Rəqsanə Babayeva
Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” Xalq Teatrının rəhbəri, yazıçı, “Ədəbiyyat və İncəsənət” üçün
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Gəray Əsədov adına 1 nömrəli tam orta məktəbdə ədəbi-bədii mühitin önəmli hadisəsinə çevrilən bir tədbir keçirilib. Xalq şairi, böyük fikir və milli ruh ustadı Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəqsanə Ağalıyevanın rəhbərliyi ilə 9–11-ci sinif şagirdlərinin iştirakı ilə “Özümüzü kəsən qılınc” tamaşası səhnələşdirilib.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi, Beyləqan rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tamaşanın quruluşunda Beyləqan rayon Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının əməkdaşları yaradıcı heyətə səhnəvi və metodiki dəstək göstəriblər. Gənc ifaçılar şairin insanın mənəvi dəyərlərinə, milli kimliyinə və vətən sevgisinə dair dərin fəlsəfəsini bədii dillə səhnəyə gətiriblər. Tamaşa insanın öz dəyərlərinə yadlaşması və mənəvi parçalanmanın doğurduğu faciəni simvolik səhnə dili ilə ifadə edir.
Səhnə tərtibatı, işıq və musiqi effektləri əsərin ideyasını tamamlayaraq tamaşaya estetik bütövlük qazandırıb. Gənc aktyorların səhnə jestləri, diksiyaları, daxili emosionallığı tamaşaçılarda dərin təəssürat yaradıb və tamaşa gurultulu alqışlarla qarşılanıb.
Tədbirin sonunda Mil-Muğan Regional Təhsil İdarəsinin rəisi Bəhruz Nəbiyev çıxış edərək yaradıcı kollektivə təşəkkür edib, bu kimi təşəbbüslərin məktəblərdə milli-mənəvi dəyərlərin qorunması baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra “Gənclik” xalq teatrının rejissoru, Beyləqan rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Rəqsanə Babayeva çıxış edərək öz təəssüratlarını bölüşüb:“Məktəbin müəllim və şagird kollektivini təbrik edir, təşəkkürümüzü bildiririk. Gözəl mövzu seçimi ilə, Vətənə, xalqa, qardaşlığa sevgini daha da dərinləşdirə, təbliğ edə bildilər. Çox maraqla izlədim. Aktyor jestlərinə, diksiyalarına baxıb özüm üçün ‘sənət dünyası kəşf edə biləcəmmi?’ düşüncələrinə qərq olmuşdum ki, cavabımı tapdım. Bu şagird kollektivi sənət dünyasına bir dühadır. Qiraət, pantomima, dram, komediya və digər janrlar üçün istedadlı kadrlar var. Bir teatrda bu sayda, bu ürəkdə kollektiv olarsa, istənilən əsərin uğurlu quruluşuna nail olmaq mümkündür.
İnşallah bu şagirdlərdən gələcəkdə peşəkar həkim, müəllim, mühəndis və digər sahələrdə ixtisaslı şəxslər yetişəcək. Və mən inanıram ki, onlar mədəni dərnəklərdə birləşib xalqımızın asudə vaxtlarını səmərəli keçirmək üçün yenidən tamaşalar səhnələşdirəcəklər. Elnurə xanıma, Rəqsanə müəlliməyə təşəkkür edir və inanıram ki, yeni kollektivlər yaratmaqla məktəb bu ənənəni davam etdirəcəkdir.”
Bu tədbir bir daha göstərdi ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı yalnız bir ədəbi irs deyil, həm də gənc nəsillərin milli düşüncəsini formalaşdıran mənəvi məktəbdir. Şairin ideyalarının məktəblərdə səhnələşdirilməsi, gənclərin ədəbi-bədii düşüncəyə, milli kimliyə, ana dilinə və mənəvi dəyərlərə bağlılığını daha da gücləndirir.
Belə tamaşalar həm ədəbiyyatın tədrisində yaradıcı yanaşmanı təşviq edir, həm də məktəblərdə teatr sənətinə marağı artırır. Çünki məktəb səhnəsində yetişən hər bir gənc, sabah cəmiyyətin mədəniyyət və düşüncə həyatında öz yeri olan bir fərd kimi formalaşır.
“Ədəbiyyat və incəsənət”
(13.10.2025)