təşkilatının sədr müavini Rafiq Ağayev, Cəlilabad şəhər Bələdiyyəsinin sədr müavini və Muğan Tarixçilər Birliyinin həmsədri Elçin Hüseynov və Şəhla xanımın qızı, eyni halda Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin müəllimi Aydan Ələkbərli, həmçinin, Cəlilabad ədəbi mühitinin tanınmış simaları: Cəlilabad Rayon Ağsaqqallar Şurasının üzvü, ədəbiyyatşünas, şair Zülfi Vellidağ, Azərbaycan Yazıçılar Birliyinin üzvü, el ağsaqqalı və ziyalı pedaqoq, şair Əfrahim Abbas, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" mətbu orqanının təsisçisi və baş redaktoru, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü, şair, publisist Ədalət Salman, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı, publisist Meyxoş Abdullah, el şairi və mahir bədii qiraətçi, "Həməşəra" Fəxri Diplomu laureatı şair Mikayıl İnçəçaylı, AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu laureatı, qəzəlxan, ümumrespublika teatrlar festivalının qalibi, şair-dramaturq İman Abdulla, yazıçı-şair və şəhid qardaşı Sakit Üçtəpəli, I Qarabağ Savaşının iştirakçısı, qazi, yazıçı, şair Qurban Əhməd, şair Azər Mirzə, fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi, yazıçı, publisist İlqar İsmayılzadə, xüsusilə də Cəlilabad ədəbi mühitinin xanım nümayəndələri, "Həməşəra" Fəxri Diplomu laureatları: şair Gülcahan Əsgərova, AYB-nin üzvü, yazıçı, şair Ruhiyyə Abaszadə, şair Sevinc Şirvanlı və "Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra" Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, AYB və AJB-nin üzvü, şair, publisist Arzu Əyyarqızı ayrı-ayrılıqda çıxış edərək Şəhla xanımın malik olduğu mənəvi dəyərləri və yüksək şəxsiyyəti, vətənə və dövlətçiliyə bağlılığı, eyni halda ədəbiyyat sahəsində yarım əsrdən çox bir müddət ərzində səmərəli yaradıcılığından söz açdılar, yazıçı-publisit İlqar İsmayılzadənin rayonun xanım yazarlarının tanıtdırılması, xüsusilə də Şəhla xanım Rəvanın ədəbiyyat sahəsinə aid olan əsərlərinin işıq üzü görməsində rolunu yüksək qiymətləndirdilər. Bəzi çıxış edənlər isə Şəhla Rəvan poeziyasından müəyyən nümunələr qiraət edərək ona möhkəm can sağlığı və yeni-yeni uğurlar dilədilər.

Gözəl və səmimi aurada keçən ədəbi tədbirdə iştirakçılardan bir neçəsi tərəfindən Şəhla Rəvana xüsusi hədiyyələr təqdim edildi. Xüsusilə də Media Araşdırma Mərkəzi və Azərb.KİVİHİ tərəfindən Şəhla xanım Rəvan görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadə yaradıcılığının təbliğinə görə "Bəxtiyar Vahabzadə" Diplomu ilə, YAP Cəlilabad Rayon Təşkilarının sədri Mirsüleyman Mirzxaslı tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə Fəxri Fərmanla, Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, şair, publisist Ədalət Salmanlı tərəfindən 65 illik yubileyi və gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyələnməsində xitmətlərinə görə Fəxri Fərmanla, həmçinin, yazıçı, publisist İlqar İsmayılzadə tərəfindən ədəbiyyat sahəsində uğurları və xidmətlərinə görə "Nizami Gəncəvi" Fəxri Diplomu ilə təltif edildi. Eyni halda tədbir iştiraçılarına müəllif tərəfindən ədəbiyyat sahəsində işıq üzü görmüş "Yenə sənə dönəcəyəm", "Düşüncə dəryası", "Ədəbi təhlillər", "Həyat sevgisi" və "Poeziya zirvəsində" adlı nəfis kitabları hədiyyə verildi.

Tədbirdə son olaraq çıxış edən isə Şəhla Rəvanın özü oldu. O, qısa çıxışında tədbirə qatılmış ziyalı və dəyərli simalara, Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrinə, həmçinin, yazıçı-publisist İlqar İsmayılzadəyə səmimi minnətdarlığını bildirib, bu tədbirin onun həyatında silinməz və gözəl bir iz qoyduğunu bildirdi və onun yaradıcılığını qiymətləndirən hər kəsə minnətdar oldu. Bu gözəl və unudulmaz ədəbi tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı...

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.